Arxaizm və neologizmlər də ədəbi dildə, xüsusilə nəsr dilində geniş işlənir. Arxaizmlər müasir dildə az işlənən və köhnə adət-ənənə, həyat tərzi ilə bağlı sözlərə deyilir. Məsələn traktorların tətbiqindən əvvəl əkinçilikdə işlənən xış, xırman, vəl kimi sözlər müasir dil baxımından arxaizm sayıla bilər. Nəsr əsərində qədim dövrləri və o zamanların məişətini təsvir edəndə arxaizmlərdən istifadə etmək qaçılmaz olur. Arxaizmlər adətən aradan çıxan məişət əşyalarının adından ibarət olur. Neologizmlər isə məişətə yeni daxil olan məişət əşyaları və şeylərin adını daşıyır. Məsələn, kompüterlərin kütləvi tətbiqi ilə bağlı dilimizə monitor, adapter, modem, fayl, printer, skaner, ram, noutbuk, disket kimi neologizmlər daxil olunub. Belə sözlərin bədii dildə işlədilməsi ölçü hissi tələb edir. Neologizmlər dildə ancaq müəyyən müddət yeni sözlər hesab olunur. Kifayət qədər müddət keçəndən sonra onlar dilin adi sözləri kimi qəbul edilir. Məsələn, 20-30-cu illərdə sovet quruluşunun bərqərar olması ilə bağlı dilimizə gəlmiş sovet, partiya, büro, plenum, orqan, sosializm, kapital, sosial, qurultay, kadr, kurator, ustav kimi sözlər artıq vətəndaşlıq hüququ qazanmışdır, müasir oxucu onların alınma və gəlmə söz olduğunu hiss etmir. Ona görə neologizmlərə həm də dilin lüğət tərkibinin zənginləşmə üsulu kimi baxmaq lazımdır. Bu işdə yazıçı və şairlərin xidmətləri misilsizdir. Məsələn Cəfər Cabbarlı 20-ci illərdə dilimizə çoxlu neologizmlər gətirmiş, xüsusilə ərəb məşəli şəxs adlarının əvəzinə Oqtay, Aydın, Sevil, Yaşar, Gülüş, Elxan, Gültəkin, Solmaz, Gündüz kimi türk mənşəli adlar işlətməklə böyük ad islahatçısı olmuşdur.
Neologizmlərin bir forması da dialektizmlər hesab edilə bilər. Dialektizmlər müəyyən dialektlərdə işlənən sözlərin yazılı dildə işlədilməsidir. Realist nəsrin dil anlayışında bu yazıçının xalq dilində həssas münasibətini, dil bilgisinin genişliyini göstərən əlamət sayılır. Belə sözlər uğurlu şəkildə yazı dilində, xüsusilə nəsr dilində işləndikdə tez bir zamanda ədəbi dildə vətəndaşlıq hüququ qazanır. Azərbaycan dilində dialekt sözləri azdır. Ona görə də nəsr dilində sintaktik dialektizmlər daha çox işlənir: sözlərdən daha çox müəyyən ifadə və söz birləşmələri yazılı ədəbi dildə işlənir. Bu halda dialektizmlər həm də üslub yaradan dil materialına çevrilir.