Ət məhsullarının saxlanmasında bir sıra xarici mühit amilləri də mikroorqanizmlərin inkişafına, keyfiyyət dəyişikliyinə, qidalılıq dəyərinin aşağı düşməsinə səbəb olur
Ət məhsullarının saxlanmasında bir sıra xarici mühit amilləri də mikroorqanizmlərin inkişafına, keyfiyyət dəyişikliyinə, qidalılıq dəyərinin aşağı düşməsinə səbəb olur. Belə ki, mikroorqanizmlərin dəridəki kəsik və zədələr vasitəsilə insana yoluxması ehtimalının yüksək olduğunu nəzərə alaraq, ət məhsulları doğranan zaman əllərin zədələnməməsi üçün maksimum ehtiyatlı olmaq lazımdır.
Ət, toyuq və balığın doğranmasında istifadə edilən kəsici alətlər və taxtalar mükəmməl yuyulub təmizlənməlidir. Doğranma başa çatdıqdan sonra alətlər mütləq təkrar təmizlənməli, yuyulmalı və dezinfeksiya olunmalıdır. Bundan başqa, ət və digər ət növləri soyuducuda saxlanarkən “mal qonşuluğu” prinsipinə əməl olunmalıdır. Ət, toyuq, balıq kimi məhsullar digər çiy qidalarla eyni yerdə saxlanmamalıdır. Belə hal çarpaz çirklənmənin (bu məhsullardakı mikroorqanizmlərin digər qidalara nüfuz etməsi) baş verməsinə səbəb ola bilər.
Ət, toyuq, balıq kimi məhsulların saxlanmasında ən vacib şərtlərdən biri temperatur rejiminə əməl etməkdir. Uyğun temperaturun tətbiqi məhsulların saхlanması zamanı gedən bütün proseslərin intensivliyinə təsir göstərir. Belə ki, temperaturun artması ilə suyun buхarlanması, fermentlərin, mikroorqanizmlərin və zərərvericilərin fəallığı güclənir. Təhlükəsiz dondurma və soyutma birbaşa temperaturdan asılıdır. Dondurucunun temperaturu -18 °C olaraq tənzimləndikdə bu məhsulların uzun müddət keyfiyyətli saxlanılması mümkündür.
Soyudulmuş və dondurulmuş məhsulu uzun müddət təhlükəsiz saxlamaq mümkündür. Soyudulmuş balıqlar +5 °C-dən -1 °C-dək 95-98 % nisbi rütubətdə zəif hava cərəyanı şəraitində saхlanmalıdır. Dondurulmuş balıqları -18 0C-də 85-90 % nisbi rütubətdə saхlamaq məsləhət görülür. Qeyd edək ki, balıq məhsullarını əvvəlcə təmizləyib, yuyub və suyu tam süzüldükdən sonra dondurub saxlamaq lazımdır. Xüsusən də balıq məhsullarını 1-2 saat soyuducuda saxlayıb, daha sonra dondurmaq məsləhət görülür. Balığın dondurulması mikrobioloji proseslərin qarşısını almaq üçün vacibdir. Bundan başqa, balıqları dondurmazdan əvvəl az miqdarda duzlanması onun təzəliyinin qorunub saxlanmasına kömək edir. Balıq məhsullarının bir dəfədən artıq dondurulması onun keyfiyyətinə mənfi təsir göstərir. Balıq tez dondurulub, tədricən donu açıldıqda yüksək keyfiyyətli qida əldə edilir.