İMAMLARIN TÜRBƏLƏRİNİN GİRƏCƏYİNİ ÖPMƏK ŞİRK DEYİLDİR
İmamların müqəddəs türbələrinin qapılarını, zirehlərini öpməyin şirk olmadığı haqqında bir az açıqlama vermək məcburiyyətindəyəm. Cənab şeyximiz, öpməyi səcdə etməklə sərf salıb. Siz elə bizim yanımızda belə, əqidəmizi təhrif etdiniz. Allah bilir, başqa vaxt gör avam xalqın yanında bizə nə kimi iftirlar atırsınız!
Bu və buna bənzər dua və ziyarət kitablarında ziyarətçiyə, ədəb üçün türbənin öpülməsi tövsiyə edilir, səcdə etmək yox!
Hansı qaydaya görə, öpməyi səcdə kimi qələmə verirsiz?! Hansı ayə və ya hədis, Peyğəmbər, ya da imamların türbələrinin öpülməsini qadağan edir və ya onların öpülməsi şirk əlaməti olaraq bildirilir?!
Əgər məntiqli bir cavabınız yoxdursa, xahiş edirəm, məclisin vaxtını almayın. «Ziyarətçilərin səcdə etdiklərini eşitdik» dediyiniz sözə gəlincə, bu söz tamamən yalandır; həm də ağ bir yalandır!
Eşitməklə görmək arasında böyük bir fərq vardır. Eşitmək, heç bir zaman görməklə bərabər ola bilməz. Allah-təala «Hücurat» surəsinin 6-cı ayəsində belə buyurmurmu?: «Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbərlə gəlirsə, onu ətraflı şəkildə araşdırın; yoxsa, nəticəsi cəhalətdir. Bir qövmə pislik edər, sonra da etdiklərinizdən peşman olarsınız».
Bu ayəyə görə insan, bir fasiq sözünə e᾽tibar etməməlidir. Çünki insan sonda peşman olar və utanar. İnsan araşdırmalıdır, həqiqəti tapmaq üçün səfərə çıxmaq əziyyətinə qatlanın; beləcə, həqiqətləri yaxından görüb, sonra hökm verin.
Mən özüm Bağdadda Əbu Hənifə və Şeyx Əbdülqadirin qəbirlərini ziyarət etdim. Əhli-sünnətin avam camaatının o qəbirlərin qarşısındakı davranış və hərəkətlərini, şiələrə etdiyiniz ittihamlardan daha şiddətli gördüm və bu haqda heç bir məclis və yığıncaqda söz açmadım.
Allah şahiddir ki, Əbu Hənifənin Müəzzəmdəki qəbrinə getdikdə, Hindistanlı əhli-sünnət qardaşlardan bir qrupunun, türbəni bir neçə dəfə yeri öpdüklərini və özlərini yerə atdıqlarını gördüm. Kin və düşmənçilik bəsləmədiyim və etdikləri işin haram bir əməl olduğuna dair hər hansı bir dəlil olmadığı üçün indiyə qədər heç yerdə nəql etmədim. Çünki onlar bu işi ibadət məqsədiylə deyil, sevgi və məhəbbətlərin bildirərək edirdilər.
Möhtərəm Şeyx, bilin ki, ziyarətə gedən heç bir şiə (istər alim olsun, istər cahil) Allahdan başqa heç bir varlığa səcdə etmir. Bu sözünüz tamamıyla iftira və yalandır!
Səcdə, əgər ‒ ibadət qəsti olmadan ‒ özünü yerə atmaq, üzünü və alnı yerə sürtmək şəklində olursa, bunun heç bir maneəsi yoxdur. Çünki şəxsiyyəti böyük olan bir insanı dahi tutmaq və ya ona hörmət göstərmək üçün ‒ Allaha şərik qoşmadan və onu Allah bilmədən ‒ onun qarşısında əyilmək, özünü yerə atmaq və ya üzünü toprağa sürtmək əsla şirk deyildir! Əksinə, sevgiliyə olan məhəbbətin şiddət və çoxluğu, üzü toprağa sürtmək və öpməyə səbəb olur».
Şeyx: «Özünü yerə ataraq alnı yerə qoymağı, səcdə kimi qəbul etməmək necə mümkün olar?».
Də᾽vətçi: «Təsdiq edərsiniz ki səcdə, niyyətə bağlıdır. Niyyət isə, qəlbə aid bir şeydir. Qəlb və niyyətləri ancaq Allah bilir. Bə᾽zən görürsünüz biri səcdə halında özünü yerə atmış ‒ əlbəttə, Allaha məxsus olan bu halda, Allahdan başqasına ‒ hətta niyyət etməsə də, - səcdə etməsi yaxşı deyildir ‒ amma qəlbindəki niyyəti kimsə bilmədiyi üçün, «səcdə edir» deyə bilmərik. Ancak səcdəyə aid məxsus zamanlarda, xarici görünüşü səcdə olduğu üçün ona səcdə deyirik.
HƏZRƏTİ YUSİFİN (Ə) QARDAŞLARININ ONA SƏCDƏ ETMƏLƏRİ VƏ ÖZLƏRİNİ YERƏ ATMALARI
Qətiyyətlə deyə bilərik ki, bir şəxsin şənini ucaltmaq və ehtiram göstərmək üçün ‒ səcdə etmək niyyətiylə olmasa ‒ insanın özünü yerə atması, küfr və şirk deyildir. Həzrəti Yusifin (ə) qardaşlarının onun qarşısında etdikləri səcdə, bu qismdəndir və orada olan iki peyğəmbər ‒ həzrəti Yaqub və həzrəti Yusif onların bu işinə mane olmadılar. Allah-təala «Yusif» surəsinin 100-cü ayəsində bu mövzu haqqında açıq-aydın belə buyurur: «Anasıyla atasını taxtda oturtdu və onlar [hamısı] buna (ne´mətə) görə [Allaha] səcdə etdilər. Dedi: «Atacan, bu daha əvvəlki yuxumun yozumudur. Doğrusu, Rəbbim onu gerçəkləşdirdi».
Görəsən, Qur᾽anın bir neçə yerində, mələklərin, həzrəti Adəmə (ə) səcdə etdiyi buyrulmurmu? Sizin söylədiyiniz kimi, (ibadət niyyəti olmadan) səcdə şəklində özünü toprağa atmaq şirk olursa, o zaman həzrət Yusifin qardaşları və müqqərrəb mələklərin hamısı müşrik, sadəcə səcdəni tərk edən lən᾽ətli İblismi müvəhhid olur?! Halbuki, onların hamısı müvəhhid idi və Allaha itaət edirdilər.
Xahiş edirəm, bundan sonra bəsit şeylərlə, əməvilərin, xəvariclərin, nasibilərin və təəssübkeşlərin uydurduqları hiyləli sözlərlə, belə əzəmətli, haqqın danışıldığı və həqiqətin axtırıldığı bir məclisin vaxtını almayın! Daha sonra özünüz də söylədiklərinizə peşman olacaqsınız. Eyni zamanda, öz əlinizlə şiələrə qarşı istiqamətləndirdiyiniz nöqsanların, eyiblərin və bəhanələrin belə, yersiz şeylər olduğunu özünüz də aşkar edirsiniz.
Hafiz ağanında cavabını vermək istəyirəm. Baxmayaraq ki, gec oldu, amma bəhsimiz çox uzun sürməyəcəkdir.
CİSİM FANİ OLDUQDAN SONRA RUHUN ƏBƏDİ QALMASI
Möhtərəm ağalar elm əhli olduğu üçün dərindən düşünərək danışmaları lazımdır. Həvayi-nəfslərinə qapılmamalı, keçmişdəkilərin sözlərini təkrar edib onların tə᾽sirində qalmamalıdırlar. Boş və mə᾽nasız sözləri danışmamaq, daha yaxşı olardı. Zənnə qapılaraq deyirsiniz ki, şiələr nə üçün ölülərin qəbirlərinin qarşısında duraraq, onlardan hacətlərini tələb edirlər?
Hafiz ağa, yoxsa sizdə maddəçisiniz? Çünki maddəçilər öldükdən sonra dirilməyə inanmırlar. Maddəçilər deyirlər ki, insan öldüsə, artıq hər şey bitir. Allah-təala da «Mö᾽minin» surəsinin 37-ci ayəsində maddəçilərin sözünü belə nəql edir: «Bizim bu dünya həyatımızdan qeyri bir şey yoxdur, [bə´zimiz] ölürük, [bə´zimiz isə] yaşayırıq və bir daha dirilməyəcəyik».
Çox yaxşı bilirsiniz ki, ilahi inanca sahib olanların sabit əqidələrindən biri, insanın öldükdən sonra da diriləcəyidir. İnsan öldükdən sonra cismi ünsürü artıq işə yaramır. Amma onun ruhu və nəfsi qalır. Maddi bədənlərə bənzəyən vücudları vardır, amma daha lətifdir. Ruh Bərzəx aləmində ya ne᾽mət, ya da əzab üçün sakin olur. Xüsusilə də, şəhidlər və Allah yolunda ölənlər, daha böyük bir məqama sahib olub, ilahi ne᾽mətlərlə müjdələnərək yaşayır və özlərinə verilən mükafatla şad olurlar. Allah-təala «Ali-imran» surəsinin 169 və 170-ci ayələrində aydın bir şəkildə buyurur: «Allah yolunda öldürülənləri ölü sanmayın. Xeyr, onlar diridir və Rəbbləri yanında onlara ruzi verilir. Allahın öz fəzlindan onlara verdikləriylə sevinc içindədirlər. Və onların ardınca [gəlib] hələ özlərinə qatılmamış [şəhadətə nail olmamış] qardaşlarının da heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər».
Görəsən, rizqlənmək, sevincli olmaq, Allahın fəzl və kərəmindən faydalanmaq, ölülər, yoxsa dirilər üçündür? Üstəlik, ayə açıq-aydın bildirir: «Onlar diridir və Rəbbləri yanında ruzi verilir ».
Allah yolunda öldürülənlər necə yaşıyırlar və necə rizqlənirlər? Demək ki, yemək üçün ağızları, eşitmək üçün də qulaqları olduğuna görə, cavab da verirlər. Amma cismani olan təbiət pərdəsi qulaqlarımızı bağladığı üçün biz onların səslərini eşidə bilmirik».
Dostları ilə paylaş: |