1. SSRİ-nin Avropa hissəsi və Sibir müsəlmanlarının Ruhani İdarə si (Ufa
şəhərində);
2. Orta Asiya və Qazaxıstan müsəlmanlarının Ruhani İdarəsi (Daşkənd şəhərində);
3. Cənubi Qafqaz Müsəlmanlarının Ruhani İdarəsi (Bakı şəhərində);
4. Şimali Qafqaz və Dağıstan Müsəlmanlarının Ruhani Idarəsi (Mahaçqala
şəhərində).
Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi (ZMRİ) SSRİ Ali Soveti Rəyasət Heyətinin
14 aprel 1944-cü il tarixli 17 nömrəli qərarı ilə yaradılmışdı. 1944-cü ilin may ayının 25-28-
də Cənubi Qafqaz müsəlmanlarının birinci qurultayı keçirilmişdi. Qurultay Axund Ağa
Əlizadəni Cənubi Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri seçmiş və ona
“Şeyxülislam” dini titulunu vermişdi. O, inqilabdan əvvəlki illərdə Bakı quberniya dini
məclisinin sədri olmuş Cavad Əlizadənin oğlu idi. Bu Ruhani İdarə Azərbaycan, Gürcüstan
və Ermənistan SSR-də yaşayan müsəlmanlara və onların məscidlərinə dini rəhbərlik etmək
üçün yaradılmışdı.
Bir-birindən asılı olmayan həmin müsəlman dini mərkəzləri əhatə etdikləri ərazidə dini
təşkilatların və ruhanilərin fəaliyyətini istiqamətləndirməyə başlamışdılar. Yeni yaradılmış
ruhani idarələrinin rəhbərləri Sovet hakimiyyətinə loyal münasibət bəsləsələr də, öz
dövrlərinin görkəmli din xadimləri olmuş, mövcud şəraitin tələblərilə kifayətlənməyi
məsləhət görən, bəziləri isə mövcud şəraitdən maksimum yararlanmağa cəhd edən müdrik
ruhanilər idi. Məsələn, ZMRİ-nin ilk sədri Axund Ağa Əlizadə 1944-cü ilin iyun ayının 1-
də Bakıdakı Təzəpir məscidində birinci moizəsində dindarları Sovet hökumətinə hörmət
bəsləməyə, dövlətin bütün qanunlarına riayət etməyə və beləliklə də, “dini hifz etməyə”
çağırmışdı.
ZMRİ yenidən yaradıldıqdan sonra onun Nizamnaməsi təsdiq edilmiş və rəhbərliyi
(şeyxülislam, müfti, ruhani idarəsinin üzvləri - qazılar) seçilmiş, elə həmin dövrdə Cənubi
Qafqaz respublikalarındakı müsəlmanların dini birliklərinin yenidən qeydə alınmasına
başlanılmışdır.
Hərbi təcavüz və işğaldan əvvəl təkcə Azərbaycan SSR-də 3 minədək, 1927-ci ildə isə
1669 məscid fəaliyyət göstərdiyi halda, 1944-cü ildə ZMRİ-nin səlahiyyəti dairəsində cəmi
22 məscid və bir ədəd müqəddəs yer (Göy imam - Gəncə imamzadəsi), habelə 70-dək din
xadimi qeydə alınmışdı. Yalnız 1941-1945-ci illər müharibəsindən sonrakı illərdə
dindarların Həcc ziyarətinə getməsinə icazə verilmişdir.
Onu da qeyd edək ki, bu dövrdə SSRİ ərazisində, xüsusilə də Azərbaycan SSR-də
xristian dini icmalar müsəlmanlara nisbətən daha sərbəst olmuş, az sıxışdırdmış və onlara
dövlət tərəfindən loyal münasibət bəslənilmişdir.
Deyildiyi kimi, çar hökuməti 1823-cü ildə Cənubi Qafqazda şiə müsəlmanlarının
şeyxülislamı, 1832-ci ildə isə sünni müsəlmanlarının müftisi vəzifəsini təsis etmiş və 1872-
ci ildə bunların nəzdində iki müstəqil - sünni və şiə ruhani idarələri yaratmışdı.
1944-cü ilin may ayında təsis edilən ZMRİ ölkəmizin müsəlman əhalisi arasında dini
cərəyan ayrı-seçkiliyinə son qoyulduğunu nəzərə almış və hər iki müsəlman dini cərəyanına
mənsub məscidlərə dini rəhbərliyin birgə həyata keçirilməsini vahid İdarədə cəmləşdirməyi
mümkün hesab etmişdir.Azərbaycan, Gürcüstan və Ermənistan SSR-də müsəlmanların şiə
28
və sünni təriqətlərinə mənsubluğu üzrə say nisbəti nəzərə alınmaqla, ZMRİ Heyətinin 7
üzvündən 4-nün şiə, 3-nün isə sünni nümayəndələri olması məqsədəuyğun hesab edilmişdi.
İdarənin sədri vəzifəsini çoxluq təşkil edən şiə nümayəndəsi tutmuş və ona “şeyxülislam”
vəzifəsi verilmişdi. Sünnilərin nümayəndəsi isə ruhani idarəsi sədrinin müavini vəzifəsini
tutmuş və ona da “müfti” rütbəsi verilmişdi. Müfti şeyxülislamın müavini kimi ZMRİ-də
yalnız maliyyə-təsərrüfat işlərinə nəzarət edirdi. Dini-məzhəb məsələlərində isə tam
müstəqil idi.
Keçmiş SSRİ məkanında yuxarıda adları çəkilən dörd böyük ruhani idarəsi yaradılsa
da, bunlar dövlət strukturu olmadıqlarından, dövlətin yürütdüyü siyasətə qarışa bilməzdi.
Dini təşkilatlarla dövlət orqanları arasında münasibətləri tənzimləmək və dini ayinlərdə
sovet qanunvericiliyinə riayət olunmasını əməli cəhətdən təmin etmək zərurəti bu işlə
məşğul olan dövlət orqanlarının yaradılması ehtiyacını yaratmışdı. Bununla əlaqədar, 1943-
cü ildə SSRİ Xalq Komissarları Soveti yanında Rus-Pravoslav Kilsəsi İşləri üzrə Şura,
1944-cü ilin may ayının 19-da isə SSRİ Xalq Komissarları Sovetinin 572 nömrəli qərarı ilə
digər regionlarda başqa dinləri əhatə edən Dini Ayin İşləri üzrə Şura təşkil edilmişdi.
SSRİ hökuməti yanında Dini İşlər Şuralarının müttəfiq respublika, muxtar respublika
və vilayətlərdəki müvəkkilləri yuxarıda göstərilən vəzifələri əməli surətdə həyata
keçirməklə məşğul olurdular. Bu Şuıraların Azərbaycan SSR-də müvəkkilliyi 1944-cü ilin
iyul ayının 9-da təşkil edilmişdi. Dini İşlər Şuralarmın Azərbaycan SSR üzrə ilk müvəkkili
Bəybala Şahbazbəyov olmuşdur. Bu sahədəki işləri səmərəşdirmək və mərkəzləşdirmək
məqsədilə SSRİ Nazirlər Sovetinin 8 dekabr 1965-ci il tarixli qərarına əsasən, Rus-
Pravoslav Kilsəsi İşləri üzrə Şura və Dini Ayin İşləri üzrə Şuranın əsasında SSRİ Nazirlər
Soveti yanında Dini İşlər Şurası yaradılmışdı. Dini İşlər Şurası haqqında əsasnamədə
göstərilirdi ki, o, SSRİ dövlətinin din sahəsində siyasətinin ardıcıl surətdə həyata
keçirilməsini təmin etmək məqsədilə yaradılmışdır . Şuranın başlıca vəzifələri vətəndaşların
“vicdan azadlığı”nı təmin edən SSRİ Konstitusiyasına və başqa sovet qanunlarına riayət
edilməsinə, bütün ölkə ərazisində din haqqında sovet qanunlarının, SSRİ Ali Soveti Rəyasət
Heyətinin fərmanları və SSRİ Nazirlər Sovetinin qərarlarının düzgün tətbiq olunmasına
nəzarət etmək idi. Şura yerli sovet orqanlarınm təqdimatı əsasında dini təşkilatları qeydə
almaq və qeydiyyatdan çıxarmaq hüququna malik idi.
Onu da qeyd etmək lazımdır ki, nə Dini İşlər Şurası haqqında Əsasnamədə, nə də
qanunvericiliyin müvafiq bəndlərində ölkədə fəaliyyət göstərən dini təşkilatların
mülkiyyətinin və əmlakının milliləşdirilməsi nəticəsində bu təşkilatların və ruhanilərin
maddi vəziyyətində əhəmiyyətli dəyişikliklər baş vermişdi. Məscid, kilsə, sinaqoq, digər
ibadət yerləri və ruhanilər dövlətin maddi yardımından tamamilə məhrum olunmuş, yalnız
dindarların maddi yardımı ilə dolanmağa məcbur edilmişdilər. Çünki dinin dövlətdən
ayrıldığını elan edən dekretə görə, din və onun təşkilatları dövlətin maliyyə dəstəyinə ümid
bəsləyə bilməzdi. Bunların vəsaiti dindarların verdiyi könüllü nəzirdən və vətəndaşların
sifarişi ilə dini ayinləri icra etməyə görə aldıqları haqdan ibarət idi. Sovet quruluşunun son
illərində Cənubi Qafqaz Müsəlmanları Ruhani İdarəsinin məscidlərdən aldığı könüllü
ianənin miqdarı əvvəlki dövrlərə nisbətən qat-qat çox idi. Əgər 1961-ci ildə Ruhani
29
İdarəsinin illik mədaxili 35,2 min manat idisə, 1984-cü ildə 400 min manatdan çox
olmuşdu.
Sovet hakimiyyəti illərində məscidlərin sayının azalması təkzibedilməz faktdır. Bunun
səbəbləri aydındır. Şəxsiyyətə pərəstiş dövründə inzibati-amirlik rejimindən doğan təzyiq,
ruhani və dindar- ların düşmən sinif nümayəndələri adlandırılaraq amansız təqiblərə məruz
qalmaları və s. nəticəsində vicdan azadlığı prinsipləri kobud surətdə pozulmuşdu. Əhalinin
qorxudulması yolu ilə dindarlıq hissi bir növ adamların daxilinə qovulub gizlədilmişdi.
Artıq din onların əməli işlərində təzahür etmirdi. Məscidlərin, kilsələrin, sinaqoqların
əsassız olaraq bağlanması və dağıdılması, din xadimlərinin güllələnməsi, dindarların təqib
edilməsi kimi qəddarlıqlar dindarlığın zahirən “azalmasma” səbəb olmuşdu. Yəni
vətəndaşların böyük bir hissəsı öz dini hisslərini gizlətməyə məcbur olmuş, adamların
dindarlığı onların daxilinə gömülmüşdü.
Məhz belə siyasət nəticəsində əhalinin din sahəsindəki bilikləri olduqca
məhdudlaşdırılmışdı. Əhali din haqqında yalnız ümumi və təhrif olunmuş məlumatlar əldə
edirdi. Müsəlmanların (bu daha çox İslam dininə mənsub olanlarda müşahidə olunurdu) dini
ayinləri icra etmək sahəsindəki fəaliyyət dairəsi də xeyli daralmışdı. Nəticədə cəmiyyətdə
müxtəlif dini ayinləri yerinə yetirmək üçün müəyyən bir sinif - sovet dövrünün molla sinfi
formalaşmışdı və əhali artıq özlərinin bacarmadığı dini ayinləri müəyyən pul qarşılığında
həmin mollalara icra etdirməyə başlamışdılar.
Sovet hakimiyyəti dövründə Azərbaycan SSR-də İslam dininin tədqiqi, digər dinlərin
araşdırılması və öyrənilməsində də, bir növ, ayrı-seçkilik mövcud idi. Nəticədə Azərbaycan
SSR-də Zərdüştiliyin və orta əsrlərdə Xristianlığın tarixinə dair xeyli ciddi elmi işlər
meydana gəlmişdi. Lakin İslam dini haqqındakı nəşrlər əks təbliğat xarakteri daşıyırdı və
onları sanballı elmi araşdırmalar sırasına daxil etmək olmazdı. Çünki həmin əsərlərdə yalnız
Azərbaycanda İslam dini və ənənələrinin tənqidinə həsr olunmaqla yanaşı, belə bir rəy də
aşılanırdı ki, guya İslam dini mentaliteti azərbaycanlılar üçün yaddır və əhaliyə ərəblər
tərəfindən zorla qəbul etdirilmiş və yayılmışdır.
Cənubi Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri, Şeyxülislam Axund Ağa
Əlizadə 1954-cü ildə vəfat etdikdən sonra, region müsəlmanlarının həmin ildə çağırılmış III
qurultayında Sabirabad məscidinin axundu Möhsün Həkimzadə şeyxülislam seçilmişdir. O,
1966-cı ildə vəfat etmiş, şeyxülislam vəzifəsi iki il boş qalmışdı. 1968-ci ildə Cənubi
Qafqaz müsəlmanlarının IV qurultayında isə bu vəzifəyə Bakıdakı Təzəpir məscidinin
axundu Molla Əliağa Süleymanzadə seçilmişdi. O, 1976-cı ildə vəfat edənədək şeyxülislam
vəzifəsini daşımışdır. Cənubi Qafqaz müsəlmanlarının 1977-ci ildə çağırılmış VII qurultayı
Göyçay məscidinin axundu Mir Qəzənfər İbrahimovu Cənubi Qafqaz Müsəlmanları Ruhani
İdarəsinə yeni sədr və şeyxülislam seçmişdi. Sovet gerçəkliyinə hörmətlə yanaşan M.Q.
İbrahimov 1979-cu ildə vəfat etdikdən sonra onun yerinə hazırkı Şeyxülislam Allahşükür
Paşazadə (Cənubi Qafqaz müsəlmanlarının 1980-ci ildə çağırıllmış VIII qurultayında) sədr
seçilmişdir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlət-din münasibətlərində
yeni bir mərhələ başladı. Ölkə vətəndaşlarının dini etiqad və vicdan azadlığı təmin olundu,
bu sahə ilə bağlı qanunvericilik aktları beynəlxalq hüquq normalarına uyğunlaşdırıldı. Uzun
30
illər ibadət ocaqlarının, dini icmaların fəaliyyətinə, dini ayinlərin icrasına, dini təyinatlı
ədəbiyyatın nəşrinə və yayılmasına qoyulmuş qadağalar aradan qaldırıldı, yeni ibadət
evlərinin və dini təhsil müəssisələrinin əsası qoyuldu. Azərbaycan xalqı öz milli və dini
bayramlarını azad, sərbəst qeyd etmək hüququ əldə etdi, ölkə vətəndaşlarının müqəddəs
yerlərə ziyarətinin təşkili üçün şərait yaradıldı. İllər boyu baxımsızlıqdan uçub dağılmış pir
və ziyarətgahlar fəaliyyətini yenidən bərpa etdi, gənc nəslin sağlam ruhda, milli-mənəvi
dəyərlərə sadiq yetişməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi.
Qeyd olunan müsbət dəyişikliklərlə yanaşı dini durumda narahatlıq doğura biləcək
məqamlar da müşahidə olundu. Dövlətin dini etiqad və vicdan azadlığının təmin olunması
istiqamətində həyata keçirdiyi tədbirlərdən öz məqsədləri üçün istifadə etməyə cəhd edən
qüvvələr meydana çıxdı. Onlar bütün imkanlarını səfərbər edərək qeyri-ənənəvi dini
təlimləri təbliğ edir, dini durumun gərginləşdirilməsinə, radikal dini təriqətlərin
Azərbaycanda yayılmasına çalışırdılar. Belə bir ağır şəraitdə Azərbaycan hökumətinin
üzərinə ciddi vəzifələr düşürdü. Dövlət nəsillərdən-nəsillərə keçən dini dəyərlər sistemini
kompleks şəkildə öyrənməli, olduğu kimi xalqa çatdırmalı, dözümlülük ənənələrini
qorumalı, dini fəaliyyət sahəsində cərəyan edən hadisələri təhlil etməli və dini durumu
nəzarətdə saxlamalı idi. Ancaq həmin dövrdə cərəyan edən hadisələr, iqtisadi və siyasi
durum bu vəzifələrin uğurla həyata keçirilməsinin bir o qədər də asan olmadığını söyləməyə
əsas verirdi.
Dostları ilə paylaş: |