BDU-nun Filologiya fakültəsi - 100 56
Açar sözlər: Elm, ədəbi-tənqidi, tədris obyekti, tarixi inkişaf, arxiv sənədi, ədəbiyyatşünaslıq, monoqrafiya. LEYLA GƏRAYZADƏ Filologiya elmləri doktoru, professor Bakı Dövlət Universiteti PROFESSOR SEYFULLA ƏSƏDULLAYEVİN ELMİ-PEDAQOJİ FƏALİYYƏTİ Azərbaycanda ədəbiyyatşünaslıq elmini öz dəyərli tədqiqat əsərləri ilə zənginləşdirən alimlərdən biri
də professor Seyfulla Əsədullayevdir. O, uzun müddət (1966-2009) Bakı Dövlət Universitetində “Rus
ədəbiyyatı tarixi”, “XX əsr rus ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi”, “Müasir rus ədəbiyyatı” kafedralarına
rəhbərlik etməklə rus ədəbiyyatını, rus-Azərbaycan ədəbi əlaqələrini, sonet janrını, ədəbiyyat nəzəriyyəsini
və ümumiyyətlə, ədəbiyyatşünaslığın bir sıra problemlərini müxtəlif istiqamətlərdə araşdıraraq sanbalı
əsərləri ilə elmi ictimaiyyətin diqqətini cəlb etmişdir. Alim elmlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul
olmuş və “XX əsr rus ədəbiyyatı tarixi”, “Ədəbiyyat nəzəriyyəsi”, “Ədəbiyyatşünaslığa giriş” kimi fənlərdən
mühazirələr oxumşdur.
Seyfulla Əsədullayev M.V.Lomonosov adına Moskva Dövlət Universitetində rus sovet ədəbiyyatı
tarixi kafedrasının aspirantı olaraq “F.Qladkov və 20-ci illərin ədəbi prosesi“ mövzusunda namizədlik,
“Sosialist realizminin tarixiliyi, nəzəriyyəsi və tipologiyası” mövzusunda isə doktorluq dissertasiyalarını
müdafiə etmiş və professor elmi adını almışdır. Onun beş yüzdən çox elmi, elmi-nəzəri və ədəbi-tənqidi
məqalələri, iyirmi monoqrafiyası və iki bədii kitabı oxucuların istifadəsindədir.
Seyfulla müəllim iyirmi altı elmlər namizədi, on bir elmlər doktoru yetişdirmişdir ki, onlardan biri də
mən özüməm.
Professorun “Azərbaycan poeziyasında sonet janrı. Tarixi və nəzəriyyəsi”, “Müasir
ədəbiyyatşünaslığın metodoloji problemləri”, “V.Vsotskinin poetikası”, “Əsrlərin və minilliklərin
qovuşuğunda”, “Heydər Əliyev və ədəbi proses”, “Rus dili Azərbaycan ədəbi mənzərəsində”, “XX əsr rus
ədəbiyyatında avrasiya sintezi problemi” kimi elmi əsərləri, həmçinin “Oğru – novator”, “Tərs keçilər” kimi
bədii əsərlərindən ibarət kitabları bu gün də sanbalı və dəyərini itirməmişdir.
Qeyd edək ki, professor Seyfulla Əsədullayev fundamental tədqiqat əsəri olan “Heydər Əliyev və
ədəbi proses” adlı kitabında Heydər Əliyevin ədəbiyyata, ədəbi mühitə, yaradıcı ziyalılara rəhbər diqqəti və
qayğısının parlaq təzahürləri geniş şəkildə araşdırmışdır. Ümumilli liderin siyasi rəhbərlik irsinə yaxından
bələd olan bir alim kimi Seyfulla müəllim geniş əhatəli bir tədqiqat işi ortaya qoya bilmişdir. Bu kitabda
Heydər Əliyevin bir rəhbər, Azərbyacan ədəbiyyatının qayğıkeşi olaraq böyük siyasətçi obrazı öz
dolğunluğu ilə əks olunmuşdur. Heydər Əliyevin Azərbaycan ədəbiyyatına, yazıçı və şairlərimizə əsl atalıq
qayğısı dərindən təhlil edilmişdir. Fərqli başlıqlar adı altında Heydər Əliyevin ədəbiyyata münasibəti, şair və
yazıçılarla görüşləri, onların yaradıcılıqları barədə fikirləri öz əksini tapmışdır. Digər bütöv bir fəsildə isə
ümummilli liderin Azərbaycanın təhsil ocaqlarının flaqmanı sayılan Bakı Dövlət Universitetinə yüksək
münasibəti təsvir olunaraq, burada Heydər Əliyevin BDU-ya böyük qayğısını konkret faktlar əsasında
oxucularının diqqətinə çatdırmışdır. Kitabın başqa bir fəslində Füzulidən Hüseyn Cavidə və Səməd Vurğuna
qədər, Nəriman Nərimanovdan, Üzeyir Hacıbəyovdan Bəxtiyar Vahabzadəyə qədər neçə-neçə Azərbaycan
şairi və ədibi barədə dəyərli fikirlər əks olunmuşdur. Bütövlükdə Seyfulla müəllimin əsərləri Azərbaycan
elmi-nəzəri fikir tarixində mühüm yer tutur.