III.5. Yataqların işlənilməsi üçün tələb olunan quyu fondu və quyu şəbəkəsi. Quyu fondu. Yataqların karbohidrogen ehtiyatlarının realizəsi müxtəlif təminatlı quyularla həyata keçirilir. Layların neftçıxarma proseslərini tənzimləməyə imkan verən bu quyular yatağın fondunu təşkil edirlər.
Quyu fondu yatağın layihə sənədlərinə müvafiq yaradılır. Fondun tərkibi işlənilmə proseslərində dəyişilə bilər (yatağın bütün sahəsini işlənilmə ilə əhatə etmək üçün quyuların yeri, sayı və funksiyası).
Quyu fondu dörd qrup quyulardan təşkil olunur: istismar (hasilat), vurucu, xüsusi və köməkçi.
İstismar quyuları neftin və qazın hasil edilməsi üçün qazılır və təbii ki, fondun böyük əksəriyyətini təşkil edir. Bu qrupa işlək və fəaliyyətsiz quyular daxildir. Hər hansı bir ay və ya ildə hasilatın alınmasında bilavasitə iştirak edən quyular işlək, müxtəlif səbəblər üzündən saxlanılmış quyular isə fəaliyyətsiz adlanır.
Vurucu quyular laylara təsir üsullarının həyata keçirilməsində istifadə edilir. Yatağa suyun vurulmasında iştirak edən quyulara suvurucu, buxarın vurulmasında – buxarvurucu, qazın vurulmasında - qazvurucu quyular kimi təsnifat edilir.
Xüsusi quyular yatağın işlənilməsi üçün tələb olunan müxtəlif tədqiqatların aparılması üçün qazılır. Bunlardan bəziləri lay şəraitlərinin qiymətlərini öyrənmək üçün istifadə edilir və qiymətləndirici quyular adlanır. Digərləri isə işlənilmə dinamikasını izləmək üçündür və nəzarət quyuları kimi təsnif olunur.
Köməkçi quyuların işlənilmədə istifadəsinə az təsadüf edilir. Onlar yüksək təzyiqli su layının işlənilməyə mənfi təsirini azaltmaq üçün tətbiq olunur: bu quyularla hasil edilən suları, az təzyiqli məhsuldar laylara vurmaqda istifadə etmək olar (şək. III.15.).
Şəkil III.15. Yataqlarda quyu fondunun sxemi.
Quyu şəbəkəsi. Yataqların quyu şəbəkəsi onların müəyyən formada yerləşdirilməsini nəzərdə tutur. Quyu şəbəkəsi yatağın işlənilmə müvəffəqiyyətini müəyyənləşdirən əsas amillərdən sayılır. Şəbəkənin forma və sıxlığını elə seçmək lazımdır ki, yatağın ehtiyatlarından maksimum istifadə oluna bilsin. Lakin bu məsələnin həllində yatağın işlənilməsinin iqtisadi göstəricilərini formalaşdıran əsas amil olan quyuların qazılma xərci nəzərə alınmalıdır. Belə ki, böyük kapital qoyuluşu tələb edən, hətta bir quyunun artıq qazılması, son nəticədə hasil edilən karbohidrogenlərin maya dəyərini xeyli yüksəltmiş olur. Yataqların quyu şəbəkəsinin təyini bu yatağın geoloji quruluşundan əsaslı surətdə asılıdır. Amma təbiətdə oxşar geoloji quruluşlu obyekt olmadığından tam identik quyu şəbəkəsi də olmur.
Beləliklə, quyu şəbəkəsinin seçilməsinin əsas tələbatı yatağın geoloji quruluşunu səciyyələndirən göstəricilər haqqında məlumatların olmasıdır: nə qədər lay parametrləri haqqında məlumatlar dolğun olarsa, o qədər də quyu şəbəkəsi düzgün seçilir. Lakin nəzərə almaq lazımdır ki, yatağın axtarış və kəşfiyyat dövrlərində bu parametrlər haqqında məlumatların həcmi məhdud, keyfiyyəti isə kifayət qədər yüksək olmur. Bu səbəbdən yatağın işlənilməsini təmin edəcək quyu şəbəkəsini birbaşa seçmək düzgün nəticələrə gətirmir. Odur ki, bu problemin həlli iki mərhələli olmalıdır.
Birinci mərhələdə yataqda, müəyyən həndəsi formada, əsas quyu fondunun qazılması həyata keçirilir. İkinci mərhələdə isə ehtiyat quyu fondu qazılır. Onların sayı əsas quyu fondunun 20-30%-ni, bəzən 50%-ni təşkil edə bilər. Ehtiyat fondunun quyularının yerləşdirilməsi üçün əsas fondun qazılması və istismarından alınan məlumatlar öyrənilməlidir. Burada su-neft konturunun hərəkəti, yataq sahəsində işlənilməyə cəlb olunmayan və ya zəif drenaj olunan zonaların mövcudluğu nəzərə alınmalıdır.
Quyu şəbəkəsini səciyyələndirmək üçün aşağıdakı göstəricilərdən istifadə edilir:
quyuların yerləşdirmə xarakterində iki forma daha çox tətbiq olunur: bərabər ölçülü və bərabər dəyişən.
Bərabər ölçülü forma yatağa qazılmış bütün istismar və vurucu quyular arasında, eləcə də onların yerləşmə sıraları arasında məsafələrin eyni olmasını nəzərdə tutur. Belə forma böyük neftli sahəyə malik, geoloji qeyribircinsliliyi yüksək, süxurların keçiriciliyi az, lay neftlərinin özlülüyü isə çox olan yataqlarda tətbiq olunur (şək.III.16).
Şəkil III.16. Bərabər ölçülü quyu şəbəkəsi
(º istismar quyuları; * vurucu quyular)
Bərabər dəyişən şəbəkədə isə quyular arasında məsafələr eyni qəbul edilirsə, sıralar arasındakı məsafələr nisbətən çox götürülür. Bu halda vurucu quyular bir qayda olaraq yatağın kənar hissələrində yerləşdirilir. Belə şəbəkə geoloji quruluşu nisbətən sadə, qeyribircinsliliyi az, neftlərin özlülüyü isə zəif olanda tətbiq olunur. Burada vurucu quyuların yerləşdirilməsində onların istismar quyu sıralarının maksimum üçünə təsir edə biləcəyi nəzərdə tutulmalıdır.
Quyuların yerləşdirilmə forması. Neftçıxarma təcrübəsindən məlumdur ki, yataqlarda əsas fondun quyuları sahədə kvadrat və üçbucaq formalarında yerləşdirilir (şək.III.18.)
Şəkil III.18. Hasilat quyularının yerləşdirmə sxemi
( a- kvadrat, b- üçbucaq).
Quyu şəbəkəsinin sıxlığı. Bu göstərici quyular və sıralar arasında məsafə və bir quyuya düşən neftlilik sahəsi ilə səciyyələnir.
Yataqların geoloji quruluşundan asılı olaraq quyu şəbəkəsinin sıxlığı müxtəlif cür qəbul olunur. Məsələn, qeyribircinsli quruluşlu, kiçik keçiricili layların və yüksək özüllü neftlər şəraitində quyular arasında məsafə 400 m götürülür ki, bu da 16 ha/quyu deməkdir; geoloji mühitin qeyribircinsliliyi şəraitində yüksək özlülüklü neftli laylarda süxurların keçiriciliyi yüksək olanda isə quyular arasında məsafə 400-500 m götürülür (16-25 ha/quyu); yataqların əlverişli geoloji şəraitlərində (böyük qalınlığa malik monolit laylarda, qeyribircinsliliyi zəif, yüksək keçiricili süxurlarda, çox kiçik özlülü neftlərdə) quyular arasında məsafə 600-1000 m götürülə bilər. Bu da quyu şəbəkəsinin sıxlığının 36-100 ha/quyu deməkdir.
Yuxarıda təsvir olunan quyuların yerləşdirilmə xarakteri, forması və sıxlığı haqqında məlumatlar fonunda təcrübədə olduqca müxtəlif dəyişmələrə rast gəlinir. Xüsusilə ehtiyat fondunun qazılmasında işlənilmə layihəsində nəzərdə tutulan şəbəkə göstəriciləri dəyişdirilə bilər. Bu onunla əlaqədardır ki, işlənilmə prosesində yataqda su-neft konturu qeyri-bərabər hərəkət edə bilər və yaxud yataq sahəsində işlənilmə ilə əhatə olunmayan zonalar yarana bilər və s.