Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021


) Şimali Azərbaycan Rusiyada Fevral inqilabı və inqilabdan sonrakı dövrdə: 1917-ci il 27 fevral



Yüklə 315,92 Kb.
səhifə74/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   70   71   72   73   74   75   76   77   ...   90
60 saatlıq mühazirələr 2021-2022

16) Şimali Azərbaycan Rusiyada Fevral inqilabı və inqilabdan sonrakı dövrdə: 1917-ci il 27 fevral Rusiya imperiyasının paytaxtı Petroqradda qələbə ilə başa çatan inqilab nəticəsində çar II Nikolayın hakimiyyətinə son qoyuldu. Petroqradda inqilabın qələbəsi xəbəri Bakıya martın 2-də çatdı. Martın 3-də Bakı fəhlələri birgünlük tətil keçirməklə Petroqrad inqilabçıları ilə həmrəy olduqlarını bildirdilər.  Martın 4-də Bakı şəhər Dumasının təşəbbüsü ilə İctimai Təşkilatların İcraiyyə Komitəsi (İTİK) yaradıldı. Komitə, əslində, Müvəqqəti hökumətin Bakıda yerli nümayəndəliyinə çevrildi. Tərkibinə şəhərdəki bütün siyasi qüvvələrin təmsilçilərinin daxil edilməsi onun fəaliyyətinə, yekdil qərarın qəbul edilməsinə ciddi çətinliklər yaradırdı. Şəhər əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət olmasına baxmayaraq, komitəyə qeyri-azərbaycanlılar rəhbərlik edirdilər. İcraiyyə Komitəsinə azərbaycanlı əhalinin təmsilçilərindən M.H.Hacınski və M.Ə.Rəsulzadə də daxil oldular. İcraiyyə Komitəsi Bakı sənaye rayonunda 8 saatlıq iş günü, sahibkarlar və fəhlələr arasında barışıq komissiyalarının yaradılması haqqında qərarlar qəbul etdi. 1917-ci il  Fevral-burjua inqilabından sonra martın 9‐da Müvəqqəti hökumətin təşəbbüsü ilə IV Dövlət Dumasının Zaqafqaziyadan olan deputatlardan ibarət Xüsusi Zaqafqaziya Komitəsi yaradıldı. Onun tərkibinə Məmməd Yusif Cəfərov (1885-1938) da daxil oldu. Ona bu yeni yaradılmış komitədə sənaye və ticarət işlərinə rəhbərlik etmək tapşırıldı. Martın əvvəllərində yenidən fəaliyyətini bərpa etmiş Bakı Fəhlə Deputatları Sovetinin ilk iclası keçirildi. Burada Azərbaycanın milli siyasi qüvvələri təmsil olunmamışdı. Bolşeviklərdən fərqli olaraq, menşeviklər Müvəqqəti hökumətin müharibənin davam etdirilməsi ilə bağlı qərarını dəstəkləyirdilər. Bolşeviklər isə hakimiyyətin dərhal sovetlərə keçməsini tələb edirdilər. Bakıda fəaliyyət göstərən bütün sosialist partiyaları – menşeviklər, bolşeviklər və eserlər azərbaycanlıların siyasi və ictimai təşkilatlarını siyasi proseslərdən təcrid etməyə çalışırdılar. Bu partiyalar müsəlmanların yerli özünüidarə orqanlarında əhalinin sayına mütənasib qaydada iştirakının əleyhinə idilər. Bakı Ərzaq Komitəsinə keçirilən seçkilərdə Azərbaycanın milli siyasi qüvvələrinin qazandığı qələbələr sosialistləri ciddi narahat etməyə başlamışdı. İnqilabdan sonra Rusiyanın bir çox şəhərlərində olduğu kimi, Bakı və Yelizavetpolda da yerli hakimiyyət orqanları ilə yanaşı, ictimai təşkilatları və siyasi partiyaları özündə birləşdirən milli şuralar və komitələr yaranmağa başlamışdı. Martın 27-də Bakıda Azərbaycanın İctimai Təşkilatları Şurasının toplantısında M.H.Hacınskinin sədrliyi ilə Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti İcraiyyə Komitəsinin (MİTMİK) Milli Bürosu yaradıldı. Şuranın “Müsəlmanlara” adlı müraciətində Fevral inqilabı və Müvəqqəti hökumət alqışlanır, hamının onun müdafiəsində durmasının vacibliyi qeyd olunurdu. Şuranın və komitənin işində açıq fəaliyyətə keçən “Müsavat” partiyasının üzvləri fəal iştirak edirdilər. Partiyanın “Açıq söz” qəzeti şuranın rəsmi nəşr orqanına çevrildi. 1917-ci il martın sonlarında Yelizavetpolda Nəsib bəy Yusifbəylinin başçılığı ilə “Türk Ədəmi-mərkəziyyət” partiyası yaradıldı. Əvvəllər fəaliyyət göstərmiş “Qeyrət” partiyasının siyasi proqramından çıxış edən bu partiya demokratik Rusiya hüdudlarında federativ respublikanın yaradılması ideyasını müdafiə edirdi. Partiyanın təşkil etdiyi mitinqlərdə “Yaşasın Azərbaycanın muxtariyyəti!” şüarı irəli sürülürdü. Bununla da, “Azərbaycan” məfhumu tədricən siyasi məna kəsb etməyə başladı. 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında M.Ə.Rəsulzadə çağırılacaq Ümumrusiya Müəssislər Məclisində Rusiya müsəlmanlarına ərazi muxtariyyəti verilməsini tələb olaraq irəli sürdü: “Federativ əsaslarla demokratik respublika Rusiya dövlət quruluşunun müsəlman xalqlarının mənafeyini ən yaxşı təmin edən forma kimi tanınsın”. Milli hərəkatın digər görkəmli xadimi Ə.M.Topçubaşov Qafqaz müsəlmanlarına müraciət edərək onları Müəssislər Məclisinə seçkilərə birlikdə hazırlaşmağa çağırdı. 1917-ci il mayında  Rusiya müsəlmanlarının Moskva qurultayında Azərbaycanın təmsilçilərinin israrları nəticəsində “Müsəlman millətlərin mənfəətlərini saxlamaq üçün ən uyğun idarə üsulu milli mədəni muxtariyyəti verən xalq cümhuriyyətidir” müddəasının əks olunduğu qətnamə qəbul edildi. 1917-ci ilin iyununda eyni proqramla çıxış edən “Müsavat” və “Türk Ədəmi-mərkəziyyət” partiyalarının birləşmələri nəticəsində meydana çıxmış “Türk Ədəmi-mərkəziyyət Müsavat Partiyası” Azərbaycanın siyasi həyatında aparıcı milli siyasi qüvvəyə çevrildi. Türkçülük mövqeyindən çıxış edən bu partiyadan fərqli olaraq hələ 1905-ci ildə azərbaycanlı ziyalıların da fəal iştirakı ilə yaradılmış Rusiyada Müsəlmanlıq (İttihad) Partiyası müsəlman xalqlarının dini zəmində birliyinin yaradılmasını tələb edirdi. 1917-ci ilin iyulunda MİTMİK-in tərkibi yeniləndi və Əlimərdan bəy Topçubaşov onun sədri seçildi. Komitənin keçirdiyi çoxsaylı mitinqlərdə hakimiyyətin bütün orqanlarında müsəlmanların geniş təmsil olunmalarının vacibliyi qeyd edilirdi. 1917-ci ilin yayı və payızında Rusiyada inqilabi çıxışların genişlənməsi Cənubi Qafqazın və Şimali Azərbaycanın daxili siyasi vəziyyətinə ciddi təsir göstərdi. Avqustun sonlarında rus qoşunlarının Ali baş komandanı general Kornilovun zəiflikdə ittiham etdiyi hökumətə qarşı qaldırdığı hərbi qiyam Şimali Azərbaycanın bütün siyasi qüvvələri tərəfindən pisləndi. MİTMİK Müvəqqəti hökumətin müdafiə olunması haqqında qərar qəbul etdi. Bakının müsəlman əhalisinin “Təzəpir” məscidində və Suraxanıda keçirdiyi mitinqlərdə qiyamda iştirak etmiş “Vəhşi diviziya”nın mövqeyi etirazla qarşılandı. Oktyabrın 22-də Bakı Sovetinə keçirilən seçkilərdə “Müsavat” partiyası bolşeviklərin bütün cəhdlərinə baxmayaraq, ən çox səs toplayan partiya oldu. Bakı və Yelizavetpol quberniyalarında partiyanın fəalları bir çox məsul vəzifələrə təyin edildilər. “Müsavat”ın oktyabrın 25–31-də keçirilən I Qurultayında qəbul olunmuş yeni proqramda Rusiyanın demokratik federativ respublika prinsipi əsasında qurulması, muxtar əyalətlərdə yerli əhalinin ana dilinin rəsmi dil elan olunması, torpaqların əvəzsiz şəkildə kəndlilərin xüsusi mülkiyyətinə verilməsi, fəhlələrin 8 saatlıq iş gününün təmin edilməsi və digər mütərəqqi müddəalar əks olunmuşdu.

Şimali Azərbaycanın milli təşkilatları Müvəqqəti hökumətin fəaliyyətindən də xeyli narazı olduqları üçün bolşeviklərin oktyabrın 25-də Petroqradda hakimiyyəti ələ keçirmələrini ümumən rəğbətlə qarşıladı. Digər tərəfdən, sovet hökumətinin ölkənin müharibədən çıxmasına və kəndlilərə torpaq veriləcəyinə dair qərarları Şimali Azərbaycanda yeni hakimiyyətə müsbət münasibətin formalaşmasına təsir göstərdi. Lakin oktyabrın 27-də keçirilən Bakı Sovetinin fövqəladə iclasında eser, menşevik və daşnaklar Petroqradda baş vermiş bolşevik çevrilişinin əleyhinə qətnamə qəbul etdilər. Həmin iclasda bolşeviklərin müqavimətinə baxmayaraq, Bakıda ali dövlət hakimiyyəti orqanı qismində İctimai Təhlükəsizlik Komitəsinin yaradılması qərara alındı. Bolşeviklər buna etiraz olaraq sovetlərin hakimiyyətinin gücləndirilməsini tələb edirdilər. Onlar Bakı Sovetinin oktyabrın 31-də keçirilən geniş tərkibli iclasında Təhlükəsizlik Komitəsinin ləğv edilməsinə nail oldular. Noyabrın 2-də Bakı Sovetinin iclasında şəhərdə ali hakimiyyət orqanı kimi bolşeviklər Bakı Sovetini elan etsələr də, İTİK-in və Şəhər Dumasının mövcudluğu onun təkhakimiyyətliliyinə mane olurdu. Noyabrın 22-də İTİK-in ləğvindən sonra Bakı Sovetinin yeganə rəqibi Şəhər Duması idi. Dekabrın 12–13-də bolşeviklər hazırladıqları yeni seçki qaydası əsasında Bakı Sovetinə keçirilən seçkilərdə qalib gəldilər. Bakı bolşeviklərinin hakimiyyəti Bakı qarnizonunun hərbi qüvvələrinə arxalanırdı. Sovet Rusiyası Bakıda hakimiyyəti gücləndirməklə yanaşı, həm də bütün Cənubi Qafqazı nəzarət altına almağa çalışırdı. Bu məqsədlə Lenin dekabrın 18-də erməni bolşeviklərindən S.Şaumyanı bölgəyə Sovet Rusiyasının fövqəladə komissarı təyin etdi.



Oktyabr çevrilişi nəticəsində Xüsusi Cənubi Qafqaz Komitəsi fəaliyyətini dayandırdı. Cənubi Qafqazın siyasi qüvvələri 1917-ci il 11 noyabrda Cənubi Qafqaz Komissarlığı (15noyabr-1917-yanvar 1918) adlanan yeni bir hökumət yaratdılar. Azərbaycanlı, gürcü və erməni siyasi xadimlər bu hökumətdə təmsil olundular. 1917-ci il 2 dekabrda Sovet Rusiyası ilə Mərkəz dövlətləri (Almaniya, Avstriya-Macarıstan, Osmanlı və Bolqarıstan) arasında barışıq imzalandı. Bu saziş Rusiyanın bütün cəbhələrinə aid edilsə də, Osmanlı dövləti Sovet hakimiyyətini tanımayan Komissarlıqla ayrıca barışıq imzalamaq qərarına gəldi. Bu müqavilə dekabrın 5-də Ərzincanda imzalandı. Barışıq sazişinin bağlanması ilə Qafqaz cəbhəsində olan rus qoşunlan bölgədən çəkilməli idi. Rus qoşunlarının tərkibində Osmanlı dövlətinə qarşı döyüşmüş çoxlu sayda erməni və gürcü hərbi dəstələri də var idi. Belə dəstələrdən birinə türk - müsəlman əhalisinə qarşı törətdiyi vəhşiliklərə görə ad çıxarmış qaniçən erməni qulduru Andronik başçılıq edirdi. Tiflis-Bakı dəmir yolu ilə cəbhədən qayıdan rus qoşunları öz silah - sursatlarını erməni və gürcülərə dərhal təhvil verir, Bakı bolşeviklərini silahlandırırdı. Bir çox rus əsgər və zabitləri, hətta vətəni Rusiyaya geri dönməyib, Bakı Sovetində hərbi qulluğa girirdilər. Cənubi Qafqazda silahsız və əliyalın vəziyyətdə qalan yalnız azərbaycanlılar idi. Bunun nəticəsidir ki, cəbhədən dönən başıpozuq rus hərbi dəstələri, xristianlar yaşayan bir dənə də yaşayış məntəqəsinə toxunmadıqları halda, 200 müsəlman - türk kəndini tamamilə dağıtmış və əhalisini soyub talamışdılar. 1918-ci il yanvarda Rus qoşunlarının silahlarının Bakı bolşeviklərinin əlinə düşməsindən ehtiyatlanan Zaqafqaziya Komissarlığı onların Azərbaycanın Şəmkir stansiyasında tərkisilah edilməsi, silahların isə Azərbaycanlılara təhvil verilməsi haqqında qərar qəbul etmişdi. Komissarlığın tərk-silah üçün göndərdiyi qüvvələrlə silahını vermək istəməyən rus əsgərləri arasında Şəmkir stansiyasında silahlı toqquşma oldu. Şəmkir stansiyası ətrafına silahları təhvil almaq istəyən 10 minə yaxın azərbaycanlı toplaşmışdı və təbii ki, onlar da bu toqquşmada iştirak etmişdilər. Azərbaycan türkləri həmin silahların bütün Azərbaycanı ələ keçirməyi planlaşdıran Bakı Sovetinin və bolşeviklərin əlinə düşəcəyindən haqlı olaraq həyəcan keçirirdilər. Azərbaycanlıları gözdən salmaq və onlara qarşı törətdiyi milli qırğınlara haqq qazandırmaq istəyən S.Şaumyan Şəmkir hadisələrində bir neçə min rus əsgərinin öldüyünü və yaralandığını qəsdən ictimai rəyə sırımağa çalışsa da, əslində bu zaman 58 nəfər ölmüş, 212 nəfər isə yaralanmışdı.

Bolşeviklər Rusiya Müəssisələr Məclisini qovduqdan sonra Zaqafqaziya Komissarlığı Cənubi Qafqazda Ali Qanunverici orqanın yaradılması üçün addımlar atmağa başladı. 1918-ci il 10 fevralda qanunverici orqan olan Zaqafqaziya Seymi açıldı. Azərbaycanın siyasi partiyaları Seymdə 44 yer əldə etmişdilər. Həmin yerlərin çoxu seçkilərdə Cənubi Qafqaz müsəlmanlarının 63%-nin səsini qazanmış "Müsavat" partiyasına məxsus idi. Beləliklə, Seymdə ən çoxsaylı fraksiya kimi müsəlman partiyaları bloku çıxış edirdi. Seym fəaliyyətə başlayan kimi Zaqafqaziya Komissarlığı özünü buraxılmış elan etdi.



Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin