Ədəbi mətnlərin dil özünəməxsusluğu çox zaman ədəbiyyat elmində işlənən bədii dil və bədii üslub terminləri ilə ifadə edilir. Orta əsrlərdə isə poetika termini də işlənirdi. Sonuncu ancaq şeirlə yazılan əsərlərin dilinin bədii xüsusiyyətlərini və leksik tərkibini araşdıran bir elm sahəsi sayılırdı və indi şeirşünaslıq mənasına gəlir. Ona görə də bu elm sahəsinin adı da poeziya sözündən götürülmə idi və şeir dili haqqında elm kimi qəbul olunurdu.
Orta əsrlərdə nəsr dili ümumən ədəbiyyata aid sayılmadığından çox zaman poetika elmi ədəbiyyat haqqında elm mənasında da işlənmişdir. Aristotelin ilk ədəbiyyat nəzəriyyəsi sayılan kitabı “Poetika”, Bualonun əsəri isə “Poetika sənəti” adlandırılmışdı. Müasir elmdə isə poetika termini ədəbi mətnlərin ədəbi və bədii özünəməxsusluğu haqqında araşdırmalara da deyilir.
Orta əsrlərin dini sxolastik elmində həm Qərbdə, həm də Şərqdə şeirşünaslıq və ya poetika haqda elmin ümumi adı kimi də işlənmişdir. Şərqdə buna bəzən qafiyəşünaslıq da deyiblər və qafiyə haqqında elm ədəbi nəzəriyyənin əsas sahəsi kimi inkişaf etdirilib. Lakin müasir ədəbiyyat elmində şeir dilinə və onun lüğət və sintaktik tərkibinə geniş yer ayrılmır, çünki bu məsələlərin çoxu dilçiliyin leksika, üslubiyyat, sintaksis, orfoepiya, ritorika kimi sahələrində ayrıca öyrənilir. Buna baxmayaraq bir ənənə olaraq bədii dilin xüsusiyyətləri ədəbiyyat elminin əsaslarında və nəzəriyyəsində yığcam şəkildə şərh edilir.
Biz yuxarıda bədii dilin müəllif dili, fərdi üslub, dialoq və replika kimi termin və xüsusiyyətlərindən bəhs etmişik. İndi isə ənənəyə görə əsasən şeir dilinə və ordan danışığa və folklora keçmiş olan leksik xüsusiyyətləri qısaca nəzərdən keçirəcəyik. Epitet yunan sözüdür, lüğəti mənası qoşma, sözün digər sözə qoşulması deməkdir və bədii söz birləşmələrinin bir tərəfi olur. Epitet sintaksisdə işlənən təyin termininə uyğundur. Ona görə də epitet termini Azərbaycan dilinə bədii təyin kimi də tərcümə olunur və işlədilir. Epitet şeir dilində işlənən söz birləşmələrinin tərkibində olur, təyin etdiyi sözün ifadə etmək istədiyi əlamət və xüsusiyyətlərini, çalarlarını bildirir. Məsələn, ay üzlü söz birləşməsində ay sözü epitetdir, gözəl qadının üzünü aya bənzədir. Epitet həmişə digər ad sözə aiddir və onu konkretləşdirir və bu yolla dünyanın və insanın obrazını, ədəbi mənzərəsini yaratmağa xidmət edir. Əgər ay üzlü ifadəsi kifayət etmədikdə təhkiyəçi epitetə ikinci, üçüncü və s. epitet qoşur: ay üzü alma. Burada alma epiteti işıqlı üzdə qızartı əlamətləri olduğunu bildirir.
Adətən təyin sözlərin tipik əlamətlərini, epitet isə konkretləşdirici, fərdi əlamətlərini göstərir və bununla da bir-birindən fərqlənirlər. Üzü fərdiləşdirmək üçün yeni-yeni epitetlər əlavə edilir və bu epitet sırası bəzən iki və daha artıq sözdən ibarət ola bilir. Məsələn, Qaşları çatma. Bu söz birləşməsi də üz ad-sözünə aiddir. Gözləri gilas epitetini də əlavə etsək dördlük şeir hazırdır:
Ay üzü alma,
Qaşları çatma,
Gözləri gilas
Oğlan, söz atma.
Şeirşünaslıq tarixində epiteti ən müxtəlif əlamətlərə görə təsnif etmişlər. Məsələn, bəzi epitetlərə sabit epitetlər deyilir. Belə epitetlər daşlaşmış, sabit söz birləşmələrində işlənir: qara gün, göy göz, oğru pişik kimi ifadələrdə qara, göy, oğru epitetləri sabit epitetlərdir, çünki onlar eyni mənada digər ad-sözlərə nadir hallarda birləşirlər. Epitetləri ən çox izah etdiyi sözləri özünün hansı çalarları ilə aydınlaşdırmasına görə təsnif edirlər. Sözün işarə təbiəti onun digər sözləri aydınlaşdırma rolunda unikal xüsusiyyətlərini üzə çıxarır. Yəni söz epitet kimi digər sözlə yanaşı qoyularkən bu rolda onun ancaq müstəqim mənası yox, məcazi, bənzədici, assosiativ və təqribi mənalarından da istifadə olunur. XIX əsrdə mifoloji məktəbin nümayəndələri epitet terminini müasir strukturalizmdəki “söz” termininin qarşılığı kimi alaraq onu geniş anlayır və tədqiq edirlər. Epitetə həsr olunan bu tədqiqatlar əslində sözün işarəvi və obraz təbiətinin tədqiqi idi və sonralar XX əsr strukturalistləri və F.Sösür də sözün işarəvi təbiətini araşdırmaq üçün bu tədqiqatlardan istifadə etmişlər.
Epitet sözün geniş elmi mənasında ədəbi söz, dünyanı işarə edən, təsvir edən, bildirən söz deməkdir. Belə sözlər dilçilikdə də digər söz qruplarından fərqlənir. Ona görə də epitetin ən ümumi əlaməti onun obraz yaradan söz olmasıdır, sözün obrazlılıq xassəsini daşıyan kəlmələr olmasıdır. Bu mənada, digər sözə qoşulan epitet həmişə yeni obraz yaradır və söz birləşməsi rolunda, cümlə kimi, nitqin müstəqil parçası kimi çıxış edə bilir. Ədəbi söz nəzəriyyəsində qədimlərdən bəri epitetin əsas iki növü fərqləndirilir.
Dostları ilə paylaş: |