İstilik təchizatı: Mənzillərin istilik təchizatı əhalinin yaşayış keyfiyyətinin qiymətləndirilməsində mühüm yerlərdən birini tutur. Hazırda Azərbaycanda əhalinin istilik təminatı qənaətbəxş səviyyədə deyildir. Məlumat üçün bildirə ki, əhaliyə və kommunal məişət ehtiyatlarına buraxılmış istilik enerjisi (adambaşına) 1995-ci ldə 0,9 QKal, 2008-ci ildə isə daha da azalaraq 0,2 QKal olmuşdur.
Qeyd edək ki, 2006-2007-ci illərdə 20-ə yaxın qazanxana əsaslı şəkildə təmir edilmiş, 35 nasos yenisi ilə əvəzlənmiş, 32.000 p.m magistral və məhəllə istilik xətləri dəyişdirilmiş, Bakı şəhərində işləməsi nəzərdə tutulan 118 qazanxana, 130 istilik məntəqəsi, 2 yüksəldici nasos stansiyası, regionlarda 110-a yaxın qazanxana tam işçi vəziyyətinə gətirilmişdir. Qazanxanaların qaz təchizatının yaxşılaşdırılması məqsədilə 17,1 km yeni qaz xətti çəkilmişdir.
2007-ci il ərzində istilik təchizatı sektorunun inkişafı ilə bağlı həyata keçirilən yenidənqurma işləri nəticəsində respublika üzrə 449 yaşayış binasında, 141 məktəbdə, 82 uşaq bağçasında, 55 səhiyyə və 11 digər obyektlərdə istilik təchizatı bərpa olunaraq qazanxanaların istehsal gücü 193,9 Qkal/ saat da artacaqdır. Bunun üçün dövlət büdcəsindən 17 milyon manat vəsait ayrılmışdır.
Nəticədə 2006-2007-ci illərin payız-qış mövsümündə Bakı şəhərində 1885 yaşayış binası, 135 məktəb, 114 uşaq bağçası, 119 səhiyyə və digər sosial obyektlər istiliklə təmin edilmişdir ki, bu da 2005-2006-cı illərin göstəricisindən 400 obyekt çoxdur.
Regionlarda qazanxana və istilik şəbəkəsi avadanlıqları təmir edilmiş, 4 yeni qazanxana istifadəyə verilmişdir ki, bu da 72 məktəbin, 10 uşaq bağçası, 52 səhiyyə və 39 digər sosial obyektin, ümumilikdə 173 obyektin istilik təchizatının təmin etməyə imkan verilmişdir ki, bu da ötən mövsümlə müqayisədə 25 obyekt çoxdur. 2006-cı ildə dövlət büdcəsindən ayrılmış 12 milyon manat məbləğində investisiyalar göstərilən istiqamətlər üzrə istifadə edilmişdir.
Hazırda istilik təchizatı sektorunun 2008-2011-ci illər ərzində mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsi qarşıya məqsəd qoyulmuşdur.
Aparılan təhlillər göstərir ki, mövcud istilik məntəqələrinin bərpası, modernləşdirilməsi və yenidən qurulmasına, yeni qazanxanaların tikintisinə, binadaxili istilik şəbəkələrinin bərpa olunmasına, mərkəzləşdirilmiş istilik mənbələrindən avtonom qazanxanalara çevrilməsi üzrə hazırlanmış tədbirlər planı əsasında yenidənqurma və tikinti işlərini həyata keçirərək qazanxanaların istehsal gücünün artırılmasına, istilik təchizatı üzrə normaların, qaydaların və standartların dünya ölkələrinin təcrübəsini nəzərə almaqla təkmilləşdirilməsinə, institusional tədbirləri həyata keçirməklə bu sahəyə investisiya qoyulması üçün əlverişli mühitin yaradılmasına və özəl sektorun daha geniş cəlb edilməsinə, ekoloji cəhətdən təmiz, müasir effektli texnologiyaları cəlb etməklə istilik təchizatı sisteminin yenidən qurulmasına, istehlakçılara istilik təchizatı ilə yanaşı, isti su ilə təmin olunmasına ciddi ehtiyac vardır.
Beləliklə, mənzil-kommunal təsərrüfatı sahələrində: mövcud normativ-hüquqi sənədlərin təkmilləşdirilməsi, yeni metodoloji bazanın yaradılması; kommunal xidmətləri sahələrinə investisiyaların cəlb edilməsi məqsədilə restrukturizasiya tədbirlərinin sürətləndiril-məsi; şəhərsalma qanunvericiliyinə uyğun olaraq respublika şəhərləri (qəsəbələri) üçün rayon planlaşdırma sxemlərinin və layihələrinin, Baş Planların mövcud qaydada hazırlanıb təsdiq olunması və s. vacibdir. Bu sənədlər əsasında respublika əhalisinin məskunlaşmasının, təbii resurslarından istifadə olunmasının və istehsal güclərinin ərazilər üzrə yerləşdirilməsinin təmin olunması; memarlıq qaydaları əsasında mühəndis-infrastruktur obyektlərinin yenidənqurulması ilə bağlı işlərin həyata keçirilməsi; məişət tullantılarının toplanması və daşınması, zərərsizləşdirilməsi və emalı üzrə yeni müəssisələrin yaradılması; dövlət mənzil fondunun özəlləşdirilməsinin başa çatdırılması, çoxmərtəbəli binalarda (evlərdə) özəlləşdirilmiş mənzil mülkiyyətçilərinin payları əsasında “mənzil mülkiyyətçilərinin birlikləri”nin yaradılması; mənzil bazarının inkişaf etdirilməsi; mənzillərin alınması və yaşayış evlərinin tikilməsi məqsədilə ipoteka kreditlərinin verilməsi mexanizminin geniş tətbiq olunması üçün müvafiq tədbirlərin görülməsinə ehtiyac vardır.
Bundan başqa, bələdiyyələr və müvafiq icra orqanları tərəfindən tikinti üçün ayrılan torpaq sahələrinin mövcud infrastruktur sistemi ilə təchiz olunması və qanunvericiliyə uyğun şəkildə planlaşdırılmış ərazi üzrə kommunal xidmətləri şəbəkələrinin yaradılması məqsədəuyğun olardı.