Baytarlıq haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu qanun Azərbaycan Respublikasında baytarlıq fəaliyyətinin hüquqi və təşkilati əsaslarını müəyyən edir,
ölkənin baytarlıq (baytarlıq-sanitariya) sağlamlığını, dövlət baytarlıq nəzarətində olan yüklərin
təhlükəsizliyini, əhalinin heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən mühafizəsini təmin edən
subyektlər arasındakı münasibətləri tənzimləyir.
I fəsil. Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. baytarlıq—heyvan (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) xəstəliklərinin
qarşısının alınması, insan sağlamlığı üçün yararlı və təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı,
habelə əhalinin heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən mühafizəsi sahəsində elmi, praktiki
və təşkilati tədbirlər sistemi;
1.0.2. baytarlıq fəaliyyəti—qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlığın idarə edilməsi,
baytarlıq nəzarəti, təbabəti və əczaçılığı sahəsində həyata keçirilən fəaliyyət növü;
1.0.3. baytarlıq təbabəti—heyvan xəstəliklərinin öyrənilməsini, profilaktikasını, diaqnostikasını,
müalicəsini və heyvanların sağlamlığının qorunmasını əhatə edən fəaliyyət sahəsi;
1.0.4. baytarlıq (baytarlıq-sanitariya) qaydaları—
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən hazırlanan,
baytarlıq normativləri əsasında baytarlıq tədbirlərinin aparılması qaydasını müəyyən edən və baytarlıq
fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən yerinə yetirilməsi məcburi olan tədbirləri
təsbit edən normativ sənədlər;
1.0.5. baytarlıq preparatları—yalnız heyvan xəstəliklərinin profilaktikası, müalicəsi, diaqnostikası və
heyvanların məhsuldarlığının artırılması üçün istifadə olunan baytarlıq təyinatlı immunobioloji, bioloji,
bitki, kimyəvi və kimya-əczaçılıq mənşəli maddələr;
1.0.6. baytarlıq preparatlarının dövlət qeydiyyatına alınması—
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən
baytarlıq preparatlarının, onlara aid sənəd və materialların ekspertizası və qeydiyyat sınağının
nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət reyestrinə
daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat şəhadətnaməsinin verilməsi;
1.0.7. baytarlıq preparatlarının dövlət reyestri—qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış
və Azərbaycan Respublikasında istehsalına, ixracına, idxalına və tətbiqinə icazə verilmiş baytarlıq
preparatlarının siyahısı;
1.0.8. baytarlıq preparatlarının dövriyyəsi—baytarlıq preparatlarının istehsalı, aprobasiyası, daşınması,
saxlanması, idxalı, ixracı, satışı və istifadəsi;
1.0.9. baytarlıq sənədləri—dövlət baytarlıq nəzarəti funksiyasını yerinə yetirən vəzifəli şəxslər tərəfindən
dövlət baytarlıq nəzarətində olan yüklərə və obyektlərə verilən baytarlıq (baytarlıq-sanitariya) rəyləri,
baytarlıq arayışları, şəhadətnamə və sertifikatları;
1.0.10. identikləşdirmə—heyvanların və heyvandarlıq müəssisələrinin, heyvan mənşəli məhsulların
emalı, saxlanması və satışı obyektlərinin, həmçinin heyvanlar üçün yem və baytarlıq təyinatlı bioloji
preparatlar istehsalçılarının uçota alınması (kodlaşdırılması);
1.0.11. dövlət baytarlıq nəzarətində olan yüklər—heyvanlar, heyvan mənşəli məhsullar və xammal,
baytarlıq preparatları, yem və yem əlavələri;
1.0.12. fərdi baytarlıq təbabəti praktikası—bu Qanunun 5.3-cü və 30-cu maddələrinin tələbləri nəzərə
alınmaqla hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata
keçirilən baytarlıq fəaliyyəti;
1.0.13. özəl baytarlıq təbabəti—qanunvericiliyə uyğun olaraq xüsusi razılıq (lisenziya) əsasında hüquqi
şəxslər (baytarlıq klinikaları və s.) tərəfindən həyata keçirilən baytarlıq fəaliyyəti.