10. Təmsil və şeirlərin oxusu Təmsilin oxusu. Təmsil yığcamlıq, fabuanın dinamikiliyi, hadisənin dramatikliyi, əxlaqi nəticənin ironik şəkildə verilməsilə seçilir. Təmsilin dili sadə, zəngin və rəngarəng olur. Təmsilin oxunması prosesində bütün bu cəhətlər nəzərə alınır. Onun oxunması kiçik bir pyesi xatırladır.
Uşaqları maraqlandıran janrlardan biri də təmsildir. Təmsilin əsasında alleqoriya durur və hadisələr yığcam, fabula dinamik, əxlaqi nəticə ironik şəkildə verilir. Təmsil yazanlar heyvan, quş, həşərat, bitki və ya əşyaların obrazlarında insanların tipik xasiyyətlərinə gülür, öyüdnəsihət verirlər.Bütün bunlar müəllimdən aktyorluq məharəti tələb edir.
Oxu zamanı təmsilin dili üzərində iş aparmaq lazımdır. Məsələn, A.Səhhətin “Ayı və şir” təmsilində tülkünün hiyləgərliyindən söz açılır.
Əlbir olub bir ayı bir şir ilə,
Ovladılar dovşanı tədbir ilə.
Olmadılar razı onu bölməyə,
Çıxdı iş axır ölüb öldürməyə,
Çeynədilər, dişlədilər, diddilər,
Bir-birini al qana qərq etdilər.
Özlərini taqətdən saldılar,
Hər biri bir səmtə düşüb qaldılar.
Tülkü uzaqdan görüb bu haləti,
Bildi ki, yox heç birinin taqəti.
Gəldi götürdü ovu, etdi fərar,
Həsrət ilə baxdı dalınca onlar.
Şagirdlər tülkünün nə qədər hiyləgər olduğunu yəqin edirlər. Məlumdur ki, ayının və şirin taqəti olsaydı tülkü qorxudan o ətrafa getməzdi. Əks təqdirdə tülkü ayı və şirin əlinə keçsə idi onu parçalayardılar. Lakin ayı və şirin taqətdən düşdüyünü görən tülkü ovu götürüb qaçır.
Alleqoriya və təmsillər janr, məzmun və ideya baxımından tərbiyəvi məqsəd daşıyır. Buna görə də I-IV siniflərdə alleqorik əsərlərin və təmsillərin paralel öyrədilməsi məqsədə müvafiq sayılır.
Təmsillərin oxu xüsusiyyətlərinə və intonasiyaya düzgün əməl olunması şagirdlərin nitq və təfəkkürünün inkişafında mühüm rol oynayır. Təmsillərdə işlənən ifadələrin “gizli” mənaları və izahı, bu mənaların verilmə tərzi kiçik məktəblilərin nitq bacarıqlarının inkişafında öz əksini tapır.
Təmsilin dili üzərində mükəmməl bir iş aparmaq lazım gəlir. Personajın xasiyyətnaməsini verərkən onun dilində işlənən sözlərdən istifadə edilir: məsələn, M.Ə. Sabirin “Qarğa və tülkü” təmsilində tülkü qarğaya müraciətlə deyir:
...Əhsən sənə, a qarğa ağa!
Nə nəzakətlə qonmusan budağa.
Bəzədin sən bu gün bizim çəməni.
Şad qıldın bu gəlməyinlə məni.
Nə gözəlsən, nə xoşliqasan sən!
Yeri var söyləsəm hümasan sən!
Tüklərindən ipək kimi parlaq,
Bədnəzərdən olsun vücudun iraq!
Bu yəqindir ki, var sevimli səsin,
Oxu versin mənə səfa nəfəsin!
Bu sözlərə əsasən şagirdlər tülkünün nə qədər yaltaq olduğunu yəqin edirlər. Onlara məlumdur ki, qarğada nə tülkünün dediyi qədər görkəm, nə də səs var. Qarğa tülkünün əlinə keçsə, parçalayıb yeyər, lakin buna imkan olmadığından dilini işə salıb, qarğanı aldadır və onun ağzından düşən pendiri yeyir.
Təmsil üçün də elə səciyyəvi cəhət odur. Müəllifin özü də təmsilin axırında həmin nəticəni verir:
Olmasaydı cahanda sarsaqlar,
Ac qalardı yəqin ki, yaltaqlar.
Burada, həmçinin təmsillərin əksəriyyətində mənəviyyatın mənası təmsilin məzmununa uyğun gəlmir. Daha doğrusu, o, bilavasitə ifadə olunmur. “Qarğa və tülkü” təmsilində yaltaq deyil, yaltağa inanan mühakimə edilir.
S.Ə. Şirvaninin “Qurd və quzu” təmsilində qurd quzunu axmaq olduğuna inandırır. Beləliklə, oxucuda gülünc vəziyyətə düşən qarğaya və avam quzuya təəssüf və tənə hissi yaranır.