BDU-nun Filologiya fakültəsi - 100 53
ƏDƏBİYYATŞÜNASLIQ ƏBÜLFƏZ QULİYEV AMEA-nın müxbir üzvü AMEA-nın Naxçıvan bölməsi
BAKI DÖVLƏT UNİVERSİTETİNİN YARADICILARINDAN BİRİ: MƏHƏMMƏD AĞA ŞAHTAXTLI Bildiyimiz kimi, “Azərbaycan xalqının milli iftixarı və sərvəti Bakı Dövlət Universiteti” (H.Əliyev)
tarixən bütün ali məktəblərimizin bayraqdarı olmuşdur və bu missiyanı bu gün də şərəflə daşımaqdadır.
Xalq cumhuriyyəti (1918-1920) Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutur. Bu cumhuriyyətin çox
dəyərli xidmətlərindən biri Azərbaycanda ilk dəfə Avropa standartlarına uyğun dünyəvi elm ocağının -
universitetin yaradılmasından ibarət olmuşdur. Universitet layihəsinin hazırlanması və parlamentdə müzakirə
olunması və fəaliyyətə başlamasında görkəmli maarifçi ədib, dilçi, naşir Məhəmməd ağa Şahtaxtlının (1846-
1931) da müəyyən fəaliyyəti olmuşdur. O, Avropa mədəniyyətinə yiyələnmiş Qərb dövlətlərində maarifin
inkişafında universitetin böyük rol oynadığını və bu məqsədlə də yeni yaranmış müstəqil dövlətdə
universitetin fəaliyyətə başlamasının çox zəruri olduğunu israrla qeyd edirdi.
Azərbaycan parlamentinin gündəliyində də mühüm yer tutan universitet məsələsinin 1919-cu il
avqustun 21-də müzakirəsi başladı. Parlament müzakirələri sentyabrın 29-da başa çatdı. Parlament yetmiş iki
maddədən ibarət universitet nizamnaməsini qəbul etdi. 1919-cu il sentyabrın 1-də Bakı Universiteti haqqında
qanun, sentyabrın 29-da isə nizamnaməsi təsdiq olundu.
10 noyabr tarixində universitetin ilk elmi şurası keçirildi,burada universitetin professor- müəllim
heyəti təsdiq olundu. 44 müəllimdən ibarət olan bu heyətdə 9 azərbaycanlının adına rast gəlirik. Bu siyahıda
dosent əvəzi kimi M.Şahtaxtlının da adı qeyd olunmuşdur. Onu da qeyd edək ki, qocaman alim özü də bu
universitetin demək olar ki, ilk azərbaycanlı professoru olmuş və orada milliləşdirmə işinin həyata
keçirilməsinə, azərbaycanlı kadrların işə cəlb olunmasına var qüvvəsi ilə çalışmışdır. Görkəmli ziyalı,
pedaqoq bu təhsil ocağında təhsilimizin inkişafına, milli kadrların hazırlanmasına önəmli töhfə vermişdir.
Doğrudur, onun milli mübarizəsi Rusiyadan gəlmiş universitet rəhbərliyinin müqaviməti ilə
qarşılaşmışdır. Lakin Məhəmməd ağa Şahtaxtlı öz milli mübarizəsindən geri çəkilməmişdir. Məsələn, arxiv
sənədlərindən bəlli olur ki, universitetdə ərəb-fars dillərini tədris edən Məhəmməd ağa Şahtaxtlı fakültə
şurasının iclasında Şərq dilləri üzrə türk dilindən dərs deməyə yerli azərbaycanlı müəllimlər dəvət etməyi
təklif edir. Digər bir iclasda alim fakültədəki müsəlmanların tarixini, mədəniyyətini birtərəfli şəkildə
işıqlandıran rus alimlərinin mövqeyini, mövcud tədris planını tənqid edərək göstərirdi ki, fakültə
müsəlmanlığı təhqir edir. M.Şahtaxtlı bir məqaləsində (Darulfunun nə halətdə, ”İttihad” qəz. 1920, 11 mart)
universitetdə ruslaşdırma siyasətini, professor-xidmətçi heyətin ruslardan təşkil olunmasını, kadr hazırlığı
işinin elmi dərəcəsi, peşəkarlıq səviyyəsi olmayan müəllimlərə tapşırılmasını, Azərbaycan dili dərslərinin
cədvələ salınmamasını, tədris planına daxil edilməməsini kəskin şəkildə tənqid etmişdi.