Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019



Yüklə 3,15 Mb.
səhifə19/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   173
Ar2019-47-1

Orta Tunc dövrü. E.ə. III minilliyin axırı və II minilliyin əvvəllərində Orta Tunc dövrü başlanmışdır. Bu mərhələ e.ə. II minilliyin ortalarına qədər davam etmişdir. Orta Tunc dövründə sosial və əmlak bərabərsizliyi artmış, tayfalar arasında əlaqələr genişlənmiş, iri yaşayış məskənləri yaranmışdı.
Azərbaycanın bir çox bölgələrindəki Orta Tunc dövrü yaşayış məskənləri, kurqanlar, torpaq və daş qutu qəbirlər, qalalar və qayaüstü təsvirlər öyrənilmişdir. Bu mərhələdə kənd tipli yaşayış məskənləri ilə yanaşı ilkin şəhər mərkəzləri də yaranmışdır.
Naxçıvan və Urmiya bölgəsindəki bəzi yaşayış məskənləri Qədim Şərqin ilkin şəhər mərkəzləri səviyyəsinə qədər yüksəlmişdir. Belə mərkəzlər mühüm ticarət yolları üzərində yaranmış, əlverişli yerlərdə – əsasən təbii təpələr üzərində, dərin yarğanlı çay kənarlarında salınmış və möhtəşəm müdafiə divarları ilə əhatə olunmuşdur. Naxçıvandakı İkinci Kültəpə, Oğlanqala, Urmiya sahilindəki Göytəpə, Qarabağdakı Üzərliktəpə belə şəhər tipli yaşayış məskənləridir. Qədim Naxçıvan şəhəri Orta tunc dövründə yaranmış, 3500 il bundan əvvəl tanınmışdır. Bu, Azərbaycanda (indiki Naxçıvan MR ərazisində) ilkin şəhər dövlətlərindən birinin mərkəzi olmuşdur.
İlkin şəhər yerlərinin möhtəşəm müdafiə divarları, iki-üç otaqlı evləri cəmiyyətdə baş verən təbəqələşməni göstərir. Böyük binalar varlı ailələrə məxsus olmuşdur.
Azərbaycanda Orta Tunc dövründə əhalinin iqtisadi-ictimai və mədəni həyatında mühüm dəyişikliklər baş vermişdir.
Əhali əkinçilik, maldarlıq, sənətkarlığın müxtəlif sahələri ilə məşğul olmuşdur. Bağçılıq və bostançılıq kimi yeni təsərrüfat sahələri yaranmışdır. Əmək alətləri xeyli təkmilləşmiş, xış əkinçiliyi genişlənmişdir. Süni suvarma kanalları yaradılmışdır. Bütün bunlar əmək məhsuldarlığını artırmışdır. Taxılın biçilməsi və döyülməsi xeyli asanlaşmışdır. Taxılın döyülməsində öküz və ya at qoşulmuş daş vəllərdən istifadə edilmişdir.
Taxıl və un ehtiyatı saxsı küplərdə, quyularda saxlanırdı. İkinci Kültəpə (Naxçıvan), Üzərliktəpə (Ağdam) yaşayış məskənlərində təsərrüfat quyularında və küplərdə arpa, buğda və darı qalıqları tapılmışdır. Orta Tunc dövründə üzümçülük və şərabçılıq meydana gəlmişdir.
Maldarlıq təsərrüfatın mühüm sahələrindən biri olmuşdur. Əsasən, buynuzlu xırda heyvan (qoyun, keçi) bəsləmişlər. Atçılıq da mühüm yer tutmuşdur. Atdan minik vasitəsi də qoşqu qüvvəsi kimi istifadə edilmişdir. Maldarlığın inkişafı əhalinin ət və süd məhsullarına olan tələbatını ödəməklə yanaşı, tayfalararası ticarətin artmasına şərait yaratmışdır. Maldar əhali ət, süd məhsullarını, yun və dərini taxıla, sənətkarlıq məmulatına dəyişirdi.
Qoyunçuluğun inkişafı yun parça toxuculuğunu gücləndirmişdir.
Azərbaycanda sənətkarlığın müxtəlif növləri ayrıca peşə sahəsinə çevrilmişdir. Sənətkarlıq məhsullarına olan tələbat artmışdır.
Sənətkarlığın müstəqil sahəyə çevrilməsi nəticəsində İbtidai icma quruluşu dövründəki ikinci böyük ictimai əmək bölgüsü baş vermişdi, yəni sənətkarlıq başqa istehsal sahələrindən ayrılmışdır.
İlkin şəhər məskənlərindən – Naxçıvan yaxınlığındakı II Kültəpədən dulusçuluq məhəlləsi və dulus sobaları tapılmışdır. Dulusçular yaraşıqlı və davamlı saxsı qablar hazırlamışlar. Onları müxtəlif naxışlarla bəzəmişlər. Bu məqsədlə müxtəlif rəngli boyalardan istifadə edilmişdir. Azərbaycan boyalı qablar mədəniyyəti ilə Yaxın Şərqdə tanınmışdır. Ona görə də Azərbaycanda Orta tunc dövrü mədəniyyəti Boyalı qablar mədəniyyəti adlanır.
Filizçıxarma işi geniş inkişaf etmişdir.
Metalişləmə sahəsində xeyli irəliləyişlər olmuşdur. Metalişləmə sobaları xeyli təkmilləşdirilmişdir. Yaxşı keyfiyyətli, davamlı tunc əşyalar hazırlanmışdır.
Əridilmiş metalı xüsusi qəliblərə tökərək müxtəlif əmək alətləri, silah, bəzək əşyaları hazırlayırdılar. Döymə və lehimləmə üsullarından istifadə olunmuşdur. Bu dövrün abidələrindən tunc məişət avadanlığı (qazan), əmək alətləri biz, iskənə, balta, oraq və s.), silah (xəncər, toppuz, ox və nizə ucluqları, döyüş baltası), bəzək şeyləri, qızıl və gümüş əşyalar tapılmışdır.
Toxuculuq, sümükişləmə, gön-dəri işləmə və daşişləmə sənət sahələri də inkişaf etmişdir. Sadə toxuculuq dəzgahında toxunan parça əhalinin tələbatını ödəyirdi. Arxeoloji işlər zamanı toxuculuğa aid çoxlu əmək alətləri (sümükdən əyircəklər, daraqvari əşyalar, iynə, biz və s.) tapılmışdır.
Dəvəgüzü və çaxmaqdaşından quraşdırmaq oraq dişləri, ox ucluqları, mərmərdən toppuz və baltalar düzəldilmişdir. Həmçinin daşdan dənəzənlər, sürtkəclər, həvəngdəstə, qablar və s. hazırlanmışdır.
Ovçuluq və balıqçılıq köməkçi məşğuliyyət sahələri idi. Əhali maral, ceyran, çöldonuzu, qulan ovlayır, balıq tuturdu. Ovçuluqda yay, ox, nizə, sapand və tələdən də istifadə olunmuşdur.
Orta Tunc dövründə Azərbaycan ərazisində yaşamış qəbilə və tayfalar böyük tayfa ittifaqlarında birləşmişlər. Soykökü etibarilə bir-birinə yaxın olan kiçik tayfalar varlı və güclü tayfaların ətrafında birləşməyə məcbur olmuşlar. Torpaqlar və yaylaq otlaqları uğrunda tayfalar arasında gedən toqquşmalar, eləcə də qonşu yaxın şərq dövlətlərinin hücum təhlükələri tayfa ittifaqlarının yaranmasını daha da zəruri etmişdir. İri tayfa ittifaqlarının vahid mərkəzləri var idi. Tayfa ittifaqlarına böyük nüfuza malik olan varlı, nüfuzlu adamlar başçılıq etmişlər.
İctimai və əmək bərabərsizliyi dərinləşmişdi. Tayfanın varlı üzvləri və tayfa başçıları icmaya məxsus əmlakın çox hissəsini mənimsəyirdilər. Belə varlı adamlar öləndə zəngin ev əşyaları və silahları ilə birlikdə dəfn olunurdular. Yoxsul tayfa üzvlərinin qəbirlərinə az miqdarda avadanlıq qoyulurdu.
İctimai-iqtisadi sahədəki dəyişikliklər adamların dünyagörüşünə və ətraf aləmin münasibətinə təsir göstərmişdir.
Əhalinin dini inamları, mərasim və ayinləri qəbir abidələrinin quruluşunda
(daş qutular, kurqanlar), dəfn alətlərində (ölülərin yandırılması, onların üzərinə qırmızı boya çəkilməsi və s.) əks olunmuşdur. Qaya təsvirlərinin bir çoxu İbtidai ovsunla bağlı olmuşdur. İbtidai incəsənət xeyli inkişaf etmişdir. Qayalar üzərində müxtəlif məzmunlu rəsmlər həkk edilmişdir. Saxsı qabların, metal əşyaların və bəzək şeylərinin üzəri həndəsi naxışlar, heyvan və bitki rəsmləri ilə bəzədilmişdir. Son Tunc və İlkin Dəmir dövrü. Azərbaycanda Tunc dövrünün son mərhələsində İbtidai icma quruluşu dağılmağa başlayır. Bu dövr e.ə. X1Y-XII əsrləri əhatə edir. Son Tunc dövründə cəmiyyətin həyatında yaranmış mühüm yeniliklər Erkən Dəmir dövründə daha güclü şəkildə inkişaf etmişdir. Erkən (İlk) Dəmir dövrü e.ə. X1-YIII əsrləri əhatə edir.
Azərbaycanda Son Tunc və Erkən Dəmir dövrünün yaşayış məskənləri, qəbir abidələri (kurqanlar, daş qutular, torpaq qəbirlər) və müdafiə tikililəri, siklopik qalalar tədqiq edilmişdir. Bu abidələrdən məişət əşyaları, əmək alətləri, silahlar və bəzək nümunələri tapılmışdır. Əhali şəhər və kəndlərdə yaşamışdır.
İbtidai icma quruluşunun sonunda daha davamlı yaşayış və təsərrüfat binaları tikilmişdir. Binaların bünövrəsi çay daşları və ya qaya parçalarından qoyulur, divarları çiy kərpicdən hörülürdü. Düşmən basqınlarından qorunmaq üçün yaşayış məskənlərinin ətrafına qalın müdafiə divarları çəkirdilər. Ətrafı hasarlı yaşayış yerləri və qalalar Azərbaycanın bir çox rayonlarında aşkar edilmişdir. Bu möhkəm tikililər e.ə. II minilliyin axırında Azərbaycanda memarlığın inkişaf etdiyini göstərir.
Son Tunc və Erkən Dəmir dövründə təsərrüfatın ayrı-ayrı sahələri və sənətkarlıq yüksək inkişaf etmiş, qonşu ölkələrlə mübadilə və ticarət əlaqələri genişlənmişdir.
Təsərrüfatda yarımköçəri yaylaq maldarlığı üstün yer tutmuşdur. Maldar
tayfalar dağlıq zonalarda məskunlaşmış, dağətəyi bölgələrdə ətrafı möhkəmləndirmiş yaşayış məskənlərində, düzənliklərin mövsümi qışlaqlarında yaşamışlar. Bu ərazilərdə kurqan abidələri geniş yayılmışdır. Maldar tayfalar (qoyun, keçi və qaramal bəsləyir, öz ehtiyaclarından artıq qalan məhsulu əkinçlər və sənətkarlarla taxıla, əmək alətlərinə, silah və zinət şeylərinə dəyişirdilər.
Maldarlığın inkişafında atçılığın böyük rolu olmuşdur. Son Tunc dövründə atdan minik və qoşqu vasitəsi kimi geniş istifadə edilmişdir. Bu dövrün abidələrindən çoxlu at skeletləri və əsləhələri (gəm, qantarğa və s.) tapılmışdır. At insanların həyatında böyük rol oynadığı üçün ona sitayiş ayini meydana gəlmişdir. Bu dövrdə dəvəçilik də geniş yayılmışdır. Dəvədən minik vasitəsi kimi və yük daşınmasında istifadə olunurdu. Bundan əlavə, onun yunundan, südündən və ətindən istifadə edilmişdir.
Metal alətlərin tətbiqi, suvarma kanallarının çəkilməsi əkinçiliyin inkişafına, məhsuldarlığın artmasına təkan vermişdi. Torpaq qoşqu heyvanlarının (öküz, at) köməyi ilə şumlanmış, əkin sahələri xeyli genişlənmişdi.
Əkinçilikdə buğda, arpa, darı və s. bitkilərin bir neçə növü becərilirdi. Taxıl tuncdan və dəmirdən hazırlanmış oraqlarla biçilir, taxta və daş vəllərlə döyülür, dən daşları ilə üyüdülürdü. Taxıl ehtiyatını iri küplərdə və quyularda saxlayırdılar. Qazax rayonundakı Sarıtəpə və Babadərviş yaşayış məskənlərində təsərrüfat quyularının və küplərin içərisində taxıl və un qalığı aşkar edilmişdir.
Süni suvarma (Naxçıvan və Qarabağda qədim süni suvarma şəbəkələrinin izləri qalmışdır) sayəsində bağçılıq və bostançılıq da genişlənmişdir. Üzümçülük və şərabçılıq inkişaf etmişdir. Arxeoloji qazıntılar zamanı gilas, şaftalı, badam çəyirdəkləri, nar və üzüm toxumları və bərkiyib daşlaşmış şərab qalığı tapılmışdır. Son Tunc və İlk Dəmir dövründə Azərbaycanda sənətkarlıq sahələri içərisində dulusçuluq xüsusi yer tuturdu. Saxsı qabların istehsalında ayaqla hərəkətə gətirilən dulus çarxından istifadə olunurdu. Məişətdə ərzaq ehtiyatı, süd məhsulları saxlamaq və emal etmək üçün müxtəlif çeşidli saxsı qablar hazırlanırdı. Bu qablar dulusçuluq sobalarında bişirilirdi. Metalişləmə sənətkarlığı böyük rol oynamışdır. Ustalar zərbetmə, oyma, lehimləmə, həkketmə ilə tunc, qızıl və gümüşdən zinət əşyaları hazırlamışlar.
Toxuculuq, sümükişləmə, daşişləmə, ağacişləmə, gön-dəri emalı və başqa sənət sahələri də mühüm əhəmiyyət daşımışdır.
E.ə. II minilliyin axırı – 1 minilliyin əvvəllərində dəmirdən müxtəlif əşyalar hazırlanmışdır.
E.ə. XII əsrdən başlayaraq dəmirdən istifadə geniş xarakter almışdır.
Müxtəlif sənət sahələrinin inkişafı ilə əlaqədar, sənətkarların içərisindən sənətkar-tacirlər qrupu ayrılmışdır. Onlar əsasən, hazır məhsulun satışı ilə məşğul olmuş, sonralar peşəkar tacirlərə çevrilmişlər. Beləliklə, tacirlər sənətkarlardan ayrılmışlar. Ovçuluq və balıqçılıq köməkçi məşğuliyyət sahəsi kimi qalırdı. Yaşayış yerlərindən maral, ceyran, çöldonuzu, quş, balıq sümükləri və balıqçılıq alətləri aşkar olunmuşdur.
Tayfa başçısının hakimiyyətinin qüvvətlənməsi, dini və hərbi rəhbərliyin onların əlində toplanması bu şəxslərin ilahiləşdirilməsinə gətirib çıxarırdı. Belə tayfa başçılarına öləndən sonra da sitayiş olunur, onların xatirəsini əbədiləşdirmək üçün kurqanlar ucaldılırdı.
Bəzən tayfa başçısının arvadını, kənizlərini və qulluqçularını öldürüb onunla birlikdə dəfn edir, sahibi ilə birlikdə atlarını basdırırdılar. Atları öldürərək yüyənli-cilovlu, müxtəlif əşyalarla bəzədilmiş halda qəbirə qoyurdular. Bu dəfn adəti axirət dünyasına inamla bağlıdır.
Bu dövrün dini etiqadları və mərasimləri içərisində oda sitayiş, suya, dağa, meşələrə, müxtəlif ağac növlərinə və heyvanlara inam geniş yer tuturdu. Səma cisimlərinə (Aya, ulduzlara, Günəşə) inam dərin kök salmışdı.
İbtidai icma quruluşunun sonunda Azərbaycan tayfaları qonşu ölkələrlə xammal və hazır məhsulla ticarət aparmışlar. Azərbaycanın zəngin filiz yataqları, cins at növləri, saysız-hesabsız heyvan sürüləri, yüksək keyfiyyətli sənətkarlıq nümunələri ticarətdə, alış-verişdə böyük rol oynamışdır. Belə iqtisadi-mədəni əlaqə vasitəsilə həmin ölkələrdən Azərbaycana müxtəlif şeylər, bəzək əşyaları, silah və s. gətirilmişdir. Dəmir dövründə Azərbaycan Qədim Şərqin ən qüdrətli dövləti olan Assuriya ilə geniş ticarət əlaqələri saxlayırdı. Azərbaycanın müxtəlif abidələrindən Assuriyada istehsal olunmuş şirli gil qablar, silindrik möhürlər, silahlar, bəzək şeyləri tapılmışdır. Onlardan biri də Xocalıda tapılan, üzərində mixi xətlə
Assuriya padşahının (Adadnirari) adı yazılmış muncuqdur.
Ön Asiya və Yaxın Şərq ölkələri ilə quru və su yolları vasitəsilə ticarət əlaqələri aparılırdı. Su yolları ilə ticarət əlaqələri çay (Kür-Araz) və dəniz (Xəzər) vasitəsilə yaradılırdı.
Qobustan qayaları üzərində həkk edilmiş müxtəlif tipli gəmi təsvirləri bunu
əyani sübut edir.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin