Açar sözlər:Ə.Dəmirçizadə, Azərbaycan dilçiliyi, fonetika, leksika, dil tarixi.
ÜLVİYYƏ İBRAHİMOVA Bakı Dövlət Universiteti (bakalavriat)
ƏBDÜLƏZƏL DƏMİRÇİZADƏNİN ELMİ YARADICILIĞINDA AZƏRBAYCAN DİLİNİN FONETİK VƏ QRAMMATİK QURULUŞU AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbdüləzəl Dəmirçizadə Azərbaycan
dilçiləri arasında geniş elmi maraq dairəsi ilə seçilən alimlərdən biri olmuşdur. O, 1933-cü ildə Bəkir Çobanzadə
tərəfindən aspiranturaya dəvət olunmuş, o vaxtdan etibarən həyatını elmi fəaliyyətə bağlamışdır. Ə.Dəmirçizadə
Azərbaycan dilinin fonetikası, orfoepiyası, orfoqrafiyası, morfologiyası, etimologiyası və üslubiyyatı sahələrinə
dair elmi tədqiqat işləri aparmışdır. 200-dən çox elmi əsərin müəllifi olan alimin yaradıcılığında Azərbaycan
dilinin tarixi problemlərinin tədqiqi də üstünlük təşkil edir. Belə ki, o, Azərbaycan dilçiliyində Azərbaycan
dilinin tarixi sahəsinin yaradıcılarındandır.
Ə.Dəmirçizadə müasir Azərbaycan dilinin fonetika və qrammatikası sahəsində də tanınmış
tədqiqatçılardan biridir. Alimin “Müasir Azərbaycan dili. Cümlə üzvləri”, “Müasir Azərbaycan dilində sadə
cümlələr”, “Müasir Azərbaycan dilinin fonetikası”, “Azərbaycan dili orfoepiyasının əsasları” adlı əsərləri
dilimizin fonetik və qrammatik quruluşunun tədqiqinə həsr olunmuşdur. Müəllifin Azərbaycan dilinin fonetik
quruluşuna aid yazdığı əsərləri arasında “Müasir Azərbaycan dilinin fonetikası” adlı əsəri əsas yer tutur. Əsər
1960-cı ildə çap olunmuş, müəllif sonralar bu əsəri yenidən işləyib təkmilləşdirmiş, “Müasir Azərbaycan dili”
adı altında təkrar çap etdirmişdir. Dövlət mükafatına layiq görülmüş bu kitab Azərbaycan dilinin fonetik
quruluşuna həsr olunmuş ən təkmil və mükəmməl əsərlərdən biridir. Bu əsərdə Azərbaycan dilinin fonetik
quruluşu; saitlər və samitlər, fonetik qanunlar və hadisələr, orfoepiya və orfoqrafiya qaydaları haqqında ətraflı
məlumat verilmişdir.
Ə.Dəmirçizadənin dilçilik fəaliyyətində dilimizin morfoloji quruluşunun tədqiqi nisbətən məhdud yer
tutur. Müəllifin bu sahədəki fikirləri “Azərbaycan dilinin morfologiyası” və “Azərbaycan dilinə aid tədqiqatlar”
adlı kitablarında öz əksini tapmışdır. Dilimizin morfoloji quruluşundan danışarkən, alimin cümlə üzvləri
haqqındakı fikirləri xüsusilə diqqəti cəlb edir. Belə ki, müəllif digər Azərbaycan dilçilərindən fərqli olaraq,
xəbəri cümlənin baş üzvü, mübtədanı konkretləşdirici, tamamlığı ikinci dərəcəli, təyini isə asılı üzv olaraq qeyd
edir. Cümlə üzvlərinin belə bir bölgüsünə və səciyyələndirilməsinə Ə.Dəmirçizadədən başqa heç bir dilçidə rast
gəlinmir. Bundan əlavə, müəllif digər dilçilərin cümlə üzvü olaraq qəbul etmədiyi ara söz, ara cümlə və xitabları
da cümlə üzvləri kimi qəbul edir.
Sonda onu da qeyd edək ki, Ə.Dəmirçizadənin dilçiliyimizin müxtəlif sahələrinə həsr olunmuş əsərləri
bu gün də dilçi alimlər və tələbələr tərəfindən stolüstü kitab kimi istifadə edilir.
Açar sözlər: Ə.Dəmirçizadə, Azərbaycan dili, dil tarixi, fonetika, qrammatika.