Qu = Pbq / Pb •100
Mövzu 17. Gön ayaqqabılarının keyfiyyətinə verilən tələblər, keyfiyyət göstəriciləri və keyfiyyətinin ekspertizası
Plan:
1. Ayaqqabıların keyfiyyətinə verilən tələblər
2. Gön ayaqqabılarının ekspertizasının növləri və aparılması qaydası
3. Gön ayaqqabıların keyfiyyətinin saxlanmasına kömək edən amillər və onların ekspertizası
1. Ayaqqabıların keyfiyyətinə verilən tələblər
Hər bir ayaqqabı növünə qarşı ümumi tələblər qoyulur. Ayaqqabılara qoyulan ümumi tələblər birinci növbədə onun təyinatı, istehlak şəraitinin müxtəlifliyi, geyilməsi, mövsümü və s. amillərlə sıx surətdə bağlıdır.
Ayaqqabının əsas vəzifəsi insan ayağını xarici təsirlərdən, yəni rütubətdən, aşağı və yuxarı temperaturdan, mexaniki zədələnmələrdən, elektrik təsirlərindən, ziyanverici həşəratların təsirindən qorumaqdan, habelə insan ayağının normal rahatlığını, hərəkət funksiyasını təmin etməkdən ibarətdir.
Bütün bunların hamısı birlikdə ayaqqabıların funksional tələblərini təşkil edir ki, bu da öz növbəsində erqonomik, gigiyenik və estetik tələblərlə xarakterizə edilir.
Erqonomik tələblər dedikdə, hər bir növ ayaqqabının konstruksiyasının insan ayağının anatomik quruluşuna uyğunluğu, onun insanın antropometrik və fizioloji bədən xüsusiyyətlərinə tam cavab verməsi və uyğunlaşması başa düşülür.
Antropometrik göstəricilər ayaqqabının insan ayağına bütün əlamətlər üzrə uyğun gəlməsi ilə xarakterizə edilir. Hər bir ayaqqabı fomasına, konstruksiyfasına, ölçülərinə görə insan ayağının anatomik quruluşuna uyğun gəlməlidir.
Məlumdur ki, insan yeriyərkən, yüyürərkən, tullanarkən onun ayağı ölçücə dəyişir. Məsələn, maksimum qatlanma zamanı ayağın barmaq dəsti hissəsində 6- 8% normadan artıq genişlənmə baş verir. Bunun nəticəsində ayaqqabının üz detallarında hiss edilən dərəcədə dəyişiklik yaranır.
Ayaqqabının konstruksiyası səmərəli olmaqla bərabər istehlak zamanı lazımi rahatlığı təmin etməli, ayağa geyilən zaman heç bir çətinlik yaratmamalı, ayaqda etibarlı durmalı və ayaqqabının hissələri istənilən tələblərə cavab verməlidir.
Fizioloji göstəricilər dedikdə, ayaqqabı geyilən zaman onun insanın normal təzyiqinə davam gətirməsi, ayaqqabı tərəfindən ayağın dərisinə təsir edə biləcək
artıq qüvvənin olmaması başa düşülür. Hər bir cüt ayaqqabıdan tələb edilir ki, o geyilən zaman ayağın barmaq dəsti nahiyəsində müəyyən elastikliyi təmin edə bilsin.
Əks halda insan yeriyən zaman barmaq dəstindən ayağın qatlanması üçün artıq qüvvə tələb edilir ki, bu da insanın tez yorulmasına səbəb olur.
Gigiyenik tələblər ayaqqabı daxilində insan ayağının normal fəaliyyəti üçün lazımi mikroiqlim mühitinin yaradılması ilə xarakterizə edilir. Normal temperatur şəraitində ayağın üst səthində temperatur müsbət 19-33ºC arasında olmalıdır.
Temperaturanın +33ºC –dən artıq olması ayağın qızmasını və +18ºC-dən aşağı olması ilə ayağın soyumasına, ayaqda bəzi ağrıların və qorxulu xəstəliklərin yaranmasına səbəb olur.
Bu nöqteyi-nəzərdən isti sexlərdə və rayonlarda geyilən ayaqqabılar insan ayağının göstərilən normadan artıq qızmasına imkan verməməlidir. Deməli, daha səmərəli göstəriciyə malik olan ayaqqabı yaxşı istilik saxlama xassəsinə cavab verməlidir.
Məlum olduğu kimi, insanın həyat fəaliyyəti prosesində onun bədənindən, o cümlədən ayağından fasiləsiz olaraq rütubət və tər ayrılır. Normal iqlim şəraitində bu göstərici bir saat ərzində 0,5-1,5 mq-a çata bilir.
Lakin temperatur 30ºC-dən yuxarı olduqda, habelə intensiv iş şəratində bu göstərici 1 saat ərzində 6-8 mq-a çata bilir. Odur ki, ayaqdan ayrılan tər ayaqqabı materialları tərəfindən sorulmalı və xarici mühitə ötürülməlidir. Hər bir ayaqqabı materialları lazımi hiqroskopikliyə, buxar keçirməyə, rütubət götürməyə, özündən rütubəti ətraf mühitə ötürmək kimi vacib xassələrə malik olmalıdır.
Estetik tələblər gön-ayaqqabıların keyfiyyətinə qoyulan ən vacib istehlak xassələrindən birisi sayılır. Çünki, ayaqqabı insan geyiminin ansamblına daxil olan əsas geyim növlərindən birisi sayılmaqla, nəinki bir ayaqqabı kimi öz funksiyasını yerinə yetirməlidir, eyni zamanda əksəriyyət hallarda insanın estetik tələblərinin ödənilməsinə də xidmət etməlidir.
Texniki-iqtisadi tələblər də öz növbəsində gön-ayaqqabıların keyfiyyətinə qoyulan ümumi tələblər sırasına daxil olub öz növbəsində bir neçə amillərdən asılıdır. Ayaqqabının istehsalı zamanı yüksək məhsuldarlıq təmin edilməli, ayaqqabı üçün seçilmiş konstruksiya, model iqtisadi cəhətdən səmərəli olmalıdır.
Ayaqqabının hazırlanmasına az material sərf olunmalı, üzlük detallarının formaya salınması, unifikasiya dərəcəsi texniki- iqtisadi cəhətdən səmərəli olmalıdır.
Gön ayaqqabıların keyfiyyətinə qarşı qoyulan ümumi tələblər eyni zamanda onların ayrı-ayrı qruplarından, tiplərindən, geyilmə şəraitindən, habelə cins-yaş xüsusiyyətlərindən asılıdır.
Gön ayaqqabıların istehlak xassələri dedikdə, məmulatın hazırlanması, istehalkı və saxlanması zamanı meydana çıxan obyektiv xüsusiyyətlər başa düşülməlidir.
Ayaqqabının keyfiyyəti dedikdə, elə xassələrin cəmi başa düşülür ki, bunlar ayaqqabının təyinatından asılı olaraq müəyyən istehlak tələblərini ödəmək qabiliyyətinə malikdir.
Bildiyimiz kimi, ayaqqabı müxtəlif xassəli xam materiallardan tikilərək öz aralarında müxtəlif üsullarda birləşdirilmiş ayrı-ayrı detal və qovşaqlardan təşkil edilmişdir. Buna görə də ayaqqabıların xassələrinin öyrənilməsi çox mürəkkəbdir. Odur ki, hər bir xassə bir çox amillərdən asılı olduğundan hər bir amilin ayrılıqda və yaxud da birlikdə məmulatın xassə göstəricilərinə təsir dərəcəsini dəqiqləşdirmək çox vaxt çətin olur.
Gön ayaqqabıların xassələrinin dəqiq təsnifatı, keyfiyyətin idarə edilməsi üzrə qəbul edilmiş standartlarda göstərilən qruplaşdırma kimi hələlik tam qaydada təkmilləşdirilməməişdir. Bu və ya digər növ ayaqqabıların xassələri istehlak zamanı meydana çıxdığından xassələr bir-biri ilə o qədər qarşılıqlı əlaqədardır ki, onların təsnifatı da yalnız şərti xarakter daşıyır.
Gön-ayaqqabıların xassələrinə – erqonomik, gigiyenik, uzunömürlülük, təmirə yararlılıq, estetik, texniki-iqtisadi xassələr aiddir.
Erqonomik xassələr insan məmulat-mühit sisteminin qarşılıqlı təsirini xarakterizə edir. Burada insan istehlakçı rolunda çıxış edir. Erqonomik xassələr işləyən, yaxud istirahət edən adama və istehlak edilən məmulata təsir edən bütün amilləri özündə cəmləşdirir.
Məlumdur ki, həm istismar zamanı xarici mühit və həm də ayaqqabının özü insan pəncəsinə və onun əhval-ruhiyyəsinə müəyyən dərəcədə təsir göstərir. Erqonomik xassə antropometrik və fizioloji xassə yarımqruplarına bölünür.
Ayaqqabının antropometrik xassə göstəricilərinə ayaqqabının ölçüsü, doluluğu, forması, bərk dabandalı detalının hündürlüyü, yan və boğaz hissəsinin eni, dabanının hündürlüyü və s. daxildir.
Bunların əhəmiyyətli cəhətləri pəncənin ölçü nişanələrini və ayaqqabını təcrübəvi qaydada ölçməklə alınan nəticələri təhlil etməklə dəqiqləşdirilir. Ölçü nişanələrindən bir qismi pəncənin ölçüsü, ayaqqabının burun hissəsinin forması kimi ölçülər ayaqqabı qəliblərinə dair Dövlət standartları ilə normallaşdırılır.
Ayaqqabının ölçüsü və forması saxlanma və geyilmə zamanı müəyyən dəyişikliklərə məruz qalır. Belə ki, ayaqqabı qəlibdən çıxarıldıqdan sonra islanma və quruma nəticəsində istehlak zamanı pəncədə yaranan təzyiq təsirindən ayaqqabının forması və ölçüsü dəyişilə bilər.
Satış prosesində ayaqqabı fopmasının uyğunluğu ayağı bir neçə yerindən ölçməklə təyin edilir. Laboratoriya şəratində bu məqsədlə tenzometriyaya əsaslanan bir sıra xüsusi metodlardan istifadə edilir.
Fizioloji xassələr ayaqqabının insanın fizioloji imkanlarına uyğunluğunu xarakterizə edir. Buraya ayaqqabının çəkisi, elastikliyi, pəncə əzələlərində əlavə təzyiqin yaranması, alt detalının amortizasiya qabiliyyəti, fraksion xassələr daxildir.
Ayaqqabının çəkisi. Ayaqqabının çəkisi onun gigiyenik xassələrinə də müəyyən dərəcədə təsir göstərir. Belə ki, çəki göstəricisi ayaqabının geyilməsi zamanı, həm onun rahatlığına, həm də insanın yorulmasına həlledici surətdə təsir edir.
Bundan əlavə ağır çəkili ayaqqabıda yeriyərkən həddən artıq qüvvə sərf edilir. Odur ki, hər bir ayaqqabı kompleks xassələrə malik olmaqla minimum çəki göstəricisinə cavab verməlidir. Bəzi hallarda yüksək kütləyə malik olması birinci növbədə onun istismar şəratinin spesifik xüsusiyyətlərindən asılıdır.
Belə ayaqqabılara trampilindən tullananlar, xizəkdə sürüşənlər və s. üçün ayaqqabıları misal göstərmək olar. Ayaqqabının çəkisi materiallardan, detalların qalınlığından, metal bərkidicilərnin miqdarından da çox asılıdır.
Gön ayaqqabılarının ən çox tez-tez dəyişən xassələrindən birisi ayaqqabının çəkisidir. Hər bir tay ayaqqabının çəkisini dəqiq olaraq tərəzidə çəkməklə təyin edirlər. Kiçik ölçülü və yüngül ayaqqabılar üçün hər bir tayının çəki göstəricisi 0,5-dən 0,2 kq-a yuftdan olan çəkilər üçün isə bu göstərici 1,0-1,2 kq-a çata bilir.
Yuxarıda göstərildiyi kimi ayaqqabının çəkisinin öçüsündən əlavə, alt materialının növü, ayaqqabının konstruksiyası və hazırlanması texnologiyası da əsaslı təsir göstərir. Eyni qrupa və növə aid olan ayaqqabının üz materialının xassəsindən asılı olaraq ayaqqabının çəkisinin dəyişilməsi təsadüfi haldır.
Belə ki, eyni tip ayaqqabıda üzünün konstruksiyası demək olar ki, eynidir, lakin üz materiallarının qalınlığı və sıxlığı az olsa da fərqlənə bilir. Yuft ayaqqablarından başqa qalan ayaqqabıların üz detallarının çəkisi ayaqqabının ümumi çəkisinin 15 – 80%-ə qədərini təşkil edir.
Lakin yuft çəkmələrində bu göstərici 40% və bəzən isə bundan çox olur. Odur ki, zaqatovka detallarının çəkisinin azaldılması yolu ilə ayaqqabının çəkisini azaltmaq mümkündür.
Ayaqqabının çəkisinə təsir edən əsas amillərdən biri onun konstruksiya xüsusiyyəti və altı üçün lazımi materialın seçilməsidir. Konstruksiyasından və alt materialının üzünə bərkidilməsi üsulundan asılı olaraq ayaqqabının çəkisinin dəyişməsi həqiqi haldır. Çünki burada müxtəlif qalınlıqda ayaqqabı materialından istifadə edildiyi üçün ayaqqabının ümumi çəkisinə təsir edən detallara altlıq, içlik və daban detalları aiddir.
Belə ki, ayaqqabının növündən asıllı olaraq onun altlığı ayaqqabının ümumi çəkisinin 15 – 40%-ə qədərini, dabanı isə 8 – 30 və iç detalı isə 12 – 20%-ə qədərini təşkil edə bilir.
Məlumatlar göstərir ki, ən çox ağır çəkiyə malik bərkidilmə üsulu vint-mıx üsulu sayılır. Bu növ bərkidilmə üsulunun ayaqqabının ümumi çəkisinə təsiri ayaqqabı istehsalında alt materialının üzünə bərkidilməsi üçün vint və mıxlardan istifadə edilməsi hesabına deyil, eyni zamanda digər detalların dartılıb içlik və altlıq materialına bərkidilməsində istifadə olunan qarmaqlar və sancaqlar hesabına da ola bilir.
Bundan başqa bu üsul zamanı qalın içlik və altlıq materialından istifadə edilməlidir ki, alınan bərkidilmə lazımi davamlığa malik olsun. Məmulatlardan göündüyü kimi, içlik detalının 3 – 3,5 mm-dən və altlıq isə 5 mm-dən az olmaması bu üsulla lazımi bərkidilmə davamlılığı yarada bilməz.
Bundan əlavə, vint-mıx üsulu ilə bərkidilmə alt material kimi məsaməli rezindən istifadə edilə bilmədiyindən ayaqqabının çəkisi də ağırlaşır. Habelə alt rezindən olan mıx-vint üsulu ilə bərkidilən ayaqqabılarda əlavə olaraq gön qatından içlik detalı kimi istifadə edildiyindən ayaqqabının çəkisi bir o qədər də ağırlaşa bilir.
Nisbətən yüngül çəkili ayaqqabılar yapışqan üsulu ilə altı üzünə bərkidilən ayaqqabılar hesab olunur. Çünki belə ayaqqabılarda metal bərkidicilərindən çox az istifadə edildiyindən ayaqqabıların yapışqan tikişinin davamlılığı altlıq materialının qalınlığından asılı deyildir.
Rant üsulu ilə bərkidilən ayaqqabılar çəki göstəricisinə görə vint-mıx, yapışqan üsuulu ilə bərkidilən ayaqqabılar içərisində aralıq vəziyyəti təşkil edir. Içlik detalı olmayan ayaqqabılar ən yüngül çəkili ayaqqabılardır. Bütün bu yuxarıda göstərilənlərdən aydın olur ki, ayaqqabılarının çəkisinin azaldılmasının ən əsas amillərindən birisi onların hazırlanmasına sərf edilən materialların qalınlığının azaldılması imkanıdır.
Ümumiyyətlə, ayaqqabıların çəki göstəriciləri standart üzrə normallaşdırılır. Bü cür normalar ayaqqabının növünə, üz materialına, yaş-cins təyinatına, bərkidilmə üsuluna, alt materialının növünə və s. görə diferensiallaşdırılır.
Belə ki, qadın üçün boğazı kirzadan və altı rezindən olan yuft uzunboğaz ayyaqqabıların bir tayının çəkisi 700 q-dan, alçaq davamlı içi istiləşdirilmiş xrom gönündən olanlarınkı 450 q-dan, alçaq dabanlı xrom tufliləri üçün isə 240 q-dan çox olmamalıdır.
Ayaqqabının çəkisini hər bir tayını əvvəlcədən, normal temperatur və nisbi rütubətdə müəyyən vaxt saxlayıb tərəzidə 0,1 q dəqiqliyə qədər çəkməklə təyin edirlər.
Ayaqqabının elastikliyi kompleks xassələr içərisində özünə məxsus yer tutmaqla fizioloji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir. Bu göstərici ayaqqabının geyilməsi zamanı insan üçün rahatlığı təmin edir. Bir qayda olaraq qaba xassəli ayaqqabılar həddən artıq enerji sərfinə səbəb olmaqla əzələlərin vaxtından əvvəl yorulmasına şərait yaradır ki, bu da istehlak üçün mənfi haldır.
Son vaxtlar əhalinin yüngül və elastik xassəli ayaqqabılara tələbatının artması ilə əlaqədar olaraq ayaqqabıların elastikliyi məsələsi vacib bir problem kimi qarşıya qoyulmuşdur. Bununla əlaqədar olaraq gön ayaqqabıların elastikliyi haqqında çoxlu elmi-tədqiqat işləri aparılmışdır.
Ayaqqabının elastikliyi öz növbəsində bir neçə amillərdən, o cümlədən, alt materialının növündən və xassələrindən, içlik, aralıq və digər detalların qabalığından, altının üzünə bərkidilməsi üsulundan, qalın formalı platformadan, təbəqəli altlıqdan və s. istifadə etmədən çox asılıdır.
Məlumdur ki, ayaqqpabının qatlanması zamanı altlıq və içlik detalının ayaqqabının izi istiqamətində dartılma və sıxılması baş verir. Belə halda qaba altlıq xassəli gönün köndələn istiqamətdə sıxılmaya qarşı davalılığı uzanmaya qarşı davamlılığından demək olar ki, 10 dəfə çoxdur.
Deməli, ayaqqabının elastikliyi onda içlik detalından istifadə edilib edilməməsindən çox asılıdır. Ayaqqabının içliyi üçün nisbətən yümşaq, hiqroskopik xassəli; elastiki materiallardan, o cümlədən karton, parça və gön materiallarından istifadə edilir.
Ən yaxşı ealstikliyə malik olan ayaqqabılara içliyi olmayan ayaqqabılar aiddir. Belə ki, içliyi olmayan ayaqqabının qatlanmasına sərf edilən qüvvə digər ayaqqabılara nisbətən az olur.
Ayaqqabının elastikliyinə təsir edən əsas amillərdən birisi onun alt materialının növü və xassəsidir. Belə ki, ayaqqabıda gön altlığının məsaməsiz rezinlə əvəz olunması nəticəsində ayaqqabının qatlanmasına sərf edilən qüvvə kəskin azalır. Hətta alt materialı məsaməli rezindən olduqda ayaqqabının qabalığı daha da azalır.
Amortizasiya xassələri dedikdə insan gəzərkən məruz qaldığı zərbə təsirlərinin ayaqqabının alt materialı tərəfindən zəifləndirilməsi qabiliyyəti başa düşülür.
Ayaqqabının amotizasiya qabiliyyəti nə qədər yaxşı olarsa dayaq səthinə düşən təzyiqin səviyyəsi də bir o qədər az olar, pəncəyə güc az düşər və hərəkət proseində insanda yorğunlaşma da az olar.
Friksion xassələr. Ayaqqabının dayaq səthində sürüşkənliyin olub-olmaması ilə xarakterizə edilir. Sürüşkənlik hərəkət zamanı yorğunluğun meydana çıxmasına güclü təsir göstərir. Ayaqqabı materialının yerlə ilişmə qabiliyyəti alt materiallarının növündən, yer süxurunun növündən, altlıq detalının rasional çoturlaşdırılmasından, dabanın dayaq səthindən və s. çox asılıdır.
Ayaqqabının gigiyenik xassələrinə istisaxlama, rütubətdən mühafizəetmə, rütubəti və qazı mübadilə etmə, ayaqqabı materiallarından zərərli maddələrin ayrılmaması və elekto-fiziki xassələr aiddir.
Müvafiq standartlarda ayaqqabının ilkin formasını saxlaması burun hissəni və dabandalı detalının bərkliyi üzrə normallaşdırılır.
Istehlak və saxlama prosesində ayaqqabı materilalarının öz tərtibatını saxlamasını orqanoleptik və bəzi hallarda isə müəyyən cihazlar vasitəsilə onun parlaqlığını və rəngini ölçməklə qiymətləndirirlər.
Ayaqqabının təmirə yararlılığı. Ayaqqabının təmirə yararlığı təmirə daha çox ehtiyacı olan altlıq və daban hissələrinin bərkidilməsi ilə xaratkreizə olunur.
Məlum olduğu kimi, ayaqqabı təkcə insan geyimi ansamblı içərisində yararlılıq vəzifəsini yerinə yetirmir, həm də adamların estetik tələbatının ödənilməsinə xüsusi yer göstərir. Bu xassələr ayaqqabının kompozisiya bütövlüyü, fasonu və modelinin orijinallığı və s. göstəricilərlə xarakterizə olunur.
Ayaqqabının estetik xassələrinə həmçinin qəlibin hazırlanmasının və məmulatın markalanmasının da böyük təsiri vardır.
DÜIST və texniki şərtlər ayaqqabının estetik xassələrinə verilən yalnız bəzi tələbləri özündə əks etdirir. Bunlara misal olaraq astar və üz detallarının kənarlarının emal edilməsi səviyyəsi, altlığın, dabanının üz tərəfinin emal edilməsi, ayaqqabının hər bir tayının rəngi və naxışlarının eyni olması, istifadə edilən furnitura, qaytan və tikiş saplarının ayaqqabının bəzəyinə və üz detallarının rənginə uyğunluğunu göstərmək olar.
Mütəxəssis-ekspertlər məmulatların istehlak xassələrini orta ekspert bal sistemi ilə qiymətləndirirlər. Bütün bədii-estetik göstəricilər üçün 40 balla şkala təklif edilmişdir.
Ayaqqabıların texniki iqtisadi göstəricilərinə sərf edilən əmək tutumu, material və texnoloji avadanlıq sərfi, standartlaşdırılmış detallardan istifadə edilmə dərəcəsi, ayaqqabıların hazırlanmasına və istehsalına sərf edilən xərclər aiddir.
Dostları ilə paylaş: |