Şifahi (akustik) nitq cəmiyyətin tərəqqisi ilə əlaqədar tarixən inkişaf edərək ilk mövcud olduğu vəziyyətdən fərqlənmişdir. Nitqin bu forması zaman-zaman təkmilləşərək cilalanmışdır. Çağdaş şifahi nitqimiz kifayət qədər zəngin, səlis və aydındır. Bu nitq vasitəsilə mürəkkəb fikirləri ən incə çalarlarınadək asanlıqla ifadə etmək mümkündür. Lakin fikrin ifadə vasitəsi olan dil yalnız şifahi formada fəaliyyət göstərsə, o halda ünsiyyət birtərəfli inkişaf edər. Nəticədə isə dil özünün kommunikativ funksiyasını məhdudlaşdırmış olar. Əslində isə ünsiyyətin bu iki forması biri digəri vasitəsilə inkişaf edən, biri o birini tamamlayan vahid kommunikasiyaya xidmət edən vasitələrdir. Odur ki, insanlar bir-birini başa düşmək, bir-biri ilə fikir mübadiləsi etmək məqsədi ilə səsli dildən istifadə etdikləri kimi, səsli dilin norma ilə qavrayışını təmin edən işarələr sistemi olan yazıya da müraciət etmişlər. Bu səbəbdən də nitqin iki forması yaranmışdır: a)şifahi (akustik) nitq; b)yazılı (optik) nitq. Bu nitq formalarının hər birinin özünə məxsus əlamət və xüsusiyyətləri vardır.