Азярбайъан милли елмляр академийасы



Yüklə 4,55 Mb.
səhifə47/50
tarix02.01.2022
ölçüsü4,55 Mb.
#2782
1   ...   42   43   44   45   46   47   48   49   50
XALQ İNANCLARI


  • Colan Türkmanlarında yeni Doğulan uşağa atası ad qoyar. Ata adətən övladına öz atasının adını qoyduğundan nəsildə eyni adların təkrarlanması baş verər. Öncələr əsasən İslam dininin müqəddəslərinin adı verilirdisə, son zamanlar Türk adlarının qoyulması da artıb.

Uşağa təntənəli ad günləri keçirirlər. Bu günə “ad vermə günü”, “ad vurma” deyirlər. “Ad vurma” şənliyinə də toy deyirlər. Bəzən bu şənliklər 10-15 gün davam edər.

Uşaq süd dişi çıxardıqda “diş toyu” keçirilər və bunu “diş kutlanası” da adlandırarlar. Bu münasibətlə mütləq ailədə hədik bişirilər.



Uşaq diş dəyişəndə xarab olmuş, atılmalı dişi evin damına atar, “Mənim çürik dişimi al, mənə altun diş ver!” deyərlər.

  • Türkmanlarda uşağın ilk dəfə saçının qırxılmasına “saç toyu” deyirlər. Uşağın saçını ilk dəfə əmisi və ya dayısı qır­xar. Sonra saçı tərəziyə qoyub çəkərlər. Onun ağırlığında qızıl məbləğində nəzir-niyaz paylanar. Kəsilən saç atılmaz. Onu saxlayaraq uşaq 6-7 yaşına çatanaçan özünə göstərərək “Bu sənin saçındır, sənin saçın beləydi” deyərlər.

  • Ümumiyyətlə, böyüklər də saçlarını qırdıranda, qadın­lar saçlarını darayanda tükü haraya gəldi atmazlar. Tapdan­mayacaq bir yerə qoyarlar.

  • Colan Türkmanları uşaqlarına 3-18 aylıq olarkən sün­nət etdirməyə üstünlük verərlər. Sünnət toyunda müsiqiçilər gətirilər, çal-çağır olar, yeyib-içmək verilər. Sünnətdə kəsilən dəri parçası bir çubuğa keçirilib bacaya qaldırılar, evin yu­xarısına qoyular.

  • Colan Türkmanlarında nəzərə çox önəm verər, nəzər muncuğundan istifadə edilər və ona “nəzər pozan” deyərlər.

  • Ölmüş valideyinlərini, yaxın qohumlarını yuxuda gör­məyə “röyaya gəlmək” deyərlər. Yuxu görən adam çörək bişirtdirib fəqir-füqəraya paylayar.

  • Colan Türkmanlarında əkmək-çörək müqəddəs sayılır. Onu yerə atmaq, tullamaq olmaz. Çörəyi əlinə alan adam onu qurşağından aşağıda tutmamalıdı. Çörək siniyə, süfrəyə qoyu­larkən onun təs üzünə çevrilməməsinə diqqət yetirilir. Çörəyi zibilliyə atmaq günah sayılır.

  • Hərbi xidmətə yola salınacaq gənc üçün “əsgər çörəyi” bişirilir. Xüsusi hazırlanmış bu çörəkdən əsgər gedəcək gəncə bir tikə yedirdilir. Əsgər yolasalma toyuna yaxın qohumlar dəvət edilir və onlara yemək verilir. Yaxın qohumlar da kiçik hədiyyələr gətirir və müəyyən miqdar çibxərçliyi verirlər.

  • Colan Türkmanları əkinlərindən, bağ-bostanlarından, heyvanlarından yeni məhsul əldə etdikdə özləri bir tikə dad­dıqdan sonra yaxın ətrafdakılara da pay verilir. Bundan sonra məhsul sahibi onu özü istədiyi kimi yeyib-içir və ya satır.

  • Hər il aprelin 17-də Colan Türkmanları toplu halda (bə­zən bu topluluq 20 min nəfərə çatır) səhərdən axşamacan gəzintiyə çıxarlar. Həmin gün naharlarını və axşam yemək­lərini də çöldə yeyərlər. Bu günə onlar Nevruz deyərlər.

  • Yuxarı tərəf daha ehtiramlı sayılar. Ona görə də qonağı, evin ağsaqqalını, böyüyünü yuxarı başda oturdarlar.

  • Ayaqqabını soyunarkən tərs çevrilərsə tez onu düzədib cütləyərlər.

  • Ayağı yuxarı qaldırmazlar və ayağın altını yuxarı çevirməzlər.

  • İl quraqlıq keçəndə Kunteyra şəhəri yaxınlığındakı Əli dağına çıxar, orada sarı inək qurban kəsər, onun ətini bişirib elliklə yeyər və birlikdə dua edərlər. İnanarlar ki, onlar duadan sonra dağdan enənədək yağış yağacaq.

  • Qadınlar kişilərlə birlikdə qəbiristanlığa getməzlər. Cənazə evdən çıxarıldıqda qadınlar cənazənin arxasınca evdən çıxmazlar. Cənazəni kişilər qəbiristanlığa aparar və ölü­nü dəfn edərlər. Qəbir üzərinə su səpərlər ki, “qəbir atəşi”ni söndürsünlər .

  • Ölü çıxan evdə və həyətində üç gün ocaq qalamazlar. Belə düşünərlər ki, od həyat, yaşam əlamətidir. Birisi öl­müşsə, demək bu ailənin ocağı sönmüşdür. Buna görə də, o evə xörək kənardan gətirilər.

  • İnsan öldükdə ruhunun hələ evdə olduğunu düşünər və həmin evdəki güzgülərin üzərlərini örtərlər ki, ölənin ruhu güzgüyə hopub qalmasın. Həm də ölənin güzgüyə hopmuş ruhunun kiminsə görməsi istənilməz.

  • Quran-i Kərim oxunarkən güzgülərin üzəri bir parça ilə örtülər.

  • Qadınlar qəbiristanlığa tək getməzlər. Qəbir ziyarətinə cümə namazından sonra gedilər, “qəbir atəşin”i söndürmək üçün üzərinə bir qabda su qoyar və qəbir üzərində əkilmiş ağaca, gül koluna su verilər.

  • Ölən üçün üç gün yas saxlanılar. Bir həftə sonra cümə günü hatim8 düzəldilir. Yəni yaxın adamlarla birlikdə yemək yeyilir. Ondan sonra başsağlıgı verməyə, “keçmiş olsun” de­məyə, “dərdlərinə şərik çıxdıqlarını” bildirməyə gedilməz. Bu hal basdırılmış dərdin eşilməsi, üzərinin açılması kimi dəyər­ləndirilir.

  • Ölənlərin ailəsinə yardım edilər və bu yardım da hiss edilmədən, qabardılmadan, kimsələrə nümayiş etdirilmədən edilər.

  • Müqəddəslərin, ehtiram bəslədikləri insanların qəbirlə­rinə şəfa ummaq, dilək üçün ziyarət edilməz. Sadəcə Allah rizası üçün, ehtiram əlaməti olaraq ziyarət edilər və fatihə oxunar.

  • Gecə güzgüyə baxılmaz. İnanılar ki, gecə güzgüyə baxanın başına pis bir iş gələr. Ona görə də gecələr güzgünün üzərinə ya parça örtülər, ya da güzgü tərsinə çevrilər.

  • Colan Türkmanları “Odla oyun olmaz!” deyərlər. Uşa­gı odla oynamağa qoymazlar. Belə düçünərlər ki, uşaq odla oynasa, gecə yatağını isladar.

  • Colan Türkmanları qara pişik gördükdə “Felak” və “Nas” surələrini oxuyarlar. “Qara pişiyin gözü yaxşı deyil” deyərlər. Qara pişiyin cinlə, bəd ruhlarla bir bağlılığı ol­duğuna inanarlar.

  • Eşşəyin anqırması xoş qarşılanmaz və eşşək anqıran kimi “suyu bulandıran eşşəyi taniyıram” deyərlər.

  • Təzə anadan olan uşağın əlində, ayağında altı barmaq varsa, bu yaxşı əlamət sayılmaz və uşaq xəstəxanadaykən artıq barmağı kəsdirərlər.

  • Colan Türklərində bir “qurtlama” ifadəsi də var. Bir sözü nörmal, sakitliklə qəbul etməyənə zorla qəbul etdirəndə ona “qurtlama” deyirlər.

  • Uşağı gecə tualetə tək göndərməzlər. “Bir şeyə uğra­yar, bir şeyə rast gələr” deyərlər.

  • Colan Türkləri gecə çolə qaynar su atmazlar. Düşünər­lər ki, orada cinlər ola bilər. Atılan qaynar su cinlərin özlərini və balalarını yandırar. Cinlər də buna görə qaynar su tökənin ailəsinə xətər yetirər. Qaynar suyu hamama, tualetə, əlüzyu­yana tökdükdə belə “Bismillah!” deyərlər.

  • Colan Türkmanları yemək süfrəsindən qalan sümükləri ayrıca toplayar, ümumi zibilə qatmazlar. Onlar inanırlar ki, bu sümükləri “yeyənlər” var. Süfrədən artıq qalan sümüklər ayrıca qoyulmasa, umumi zibilə qatılsa, yəni o çirkləndirilsə “yeyənlər”dən insana xəsarət toxunar.

  • Colan Türkmanları evlərinin yönünü qibləyə tərəf ti­kir­lər. Amma tualetin yönünü qətiyyən qibləyə tərəf qoymaz­lar.


Mətn Dr.Yaşar Kalafatın 2013-cü ildə Ankarada çap olunmuş “Bozulus. Türk Kültür Coğrafiyasında Karşılaş­dır­malı Halk İnancları” kitabı və 2014-cü ildə Ankarada çap olunan “Türk Yurdu” dərgisinin 317-ci sayındakı “Suriya Halk Kültüründen Bazi Kesintiler” məqaləsi (səhifə 30-34) əsa­sında hazırlanmışdır.

Yüklə 4,55 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin