Colan Türkmanlarında evlənmə http://halapturkmen. blogcu.com/suriye-turkmenleri-nde-dugun-gelenegi/6107574 saytından alınmış materiallar əsasında hazırlanmışdır.
TOY MƏRASİMİ
Xalq inanclarının araşdırıcısı Yaşar Kalafatın Colan Türkmanlarının toy mərasimi ilə bağlı qeydləri. O, məqaləsini hazırlayarkən Colan Türkmanlarından olan Yussif İssadan material toplamışdır.
Colan Türkmanları Ərəblərə və Kürdlərə qız vermədikləri kimi, onlardan da qız almazlar. Şəhərlərdə təsadüfən belə evliliyə rast gəlmək olar. Onlar Çərkəzlərə də qız verməzlər, amma onlardan qız alarlar. Belə halda da Çərkəz qızlarının Türkman adət-ənənəsinə uymasını tələb edərlər. Gəlinin Türkman ailəsinə uyuşması üçün iki ilə yaxın müddət qoyarlar. Bu müddət ərzində gəlin Türkman adətlərinə uymasa, onu ailəyə qəbul etməzlər.
Colan Türkmanlarında tayfa ənənəsi demək olar ki, yoxdur. Amma möhkəm ailə ənənəsi var və buna da ciddi əməl edilir. Məhz buna görə də, Türkmanlar evdə Ərəbcə danışmazlar. Evdə-ailədə Ərəbcə danışmaq ayıb sayılır.
Türkmanlarda çoxarvadlılığa çox nadir hallarda rast gəlinir. Qızlarını da əsəsən 18 yaşdan sonra ərə verirlər. Adətən qızların 22-23 yaşlarında evlənməsi normal sayılır. Qızlar ərə verilərkən onların fikrini öyrənər və ona hörmətlə yanaşarlar. Gənclərə evlənməzdən əvvəl tanış olmalarına imkan yaradarlar. Qız ərə verilmək istədiyi oğlanı bəyənməzsə, bu evlilik baş tutmaz.
Onlarda başlıq “baş vergisi” adlandırılır. Bu da əsasən 500 dollar ətrafında olur. Türkman qızını almaq istəyən oğlan başqa millətdən, yaxud da Türkmanla başqa bir millətin qarışığındandırsa, onda “baş vergisi” 10 min dollara qədər artırıla bilir.
Türkmanlarda qızı uşaqlıqdan ad etmək, nişanlamaq, “beşik kərtməsi” yoxdur. Yaxın qohumlarla evliliyə də rast gəlinmir. Amma qızı istəyən olanda qızın ərgən dayısı və əmisi oğlu varsa, onların fikirləri öyrənilir. Onların razılığından sonra qızı kənardan istəyənə verirlər. Bu da onu göstərir ki, keçmişdə Colan Türkmanları arasında da əmi oğlu, dayı oğlu vs. ilə evlənmək varmış. Bunu onların oxuduğu mahnılardan da görmək olur.
Məsələn:
Erkəkləri değirmi,
İnəkləri yiğirmi.
Vardım isə mən vardım,
Əmmim oğlu değilmi?
Yaxud:
Əmim oğlu biçində,
Köynəyi tər içində.
Getdim tərin silməyə,
Qaldım tikan içində.
Yolda buldum bir dəğənək,
Pontulu7 bənək-bənək.
Əmmim oğlu dururkən,
El bənim nəmə gərək.
Saçın uzun değil mi?
Suyun bizim değilmi?
Alırsam bən alıram,
Əmmim qızı değilmi?!
Qayadan atdın bəni,
Qumlara qatdın bəni.
Əmmim oğlu almasa,
Bazarda satın bəni.
Əmim oğlu piyada,
Ömrü də çox ziyada.
Əmmim oğlu dururkən,
Niyə gediyom yada.
-
Colan Türkmanlarında qız qaçırma ilə evlənməyə çox nadir hallarda rast gəlindiyi kimi, qan davasına da rast gəlinmir.
-
Colan Türkmanlarında gəlin bəy evinə gəlib çatdıqda onun ayağının altında qoç qurban kəsilir.
-
Təzə gəlinlər qayınatasının yanında, qayınlarının yanında danışmaz, səslərinin eşidilməməsinə çalışarlar. Buna da “səs orucu”, “səs saxlama”, “səs sakınma” deyərlər.
-
Colan Türkmanlarında toy zamanı toy bayrağı, bəy bayrağı, gəlin bayrağı asmaq adəti vardır.
Dostları ilə paylaş: |