Dərslik mövcud proqram əsasında yazılaraq "Təsviri incəsənətin nəzəriyyəsi"nin



Yüklə 3,29 Kb.
Pdf görüntüsü
səhifə23/36
tarix13.12.2023
ölçüsü3,29 Kb.
#174827
növüDərslik
1   ...   19   20   21   22   23   24   25   26   ...   36
I brahimov T I Tsviri incsntin nzr

İkonik işarələr və Konvensi-
onal işarələr.
İkonik işarələr (
ikona – ing. icon – sima, təsvir, işarə
) müəyyən 
mənada nə işarələndirilirsə onunla bir başa əlaqəsi olan 
işarələrdir. Məsələn, “O” hərfi ikonik işarədir (əslində bütün 
hərflər işarədir). Bir çox işarələr var ki, onlar “işarə” ilə qeyd olu-
nanın arasında birbaşa oxşarlığa malikdir.
Konvensional (
convencional – şərti
) işarələrin işarələndirilən-
lərlə birbaşa əlaqəsi yoxdur, şərti işarələrdir.
Semiotika baxımından təsviri incəsənət əsəri mətndir, mətn 
məna və məzmunun ötürülməsi diskursudur. Təsviri sənətin 
qavranılması prosesi əslində məhz işarələr vasitəsilə məlumatın 
ötürürülməsi zamanı baş verir. Yəni, təsviri işarələrin ardıcıl qavra-
nışı yazılı mətn prinsipi ilə məzmun ötürmək qabiliyyətinə malikdir. 
Bəzi sənətşünaslar təsviri sənət əsərinə bədii qanunlarla qurulmuş 
mətn deyirlər. Mətn isə məlumat ötürücü xüsusiyyətə malikdir.
Mövzu 10. 
TƏSVİRİ 
SƏNƏTDƏ İŞARƏ. 
SEMİOTİK 
PROBLEMLƏR
.


70
Təsviri incəsənətin nəzəriyyəsi 
Telman İbrahimov
Bəzi qayaüstü rəsmlərə nəzər salsaq müəyyən olunar ki, bu 
rəsmlərdə “ikonik işarələr” işarələndirdikləri predmetlərə oxşar-
dırlar. 
Ulduz əslində göydə nöqtə kimi görünür. Lakin biz ona və ya 
hər bir nöqtəvari işıq mənbəyinə gözümüzü qıyıb diqqətlə bax-
saq, onun şüaları xaç şəklində görünəcək. Beləliklə, ulduz işarəsi 
(xaç, svastika) ilə işarələndirilənin arasında oxşarlığı əyani 
şəkildə müşahidə etmiş olarıq.
İlkin mərhələlərdə, ibtidai rəsmlərdə işarələrin istifadə olun-
masında müəyyən bir məhdudiyyət var idi. Bu ondan irəli gəlirdi 
ki, işarəni təsvir edən insan onu təqdim edib, lakin onun tamaşa-
çılarında bu işarənin “açarı” yoxdursa, yəni onlar işarəni qavraya 
bilmirlərsə onu heç vaxt başa düşə bilməzlər Məsələn, Morze 
əlifbası. Dənizçilər bununla (bütün hərflərlə) bir-birinə işarələr 
ötürür. Əgər Morze əlifbasının açarı onlarda olmasa (yəni hər bir 
işarənin hansı hərfi işarələndirməsi lüğəti), onlar bu nöqtə və defis 
ardıcıllığına baxdıqda heç vaxt onun mənasını başa düşməyəcəklər. 
Belə ki, işarəni oxumaq, onda olan məzmunu dərk etmək üçün 
müəyyən bir “razılaşma”, “şərtləşmə” olmalıdır. Beləliklə, işarə ya-
radanla işarəni qavrayanın arasında mütləq şərtləşmə olmalıdır və 
işarələr yaranan gündən onlarda şərtilik mövcuddur. Buna misal 
olaraq, Sovetlər ölkəsinin bayrağındakı işarəni göstərmək olar. Bu-
rada çəkic və oraq fəhlə və kəndli ittifaqını işarələndirir. 


71
Mövzu 10 
Təsviri sənətdə işarə. Semiotik problemlər
İşarələr təsviri qrafem kimi öz morfologiyasına, yaranmasına 
görə sadəliyə meyl ediblər. İşarə nə qədər mürəkkəb olarsa, onun 
“oxunması” çətinləşir. İşarə sadə olmalıdır. Çünki sadə formalar 
uzaqdan daha aydın qavranılır, nəinki yaxından. Böyük və ya ki-
çik, fərqi yoxdur, hissələr çoxaldıqca mürəkkəbləşir və onların 
oxunması çətinləşir. Ümumiyyətlə, işarələrin heç bir kiçik ölçü-
lü, çətin müşahidə olunan hissəsi olmamalıdır.
Aparılmış tədqiqatlardan məlumdur ki, ən erkən dövrdə tayfa 
və qəbilələri işarələndirən müxtəlif formalı damğalar olmuşdur: 
şəxsi damğalar, dini damğalar, səma cisimlərini ifadə edən dam-
ğalar, qəbilə damğaları və s. Bu damğaların hamısı son dərəcə 
sadədir. Məsələn, ox-kaman damğa olması ilə bərabər, ikonik 
işarədir.
Təsviri sənətin yaranmasından başlayaraq işarələr sadəliyə, 
sadəlikdən maksimal informativliyə doğru inkişaf etmişdir. Qeyd 
edək ki, işarə sözlərlə, cümlələrlə “danışmır”. İşarələr anlayışlarla 
“danışırlar”. İşarələr əksər halda çox həcmli və əhatəli anlayışları 
işarələndirirlər. İşarələr heç vaxt konkret və birmənalı informa-
siyanı ifadə etmirlər. Onlar həmişə ümumiləşdirilmiş mənanı, 
ideyanı, obrazı ifadə edirlər. İşarələrin meydana gəlməsi onunla 
bağlı olmuşdur ki, bir çox geniş və əhatəli anlayışlar var ki, onları 
həyatda birbaşa işarələndirən ekvivalenti yoxdur. Məsələn, belə 
işarələrdən biri “Məhəbbət işarəsi”dir (Ox sancılmış ürək). Bu 
işarəni görən kimi məhəbbət və sevgi anlayışı formalaşır.
Həyatda elə bir real predmet və ya hadisə yoxdur ki, onu 
təsvir etdikdən sonra “bu birmənalı məhəbbətdir” demək ol-
sun. Məhəbbətə aid olan simvollar həddindən artıq çoxdur. 
Məhəbbət simvolunu hərə bir cür görür, hərə bir cür qəbul edir. 
Bu işarə isə (ox batmış ürək) əntiq dövrdən Avropada qəbul 
olunmuş məhəbbət işarəsidir. Məsələn, müsəlman Şərqi bu 
işarəni tanımadığından o, burada məhəbbət işarəsi kimi istifadə 
olunmamışdır. 
Ümumiyyətlə, heç bir işarə əsassız, səbəbi olmadan yaranmır, 
müəyyən bir mədəni mühitdə, mədəni cəmiyyətdə yaranır. Çün-
ki, işarədə şərtilik var, yəni müəyyən bir kollektiv olmalıdır və 


72
Təsviri incəsənətin nəzəriyyəsi 
Telman İbrahimov
şərtləşməlidirlər ki, biz bu işarəni belə başa düşək, belə qəbul 
edək.
“Ox batmış ürək” işarəsinin yaranması yunan əsatirləri ilə 
əlaqədardır. Veneranı müşayiət edən məhəbbət mələkləri özləri 
ilə ox-yay gəzdirirdilər və yunan əsatirinə görə həmin mələklər 
hər bir aşiq olan (vurulan) şəxsə məhəbbət oxunu vururdular 
(Afroditanın göstərişi ilə). Qeyd edək ki, bu işarəni inkişafda 
geridə qalmış primitiv cəmiyyətlərdə başa düşmürlər və onu heç 
ürək kimi də qəbul etmirlər. Bu işarə ürəyin stilizə edilmiş for-
masıdır və eyni zamanda ikiliyin vahidliyini işarələndirir. Yəni, 
ürək iki simmetrik hissənin birləşmiş formasıdır, həqiqətdə isə 
anatomik ürək belə formada deyil. 
Beləliklə, işarə mədəni mühitdə yaranıb və mədəni mühitdə 
işarənin rolu bir çox informasiyanı konkret şəkildə ifadə etmək 
deyil, onu ancaq ümumiləşdirilmiş şəkildə ifadə edənə deyilir. 
Əslində, həmişə işarələrdən informasiyanı ümumiləşdirilmiş – 
şərti şəkildə ötürmək məqsədi ilə istifadə etmişlər.
İşarələrin ən erkən nümunələrinə biz, ibtidai dövrün na-
xışlarında da rast gəlirik. Məsələn, eneolit-tunc dövrünə aid 
keramikanın üzərində bolluq və məhsuldarlıq rəmzi olan na-
xışlar işarələr şəklində yaradılmışlar. Fiqurativ təsvir “dili” ilə 
məhsuldarlıq anlayışını birmənalı ifadə etmək qeyri-mümkün-
dür, çünki fiqurativlik çoxmənalılığa meyllidir və anlaşılmazlığa 
gətirib çıxara bilər. 
Şəkildə təsvir olunmuş keramik məmulat üzərində “bolluq” 
və “məhsuldarlığı” işarələndirən romb işarəsi nəzərə çarpır.


73
Mövzu 10 
Təsviri sənətdə işarə. Semiotik problemlər
Naxış kimi tez-tez rast gəlinən, əslində işarə təbiətli digər biri 
buta işarəsidir. 
Buta işarəsi böyük fəlsəfi anlayışı ifadə edərək özündə həyatın 
cücərməsini, sonsuzluğunu əks etdirən bir işarədir. Həyatın 
cücərməsi və bu həyatın inkişaf eləməsi anlayışının ifadəsində 
müəyyən qanunauyğunluqlar var. Onlara görə istənilən bir həyat 
nöqtədən (tum, atom, hüceyrə və s.) başlayıb böyüməyə doğru 
inkişaf edir. Həyat ortaya yaxınlaşdıqca onun inkişafı zəifləməyə 
başlayır. Sonra, getdikcə “həyat” başlayır qocalmağa. Qocalır və 
həyatının sonunda ölərək həyatı başqasına ötürür. Amma canlı 
həyat adətən, ölməmişdən öncə özündən yeni bir toxum yaradır 
ki, həyat daima davam etsin. Buradan da belə nəticəyə gəlmək 
olar ki, buta əbədi həyat ideyasını ifadə edən qrafik işarədir. 
Yarandığı gündən bu günə kimi mürəkkəb inkişaf yolu keçmiş 
işarələrdən ən çox ibtidai dövrün neolit və eneolit mərhələsində 
istifadə olunmuşdur. Paleolit və mezolit mərhələsində işarələrdən 


74
Təsviri incəsənətin nəzəriyyəsi 
Telman İbrahimov
bir o qədər də istifadə olunmamışdır. Bunun səbəbi bu dövrlərdə 
mücərrəd təfəkkürün, simvolik təfəkkürün hələ formalaşmama-
ğı idi. Neolit dövrü – “neolit inqilabı”nın baş verdiyi dövr kimi 
təsbit olunmuşdur. Çünki, neolit dövründən etibarən insanda 
mücərrəd (abstrakt) təfəkkür inkişaf etməyə başlayır. Bu dövrə 
qədər insanda mücərrəd təfəkkür olmamışdır. Məsələn, indi-
ki heyvanların heç birinin mücərrəd təfəkkürü yoxdur. Allah 
mücərrəd təfəkkürü yalnız insana bəxş edib. Mücərrəd təfəkkürə 
əsasən, insan hər hansı bir anlayışı birbaşa əlaqəsi olmayan pred-
met, rəng, ritm və s. ifadə edə bilir. 
Beləliklə, işarələrə və onların vasitəsilə informasiya 
mübadiləsinə ilk dəfə olaraq neolit dövrünün keramikasında 
rast gəlinir. Bildiyimiz kimi, neolit dövründə ən böyük kəşflər, 
yeniliklər baş vermişdir: keramikanın yaranması, dulusçuluq 
üstündə naxış sistemlərinin yaranması, ornamentlərin yaranma-
sı və s. Ornamentlər bəşəriyyət tarixində ən birinci işarələrdir. 
Məsələn, dördbucaqlı – kvadrat işarəsi.
Naxış elementi o zaman ornamentə çevrilir ki, işarələrə ritm 
verilərək bədii təkrarlanma yaransın.
Naxış isə ornamental sistem təşkil edir. Naxış tək halda işarədir 
və bütün naxışlar işarələrdən ibarətdir. Naxışlar ritmik qurulu-
şa malik olurlar və bununla da işarədən və işarələndiriləndən 
başqa, eyni zamanda dekorativ xüsusiyyətə də malikdirlər. 
Ümumilikdə, naxışlar iki funksiya daşıyır: müəyyən informasiya 
(işarə) funksiyası və bəzək funksiyası. Bəzəmək isə estetik hiss 
yaratmaq funksiyasını daşıyır. Çünki, bəzəkdən insan hissi həzz 
alır, belə ki, hər hansı bir əşyanı bəzəmək, ona tamaşa etmək in-
sana xoş gəlir. Bəzəkdə olan o naxışlar, rənglər, ritmlər və s. insa-
nın əhval-ruhiyyəsini dəyişir. 
Kvadrat (dördbucaqlı) – ibtidai işarə düşüncəsinə görə tor-
pağın, yerin rəmzi işarəsi olmuşdur. Xüsusilə də bu naxış ilk dəfə 
olaraq neolit dövründə əkinçilik mədəniyyətinin yaranması ilə 
əlaqədar olaraq yaradılmışdır. Kvadrat əkin sahəsini, şumlanmış 
torpağı (şumlanmış torpaq sahələri kvadratlar əmələ gətirir) 
simvolizə edir.


75
Mövzu 10 
Təsviri sənətdə işarə. Semiotik problemlər
Naxış sistemində işarələr müəyyən informativlik funksiyasını 
da yerinə yetirirlər. Bizim tanıdığımız ən ilk yaranmış işarələrə 
ümumi, universal işarələr demək olar. Bu ilkin işarələr ikonik 
işarələr olmuşlar, yəni onlar işarələndirənlərlə birbaşa oxşarlığa 
malikdirlər. Məsələn, svastika işarəsi: 
Svastika işarəsi günəşi simvolizə edərək dairəviliyi, işıq şüala-
rının mənbəyi ideyasını və fırlanma ideyasını əks etdirir. 
Xaç işarəsi günəşin, ulduzun – işıq şüalarının, istinin mənbəyi 
kimi yaradılıb və həmişə günəşi təmsil etmişdir (xristianlıq is-
tisna olunmaq şərti ilə). Biz xaç işarələrinə ibtidai təsvirlərdə, 
bir qədər sonra isə qədim Misir və Şumer mədəniyyətində rast 
gəlirik. Ümumiyyətlə, qədim Misir və Şumer mədəniyyətlərində 
xaç təsvirlərinə çox tez–tez rast gəlinir. Çünki, qədim misirlilər 
və şumerlər Günəş tanrısına etiqad etmişlər və xaç təsviri də on-
ların dini ilə bağlı idi. 
Belə ki, qədim misirlilər səhər tezdən, günəş çıxanda günəş 
görünən yerə (yastı ev damlarına) çıxırdılar, üzü günəşə tərəf du-
rur və əllərini açıb günəşə dua edirdilər. Onların fikirlərinə görə 
qədər ki, insan hər səhər günəş çıxanda belə ibadət edərsə, o 
sağ və sağlam olacaqdır. Günəşin işarəsi olan Misirli Anh – nəfəs 
deməkdir, nəfəs isə bilavasitə həyat deməkdir.
Beləliklə, 
“Anh
” işarəsinin işarələndirilən (işarə olunan) anla-
yışları Həyat, Nəfəs mənasında ifadə olunmuşdur.


76
Təsviri incəsənətin nəzəriyyəsi 
Telman İbrahimov
Şümerlərdə isə ulduzu, günəşi işarələndirən Xaç – Şamaş ad-
lanan baş tanrını ifadə etmişdir. 
Neolit dövründə işarələr yarandığı vaxtdan müxtəlif işarələrin 
oxunmasının müəyyən bir istiqaməti olmalı idi. Müasir insa-
nın düşüncəsinə görə işarələr qavrayışının (semiozis) həmişə 
istiqaməti, ardıcıllığı olmalıdır. Yəni işarələrin mənası düzgün 
sintaksis əsasında dərk oluna bilər. Bir neçə işarələri sintaksisə 
əsasən düzərək işarəvi mətn yaratmaq mümkündür. Belə “mətni” 
oxumaq, məzmununu dərk etmək üçün həmin işarələr siste-
minin sintaksini bilməyə ehtiyac var. Məsələn, müasir insanlar 
üçün fonetik əlifbaya əsasən yaradılmış mətni rahat oxumaq 
üçün mətni yaradan və mətni oxuyanların sintaksis qaydalarını 
bilmələri zəruridir. 
Sintaksis qaydalara əsasən cümlə sözü oxunanda soldan – 
sağa, əvvəl birinci hərf, sonra ikinci, üçüncü, dördüncü və s. 
oxunmalıdırlar. Məsələn, torpaq sözünü oxuyub başa düşmək 


77
Mövzu 10 
Təsviri sənətdə işarə. Semiotik problemlər
üçün sintaksisin tələblərinə əsasən soldan sağa t-o-r-p-a-q – 
ayrı-ayrı, cüt-cüt daha sonra birlikdə oxunmalıdır. Burada əsas 
şərt istiqamət, hecalama və pauzasız fonemləri səsləndirmədir. 
Bu tələblər işarələri yaradan və oxuyan üçün məlumdurlar və 
sintaksisdə öz əksini tapmışlar. 
Roman əlifbası əsasında yaradılmış mətnlər soldan-sağa oxu-
nur, ərəb və fars əlifbası əsasında yaradılmış mətnlər isə sağ-
dan-sola oxunurlar. Sintaksik qaydaları bilmədən bu mətnləri 
(işarələri) düzgün oxumaq mümkün deyil. 
İşarə sistemləri və işarə mətnləri həmişə yazı prinsipi əsasında 
qurulmuşlar. Yazı sisteminin sintaksis qaydaları uşaqlıqdan bi-
zim beynimizə necə həkk edilibsə, hər hansı bir mətni gördükdə 
başlayırıq soldan sağa və ya sağdan sola baxmağa və oxumağa.
Konvensional işarələr isə ikonik işarələrdən fərqli olaraq 
çox gec yaranıblar və daha mürəkkəbdirlər. Çünki nə qədər ki
mücərrəd düşüncə inkişaf etməmişdir, mürəkkəb şərti işarələrin 
qavranılması mümkün deyildi. Şərti işarəni başa düşmək üçün 
şərti düşüncə lazımdır. Məsələn, “Qızım sənə deyirəm, gəlinim 
sən eşit!” atalar məsəlini Azərbaycan dili bilməyən əcnəbi başa 
düşə bilməz, çünki, bu məsəli başa düşmək üçün çoxəsrlik 
ənənələrdən irəli gələn şərti anlayış dili olmalıdır.
Təsviri sənətin bəzi istiqamətləri şərti işarələrlə (abstrakt, 
simvolik və s.), digər istiqamətləri isə fiqurativ təsvir dili ilə 
ifadə olunur və qavranılır. Fiqurativ təsvir “dili”ndə işarələrlə 
işarələndirilənlər – uyğundurlar. Belə təsvirlərdə fiqurların po-
zalarından, hərəkətlərindən, sifət cizgilərinin xarakterindən 
istifadə olunubsa, bu artıq işarə dilidir. Məsələn, beli bükük bir 
şəxsin təsviri. Əlbəttə, bu qocaya və ya qulluqçuya işarə verən bir 
təsvirdir. Bunların işarə olması ondan irəli gəlir ki, o hərəkətlər, 
pozalar və s. müəyyən bir stereotip görüntüləri, situasiyaları 
yamsılayırlar. Təsvirin tamaşaçısı üçün aydın olur ki, bu fiqur 
hansı informasiyanı işarələndirir. 
Beləliklə, gördüyümüz kimi, “təsvir dili” ilə danışan təsviri 
sənət əsərlərində işarələr mövcuddur. Qeyd etdiyimiz bu işarələr 
fiqurativ işarələrdir. Ancaq qeyri-fiqurativ işarələr də var ki, 


78
Təsviri incəsənətin nəzəriyyəsi 
Telman İbrahimov
rənglərlə, səslərlə ifadə olunur. Musiqidə ancaq səslər və onların 
arasında olan pauzalardır və əksər hallarda musiqi konversional 
işarələr dili ilə “danışır”. Məsələn, Qara Qarayevin “İldırımlı yol-
lar” əsərində zərb alətlərinin yaratdığı səslər göy gurultusu anla-
mını yaradır. Bu səs birbaşa göy gurultusuna oxşayır. 
Musiqidə konvensional işarələr vasitəsilə dinləyicidə elə 
təsəvvür yaratmaq mümkündür ki, o özünü səmada uçan kimi, 
görüntülər görən kimi, xəyallar aləmində yaşayan kimi hiss etsin. 
Bütün bu hallar səsli işarələr vasitəsilə əldə olunur. Dinləyici bu 
işarələri eşitdikdə onun həyat təcrübəsi və mücərrəd təfəkkürü 
əsasında yuxarıda deyilən hallar yaşanır. 
Müasir avanqard incəsənətdə daha çox konvensional 
işarələrdən istifadə olunur. Burada məqsəd odur ki, təsvir 
vasitəsilə real və ya tarixi insan haqqında məlumat verəsən. Port-
ret təsvirinin üstündə şəxsin kimliyi yazılmır. O oxşarlıq, tanıma 
prinsiplə qavranılır. Ancaq təsviri sənət tarixində elə bir mərhələ 
olub ki, (məs. ikonalarda, miniatürlərdə) insan təsvirinin üstündə 
kimliyi yazılıb (roman, qotika, klassik orta əsr incəsənətində də 
belə hallar olub). Çünki, o dövr insan təsvirlərində hələ oxşarlığa 
nail olmurdular. Belə təsvirlərin üzərində kimliyi yazılmasaydı, 
onları tanımaq olmazdı. 
Müasir təsviri sənət əsasən bu işarələrlə “danışır”: rəng, 
poza, hərəkət, forma, miqyas, istiqamət və s. Bunların hamı-
sı özünəməxsus işarə informativliyinə malik olmaqla özündə 
müəyyən bir məlumatı daşıyır və hamısı bir yerdə birləşərək 
bədii obrazı müəyyənləşdirirlər. Obraz isə əsas və yekun işarədir. 
Belə ki, xırda işarələr yığılaraq böyük bir işarəni əmələ gətirirlər. 
Təsviri sənətdə məhz o xırda işarələrin vasitəsi ilə ümumi obraz 
yaradılır. Ümumiyyətlə, obrazı müxtəlif işarələrlə yaratmaq olar: 
nikbin obraz, faciə obrazı, məhəbbət obrazı, sevinc obrazı və s. 
Beləliklə, təsviri sənətdə təsvir dili ilə danışılırsa da, nəticə 
yenə işarə ilə tamamlanır və işarə-obraz şəklində qavranılır. Bu-
rada prinsip məhz informasiyanı bədii vasitə ilə ötürməkdən 
və bədii qanunauyğunluqlar əsasında qavramaqdan ibarətdir. 
Danışıq dili uzun-uzadı və ya konkret ola bilər. “Uzun-uzadı” 


79
Mövzu 10 
Təsviri sənətdə işarə. Semiotik problemlər
danışıq dili səbəb – məntiq – nəticə ardıcıllığında qavranılır. 
Məsələn, mən getdim filankəsin yanına, ondan kömək istədim, 
o məni pis qarşıladı, köməkliyini əsirgədi. Ehtimal etmək olar 
ki, o nəzakətsiz, qabiliyyətsiz və qəddar adamdır və s. Konkret, 
birmənalı və səbəb-nəticəyə arxalanmayan dildə isə xırdalıqlar 
(səbəb, məntiq, sübut və s.) buraxılır, deyilmir. Məsələn, filankəs 
pis adamdır. Bu prinsip təsviri incəsənətdə tətbiq olunduqda 
NƏTİCƏ obrazın əsasını təşkil edir. Çünki, rəssamın sözlər və 
cümlələr vasitəsilə uzun-uzadı obraz yaratmaq imkanı yoxdur. 
Bu səbəbdən o “kim – səbəb – sübut – məntiq – nəticə” ardı-
cıllığına “çıxaraq”, onun yalnız əvvəlini və sonunu bir obrazda 
birləşdirir və bununla da aydın və “oxunaqlı” işarə-obraz yaradır. 
Rəssam sadəcə təsvir dili ilə mənfi (pis) adam obrazı yaradır. 
Ümumiyyətlə, sənətlərin hamısı, o cümlədən təsviri sənət də, da-
nışıq (nəqletmə) prinsipi üstündə qurulur. Burada danışıq prinsi-
pi təsviri yaradan rəssamın “kiməsə nəyisə danışmasını” xatırladır. 
Yazıçı və ya nəqledicidən fərqli olaraq, rəssam öz əsərində tamaşa-
çı ilə deyil, özü-özü ilə diskurs qurur. Nəticə olaraq, əsərin tamaşa-
çısı heç bir mətn eşitmədən, dinləmədən həmin danışığı, “söhbəti” 
–onun mənasını başa düşür. Əgər tamaşaçı rəssam “söhbətinin” ar-
dıcıllığını “tutmasa”, əsərin mənasını dərk etməyəcək. 
Bu, xüsusilə, rəssam əsərini təhlil edən, onun dəyərini 
müəyyən edən və rəssamın əsərinə qiymət verən sənətşünas 
üçün daha vacibdir. Sənətşünas rəssamın düşüncə tərzini, onun 
“daxili söhbətinin” məntiqi ardıcıllığını, nə demək istədiyini 
bilməli, bununla da bədii mətnin (əsər) hamısını “oxuya-oxuya” 
əsərin məzmununu açıqlamalı və mənasını digərlərə çatdırmalı-
dır. Beləliklə, hər bir nəqletməni (əsər) başa düşmək üçün onun 
nəqletmə ardıcıllığını, “danışıq dilini” qavrayaraq, sonda obyek-
tiv mənasını ifadə etmək imkanı yaranır.
Müasir (avanqard) dövr təsviri incəsənət vasitəsilə məna de-
yil, hal, əhval-ruhiyyə yaratmaq meylləri daha çox nəzərə çarpır. 
Bu daha çox mücərrəd (abstrakt) incəsənət üçün xasdır. 
Fiqurativ təsviri sənətdə əsasən tanınan işarələrdən (göy, yer, 
insan, predmet, obyekt və s.) istifadə etməklə ifadə dili yaradılır. 


80
Təsviri incəsənətin nəzəriyyəsi 
Telman İbrahimov
Əsərin mənası məntiqlə dərk olunur. Mücərrəd təsviri sənətdə 
isə bu metoddan imtina olunub. Əlbəttə, mücərrəd təsviri sənət 
daha çox hissiyyata yönəldilmişdir. Qeyd edək ki, hər hansı bir 
halı, hissi yaşamaq da nəticədə hər hansı bir mənanın, işarənin 
üstünə gətirib çıxardır. İnsan hissi yalnız həyat təcrübəsində ya-
şayaraq dəyərləndirir, kəşf edir. Belə ki, hiss yaşanıldıqdan sonra 
şüurla təhlil olunur və sonda yenə də işarə, məna şəklində ta-
mamlanır.


81
Mövzu 11 
Təsviri sənətdə süjet
S
üjet anlayışının (mövzu) təsviri sənətdə meydana 
gəlməsi ibtidai rəsmlərdə, qayaüstü təsvirlərdə, ov səhnələrində 
müşahidə olunur. Süjetdə mütləq hadisə və onun inkişafı (in-
kişaf mərhələsi) olmalıdır. Süjetin ardıcıl olaraq nəql olun-
ması hadisələrin, hərəkətlərin və nəticələrin hasil olmasını 
mənalandırır. Süjetdə hadisənin inkişafı öz əksini tapmalıdır. 
Təsviri incəsənətdə süjet təsvir olunduqda, onun anlaşıqlı olma-
sı üçün təsvir olunan hadisədən əvvəlki şərait təsəvvür olunma-
lıdır: artıq nə baş verib, hal-hazırda nə baş verir və hadisə nə ilə 
nəticələnəcək? Süjetli kompozisiyada məhz bu “üçlük” bir süjet 
çərçivəsində birləşdikdə süjet prinsipi əmələ gəlir, süjetin “oxun-
ması” mümkün olur. Demək olar ki, bütün klassik təsviri sənət 
əsərlərinin hamısında bu prinsiplərə cavab verən süjetli kompo-
zisiya müşahidə olunur.
Ümumiyyətlə, təsviri sənətdə istənilən hadisə müəyyən mə-
nada “dondurulmuş” (hərəkətsiz) vəziyyətdə təsvir edilir. Bu-
rada təsvir olunmuş hadisə müşahidə olunduqda ondan əvvəlki 
və sonrakı hadisələr də təsəvvür edilməlidirlər. Məsələn, gedən 
(gələn) insanın təsvir olunmasında elə hərəkət fazası “dondu-
rularaq” təsvir olunmalıdır ki, əvvəlki və sonrakı halı özündə 
birləşdirə bilsin. 
Realistik təsviri sənətdə isə o hadisə (süjet) ondan əvvəl və 
ondan sonra hansı istiqamətdə inkişaf edəcəksə, o məntiqlə eh-
timal olunmalıdır. 
Qeyd edək ki, klassik süjet anlayışının incəsənətdə bərqərar 
olması əslində ibtidai incəsənətdə baş verməmişdir. İbtidai 
təsvirlərdəki ov səhnələrində nəqledicilik və hadisənin inkişafı 
elementləri yoxdur. Hadisənin imitasiyası (təqlid, bənzətmə) 
var, yəni təsvir edən olduğunu yox, istədiyini təsvir edir. Qayaüs-
tü təsvir magik (ovçuluq magiyası) ayinin tərkib hissəsi olaraq, 
arzu olunanı təsvir edir. 

Yüklə 3,29 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin