ƏDƏBİ DİL NİTQ MƏDƏNİYYƏTİNİN ƏSASI KİMİ Ədəbi dilin səciyyəvi əlamətləri Hər bir xalqın, millətin ümumi dili olduğu üçün ona
ümumxalq dil deyilir. Azərbaycan
ümumxalq dilinin hələ IX əsrdə tam formalaşdığı göstərilir.
Ümumxalq dili çox geniş anlayışdır. Ümumxalq dili dedikdə xalqın bütün dil vasitə
formalarının məcmusu nəzərdə tutulur. Dildə hər nə varsa, ümumxalq dili bunların hamısını
əhatə edir.
Müasir Azərbaycan ümumxalq dili tərkibcə 2 qola ayrılır:
1)ədəbi danışıq, yaxud ədəbi dil,
2)qeyri-ədəbi danışıq, yaxud danışıq dili.
Ümumxalq dilinin cilalanmış, müəyyən normalara salınmış qoluna
ədəbi dil deyilir.
Ədəbi dil mədəni və tarixi hadisədir. O, cəmiyyətin mədəni tələbatı əsasında və zərurət
nəticəsində şifahi yolla yaranır. Onun əsasında daha çox ümumxalq dili dayanır. Bununla belə
ədəbi dilin müəyyən dialektin əsasında yaradılması da mümkündür. Ədəbi dilin ən mühüm
əlaməti onun üzərində əməliyyat aparılmış bir dil olmasıdır. O ümumxalq dilinin vahidləri
üzərində
“seçmə və
əvəzetmə prinsipi əsasında əməliyyat aparma yolu ilə formalaşan və
ümumiləşən” dildir. Ədəbi dil özünəməxsus daxili qaydalara və normalara malikdir.
Normativlik ədəbi dildə başlıca şərtdir. Normalar fikrin dəqiq, aydın ifadə olunmasına, hamı
tərəfindən başa düşülməsinə, düzgün və vahid nitq yaratmağa kömək edir.
Ədəbi dil anlayışı dilçilikdə məlum linqvistik hadisə olsa da anlayışın birmənalı
qəbulunda mübahisəli məsələlər mövcuddur. Bəzən ədəbi dilin yaranmasını yazılı dillə
bağlayırlar. Ədəbi dilin inkişafı və təkmilləşməsində yazılı dilin rolu çox olsa da, yeganə deyil.
Yazı hələ çox qədimdən əmələ gəlmişdir, ədəbi dil isə daha sonra. Ə.Dəmirçizadə ədəbi dil
haqqında mülahizələrini bölüşərək yazır: “Bəziləri ədəbi dil dedikdə, ancaq yazılı dili
anlamışlar, şifahi ədəbi dilin də ola biləcəyini ağıllarına belə gətirməmişlər. Buna görə ədəbi
dil və onun inkişafı dedikdə, ancaq yazılı ədəbiyyatın, yazılı sənədlərin, nəhayət, kitabələrin
dilini tədqiq etməkdən uzağa getməmişlər. Belə anlayış nəticəsində yazısı olmayan xalqların
ədəbi dili olmaz” kimi yanlış anlayış meydana çıxmış, yaxud bu və ya digər xalqın ədəbi dilinin
başlanğıcı həmin xalqın yazıya malik olduğu dövrdən hesab edilmişdir”(14, 9).
Ə.Dəmirçizadə ədəbi dil anlayışının dövlət dili anlayışı ilə eyniləşdirilməsini, bununla
bağlı olaraq bəzi xaqların ədəbi dili və onun tarixi haqqında yanlış fikirlər söyləndiyini
göstərərək yazır ki, müxtəlif dövrlərin ictimai-siyasi quruluşu ilə əlaqədar olaraq, dövlət
idarələrində işlədilən gətirilmə dil o dildə danışmayan xalqın ədəbi dili sayılmışdır. Məsələn,
Azərbaycanda orta əsrlərdə dövlət idarələrində rəsmi sürətdə işlədilən ərəb, fars dilləri
azərbaycanlıların ədəbi dili kimi qələmə verilmişdir.
Bəzən də ədəbi dil dedikdə bədii ədəbiyyatın dili başa düşülmüş, hətta ədəbi dilin
tarixini şairlərin yaradıcılıq çərçivəsi ilə məhdudlaşdırmaq cəhdləri olmuşdur (14, 9-10).
Ədəbi dil, əlbəttə ki, bədii ədəbiyyatın dilindən fərqlənir, amma bir növ bədii
ədəbiyyatın dilindən boy atır, yaranır. Bədii ədəbiyyatın dilinin əsas fərqli cəhəti böyük estetik
funksiya daşımasıdır. Burada həm ədəbi, həm də qeyri-ədəbi dil elementlərindən (dialektlər,
sadə danışıq və s.) istifadə olunur.
Ədəbi dil milli dilin yüksək formasını özündə əks etdirir. Ədəbi dil ədəbiyyatın,
mədəniyyətin, təhsilin, kütləvi informasiya vasitələrinin dilidir. O insan fəaliyyətinin çox
fərqli sahələrində siyasət, elm, qanunvericilik, rəsmi-işgüzar, məişət-danışıq ünsiyyəti,
millətlərarası ünsiyyət, vasitəsi kimi mətbuat, radio, televiziya dili kimi insanlara xidmət edir.