Keyfiyyət şərtləri. Prokat – profil materialları o zaman keyfiyyətli sayılır ki, ölçüsü standarta müvafiq olsun, ucları düz kəsilmiş olsun, səthində çat, düyün, pərdə, qabarıq və şlak qatışığı olmasın.
Sortlu poladın uclarında qopuq çatlar olmamalı və polad çubuqları öz oxunun ətrafında eşilməməlidir.
Vərəq poladı. Təsərrüfatda tətbiq edilən vərəq poladı dam üstü poladından və tənəkədən ibarətdir.
Dam üstü poladı yayma vasitəsilə alınan polad vərəqlərindən ibarətdir. Bu vərəqin qalınlığı 0,38-dən 0,82 mm-ə qədər və standart üzrə əsas ölçüsü isə 1420x710 mm təşkil edir. Bu ölçüdən xırda vərəqlərə standartsız vərəqlər deyilir. Dam üstü poladının bir vərəqinin çəkisi 3-dən 6,5 kq-a qədər olur, lakin ən çox yayılan çəki 3,5-4,0 kq-dır.
Səthinin tamamlanmasına görə dam üstü poladı ya qara ya da sinklənmiş olur. Qara vərəqlər yumşaltma əməliyyatından keçirilir və səthinə heç bir örtük çəkilmir, sinklənmiş vərəqlərə isti üsulda sink çəkilir.
Keyfiyyətcə dam üstü poladı 1-ci, 2-ci və 3-cü sorta ayrılır. Dam üstü poladının sortu vərəqin səthindəki qüsurlara görə müəyyənləşdirilir. Məsələn, burada narın vərəqin içinə keçməmiş torpağın olması, çopurluq, kənarların qalınlığı, qabarcıqlar, ucların qatlanması, yaxud qopması, dalğalıqlar, yaxud büzüşmələr nəzərə alınır.
Qara dam üstü vərəqləri düzgün doğranmalı və düzbucaq formasında olmalıdır. Vərəqlərin səthi düz, hamar, qəlpəsinin pərdəsi sıx, çatsız, passız, ləkəsiz və pərdəsiz olmalıdır. Vərəq poladı iki dəfə qatlanıb döyülməyə davam gətirməli və burada nə çatlamalı nə də qopmalıdır.
Sinklənmiş dam üstü poladın vərəqləri düzgün kəsilmiş və düzbucaq formada olmalıdır. Bunların sink örtüyü bir qaydada sürtülmüş, hər yerinə yayılmış, hamar, tünd ləkəsiz, passız, yaxud səpgisiz və axıntısız olmalıdır.
Dostları ilə paylaş: |