RUHUN ƏBƏDİLYİNƏ DAİR TƏNQİD VƏ ONUN CAVABI
Məclisin bir küncündə oturub sözlərimizi dinləyən və özünü də ziyalı zənn edən əhli-sünnət gənclərindən Davud Puri adlı bir nəfər, şübhə icad etmək üçün izn alaraq, belə bir sual verdi:
Davudpuri: «Cənab Şeyx, sözləriniz bu günki elmin kəşfləriylə uyğun gəlmir. Keçmişdə elm bu qədər inkişaf etmədiyi üçün insanlar cəhalət üzündən, ruh deyilən bir şeyə inanırdılar. Amma elm və texnikanın qızıl əsri olan bu günümüzdə, maddi elm ən yüksək zirvəyə yetişmişdir. Artıq bu kimi şeylərin fatihəsi oxunmuşdur. Xüsusilə də, elmin inkişaf etdiyi Avropada ingilis Darvin və alman Bachner kimi elm adamları belə köhnəlmiş, məxsusən ruhun varlığı, onun əbədiliyi kimi inancların batil olduğunu sübuta yetirmişlər».
Də᾽vətçi: «Əzizim, bu növ sözlər yeni deyildir və sizin tə᾽birinizə görə, qızıl əsrə də məxsus deyildir. Təxminən, 2400 ildir ki, maddəçilər bunun bayraqdarlığını edirlər.
MADDƏÇİLƏRİN MEYDANA GƏLMƏSİ VƏ ZİMKRATESİN HƏKİM SOKRATA QARŞI ÇIXMASI
Zimkrates və onun ardıcıllarının Sokrat, Əflatun, Aristotil və s. bu kimi yunan ilahiyyatçılarının qarşısında durduğu zamandan bəri, maddəçilik fikri də başlamışdır. Onlar elm, iradə, qüdrət və şüur sahibi olan Allahı inkar edir və belə deyirdilər: «Aləmdə beş duyğu orqanlarıyla hiss edilə bilən maddə və maddiyyatın xaricində heç bir şey yoxdur. Hər şey maddənin əsəridir».
Onlar bu adla «təbiətçi» və «maddəçi» adıyla məşhur oldular. Bu günki kommunistlər olanların davamçılarıdır. Elm, iradə, qüdrət və şüurlu bir yaradıcını inkar etməyi əsas görən bu fasid inanc, ilk olaraq o dar düşüncəli kommunist firqəsinin əliylə kütləvi şəkil aldı.
İlahiyyatçı alim və filosoflar hər dövürdə onlara elmi və məntiqli cavablar vermişlər. Amma Avropanın, adını çəkdiyiniz Darvinin Bachnerin e´tiqadlarından bəhs etdiyiniz üçün sizin kimi yenilikçi gənclərə nəsihətim var. O da budur ki: Elm, ağıl və məntiqdən uzaq olan, hər nəzərin, sözün tə᾽siri altına düşməyin. Əgər Darvinin (fəlsəfə haqqında təsəvürü olan) fəlsəfəsini oxuyub, sonra da onun nəzərini puç edən kitabları da oxusanız, daha ağıllı bir şəkildə hökm verə bilərsiniz. Çünki Avropalıların nüfuzu, elm və əməl baxımından siz gənclərin üzərində çox olduğu üçün, Darvin, Bacher və başqa şəxslərin kitabları əlinizə keçdikdə, onlar sizin gözünüzdə böyüyür və Avropalıların hamsının Darvinist olduğunu zənn edirsiniz. Bu kimi kitabları, bütün Avropalı filosofların inanclarının bir əsası olduğunu sanırsınız.
AVROPALI İLAHİYYATÇI ELM ADAMLARININ NƏZƏRLƏRİ
Sözügedən maddəçi Darvinin fəlsəfəsini oxuduğunuz zaman, ilahiyyatçı filosofların da kitablarını oxuyun. Məsələn, məşhur Fransız matimatiki Camil Flamoryon, illərlə «Nəfsitanıma» (Mərifətun-nəfs) mövzusu üzərində çalışmış, Allahın vəhdaniyyətinin isbatı, ruhun əzəməti və öldükdən sonra onun əbədi qalcağı haqqında bir çox kitab yazmışdır. «yaradılışda Allah», «Ölüm və Əsrarı» kimi bə᾽zi kitablar ona məxsusdur.
O, bu əsərlərində ölüm mövzusunu geniş şəkildə açıqlayaraq, belə deyir: «Həqiqətdə ölüm, fəna və yoxluq anlamında deyildir. Ölüm, bir aləmdən, bir başqa aləmə keçid deməkdir. Sadəcə olaraq, qəlib dəyişir. Maddi ünsürdən çıxıb, daha lətif bir şəklə düşməkdir. Çünki ruh (həyat mayası) heç bir zaman fəna olmaz və əbədi qalan bir varlıqdır.
Ruhun bədəndən ayrı, başqa bir şey olduğu mövzusu, illər boyu aparılan uzun araşdırmaların qəti nəticəsidir. Ruhun mənəvi azadlığı vardır. Bədən çürüdükdən sonra ruh yenə də eləcə qalır».
Avropalılar Darvin, Bachner kimi maddiçilərlə deyil, Bruksen (Fransız filosofu), Viqtor Hüqo (Fransız şairi), Nermal (Alman tədqiqatçısı) və Descart (Fransız filosofu) kimi tədqiqatçı və filosoflarla – hamsının nəzərlərini hətta adlarını saymaq üçün məclisin vaxtı imkan vermədiyindən deyə bilmirəm ‒ iftixar edirlər.
Qərbin tə᾽sirində qalmış və onların ideyalarına yönələn gənclər, təkcə Darvinin, Bacherin kitablarını oxumasınlar. Başqa Avropalı mütəfəkir və filosofların da kitablarına nəzər yetirsinlər. Gənclər, hər iki qrupun (ilahiyyatçı və maddiyyatçı) nəzərlərini və onlara qarşı irəli sürülən nəzərləri də yaxşı oxuduqdan sonra ən gözəl və ən məntiqlisini seçməlidirlər.
Əgər məsələyə insafla baxılsa, elmi, əqli və məntiqi yolda ilahiyyatçıların və maddəçilərin nəzərləri araşdırılarsa, əmin ola bilərsiz ki, yalnız bu nəticə əldə olunacaq: İnsanın bədəni, xilqət aləminin yaradılmış ünsürlərindən olduğu üçün fani və yox olub gedir. Amma ruh başqa bir aləmə aid olduğu üçün yaşıyır və heç bir zaman ölmür. Səmavi kitablar və Rəhmani tə᾽limlər hökmünə görə, xüsusən şəhidlər, tövhid və haqq yolunda ölənlər, ruhani həyatla bərabər, cismani şəkildə yaşamaq, eşitmə və görmə imkanına sahibdirlər. Çünki Seyyidüş-Şühəda imam Hüseynin (ə) ziyarətnaməsində belə bir cümlə yer almışdır: «Mən şəhadət edirəm ki, şübhəsiz sən, sözlərimi eşidir və cavabımı verirsən».
«Nəhcül-bəlağə»nin 83-cü xütbəsini oxumadınızmı? Orada həzrət Əli (ə) Rəsulallahın (s) pak itrətini (Əhli-beytini) ümmətə tanıdarkən, belə buyurur: «Ey insanlar! Xatəmul-ənbiyanın (s) bu sözünü unutmayın (yə᾽ni Rəsulallah belə buyururdu): «Bizdən biri ölürsə, o həqiqətdə ölü deyildir. Bizdən kim zahirdə çürüyərsə, həqiqətdə o çürüməmişdir».
Həzrət Rəsulallah (s) həqiqətdə belə demək istəyir: «Biz, nur və ruhlar aləmində davamlı yaşıyır və əbədiyik». İbni Əbil-Hədid, Meysəmi və Misirli məşhur müftü Şeyx Məhəmməd Əbdoh «Nəhcül-bəlağə»nin bu cümləsinin təfsirində belə deyirlər: «Peyğəmbəri (s)n Əhli-beyti, başqa insanlar kimi həqiqətdə ölü deyillər».
Əgər biz zahirdə Rəsulallahın (s) mə᾽sum Əhli-beytinin qəbirlərinin önündə dururuqsa, bu heç də ölülərin qəbirlərilə danışırıq demək deyildir. Əksinə, yaşayanların və canlıların önündə durub, onlarla danışırıq. Biz ölüyə tapınmırıq. Biz Allaha tapınırıq, Allah onların cisim və ruhlarını yaşatmaqdadır.
Görəsən, Əmirəl-mö᾽minin həzrət Əli (ə) və Seyyidüş-Şühəda həzrət Hüseyn (ə) və Bədir, Ühüd, Hüseyn və Kərbəlada şəhid olanlar, din yolunda, haq yolunda can vermədilərmi? Qureyş, Bəni-Üməyyə, Yezid və yezidilərin (dinin həqiqətlərini inkar edib, dini əsərləri yox etmək istəyirdilər) zülmlərinə qarşı qiyam edib, canlarını müqəddəs İslam dini və «La ilahə İllallah» kəlməsi üçün fəda etmədilərmi?!
Necə ki, Rəsulallahın (s) səhabəsinin cihadları, Bədir, Ühüd və Hüneyn şəhidlərinin fədakarlıqları küfr və şirkin kökünü qazımış və tövhid kəlməsini ucaltmışlarsa, eyni şəkildə, imam Hüseyn (ə) da İslamın güclənməsi üçün qiyam etmişdir. Əgər imam Hüseynin (ə) qiyamı olmasaydı, Yezid İslamın kökünü qazıb, fasiq inanc və batini küfrünü İslam cəmiyyətinə yerləşdirmək qərarında idi.
Dostları ilə paylaş: |