Açar sözlər:ədəbiyyatşünaslıq, pedaqoji fəaliyyət, filologiya, tədqiqat, alim.
ALMAZ ƏLİQIZI Filologiya elmləri doktoru, professor Bakı Dövlət Universiteti
MİR CƏLALIN NƏSRİNDƏ GÜNEY AZƏRBAYCAN PROBLEMİ Ədəbiyyatımız tarixində Cənubi Azərbaycan mövzusuna ən qüdrətli sənətkarlarımız müraciət etmişlər.
Bölünüb-parçalandığımız gündən bütövlük həsrətini təbliğ edən, onun yaddaşlardan silinməsinə imkan
verməyən məhz ədəbiyyatımız olmuşdur. Təsadüfi deyil ki, hansı siyasi quruluşda yaşamasından asılı
olmayaraq, ən qüdrətli sənətkarlarımız ürək və qəlb ağrısı ilə bu problemi bədii ədəbiyyata gətirmiş, hər
sənətkar ona öz lətafət və çalarını vermişdir.
Bu mövzunun daha qabarıq meydana çıxması, bəlkə də, ikiyə parçalanmış Azərbaycan arasında
keçilməz dəmir sədlərin sovet dövründə daha da möhkəmləndirilməsindən irəli gəlirdi. Sovet ideologiyası
Cənubi Azərbaycanda gedən azadlıq və istiqlal mücadiləsini səhv yönə istiqamətləndirə bilirdi. Xalqın böyük
zəhməti, qəhrəmanlığı, milli mücadiləsi bolşevizm hərəkatı onun ayrı-ayrı liderlərinin adı ilə bağlanır,
inqilabın Güneyə “ixrac edilməsi” kimi yanlış tendensiya tarixin və xalqın böyük mübarizəsinin
saxtalaşdırılması ilə nəticələnirdi.
Mir Cəlal yaradıcılığının ilk illərindən ömrünün sonunadək hekayə janrına mühüm önəm verdi. Cənubla
bağlı hekayələr onun yaradıcılığında çoxluq təşkil etməsə də, müəllifin mövzuya yanaşma tərzi, bəzən onu
düşündürən problemin əksər bədii əsərlərdə gördüyümüz kimi, hekayənin üst qatında deyil, daha dərin
qatlarında gizləndiyinin şahidi oluruq. Yazıçının “Məşriq” və “Badam ağacları” hekayələri bu baxımdan daha
xarakterikdir. Bu hekayələrdə dili bir, qanı bir, inancı, adət-ənənəsi bir olan xalqın ikiyə bölünməsi dərdini Mir
Cəlal özünəməxsus bir ustalıqla verir. Fikir tariximizdə bu işi ən çox görən ədəbiyyatdır, onun
nümayəndələridir. Məhz Mir Cəlal kimi sənətkarlar bu böyük missiyanı bacardıqları qədər sovet siyasi
rejimində etməyə çalışırdılar. “Məşriq” hekayəsində əli hər yerdən üzülmüş haqqın-ədalətin qıt olduğu, ümidini
yalnız toxuduğu xalçaya bağlayan bir insanın faciəsinin şahidi oluruq.
Yazıçı təhkiyyəsində oxuduğumuz başqa bir fikir isə fars şovinizmindən qidalanan rejimin
Azərbaycan xalqına bəslədiyi qorxu hissini çox qısa və sərrast ifadə etməsidir.