3. Gön ayaqqabıların keyfiyyətinin saxlanmasına kömək edən amillər və onların ekspertizası
Ayaqqabı mallarının keyfiyyətinin qorunub saxlanılmasında onların standart tələbinə uyğun qablaşdırılması, markalanması, daşınması və saxlanması xüsusi əhəmiyyət kəsb edir. Məlum olduğu kimi daşınma və saxlanma rejiminin pozulması nəticəsində ayaqqabı məmulatları istehlak xassələrini əhəmiyyətli dərəcədə itirə bilər.
Gön ayaqqabılara vurulan marka məmulat haqqında ətraflı məlumat verməlidir. Onlara məxsus olan spesifik xüsusiyyətlər markada göstərilməlidir.
Gön ayaqaqqabılara vurulan marka aydın olmaqla ayaqqabıların xarici görünüşünü pisləşdirməməli, daha doğrusu məmulatın esterik xassəsinə xələl gətirməməli, əksinə ona müəyyən dərəcədə gözəllik verməlidir. Gön ayaqaqqabıların üzəngi hissəsində ayaqqabının ölçüsü, doluluğu və pərakəndə satış qiyməti göstərilir.
Markalanma zamanı ölçü, doluluq, artikul, buraxılma tarixi, , fason, sort, standart yaxud texniki şərtin nömrəsi və s. botinka, yarımbotinka və tuflilərdə silinməyən boyaqlarla məmulatın hər bir tayının yan hissəsinin yuxarısına vurulur. Bu məmulatlar uzunboğaz ayaqqabılarda boğaz hissədə göstərilir.
Model ayaqqabılarda bu məlumatlar qızılı, yaxud gümüşü boyaqla içliyə vurulur.
Gön ayaqqabıların astarı toxuculuq materiallarından, yaxud xəzdən olarsa, onda marka məlumatları lentə köçürülür və ayaqqabıya tikilir.
Gön ayaqqabıların qablaşdırıldığı qutunun etiketkasında istehsal müəssisəsinin tabe olduğu təşkilatın, müəssisənin adı və yerləşdiyi yer, artikul, model (model ayaqqabılarda), ölçü, doluluq, rəng, sort, buraxılma tarixi, standartın yaxud texniki şərtin nömrəsi göstərilir. Ayaqqabı qablaşdırılmış yeşiklərə yapışdırılmış yarlıqlarda da məlumatlar göstərilir.
Gön ayaqqabıların standartın tələbinə uyğun qablaşdırılması hazır ayaqqabıların keyfiyyətinə təsir edən mühüm amillərdən biridir. Ayaqqabıların düzgün qablaşdırılması daşınma və saxlanma əməliyyatı üçün də vacibdir və ayaqqabıların keyfiyyətinin saxlanılmasında böyük rol oynayır.
Qablaşdırılma üçün karton qutulardan, kombinələşdirilmiş ağac və karton yeşiklərdən istifadə edilir. Gön ayaqqabılar üçün ilk növbədə qablaşdırıcı material kimi karton qutular işlədilir. Lakin az deformasiya olunan (yuft, idman və istehsalat) ayaqqabılar qutusuz halda bilavasitə ağac yeşiklərə qablaşdırılır. Bundan fərqli olaraq yüngül və zərif ayaqqabılar yumşaq kağızlara bükülmüş halda qutularda yerləşdirilir.
Ayaqqabı qutuları sıx kartonlardan – ayaqqabıların ölçüsünə uyğun olaraq hazırlanmalıdır. Ayaqqabılar qutulara cüt halda qablaşdırılır.
Model ayaqqabılar bir qayda olaraq ağ, yaxud rəngli kartonlardan hazırlanmış qutularda qablaşdırılmalıdır. Ayaqqabı qablaşdırılmış qutuların üzərində malın nişanı, müəssisənin adı və onun yerləşdiyi yer, artikul, fason, model, ölçü, doluluq, rəng, sort, standart yaxud texniki şərtin nömrəsi, ayaqqabı cütünün pərakəndə satış qiyməti və s. göstərilir.
Gön ayaqqabıların markalanması, qablaşdırılması və daşınması qaydası DÜİST – 7296-68-ə əsasən aparılır.
Gön ayaqqabıların daşınmasını elə təşkil etmək lazımdır ki, daşınma zamanı ayaqqabı məmulatları istehlakçılar üçün zəruri olan keyfiyyət göstəricilərini itirməsin.
Karton qutulara qablaşdırılmış bu ayaqqabılar şəhər daxilində örtülü maşınlarda daşınır. Ayaqqabılar şəhərlərarası dəmiryolu, çay və dəniz nəqliyyatları vasitəsilə daşınarkən hökmən yeşiklərdən istifadə olunmalıdır.
Hazırda konteynerin geniş tətbiqi ilə əlaqədar olaraq ayaqqabı mallarının əksəriyyəti uzaq məsafələrə konteynerlər vasitəsilə daşınır.
Gön ayaqqabıların standartın tələbinə uyğun saxlanmaması nəticəsində ayaqqabı tamamilə yararsız hala düşə bilər.
Ayaqqabılar quru binalarda atmosfer təsirindən mühafizə edilməklə saxlnılmalıdır. Ayaqqabıların saxlndığı anbar binalarında havanın nisbi rütubəti və temperaturu standartın tələbinə uyğun olmalıdır. Anbar binalarında nisbi rütubətin 50-60% və temperaturunun 12-18ºS olması tələbə uyğundur.
Anbar binalarında nisbi rütubətin səviyyəsi yuxarı olduqda ayaqqabıların hiqroskopik materiallardan hazırlanmış hissələri öz ölçüsünü dəyişir, bundan başqa bərkidici metal hissələr və furnituralar korroziyaya uğrayır. Belə ki, standartın tələblərinə əməl edilmədikdə gön ayaqqabıların kazein örtüyü kiflənir, xarici görünüşü pisləşir və mexaniki xassələri zəifləyir. Bu da gön ayaqqabların estetik xassələrinə mənfi təsir göstərir.
Rütubətçəkmə nəticəsində ayaqqabılarda istifadə edilən toxuculuq materialları sürətlə kiflənir, çürümə baş verir və boyaq öz əvvəlki rəngini itirir.
Ayaqqabı saxlanılan anbar binasının əsas avadanlığı qəfəslərdir. Qəfəslər anbarın divarından 0,2 m məsafədə yerləşdirilməlidir. Əks halda hava cərəyan edə bilməz və ayaqqabıları nəmdən mühafizə etmək çətin olar. Qəfəsənin aşağı rəfi döşəmədən 0,2 m məsafədə olmalıdır. Ayaqqabı işıqlandırıcıdan 0,5 m və qızdırıcı cihazdan 1m aralı yerləşdirilməlidir.
Standartın tələbinə görə ayaqqabılar qəfəsəyə qutuda yığılır. Ayaqqabı yerləşdirilmiş qutular
Qutuya qablaşdırılması nəzərdə tutulmayan ayaqqabılar (meşin ayaqqabılar,xrom uzunboğaz çəkmələr, istehsalat ayaqqabıları) qutusuz saxlanılır. Meşin çəkmələri elə yığırlar ki, bir tayının burnu o biri tayının boğazının altında dursun, bu ayaqqabılar qəfəslərə iki cərgə, üst-üstə, altı cüt hündürlükdə düzülür. Bu zaman ayaqqabıların əzilməməsi üçün hər bir cərgənin arasına karton sərilir.
Gön ayaqqabılar uzun müddət saxlanılarsa, onların vəziyyətini azı ayda bir dəfə yoxlamaq zəruridir.
Dostları ilə paylaş: |