KAŞ valideynləRİm biLƏYDİ! (Valideynlər üçün)



Yüklə 2,16 Mb.
səhifə22/39
tarix22.04.2017
ölçüsü2,16 Mb.
#15238
1   ...   18   19   20   21   22   23   24   25   ...   39

Bə`zi valideynlər öz tədbirləri ilə paxıllıq hissini azaltmaq istədikləri halda, onu daha da gücləndirirlər. Həmkarlarımdan biri bir şəxsə məsləhət görmüşdü ki, qızlarına həmişə eyni cür hədiyyə alsın. Həmin şəxs də bu məsələyə ciddi riayət etmişdi. Amma onun bu hərəkəti qızların bir-birinə olan həssaslığını, rəqabət hissini daha da gücləndirmişdi. Onlar valideynin münasibətində daim fərq axtarmağa başlamışdılar.

Amma mən övladlarımın hər biri ilə özünəməxsus rəftar edir və onlara fərqli hədiyyələr verirəm. Əgər onlardan birinin o birinə verilmiş hədiyyədən xoşu gəlirsə, başa salıram ki, həyat həmişə xoşagələn deyil və xoşagəlməz şeyləri də qəbul etməyə məcburuq. İnsanların, talelərin, münasibətlərin fərqli olduğunu dərk edən uşaq daha az paxıllıq edir.


Sual: Bəs əkizlərlə necə rəftar edilməlidir?

Cavab: Adətən əkizlər digər uşaqlardan fərqlənmirlər. Bə`zən onlarla yola getmək daha asan olur. Çünki əkizlər arasında ədaləti bərpa etmək bir o qədər də çətin deyil.

Onların hər biri ilə özünəməxsus rəftar etmək lazımdır. Başqaları onları bir-biri ilə səhv salsalar da, şübhəsiz ki, siz bu uşaqların fərqli xüsusiyyətlərini görürsüznüz. Ona görə də onların paxıllıq hissini qızışdırmamaq üçün hər birinə özünəməxsus münasibət göstərin.

Başqa uşaqlara nisbətən əkizlər aralarındakı fərqə daha çox diqqət göstərirlər. Məsələn, aralarındakı yaş fərqi bir neçə dəqiqə olduğu halda, onlar kimin yaşca böyük olduğuna ciddi yanaşırlar.

Unutmayın ki, fərqli rəftar uşaqlara anladır ki, bu fərq hər bir uşağın necəliyindən asılıdır.


Sual: Tək övladı olanların xüsusi problemləri varmı?

Cavab: Ailənin yeganə övladı olan uşaq öz yaşıdları ilə asanlıqla əlaqə qura bilmir. Onlar daim valideynin diqqət mərkəzində olduqlarından hər vaxt və hər yerdə diqqət gözləyirlər. Əlbəttə ki, istisnalar da var. Övladınıza başqa uşaqlarla oynamağa icazə verin. Xüsusi ilə, onun kollektiv oyunlara qatılmasına şərait yaradın. Maraqlıdır ki, tək uşaqlar daim bacı-qardaş arzusunda olurlar. Bu müşahidələrdən aydın olur ki, uşaqdakı paxıllıq fitri yox, sonradan qazanılmadır.


Sual: Böyük övladın kiçik övladlardan fərqi nədir?

Cavab: Böyük övlad, sözsüz ki, o biri övladlardan fərqlənir. Axı o ömrünün ən azı bir hissəsini evin yeganə övladı olub. Adətən, birinci övlada daha çox diqqət göstərilir. Uşağın tərbiyəsində valideynin yaşı da mühüm rol oynayır. Valideynin təcrübəsiz dövrünə düşmüş birinci övlad daha çox nigarançılıqlarla qarşılaşmışdır.

Çoxsaylı müşahidələrdən mə`lum olur ki, birinci uşaq öz problemlərini daha asanlıqla həll edir. Əlbəttə ki, bu baxışda da istisnalar var.


Sual: Ortancıl övladın özünəməxsus problemləri varmı?

Cavab: Bə`zi həkimlər ortancıl övladı fiziki cəhətdən problemli hesab etsələr də, mən bu baxışla razı deyiləm. Məncə, müxtəlif ailələrə məxsus ortancıl övladlar arasında elə bir oxşar cəhət yoxdur. Amma hər bir ortancıl övlad nə vaxtsa evin yeganəsi olmuş böyük övladla hamının diqqət mərkəzində olan sonbeşik arasında qalmışdır. O, valideyn məhəbbətini bu körpə ilə bölməyə məcburdur. Amma böyük övlada valideynin münasibəti ortancıl övlada yol seçmək üçün köməkdir.

Əksər ortancıl övladlar ailədə öz yerini tapmaqda çətinlik çəkir. Müşahidələrimdən belə bir qənaətə gəlmişəm ki, ortancıl övladlarda özününümayiş hissi güclü olur. Onlar təlxəklik yolu ilə də olsa diqqəti cəlb etməyə çalışırlar. Bu uşaqlar öz zarafatçılıqları ilə ətrafdakıları maraqlandıra bilirlər.


Sual: Uzun müddət fasilədən sonra doğulan növbəti uşaqlar o birilərindən fərqlənirlərmi?

Cavab: Belə uşaqlar sanki gözlənilmədən doğulduqları üçün çox isti münasibətlə qarşılanırlar. O biri övladlar bu körpəyə qarşı çox mehriban olur. Hamı onunla oynamaq istəyir, onu sevindirməyə çalışır. Adətən, bu körpəni evdəki böyük övladlar saxlayır.

Əksər valideynlər belə uşaqları daha çox sevir, sanki onların həmişə uşaq qalmasını istəyirlər. Hər bir övladı sevmək zəruri olsa da, bu işdə ifrata varmaq problemlər yaradır.

Bilməlisiniz ki, yetkin övladlara ananın hamiləliyi mənfi tə`sir göstərir. Hətta onlar bu məsələyə ciddi yanaşmadıqları halda da tay-tuşları hamilə anaya işarə ilə onları məsxərəyə qoyurlar.


Sual: Övladlığa götürdüyüm uşaqla doğma övladım arasında fərq qoymalıyammı?

Cavab: Övladlığa götürdüyünüz uşağa eynən doğma övladınız kimi yanaşmalısınız. Ona uyğunlaşmaq çətinlik törətsə də, bilməlisiniz ki, götürülmüş uşaqla doğma uşaq arasında elə bir fərq yoxdur. Bu iki uşaq güzgü qabağında dayanıb, kimin ata-anaya daha çox oxşadığını bilmək istəyirsə narahat olmayın. Bə`zən doğma övlad da götürülmə olduğunu zənn edir. Bir çox uşaqlar belə düşüncələrdən iztirab çəkir. Demək, bu iki körpəni bir-birindən fərqləndirəcək ciddi bir amil yoxdur.


Sual: Övladlığa uşaq götürdükdən sonra da uşağım olarsa, çətinlik yaranmazmı?

Cavab: Bə`zilərinin fikrincə, övladlığa götürülmüş uşağa deyilməlidir ki, əsil valideynləri onu saxlamağa qadir olmayıblar. Guya həmin uşaq bilməlidir ki, hazırda ata-ana dediyi insanlar övlad həsrəti çəkdiklərindən onu övladlığa götürmüşlər. Mən bu fikirlə razılaşmıram. Çünki öz uşağınız olduqdan sonra götürülmüş uşaq qorxuya düşər ki, daha onu sevməyəcəksiniz.

Zənnimcə uşaq həqiqi övlad olmadığını bilməsə daha yaxşıdır. Gələcəkdə xoşagəlməz halların qarşısını almaq üçün uşaqda belə bir fikir formalaşdırın ki, sizin üçün bütün uşaqlar eynidir və siz onları böyük məhəbbətlə sevirsiniz.


Sual: Öz övladlarım olduğu halda övladlığa uşaq götürə bilərəmmi?

Cavab: Övladlığa qəbul olunmuş uşaq o biri uşaqların doğma olduğunu bilərsə, narahat olar. Bu narahatlığı aradan qaldırmaq üçün ona xüsusi məhəbbət göstərməlisiniz. Əgər siz həm öz övladlarınız, həm də götürülmüş övladla onların ləyaqətinə uyğun rəftar etsəniz, götürülmüş körpə başa düşər ki, sizin üçün onların ögey-doğmalığı yox, ləyaqəti əsasdır. Əgər öz məhəbbətinizi bərabər paylaya bilsəniz, qismən də olsa, paxıllıq hissinin qarşısını alarsınız.


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin