BDU-nun Filologiya fakültəsi - 100 58
ÜLFƏT BƏDƏLBƏYLİ Filologiya elmləri doktoru, professor Bakı Dövlət Universiteti
PROFESSOR CƏLİL NAĞIYEV VƏ DÜNYA ƏDƏBİYYATI 2019-cu il əlamətdar bir hadisə ilə yaddaşlarda qalacaq: bu il Bakı Dövlət Universitetinin
yaranmasının 100 ili tamam olur. Bu universitet ölkəmizin təhsil ocaqlarından ən qədimi və
möhtəşəmlərindəndir. 1919-cu ildə Filologiya fakültəsi və 1939-cu ildə “Xarici ölkələr ədəbiyyatı” (indiki
“Dünya ədəbiyyatı”) kafedrası fəaliyyətə başlamışdır. O vaxtdan artıq 80 il keçir – bu da universitetin
tarixində mühüm hadisədir. Bakı Dövlət Universitetinin görkəmli professor – müəllim heyyətindən
danışılarkən filologiya elmləri doktoru, professor Cəlil Qərib oğlu Nağıyevin adı həmişə hörmətlə çəkilir.
Cəlil Qərib oğlu Nağıyev 1945-ci il iyul ayının 26-da təkcə Azərbaycanın deyil, eləcə də Şərqin
mədəni mərkəzlərindən biri olan Gəncə şəhərində anadan olmuşdur. 1964-cü ildə Azərbaycan Dövlət
Universitetinin Filologiya fakültəsinə daxil olur və 1969-cu ildə buranı bitirir. Həmin il o, M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin Filologiya fakültəsinin “Slavyan filologiyası” ixtisası üzrə
aspiranturaya qəbul olunur. 1974-cü ildə həmin fakültədə elmi rəhbəri məşhur balkanşünas Nikolay
Kravtsovun rəhbərliyi ilə “Serb romantik poeziyası və Şərq” mövzusunda namizədlik dissertasiyasını uğurla
müdafiə edir. Bu dissertasiya işi elmi mühitdə maraqla qarşılanır. Moskvadan Bakıya qayıdan gənc alim
doğma universitetində elmi fəaliyyətə başlayır və tezliklə doktorluq dissertasiyası üzərində işləməyə
başlayır. 1989-cu ildə dosent Cəlil Nağıyev Azərbaycan Dövlət Universitetinin Dünya ədəbiyyatı
kafedrasının müdiri seçilmiş və indiyə qədər həmin kafedraya uğurla rəhbərlik edir. 1990-cı ildə Cəlil
Nağıyev “Azərbaycan – Yuqoslav ədəbi əlaqələri və təmasları (klassik ədəbiyyat və folklor)” mövzusunda
doktorluq dissertasiyasını müdafiə etmişdir.
Artıq 30 ildir ki, Cəlil Nağıyev kafedra müdiri vəzifəsində çalışır. Bu illər ərzində professor Cəlil
Nağıyevin fəaliyyəti çox geniş və müxtəlifdir. Onun rəhbərliyi altında 30-dan çox elmlər namizədi və 5
doktorluq dissertasiyası müdafiə olunmuşdur. Eyni zamanda o, namizədlik və doktorluq dissertasiyalarına
opponentlik etmiş, 300-dən artıq elmi məqalənin, 5 monoqrafiyanın, 2 dərsliyin, 2 dərs vəsaitinin müəllifidir.
XVII-XVIII əsrlər dünya ədəbiyyatı, XIX-XX əsrlər dünya ədəbiyyatı, Müqayisəli ədəbiyyatşünaslıq, Yapon
ədəbiyyatı tarixi fənnlərini tədris edir. Fakültə və digər universitetlərin müdafiə şuralarının üzvü, həmsədri
və elmi seminarların rəhbəri olmuşdur. Hal-hazırda Filologiya üzrə Koordinasiya Şurasının üzvüdür,
doktorant və dissertantlara rəhbərlik edir. O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Cəlil Nağıyev Bakı Asiya Universitetini 1993-cü ildə təsis etmiş və həmin universitetin rektoru
seçilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə on cilddən ibarət
“Dünya uşaq ədəbiyyatı” kitabları nəşr olunmuşdur. Professor Cəlil Nağıyev bu kitabların tərtibçisi,
redaktoru və bəzilərinin də ön sözünün müəllifidir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30
oktyabr tarixli 538 nömrəli sərəncamı ilə Cəlil Nağıyev “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
Cəlil Nağıyev fransız, serb, xorvat, rus və s. dillərdən Azərbaycan dilinə tərcümələrin müəllifidir. O,
radio və televiziya vasitəsi ilə ədəbiyyatşünaslıq problemləri ilə bağlı çıxışlar edir. Hal-hazırda Cəlil Nağıyev
serb yazıçısı Nobel mükafatçısı İvo Andrikin “Drina körpüsü” romanını Azərbaycan dilinə tərcüməsini
çapdan çıxarıb və “Dünya ədəbiyyatı” (Orta əsrlər və İntibah dövrü) ali məktəblər üçün dərsliyi isə çapdan
çıxmaq üzrədir.
Müəllim, alim, mütərcim, professor Cəlil Qərib oğlu Nağıyev daim axtarışdadır.