Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu


Cədvəl 10.1 Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə turizm sahəsində məşğulluq



Yüklə 0,56 Mb.
səhifə88/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

Cədvəl 10.1
Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə turizm sahəsində məşğulluq

Ölkələr

Ümumi məşğulluqda turizmin payı, %

Turizmdə məşğulluq, min nəfər




Cəmi

birbaşa

dolayısı

Cəmi

birbaşa

dolayısı

Yunanıstan

10.0

6.1

3.9

360

220

140

İspaniya

9.1

5.4

3.7

1400

823

557

İsveçrə

8.2

5.7

2.5

293

205

89

İtaliya

7.7

4.8

2.9

1722

1063

659

Fransa

4.8

3.6

1.2

1200

895

305

Almaniya

6.5

-

-

1800

-

-

Avstraliya

6.0

-

-

458

-

-

Yaponiya

1.6

-

-

990

-

-

Avstriya

-

13.9

-

-

586

-

ABŞ

-

5.1

-

-

6000

-

Kanada

-

4.0

-

-

467

-

Türkiyə

-

0.7

-

-

129

-

Göründüyü kimi, Yunanıstan, İspaniya, İtaliya kimi inkişaf etmiş ölkələrdə ümumi məşğulluqda turizmin payı müvafiq olaraq 10,0; 9,1; 7,7% təşkil etmişdir. Respublikamızda isə turizm sahəsində məşğul olanların sayı bu sahədən yüksək gəlir götürən ölkələrlə müqayisədə xeyli aşağıdır. Belə ki, 2008-ci ildə respublikamızda bu göstərici 1%-dən aşağı olmuşdur. Ölkəmizin turizminin zəngin resurslara malik olduğunu nəzərə alaraq bu sahənin daha da inkişaf etdirilməsinin zəruri olduğunu görürük.


Azərbaycanda da turizm sənayesinin inkişaf etdirilməsi müasir dövrün aktual problemi kimi qarşıya qoyulmalıdır. Bu Azərbaycanın iqtisadi inkişafı ilə yanaşı, onun tarixinin, mədəniyyətinin dünya əhalisinə çatdırılmasında, ölkəmizin təbliğində əhəmiyyətli rol oynaya bilər.
Ümumiyyətlə, Azərbaycanın təbii, mədəni və tarixi irsi onun beynəlxalq turizm bazarına daxil olmasına real zəmin yaradır.

§3. Azərbaycanda turizmin inkişaf istiqamətləri

Qeyd etmək lazımdır ki, dünyada ən çox gəlir gətirən sahələrdən biri olan turizmin inkişafı üçün Azərbaycan böyük potensiala malikdir. Çünki dünyada vövcud olan 11 iqlim qurşağından doqquzu Azərbaycanda yerləşir. Ölkənin zəngin flora və fauna aləmi, tarixi abidələri, şəfaverici bulaqları, əlverişli coğrafi mövqeyi vardır. Azərbaycanda 12 təbii və tarixi qoruq, 17 müvəqqəti qoruq və ovçuluq təsərrüfatı vardır. Xəzər dənizi boyunca 7 istirahət zonası yerləşir. Ölkə ərazisində 6 mindən artıq memarlıq və mədəniyyət abidələri qorunub saxlanılır. Bu imkanlardan istifadə edilməsi məqsədilə ölkədə turizm sahəsində qanunvericilik bazası yaradılmış və bir sıra müvafiq islahatlar həyata keçirilmişdir.
Hələ müstəqilliyin ilk ilində, 1991-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Azintur” cəmiyyəti yaradıldı. 1992-ci ilin sentyabr ayında “Azintur” ləğv edildi və ölkədə turizmi idarə edən orqan- Nazirlər Kabineti yanında Xarici Turizm Şurası yardıldı. Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2001-ci il tarixli, 464 saylı Fərmanı ilə Gənclər və İdman Nazirliyi Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinə çevrildi. Eyni zamanda Xarici Turizm Şurası ləğv edilərək səlahiyyətləri yeni Nazirliyə həvalə edildi. 2001-ci ilin iyul ayının 6-da Bakı şəhərində Azərbaycan Turizm Sənayesinin İnkişafı İttifaqı təsis edildi.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 27 avqust tarixli 1029 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı” qəbul edildi. Proqramın məqsədi “Turizm haqqında” Qanunda, habelə digər müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalara uyğun olaraq turizm sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkənin sosial-iqtisadi inkişafını təmin edən vəzifələrdən biri kimi turizm resurslarından səmərəli istifadə olunmasını təmin etməkdən ibarətdir.
Proqramın vəzifələri içərisində ölkədəki turizm poten-sialından səmərəli istifadə etmək, turizm sahəsində sahibkarlığı, xüsusilə kiçik və orta sahibkarlığı inkişaf etdirmək, rəqabətə davamlı turizm bazarı yaratmaq, turizm infrastrukturunu möh-kəmlətmək, xarici investorları turizm sahəsinə cəlb etmək və s. məsələlər qoyulmuşdur.
Aparılan islahatlar nəticəsində son illərdə respublikamızda turizm sahəsində inkişaf əldə olunmuşdur. Bundan başqa, Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramlarında turizmin inkişafına da xüsusi diqqət yetirilib. Dövlət Proqramında 30-a yaxın turizm obyektlərinin tikilməsi nəzərdə tutulmuşdur. Bu proqramlarla yanaşı, 2001-ci ildən etibarən Azərbaycan Ümumdünya Turizm Təşkilatının üzvlüyünə qəbul edilmiş və bu beynəlxalq turizm şirkətləri ilə əlaqələrin genişlənməsinə imkan yaratmışdır.
Əvvəldə qeyd etdiyimiz kimi, Azərbaycanda turizmin inkişafı üçün olduqca əlverişli şərait vardır. Turizmin iqtisadi cəhətdən çox gəlir gətirən sahələrdən biri olduğunu nəzərə alaraq, son illərdə bu sahənin inkişafı ilə bağlı ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir.
Məlumdur ki, Azərbaycanın bazar münasibətlərinə keçidi beynəlxalq aləmdə turizm sahəsində əhəmiyyətli dəyişikliklərdən sonra baş vermişdir. Lakin buna baxmayaraq, son illərdə həyata keçirilən islahatlar nəticəsində Azərbaycanın beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir. Hazırda Azərbaycanda 200-dən artıq turizm şirkəti fəaliyyət göstərir.
Qeyd edək ki, Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı və sosial-siyasi vəziyyətin stabilləşməsindən sonra turizm sahəsi öz istiqamətini dəyişməyə başlayıb. Əgər əvvəllər çoxsaylı turizm şirkətləri respublika vətəndaşlarına xarici ölkələrə səfərlər təqdim edirdisə, hazırda onlar xarici turistlərin respublikanın istirahət və müalicə ocaqlarına cəlb edilməsi istiqamətində ciddi fəaliyyət göstərirlər. Eyni zamanda Azərbaycanın zəngin təbiəti turizm biznesinin inkişafına imkan yaradır. Görülən kompleks işlərin nəticəsi olaraq ölkəyə gələn turistlərin sayı ilbəil artmaqda davam edir. Ölkədə fəaliyyət göstərən turizm şirkətləri şəbəkəsi genişlənir.
Azərbaycanda turistlərin istirahəti problemi əvvəlki illərə nisbətən xeyli yaxşılaşdırılmışdır. Bu sahədə fəaliyyət göstərən müvafiq qurumların (otel, pansionat, istirahət mərkəzləri və s.) sayı artmışdır. 2002-ci ildə ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 94 olduğu halda, ötən dövr ərzində onların sayı 4 dəfə artaraq 2008-ci ildə 370-ə çatmışdır. Bu obyektlərdə ümumi yerlərin sayı da müvafiq dövrdə təxminən 3 dəfə çoxalmışdır. 2008-ci ildə respublikamızda 75 sanatoriya və istirahət ocağı fəaliyyət göstərmişdir. İstirahət evlərinin və pansionatların sayı 13, turist bazalarının və digər istirahət ocaqlarının sayı 25 olmuşdur.
Azərbaycanda turizmin inkişafında Bakı şəhəri müstəsna əhəmiyyətə malikdir. Hazırda Bakıda 50 turist agentliyi, çoxlu sayda mehmanxanalar vardır. Son vaxtlar ictimai iaşə müəssisələrinin sayı xeyli artmışdır. “Makdonalds”, “Pizza-Hut”, “Patio-Pizza” kimi xarici firmaların restoranları, Türkiyə, İtaliya, Çin və başqa ölkələrin mətbəxləri yaradılmışdır.
Turizm sahəsində çalışanların peşə hazırlığının artırılması məqsədi ilə 2006-cı ildə Turizm İnstitutu yaradılmış, onun nəzdində müxtəlif peşələr üzrə daimi fəaliyyət göstərən kurslar açılmış, eyni zamanda, Ümumdünya Turizm Təşkilatının və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə müxtəlif təlim proqramları həyata keçirilir.
Lakin bu sadalananlarla yanaşı, bu sahədə bir sıra problemlər də mövcuddur. Təəssüflər olsun ki, ölkəmizin turizm potensialından qənaətbəxş dərəcədə səmərəli istifadə olunmur. Məlumat üçün bildirək ki, hazırda ölkəmizə gələn turistlərin sayı dünyadakı turistlərin cəmi 0,003%-ni təşkil edir. Bir çox ölkələrlə müqayisədə respublikamız turistlərin sayına görə sonuncu yerlərdən birini tutur. ARDSK-nin beynəlxalq turist daşımaları ilə bağlı rəqəmlərinə nəzər yetirdikdə görürük ki, son illərdə (2003-2007-ci illər nəzərdə tutulur) xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı respublikaya gələn xarici ölkə vətəndaş-larının sayını üstələyir. Halbuki respublikadan kənara turist axınının qarşısını yerli turizmi inkişaf etdirməklə almaq olar. 2007-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ölkəyə gələn əcnəbilərin sayından 23% çox olmuşdur. Ölkəmizin əhalisi daha çox turist olaraq getməyə üstünlük verdiyi ölkələrin sırasına Türkiyə, Müstəqil Dövlətlər Birliyi ölkələri, Birləşmiş Ərəb Əmirlikləri daxildir.
Fikrimizcə, respublikamız turizm sahəsini inkişaf etdirərək bu axının qarşısını almaqla yanaşı, böyük gəlir əldə edə bilər. Əvvəldə də qeyd olunduğu kimi, ölkəmizdə 6000-dən çox memarlıq və mədəniyyət abidələri var. Lakin onların çoxunun bərpaya ehtiyac var. Bundan başqa, mehmanxanaların sayının az olması və onlarda göstərilən xidmətlərin səviyyəsinin aşağı olması, bu sahədə fəaliyyət göstərmək üçün lazımı kadrların çatışmazlığı və başqa problemlər də həllini tapmalıdır. Respublikamızda xarici turistlərin əsas marağına səbəb olan aqrar turizmin inkişaf etdirilməsi zəruridir.
Ölkə iqtisadiyyatının infrastruktur təminatının gücləndirilməsi və kommunal xidmətlərin keyfiyyətinin müasir tələblər səviyyəsinə qaldırılması turizmin inkişafında əhəmiyyətli yer tutur. Bu baxımdan ölkədə turizmin inkişaf etmiş ölkələrin turizm sektoru ilə rəqabət apara biləcək səviyyəyə çatdırılması tələb olunur.
Turizm sahəsində mövcud iş yerlərinin tam istifadəsi, yeni iş yerlərinin açılmasının hərtərəfli stimullaşdırılması, iş yerlərinə olan tələbatın ödənilməsi məqsədilə xüsusilə kiçik və orta müəssisələrin inkişafını təmin edən müvafiq tədbirlər həyata keçirilməli, kiçik və orta sahibkarlığın zəruri inkişafını təmin edən müvafiq maliyyə-kredit, vergi, səmərəli idarəetmə sistemi və institusional mexanizmlərin təkmilləşdirilməsi vacibdir.
Turizm ehtiyatlarının öyrənilməsi və onların genişləndirilməsi, turistlərin istirahəti, onların tələbatının ödənilməsi üçün zəruri olan xidmətlərin, ekskursiya və digər mədəni tədbirlərin çeşidinin genişləndirilməsi və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort obyektlərinin öyrənilməsi və davamlı istismarı, mehmanxanaların və digər turizm obyektlərinin tikintisinin genişləndirilməsi, turizm marşrutlarının artırılması, turizm növlərinin inkişaf etdirilməsi, prioritet turizm növü kimi mədəni turizm, ekoloji turizm və kənd yaşıl turizmi, rekreasiya turizmi sahəsində dövlət tənzimlənməsinin gücləndirilməsi, milli adət-ənənələrin və Azərbaycan xalqının tarixi-mədəni irsinin tanıtdırılması, ayrı-ayrı regionların və şəhərlərin tarixini əks etdirən materialların nəşr etdirilməsi və yayılması, milli sənətkarlıq və suvenir məhsullarının istehsalının və satışının genişləndirilməsi qarşıya qoyulan əsas məqsədlər sırasındadır.
Ümumilikdə Azərbaycanda turizm sahəsinin inkişafı üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi vacibdir:

  • fəaliyyət göstərən turizm obyektlərinin müasir tələblərə uyğun qurulması;

  • mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində yataq yerlərinin (çarpayıların) sayının 150 min artırılması;

  • beynəlxalq və daxili bazarda ölkənin rəqabət qabiliyyətini artıra bilən turizm infrastrukturunu təkmilləşdirmək və turizm sənayesini yaratmaq;

  • ölkə turizm-rekreasiya zonalarının hüquqi statusunu müəyyən etmək, turizm zonalarının və turist marşrutlarının müəyyən olunmasını təmin etmək;

  • turizm xidməti üzrə mütərəqqi üsulların və standartların hazırlanmasına və tətbiq edilməsinə nail olmaq;

  • turizm sahəsində çalışan insanların peşə hazırlığı səviyyəsini daima artırmaq və turizm sahəsində zəngin təcrübəsi olan ölkələrlə kadr hazırlığı sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək və turizm ehtiyatlarının qorunmasını təmin etmək və bu ehtiyatlardan istifadənin səmərəliliyini artırmaq.

Bu qeyd olunanlar yaxın gələcəkdə respublikamızın zəngin resurs potensialından səmərəli istifadə edərək turizm sahəsinin, ümumilikdə isə ölkə iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcəkdir.


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin