Robert Kox (1843-1910) Mikrobiologiya elminin əsas banilərindən biri,
dünya bakteriologiya elminin yaradıcısı, professor,
Nobel mükafatı laureatı, dünya şöhrətli, məşhur alman
alimi Robert Koxun biologiya, təbabət və baytarlıq
təbabəti elmlərinin inkişafında müstəsna xidmətləri
olmuşdur. O, 1866-cı ildə Cettingen Universitetini
bitirərək, 1872-ci ildə Volşteyn şəhərində sanitar
həkimi vəzifəsində işləmiş və primitiv laborotoriya
təşkil edərək qarayaranın sporları ilə ağ siçanları yoluxdurmuş, ilk dəfə olaraq
mikroorqanizmləri yetişdirmək üçün bərk qida mühitindən (jelatin və buğanın
qan serumundan ibarət) istifadə olunmasını təklif etmişdir. Alim 1878-ci ildə
yara infeksiyalarının etiologiyası haqqında ilk elmi əsərini dərc etdirərək burada
Henle-Kox üçlüyünü – triadasını ətraflı şərh etmişdir. Bu triadanın başlıca
müddəaları – bakterioskopiya, mikroorqanizmlərin süni qida mühitlərində
yetişdirilməsi və bioloji sınağın qoyulmasından ibarətdir. R.Koxun ən böyük
xidmətlərindən biri də 1882-ci ildə vərəmin, sonralar isə vəbanın (1884)
törədicisini kəşf etməsidir. O, Berlində təşkil edilən R.Kox adına İnfeksion
Xəstəliklər İnstitutunun ilk direktoru olmuş (1891-1904) və burada fundamental
elmi – tədqiqat işləri aparmışdır. Alimin təşəbbüsü ilə bakterioloji texnikada ilk
dəfə olaraq anilin boyalarından, immersiya (yağ) sistemindən və Abbe
kondensatorundan istifadə olunmuş və diaqnostiki tuberkulin preparatı
hazırlanmışdır. R.Kox dünya bakterioloqlar məktəbinin banisi olmaqla böyük
bakterioloqlar ordusu yaratmışdır (E. Berinq, F.Lefler, R.Pfeyfer və b.). Alimin
ən böyük səhvi İ.İ.Meçnikovun kəşflərini, xüsusilə faqositoz təlimini tamamilə
inkar etməsi və onunla heç bir elmi əməkdaşlığa razılıq verməməsi olmuşdur.