2) XIX əsr-XX əsrin əvvəllərində elmin inkişafı. XIX əsrin böyük mütəfəkkiri A.Bakıxanov Azərbaycan tarixini ilkin mənbələr əsasında bütöv şəkildə araşdıran ilk görkəmli tədqiqatçıdır. Onun “Gülüstani-İrəm” (1841) əsərində qədim zamanlardan 1813-cü il Gülüstan sülhünə qədər Vətənimizin tarixi ardıcıl şəkildə əks olunmuşdur. XIX əsrin I yarısında coğrafiya sahəsində yeni əsərlər yaradılmışdır. Bu dövrün ən məşhur coğrafiyaçı alimi, coğrafiyaşünas-səyyah Hacı Zeynalabdin Şirvani olmuşdur. Onun “Səyahətbağı” və digər əsərlərində Yaxın və Orta Şərq, Hindistan, Şimali Afrikanın coğrafiyası, etnoqrafiyası, tarixi, sosial-mədəni həyatı haqqında öz həmvətənlərinə qiymətli məlumatlar çatdırılmışdır. A.Bakıxanov bu sahədə də öz sözünü demişdir. O, “Ümumi coğrafiya” və yarımçıq qalan “Kəşfül-Qəraib” əsərlərinin müəllifidir. XIX əsrdə ayrı-ayrı xanlıqların tarixinə həsr edilmiş əsərlər içərisində Mirzə Adıgözəl bəyin“Qarabağnamə”, Mirzə Camal Cavanşirin“Qarabağ tarixi”, Kərim Ağa Fatehin“Şəki xanlarının müxtəsər tarixi”, İsgəndər bəy Hacınskinin“Qubalı Fətəli xanın həyatı” əsərləri böyük əhəmiyyətə malik idi. Rusiyada şərqşünaslıq elminin yaradılması və inkişafında Azərbaycan alimləri Mirzə Cəfər Topçubaşov (1790-1869) və Mirzə Kazımbəy (1802-1870) böyük rol oynamışlar. 1853-cü ildə Peterburq Universitetində Şərq dilləri fakültəsinin açılmasına nail olmuş və onun ilk dekanı seçilən M.Kazımbəy “Türk-tatar dilinin qrammatikası”, “Dərbəndnamə” əsərlərinə görə Demidov mükafatı almışdı. XIX əsrin sonu-XXəsrin əvvəllərində kimyaçı alimMöhsün bəy Xanlarov (1857-1921) Almaniyada Strasburq Universitetində ali təhsil almış, orada elmi araşdırmalar aparmış və kimya doktoru alimlik dərəcəsi almışdı. O, ölkəmizdə neft kimyası üzrə ilk elmi laboratoriya yaratmış və tədqiqatlar aparmışdı. XX əsrin əvvəllərində İbrahim ağa Vəkilov, Qafur Rəşad Mirzəzadə coğrafiya aid əsərləri, Firudin bəy KöçərliAzərbaycan ədəbiyyatı tarixinin elmi əsaslarla öyrənilməsinin başlanğıcını qoydu. Rəşid bəy İsmayılov və Şeyx Həsən Mollazadə Qafqaz və Azərbaycan tarixi üzrə əsərlər yaratdılar. Mirzə Şəfi Vazehin (1794-1852) və İvan Qriqoryevin XIX əsrdə tərtib etdiyi “Kitabi-türki (Türk dili kitabı)” dərsliyi Azərbaycan dilində ilk dərs vəsaiti (Müntəxabat) sayılır. XIX əsrin sonu-XX əsrin əvvələrində Müxtəlif elm sahələri üzrə əsərlər bunlardır: 1) Möhsün bəy Xanlarov - kimya sahəsində, 2) Qafur Rəşad Mirzəzadə - İlk coğrafiya dərsliklərinin "Qafqaz coğrafiyası" (1910) və b. əsərlərin müəllifi kimi, 3) Firudin bəy Köçərli- Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsinin əsasını qoyan “Azərbaycan türklərinin ədəbiyyatı” adlı 3 cildlik əsəri, 4) Rəşid bəy İsmayıl - Müxtəsər qafqaz tarixi (1904), 5) Hacı Şeyx Həsən Mollazadə Gəncəvi- "Zübtətüt-Təvarix" (1905-1913).1906-cı il 15-30 avqust Bakıda I Müəllimlər qurultayının əsas təşəbbüskarları Həsən bəy Zərdabi və Nəriman Nərimanov idi. Qurultayın ilk günündə Həsən bəy sədr, Nərimanov ona müavin, Əhmədbəy Ağayev isə katib seçilir. Tədbirdə o vaxtın və gələcəyin bir çox məşhur pedaqoqları (Süleyman Sani Axundov, Firudin bəy Köçərli, Zəkəriyyə Aslanbəyov, Mahmudbəy Mahmudbəyov, Abdulla Şaiq və başqaları) yaxından iştirak edirdilər.