Geoloji müxtəlifliyin öyrənilməsində məlumatların tələb olunan sayının təyini Məlum olduğu kimi, geoloji obyektlərin öyrənilməsinin etibarlılığı həmin obyektlərdən alınmış məlumatların sayı və paylanma xüsusiyyətlərindən asılıdır: onların sayı artdıqca və bərabər sahəvi paylanması təmin olunduqca yataqların öyrənilən parametrləri haqqında dolğun məlumatlar əldə edilə bilər. Lakin neft geologiyasında bu sahədə müxtəlif hallara rast gəlinir: bəzi yataqlarda quyuların sayı məhdud olduğundan (axtarış və kəşfiyyat mərhələsində) onların geoloji müxtəliflik dərəcəsinin öyrənilməsi istənilən səviyyədə olmur. Belə halın əksinə də rast gəlmək olar: məsələn, Abşeronun mərkəzində yerləşən strukturlarda uzun müddət işlənilən mədənlərdə quyuların sayı o qədər çoxdur ki, onların hamısının məlumatlarından eyni zamanda istifadə etmək müsbət nəticələr vermir.
Bütün hallarda yataqların geoloji müxtəliflik dərəcəsini aşkar etmək üçün məlumatların tələb olunan (optimal) sayının müəyyən edilməsi aktuallıq kəsb edir. Bu məqsədlə müxtəlif riyazi üsullardan istifadə edilir.
Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, bu üsullar arasında entropiya daha çevik olmaqla qoyulan məsələnin etibarlı həllinə imkan verir.
Entropiyanın riyazi qoyuluşu hazırki kitabın “Əlavələr”ində verilir.
II.5. Lay flüidləri Məsaməli mühitdə yerləşən neft, qaz və su lay flüidləri adlanır. Onların strukturlarda yerləşməsi xüsusi çəkilərinin qiymətlərinə müvafiq qeyd olunur: tağın ən hündür hissələrində qaz, ortada neft, daha sonra su yığımları yerləşir. (şək. II.25).
Şəkil II.25. Lay flüidlərinin strukturda paylanılma sxemi.
Işlənilmə prosesini tənzimli aparmaq üçün lay flüidlərinin fiziki-kimyəvi xarakteristikası, onların dərinliklərlə əlaqədar dəyişmə dərəcələri və s. ətraflı öyrənilməlidir.
Lay neftləri Kimyəvi tərkib. Neft kimyəvi tərkibinə görə karbohidrogen qarışıqlarından ibarətdir. Burada parafin (CnH2n+2), naften (CnH2n) sıralı qarışıqlar üstünlük təşkil edir. Bəzi hallarda onun tərkibində aromatic sıralı (CnH2n-6) birləşmələrə də rast gəlinir. Bununla əlaqədar olaraq neftlər kimyəvi tərkibinə görə üç sinifə bölünür: metan sıralı (və ya parafin), naften sıralı və aromatic sıralı karbohirogenlər.
Metan sıralı karbohidrogenlər – CnH2n+2 düsturu ilə ifadə olunur və onlara doymuş karbohidrogenlər də deyilir.
Neftin tərkibinə daxil olan alkanlar sırasında CH4-C4H10 – qədər olan karbohidrogenlər qaz halında, C5H12 - C15H32 maye və C16H34 – dən yuxarı isə bərk halda olur.
Qeyd etmək lazımdır ki, neftlərin tərkibində metan sıralı karbohidrogenlərə təsadüf olunursa, onların miqdarı neftin tipindən asılı olaraq kəskin dəyişir. Belə ki, metan sıralı neftlər adətən neftin yüngül fraksiyalarında (benzin, kerosin) toplanır.
Naften sıralı karbohidrogenlər. CnH2n düsturu ilə ifadə olunan naften sıralı karbihidrogenlərə doymamış karbohidrogenlər də deyilir. Metan sıralı karbohidrogenlərə nisbətən onların tərkibində hidrogenin miqdarı azlıq təşkil edir. Öz kimyəvi xassələrinə görə naften sıralı karbohidrogenlər alkanlara daha yaxındır.
Aromatik karbohidrogenlər. Bu sıraya daxil olan karbohidrogenlərin ən sadə nümayəndəsi CnH2n-6 düsturu ilə ifadə olunur. Bu birləşmələr olduqca davamlı olmaqla bərabər, metan və naften sıralı karbohidrogenlərə nisbətən çox yüksək kimyəvi aktivliyə malikdir. Aromatik sıralı karbohidrogenlər çox yüksək həlletmə qabiliyyətinə malikdirlər.
Neftlər tərkiblərində olan müxtəlif karbohidrogen qruplarına görə dörd sinifə ayrılırlar:
1. tərkibində 66%-dən çox metan sıralı karbohidrogenlər olan nisbətən yüngül metanlı neftlər.
2. tərkibində 66%-dən çox naften sıralı karbohidrogenlər olan naftenli neftlər.
3. tərkibinin 66%-i metan-naften sıralı karbohidrogenlərdən təşkil olunan naftenli-metanlı neftlər.
4. tərkibi əsasən aromatik sıralı karbohidrogenlərdən ibarət olan aromatik neftlər (M.M.İvanova və b.,2000).
Yuxarıda göstərilənlərdən əlavə neftlərin tərkibində olan kükürdün, parafinin, qətranın və benzinin miqdarına görə onların sənaye təsnifatı da mövcuddur.
Tərkibində olan kükürdün miqdarına görə neftlər üç qrupa ayrılır:
1) Kükürdün miqdarı 0,5% - dən az olan neftlər (az kükürdlü).
2) Kükürdün miqdarı 0,5- 2,0% olan neftlər (kükürdlü ).
3) Kükürdün miqdarı 2,0%-dən çox olan neftlər (yüksək kükürdlü). Tərkibindəki qətranın miqdarına görə də neftlər 3 qrupa bölünür:
1) Qətranın miqdarı 18%-dən az olan neftlər (az qətranlı).
2) Qətranın miqdarı 18-35% olan neftlər (qətranlı).
3) Qətranın miqdarı 35% - dən çox olan neftlər (çox qətranlı).
Neftlər tərkibində olan parafinin miqdarına görə də üç qrupa ayrılır:
1) Tərkibində parafinin miqdarı 1,5%-ə qədər olan neftlər (az parafinli).
2) Tərkibində parafinin miqdarı 1,5-6,0% olan neftlər (parafinli).
3) Tərkibində parafinin miqdarı 6,0%-dən çox olan neftlər (yüksək parafinli).
Benzinin miqdarına və keyfiyyətinə görə neftlər aşağıdakı qruplara ayrılır:
1) Yüksək oktanlı (oktan ədədi 72-dən artıq olan) benzinli neftlər.
2) Orta oktanlı (oktan ədədi 67-71 arasında olan) benzinli neftlər.
3) Aşağı oktanlı (oktan ədədi 67-dən aşağı olan) benzinli neftlər.