Hesablama metodu əsasında uçot sistemində vəsaitlərin daxilolması və ya ödənişlərin aparılması tarixindən asılı olmayaraq əməliyyat və hadisələr baş verdiyi məqamlarda qeydə alınır. Daxilolmalar gəlirlərin inkassasiya olunmasından asılı olmayaraq il ərzində alınacaq vəsaitlərin həcmini əks etdirir. Xərclər isə il ərzində dəyərin ödənilməsindən asılı olmayaraq istehlak olunan işlərin (mal və xidmətlərin) həcmini göstərir. Hesablanma metodu əsasında uçot özəl müəssisələrdə istifadə edilən uçot sisteminə kommersiya uçotuna oxşayır və
bu uçot üzrə hesabatlar gəliri, xərcləri (amortizasiya daxil olmaqla), aktivləri (maliyyə və fiziki, cari və əsaslı), öhdəlikləri və digər iqtisadi axınları əhatə edir.
Tam hesablanma metoduna əsaslanan uçotun tətbiqi üçün xüsusi tələblər və hazırlıqlar zəruri olduğu üçün praktikada çoxsaylı aşağıdakı modifikasiyaları istifadə edilir:
öhdəlik və aktivlər bu sistemdə hesablanma prinsipinə uyğun olaraq uçota alınsalar da daxilolmaların inkassasiya olunacaq məbləğlərinin hesablanması çətin olduğuna görə gəlirlər kassa metoduna uyğun uçota alınır;
bir sıra xərc maddələri istisna olmaqla (məsələn, pensiya öhdəlikləri, çünki onlar gəlirlərdən maliyyələşdirilir) bütün öhdəliklər hesablanma metodu əsasında uçota alınır;
bütün əsas fondların alındığı və ya tikildiyi anlarda silinməsi (məsələn, Kanadada olduğu kimi). Bu metod bəzən “hesablanma metodu əsasında modifikasiya edilmiş uçot” və ya “xərc metodu” adlanır. Bu modifikasiya edilmiş uçot proqramlar üzrə bütün məsrəfləri qiymətləndirmək üçün istifadə edilə bilməz, lakin hesablanma metoduna nisbətən onun tətbiqi daha asandır. Kassa metodu üzrə uçota nisbətən onun üstünlüyü ondan ibarətdir ki, o, ödəniş anında deyil, kreditor borclarının yarandığı anlarda uçota alınır, başqa sözlə, o, öhdəliklərin qiymətləndirilməsi mexanizmi olub dövlət büdcəsinin uçot və hesabatlarının baza tələblərini daha yaxşı ödəməyə imkan verir.
Hesablanma metodu üzrə uçot üçün hesab-fakturaların ciddi təhlili həyata keçirilməli və fiziki aktivlərin artım məbləğləri, habelə digər müqavilə ödənişləri müəyyən edilməlidir. Uçot sistemindən asılı olmayaraq bu xüsusilə əsaslı xərclər üzrə daha çox lazımdır, çünki müqavilə üzrə ödəniş qrafikləri əksər hallarda işlərin yerinə yetirilməsi qrafikindən fərqlənir. Bundan başqa hesablanma metodu xərclərin müfəssəl təhlilini də tələb edir ki, bu da müvafiq maliyyə idarəetmə sisteminin yaradılmasını tələb edir.
Konkret uçot formasının tətbiqi proqram və təşkilatın xarakterindən, həmçinin müvafiq maliyyə informasiya sisteminin yaradılmasına çəkiləcək məsrəflərin məbləğindən və əldə olunacaq nəticələrdən asılıdır. Kassa uçotundan hesablanma metodu üzrə uçota keçdikdə sərf edilən məsrəflər artır və ona görə də əldə olunacaq üstünlüklərə məsrəflər baxımından tənqidi yanaşılmaqla qərar qəbul olunmalıdır.
Vəsaitlərin xərclənilməsi üzrə üç mərhələni (öhdəlik, yoxlama və ödəniş) əhatə edən kompleks “büdcə uçotu” və ya “təxsisat uçotu” prosedurası hər bir uçot sistemi üçün ümumi olmalıdır. Bu məsələləri nəzərdən keçirərkən digər amillərlə yanaşı daha çox aşağıdakı suallar araşdırılmalıdır:
Təxsisatdan istifadəyə necə nəzarət olunur? Vəsaitlərin xərclənilməsi üzrə hansı mərhələdə onlar hesaba daxil edilir? Öhdəliklər necə müəyyən olunur? Əlavə dövrdən istifadə olunduqda hansı əməliyyatlar xərc kimi qeydə alınır? Kitabların açılması və bağlanılması üzrə hansı proseduralar nəzərdə tutulub? Ödənişlər hesaba hansı tarixdə (məsələn, ödəniş aparılan anda) daxil edilir?
Uçot sistemi bütün dövlət təşkilatlarını əhatə edirmi?
Yalnız büdcənin icrası ilə bağlı öhdəliklərmi dövlət tərəfindən ödənişə qəbul edilir? Digər öhdəliklər (məsələn, xidmət illərinə görə əlavə ödənişlər) necə aparılır?
Şərti öhdəliklər, maliyyə aktivləri və onlar üzrə dolğun məlumat mövcuddurmu?
Dövlət idarəetmə orqanlarının fiziki və digər aktivləri qeydə alınırmı? və s.
Dostları ilə paylaş: |