Dini durumun sabitliyinin qorunması istiqamətində həyata keçirilən tədbirlər.
Müasir dövrdə Azərbaycan hakimiyyəti dini durumun sabitliyinin qorunması, dini
dözümlülük ənənələrinin qorunub saxalanılması və radikallıq meyllərinin qarşısının
alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Hazırda Dini durumla bağlı narahatlıq
doğuran məsələlərdən biri son illər müəyyən qüvvələrin bir sıra ölkələrdə, o cümlədən
Azərbaycanda dindən siyasi məqsədlər və insanlar arasında qarşıdurma yaratmaq məqsədilə
istifadəyə çalışması və dindarlar arasında radikallıq meyllərinin artmasıdır. Həmin qüvvələr
dindar insanları siyasi proseslərə və münaqişələrə cəlb edərək onlardan hakimiyyətə qarşı
istifadə etməyə, dini məsələləri siyasiləşdirməyə çalışırlar. Siyasi mübarizədə din amilindən
bəhrələnmək məqsədilə ictimai təşkilatlar, birliklər yaradır və əhalinin dindar təbəqəsini
siyasi proseslərdə fəal iştiraka çağırırlar. Siyasi fikirlərini əsaslandırmaq, məqsədlərinə
çatmaq üçün isə Quran ayələrinə və peyğəmbər hədislərinə istinad edirlər.
Bu məqsədi həyata keçirmək üçün yerli və xarici mətbuatın imkanlarından da geniş
istifadə olunur. Hər hansı din və ya məzhəb haqqında həqiqətə uyğun olmayan, şişirdilmiş,
qarşıdurma yarada biləcək məlumatlar yayılır. Eyni zamanda bir sıra hallarda həmin mətbu
orqanlarda Azərbaycanda dindarlara qarşı zorakılığın göstərilməsi, hüquq və azadlıqlarının
pozulması ilə bağlı qərəzli məlumatlar dərc olunur. Bir çox hallarda bu yazılar qeyri-
peşəkar müəlliflər tərəfindən sifariş əsasında hazırlanır və daha çox dini sahədə yaranmış
qarşılıqlı anlaşmanın, sabitliyin və dözümlülüyün pozulmasına xidmət edir.
Son illər bir sıra müsəlman dövlətlərində baş verən hadisələr dindən siyasi məqsədlər
və qarşıdurma yaratmaq məqsədilə istifadənin ölkədə sabitliyin pozulması, vətəndaş
müharibəsinin baş verməsi ilə nəticələndiyini göstərir. Hazırda xüsusilə islamdan siyasi
məqsədlərlə istifadəyə cəhd edildiyi ölkələrdə vəziyyət gərgin və mürəkkəb olaraq
36
qalmaqdadır. Bu ölkələrdə baş verən hadisələr islamın siyasi proseslərə cəlb olunmasının,
dindan qarşıdurma yaratmaq məqsədilə istifadənin hansı fəsadlarla nəticələnəcəyinə açıq
nümunədir.
Belə bir şəraitdə dinlərarası qarşılıqlı anlaşma, hörmət prinsiplərinin qorunub
saxlanılması və dindən siyasi məqsədlər üçün istifadənin qarşısının alınması üçün düzgün
dini maarifləndirmənin aparılması xüsusi əhəmiyyət kəsb edir. Müasir dövrdə bir çox
müsəlman ölkələrində baş verən münaqişələrin əsas yaranma səbəblərindən biri dini
maarifləndirmənin zəif aparılması, dini şüur səviyyəsinin aşağı olmasıdır. Bu məsələ bizi də
ciddi surətdə düşündürməlidir.
Bu baxımdan dini durumun sabitliyinin qorunması məqsədilə dini vəziyyət daim
nəzarətdə saxlanılmalı, qarşıdurma meyllərinin qarşısı alınmalı və sağlam dini
maarifləndirmənin aparılması istiqamətində səylər daha da gücləndirilməlidir. Dövlət dini
maarifləndirmə prosesindən kənarda qalmamalı, bu prosesin aktiv iştirakçısı olmalı və dini
maarifləndirmənin Azərbaycan dövlətçiliyi konsepsiyası çərçivəsində aparılmasına nail
olmalıdır. Dini maarifləndirmənin xarici dairələrin vasitəsilə, təəssübkeşlik, dini
dözümsüzlük ideyalarının təsiri altında aparılması ölkədə din sahəsində yaranmış sabitliyin,
dini dözümlülüyün pozulmasına gətirib çıxara bilər. Eyni zamanda bu məsələdə bütün
sağlam qüvvələr vahid mövqedən çıxış etməlidirlər.
|