BİNNƏt eloğlu elin dəRDİ, HƏSRƏTİ (şeirlər və poemalar)



Yüklə 1,8 Mb.
səhifə12/20
tarix31.01.2017
ölçüsü1,8 Mb.
#7128
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

İnanımmı, inanmayımmı?
Deyirlər dünyada haqq - ədalət var,

Görən inanımmı, inanmayımmı?

Pak vicdan, saf qeyrət, düz sədaqət var,

Görən inanımmı, inanmayımmı?

BBS radiosu car çəkir bar-bar-

Güya Amerikada demokratiya var.

Güya demokratdır avropalılar,

Görən inanımmı, inanmayımmı?

Güya dostumuzdur İran, Rusiya,

Canbir, həmrəydilər bizimlə, güya.

Həsrət edənlərə məni o taya,

Görən inanımmı, inanmayımmı?

Yad ölkədə silah sınayanlara,

Yad elləri çapıb talayanlara,

Yad elləri oda qalayanlara,

Görən inanımmı, inanmayımmı?

Yalan eşidirəm gündə yüz kərə,

Bizə yalanını sırıyır hərə.

Binnətəm, radioda deyilənlərə

Görən inanımmı, inanmayımmı?

12.02.2011
Yoxdur
Günbəgün çoxalan, artan dərdimin,

Loğmanı, dərmanı, çarəsi yoxdur.

Ağı qalmayıbdır ağ ciyərimin,

Qara ciyərimin qarası yoxdur.

Riyakar görürəm hər addımbaşı,

Aza çox deyirlər, yamana yaxşı.

Dərmanlar saxtadır, həkimlər naşı

Sağalmır, qəlbimin parası yoxdur.

Binnətəm, məəttəl qalmışam neyçün?

Ədalət, həqiqət gəzdiyim üçün,

Düzə-düz, bicə-bic dediyim üçün

Çoxlarının mənlə arası yoxdur?!



18.09.1988

Getdi
Hatəmlər əl tutdu qohuma, yada,

Harunlar varını saxladı, getdi.

Yaxşılar yaxşı ad qoydu dünyada,

Yamanların adı çıxmadı, getdi.

Nizami, Xəqani əsərlər yazdı,

Indi onlar kimi yazanlar azdı…

Kim ki, haqqı dandı, düz yoldan azdı

Fələk qapısını bağladı, getdi.

Üzeyir dahidir, sənətdə təkdi,

Xalqa Cavad Xantək igid gərəkdi.

Mirzə Cəlil, Sabir el dərdi çəkdi,

Vurğun dağ çayıtək çağladı, getdi.

Mərd rəhmli olar, namərdsə cəllad,

Yaxşı abad edər, yamansa bərbad.

Baş kəsdi, qan tökdü Nəmrudla Şəddad,

Dağ çəkdi sinələr dağladı, getdi.

Nuşirəvan tanındı ədalətiylə,

Xətai yurd qurdu şah qüdrətiylə

Böyük loğman Tusi zəkavətiylə

Hikmətli kitablar bağladı, getdi

Nəsimi haqq gəzdi,”ənəlhəqq”-dedi.
Haqqı dananlara mənəm haqq dedi,
Binnət də sözünü üzə şax dedi,

Bu haqsız cahana sığmadı getdi.



04.07.1986
Vaxtıdır
Yaz gəlir, əriyir dağların qarı,

Bənövşənin yasdan çıxan vaxtıdır.

Nərgizin naz ilə günəşə sarı,

Qımışa-qımışa baxan vaxtıdır.

Quşlar cəh-cəh vurur sökülməmiş dan,

Bülbüllər zövq alır güllü bağlardan.

Qarlar əridikcə uca dağlardan,

Selin şaqqıltıyla axan vaxtıdır.

Buludlar tutmayır günəşə pərdə,

Gecə ay nurunu yayır göylərdə.

Təbiət möcüzə yaradır yerdə,

Göydə ildırımın çaxan vaxtıdır.

Bulaqlar şairtək coşur, çağlayır,

Çəmənlər, çiçəklər ətrini yayır.

Oğlan sevdiyinə çələng bağlayır,

Qızın telinə gül taxan vaxtıdır.

Binnətəm hardadır yarım? Göstərin,

Gəlsin, yollarına gül, çiçək sərim.

Biri-birisiylə sevən kəslərin

Gizlincə görüşə çıxan vaxtıdır.



24.04.2011

Hardasan?
Yanımdan gedəli canım yanında,

Gözlərim yolunda qalır, hardasan?

Hər dəfə həsrətlə səni ananda

Dilim ağızımda yanır, hardasan?

Sənsiz ah-vay ilə keçir hər anım,

Sənsiz yaşamağa yoxdur gümanım,

Sənsiz gecə-gündüz ahım, amanım

Aləmə qəmli ün salır, hardasan?

Təşnəyəm,həsrətəm dağda qarıma,
Bağçada gülümə,bağda barıma.
Sənsiz bəd yel əsir çəmənzarıma,
Güllərim saralır,solur,hardasan?

Məcnunam, yerim olub dağ-dərə,

Çəkdim həsrətini, düşdüm dərdlərə.

Sağ əlim halımı yazır dəftərə,

Sol əlim saçımı yolur, hardasan?
Sevgidir həyatın şirin neməti,

Sevmək hər yetənin deyil qisməti.

Vüsalın yaşadır, gülüm, Binnəti

Həsrətin canını alır, hardasan?



20.09.1978
Sözüm dustaq olub dilimin altda
Dərdimi dilimdən eşidən kimi,

Kağız nalə çəkir əlimin altda.

Qələmim alışar yazsa dərdimi,

Vərəq külə dönər qələmin altda.

Dərdim-çox, həmdəm-yox, bölə bilmirəm.

Ürəkdən danışıb, gülə bilmirəm.

Tutublar ağzımı, dinə bilmirəm,

Sözüm dustaq olub dilimin altda.

Gözümü yaş tutub, görə bilmirəm,

Bağıma, bağçama girə bilmirəm.

Qorxuram, bir lalə dərə bilmirəm,

İlanlar qıvrılıb laləmin altda.

Tükənib dözümüm, dözə bilmirəm,

Qoymurlar, asudə gəzə bilmirəm,

Bağçamdan bircə gül dərə bilmirəm,

Əqrəblər oynaşır gülümün altda.

Vətənimə, torpağıma vuruldum,

Şuşa getdi, şüşə kimi qırıldım.

Xocalı yananda yandım, qovruldum,

Ruhum hələ yanır külümün altda.

Eniş-yoxuş oldu yolum, yoruldum,

Heydən düşdü qıçım, qolum,yoruldum.

Xırmanımda şanalandım, sovruldum,

Sünbültək döyüldüm vəlimim altda.

Bezdik bu «keçid»dən, bu «atəşkəs»dən,

Çoxu bu davanı uzadır qəsdən.

Xalqıma çəkdilər dağı dağ üstdən,

Qaldıq əsarətin, zülümün altda.

Binnətəm, sızlayıb, yaram qan verir,

Halsızam, bilmirəm haram qan verir.

Cismim əzab çəkir, canım can verir

Canıma daraşan zəlinin altda.

29.05.1992

Çöllər, başınıza dolanım sizin
A dərin dərələr, sərin yaylaqlar,

Turaclı yamaclar, qartallı dağlar,

Ceyranlı, cüyürlü düzlər, oylaqlar,

Bir də qoynunuza yollanam sizin.

İçəm bulaqların buzlu gözündən,

Lalənin, nərgizin öpəm üzündən,

Zövq alam yurdumun hər bir düzündən,

Çöllər, başınıza dolanam sizin.

Gəzəm qoynunuzda, zümrüd meşələr,

Seyrangahım ola dilbər guşələr.

Ətirli çiçəklər, tər bənövşələr,

Hüsnünüzə heyran olanam sizin.

Binnətəm, sonasız olmasın göllər,

Ötsün bağçalarda şeyda bülbüllər.

Axşam ətrinizdən məst olum, güllər,

Səhər şehinizə bulanım sizin.



29.11.2010

Vətən
Vətən, sən anasan, mən sənə bala,

Övlada hədsizdir ülfətin sənin.

Günəştək yayılıb Şərqə, Şimala

Anam-Azərbaycan, şöhrətin sənin.

Mənə ilham verir baharın- yazın,

Hüsnünə bəzəksən qoca Qafqazın.

Qoynunda birləşib Kürün, Arazın,

Bax elə birləşə millətin sənin.

Ayrılıq olmaya, həsrət olmaya,

Bu tayın o taya həsrət qalmaya.

Binnətəm, canımı həsrət almaya,

Mənə şəfa verə şəfqətin sənin.



18.03.1961

Sənin ayrılığın
Sənin ayrılığın mənə məhşərdir,

Görüşün Kəbəni ziyarətimdir.

Hicranın qəlbimə qəmdir, qəhərdir,

Vüsalın bayramım, ziyafətimdir.

Mən səni görəndə xoşbəxtəm, şadam,

Səni görməyəndə şadlığa yadam.

Səninlə hər dərddən, qəmdən azadam,

Sənsizlik əzabım, əziyyətimdir.

Bəsdir həsrətindən çəkdiyim zülm,

Dərd qoyma dərdimin üstünə, gülüm,

Hürü camalına vurulan könlüm

Yanında bir kiçik əmanətimdir.

Sındırsan könlümü bir şüşə kimi,

Boynuburuq qallam bənövşə kimi.

Xəstəyəm, dərdimin sənsən həkimi,

Məni xəstə edən, gül, həsrətindir.

Bir insaf, mərhəmət yoxdurmu səndə?

Sormursan halımı məni görəndə?

Binnətəm, xoşbəxtəm səni görəndə,

Səni görməyəndə qiyamətimdir.



12.08.1962
Sadağa versən
Canımı canına qurban edərəm,

Nazına bir azca qadağa versən.

Vəsfini bir böyük dastan edərəm,

İşvənə, qəmzənə hadağa versən.

A Leylim, eşqinlə Məcnun olaram,

Züleyxam, Yusiftək qulun olaram.

Sənə xəta gəlsə, məmnun olaram-

Məni itələyib, qabağa versən.

Qal, - desən, əzizim, yanında qallam,

Al, - desən, qadası, qadanı allam.

Dolanıb başına sadağa ollam,

Binnətə bir busə sadağa versən.



14.06.1967

Dağların
Təpələr çəkəmməz dağlar çəkəni,

Anlamaz dərdini naşı dağların.

Azalmır başının dumanı, çəni,

Açılmır qabağı-qaşı dağların.

Zirvəsini payız duman bürüyür,

Yazda yağış, dolu, qışda qar döyür.

Yağı tapdağında yay qara geyir,

Yas tutur torpağı-daşı dağların.

Saralır qoynunda zümrüd meşələr,

Solur yaxasında tər bənövşələr.

Hanı o gördüyüm dilbər guşələr?

Yaxşı vaxtı vardı yaxşı dağların.

Çoxdandır qoynuna köçməyir ellər,

Qopub tufan, boran, bəd əsir yellər.

Dərdli sinəsini oyduqca sellər,

Car olur gözünün yaşı dağların.

Bir günü keçməyir qansız-qovğasız,

Başı qalmaqalsız, dava-şavasız,

Qonaqsız-qarasız, elsiz-obasız

Ağır keçir yayı, qışı dağların.


Həsrəti Binnəti yandırır-yaxır,

Bəlalı başında ildırım çaxır.

On ildir gözündən qanlı yaş axır,

Qovğadan açılmır başı dağların.



06.06.1998
Bicə, gicə inandım
Həyatımı didir, əlçim eləyir,

Əyirir zamanın cəhrəsi hələ.

Zülmə bax, bağ salıb, cəfa çəkirəm,

Yada qismət olur bəhrəsi hələ.

Köçüm köç etməyir dağa arandan,

Dağım ayazımır qardan, borandan.

Ayıra bilməyir yağı ayrandan,

Naşı başçıların nəhrəsi hələ.

Haramılar, divlər kəsib yolumu,

Bağlayıblar ayağımı, qolumu.

Dörd ildir ki, çəpərimi, kolumu

Qırır dığaların dəhrəsi hələ.

Azalmır könlümün qəmi, qübarı,

Dərdli dağlarımın ərimir qarı.

Talanır bağçamın, bağımın barı,

Qırılır budağı, pöhrəsi hələ.

Yüz dərdə düşürəm hər addım başı,

Tökülür başıma hər dərdin daşı.

Yaxır yanağımı gözümün yaşı,

Göynəyir gözümün giləsi hələ.

Ahım tüstü kimi ərşə dirəndi,

“Xoz”lar viran qoydu şəhəri, kəndi.

Qaçqınlar, köçkünlər pərən-pərəndi,

Qalxır çadırlardan naləsi hələ.

Mən Binnətəm, Şuşa kimi talandım,

Xocalıtək yandım, oda qalandım.

Gic ayıya, bic tülküyə inandım,

Baş tutur onların kələyi hələ.



16.03.1992

Ay baba

Yaz gəlir,əriyir dağların qarı,

Ərimir canımın qarı, ay baba.

Yenə güllər açır, dərdli könlümün

Çiçək açmır çəmənzarı, ay baba.

Quzeydən üstümə kədər, dərd əsir,

Ehtiyac hər səhər qapımı kəsir.

Yurduma gün doğmur, hələ bəd əsir,

Şimalın sərt, bəd rüzgarı, ay baba. Dərdlərimi deyəmmirəm dilimlə, Vərəqlərə yazammıram əlimlə.

Ayırdılar zalımlıqla, zülümlə Eldən-eli, yardan-yarı, ay baba.

Yağı bizi ilan kimi çalıbdır,

Qova-qova pərən-pərən salıbdır.

Ələsgərlə Alı, Şəmşir qalıbdır

Qəriblikdə, bizdən ayrı, ay baba.

Arxalı köpəklər susadı qana,

Qənim kəsildilər Azərbaycana,

İblislər yuvası Ermənistana

Niyə daş yağdırmır tanrı, ay baba?

Nöş nankora evimizdə yer verdik,

Ayağı altına xalı da sərdik,

“A kirvəcan” – deyib başa keçirdik,

Bədnam, bədxah Vartazarı, ay baba?

Binnətəm, sinəmə çəkdilər dağlar,

Görsə əhvalımı yad da qan ağlar.

Talanır əlimlə saldığım bağılar,

Yada qismət olur barı, ay baba.



17.03.1991
Bu axşam

(Aşıq Nemətin yaradıcılıq gecəsində

salfetkaya yazdım, məclisdə oxudum)
Aşığın avazı, sazın nəvası,

Şəkərdi, şərbətdi, baldı bu axşam.

Rəssam xəyalımı, şair könlümü

Oxşayıb tilsimə saldı bu axşam.

Sizə heyran-heyran mən qulaq asıb,

Hamınızı öpürəm, bağrıma basıb.

Alimlər, şairlər, natiqlər susub,

Nadanlar danışmır, laldı bu axşam.

Əllər elə gəzdi tellərin üstdə,

Sanki bülbül ötdü güllərim üstdə.

Sənət meydanında – bu bəsəbəsdə

Hər kəs qiymətini aldı bu axşam.

Ya Rəbb! Gördüklərim yoxsa yuxudu?!

Pərdələrdə simlər xalı toxudu.

Nemət elə gözəl çaldı, oxudu,

Ona hamı heyran qaldı bu axşam.

Qoy var olsun bu saz, bu söz sənəti,

Sazdır, sözdür məftun edən Binnəti.

Sehrləyib valeh etdi milləti,

Nübar elə gözəl çaldı bu axşam.



11.03.2006

Yaranıbdır
Hüsnünə heyrandır Ay da, Ülkər də,

Camalın günəşə tay yaranıbdır.

Gözəl, hər kirpiyn oxu mat eylər,

Qaşların ən kamil yay yaranıbdır.

Bilmirsən halımı, ay el gözəli,

Sənə vurulalı, səni sevəli,

Gözümün yaşından gur şəlaləli

Dünyada bir yeni çay yaranıbdır.

Anlamaz naşılar, duyar duyuqlar,

Eşqin zirvəsində qar var, soyuq var.

Eşqdən pay ummasın qəlbi soyuqlar,

Məhəbbət Binnətə pay yaranıbdır.



13.07.2007

Nə yaxşı çəkib
Söz tapa bilmirəm vəsf edəm səni

Hüsnünü qüdrətin nəqqaşı çəkib.

Yaradan zövq ilə rəsm edib səni,

Nə gözəl yaradıb, nə yaxşı çəkib.

Əhsən hikmətinə, pür kamalına,

Səni xəlq edənin cah-calalına!

Hamını mat qoyub mah camalına,

Sənə ən füsunkar göz-qaşı çəkib.

Yaradıb ən kamil, ən canlı əsər,

Tayın-bərabərin yoxdur, müxtəsər.

Rafael də çəksə şəklini əgər,

Deyərlər:-Bu şəkli bir naşı çəkib.

Əli yaradanın sehr, fənd edib,

Eli camalına əsir, bənd edib.

Alı dodağına şəkər, qənd edib,

Xalı yanağında yanaşı çəkib.

Səni gözəllikdən var edən kişi

Sərində cəm edib kamalı, huşu.

Duruşunu sənəm, hürü duruşu,

Baxışını mələk baxışı çəkib.

Səni sevənlərin qalmayıb sağı,

Sənə məftunlara olubsan yağı.

Sən öz aşiqinə çəkdiyin dağı

Nə Züleyxa çəkib, nə Yaxşı çəkib.

Əl açdım, dərdimə etmədin çara,

Naz etdin, günümü elədin qara.

Sən öyün, el bilsin, Binnəti dara

İlahi hüsnünün fərraşı çəkib.



14.12.1965

De daha
Dostum, üzə - başa qırov düşübsə,

“Qocayam”, “saqqalı çalam”, de daha.

İtaət et arvad - uşaq nə desə,

“Məsləhət sənindir, balam”,- de daha.

Nadana göstərdin yolun düzünü,

Məsləhət etməkdən üzdün özünü.

Nadürüstlər eşitmirsə sözünü,

Nə yol göstər, nə xoş kəlam de daha.

Cavab vermə, arvad sənə söysə də,

Xətrinə gündə yüz yol dəysə də.

Tutub saqqalından, yıxıb döysə də,

Yalvar-yaxar, “qadan allam”, de daha.

Söz demə sözünü eşitməyənə,

Nadana, naşıya, səyin-səyinə.

Evdə, çöldə sənlə yol getməyənə

Yoldaş olma, “xəstə halam”, de daha.

Arvad-uşaq səni saya salmırsa,

Qəm libası geyib, batmaynan yasa.

Biri sənin salamını almırsa,

Nə yaxınlaş, nə də “Salam” de daha.

Hərə bildiyini etsin, danışma,

Evdə qayda yaratmağa çalışma.

Binnətə qulaq as, sözə qarışma,

“Siz bilərsiz, karam, lalam”, de daha.


07.03.1991
El dərdi, həsrəti.
Sinəmi şum etdi, dövran dərd əkdi,

Çəkdirdi gah aran, gah da dağ dərdi.

El həsrəti çəkdim, el dərdi çəkdim,

Çıxdı yaddaşımdan, bağça-bağ dərdi.

El həsrəti, dərdi məni kövrəltdi,

El dərdi, qeyrəti çəkməyə öyrətdi.

Hər gün məni sızıldatdı, göynətdi

Savalan həsrəti, Qaradağ dərdi.

Hicran dağı uca dağdan böyükdür,

Ağır dərddir, çəkilməyən bir yükdür.

Babadağdan, Qocadağdan böyükdür

Borçalı, Zəngəzur, Qarabağ dərdi.

İrəvan Yerevan olub nə vaxtdır,

Təbriz, Dərbənd ayrı düşüb, uzaqdır.

Gözümdə niskindir, sinəmdə dağdır

Kəlbəcər yaylağı, Dəlidağ dərdi.

Yurdlarımız qalıb yağıya-yada,

Yoxdur bir Xətayi yetişə dada.

Binnətəm, günahım nədir dünyada,

Bağımın barını hər alçaq dərdi?



05.08.1992

Sən varsan ölməyəcəyəm
Sənin həsrətinə son qoyub, canan,

Yanına əliboş gəlməyəcəyəm.

Gülüm,sən sevinib, gülsən də hər an,

Mən sənə çatmamış gülməyəcəyəm.

Sənə yetəcəyim sabaha alqış,

Əzizim, keçsə də neçə bahar, qış,

Bütün aləm bilsin, sənə çatmamış

Həyatda rahatlıq bilməyəcəyəm.

Unutma əhdini sən də yaxşımı,

Atmasınlar bizə tənə daşını.

Sənin həsrətinlə axan yaşımı

Sən dəsmal verməsən, silməyəcəyəm.

Məhəbbətlə ömür sürək başatan,

Sadiq ol, Binnətə rəhm etsin atan.

Sənin pak eşqindir məni yaşadan

Neçə ki, sən varsan ölməyəcəyəm.



27.02.1962
Üstə
Güləndam, Xaliqin zövqünə əhsən!

Sənə bəzək vurub bəzəyin üstə.

Qoy görüm pərisən, yoxsa mələksən,

Tökmə zülflərini üzünün üstə.

Bəlkə behiştdə də olmaz bənzərin,

Camalın gözəldir, kamalın dərin.

Sözün məzəlidir, söhbətin şirin,

Kim söz deyə bilər sözünün üstə.

Haqq səni yaradıb deyib-gülməyə,

Şuxluq, gözəllik də verib hədiyyə.

Gözünə bəd nəzər dəyməsin deyə,

Tez-tez telin düşür gözünün üstə.

Sənə Fərhad kimi hər kim vurulsa,

Dələr yüz Bisütun kimi dağ olsa.

Sənə səcdə qılar Məcnun sağ olsa,

Diz çökər, baş əyər izinin üstə.

Nazın oxlarıyla tökmə qanımı,

Baxışınla yıxma xanimanımı.

Binnətəm, zülm etmə, tez al canımı,

Baş qoyum, can verən dizinin üstə.



15.02.2007
Səndən ayrı
Gecəm aya dönür, gündüzüm ilə,

Günüm bir gün deyil, yar, səndən ayrı.

Bağçamda baxmıram çiçəyə, gülə,

Bağımda dərmirəm bar səndən ayrı.

Sənsiz nə yayım yay, nə yazım yazdır,

Nə könlüm açılır, nə kefim sazdır.

Yastığım sırsıra, döşəyim buzdur,

Yorğanım olubdur qar səndən ayrı.

Dərdlərimi yazsam, yanar varaqlar,

Əhvalımı yazan qələm qan ağlar.

Həsrətin çəkibdir sinəmə dağlar,

Dolub köynəyimə qor səndən ayrı.

A məni odlara yandırıb-yaxan,

Çıramı söndürüb, evimi yıxan,

Bil ki, sən gedəli bu geniş cahan

Olubdur başıma dar, səndən ayrı.

İnsaf et, Binnəti az sınağa çək,

Əyib qamətimi eləmə nuntək.

Eşqinlə düşərəm çölə Məcnuntək,

Olaram aləmdə xar səndən ayrı.



22.09.1976
Sonra ayrıl
Bir azca tələsmə, a canalanım,

Bir az da könlümü al, sonra ayrıl

Bir azca başına dönüm-dolanım,

Bir az da yanımda qal, sonra ayrıl.

Bir azca yada sal olub-keçəni,

Bir az da danış, gül, dinləyim səni.

Bir az azca ovundur bu dərd çəkəni,

Bir az da qəmxarım ol, sonra ayrıl.

Bir azca bəyan et günahım nədi,

Bir az da unutma ilqarı, əhdi.

Bir azca Binnətə verdiyin vədi

Bir az da yadına sal, sonra ayrıl.



06.11.1964
Gəncə
Hər an can atıram ziyarətinə,

Həsrətəm hüsnünə nə vaxtdı, Gəncə.

Vurğunam füsunkar təbiətinə,

Torpağın ruzulu torpaqdı, Gəncə.

Burda danışdırsan hər ağsaqqalı,

Şirin söhbətiylə dindirər lalı.

Qızın Məhsətitək müdrik, həyalı,

Oğlun Cavad xantək qoçaqdı, Gəncə.

Qucağı gülüstan, qoynu gülşənsən,

Azadsan, abadsan, xoşbəxtsən, şənsən.

Fəxrilə deyirəm:-Əbədi sənsən

Şeirin məbədi, paytaxtı, Gəncə.

Neçə yol zor ilə adın dəyişdi,

Neçə yol azğınlar üstünə düşdü,

Neçə yol qansızlar qanını içdi,

Neçə yol sinəndə qan axdı, Gəncə.

Yenə əyilmədin, qəhrəman şəhər,

Hər qanlı savaşdan çıxdın müzəffər.

Səndən ilham alıb hər axşam-səhər,

Nizami dastanlar yaratdı, Gəncə.

Şair burda köçdü haqq dərgahına,

Şahlar da baş əyir səcdəgahına.

Şeirin nəbisinə, şahəngahına

Mərmərdən məqbərə ucaltdı Gəncə.

Sənə qonaq gələn dərdi unudur.

Havan abi-həyat, suyun saf sudur.

Gündüzün şəfəqli, gecən nurludur,

Sabahın işıqlı sabahdı, Gəncə.

Gəzsələr dünyanı, tapılmaz tayın,

Öz gözəlliyi var burda hər ayın.

Təmtaraqlı olur novruzun, mayın,

Füsünkar olursan yaz vaxtı, Gəncə.

Bakı al şəfəqdir günəşdoğana.

Odlar Ölkəsinə Təbrizdir ana.

Binnət, Türküstana, Azərbaycana

Günəşdir, mayakdır, çıraqdı Gəncə.



28.09.2011

Tovuzda
Yurdumdur, yerimdir, asimanımdır,

Məni xəlq eləyib xilqət Tovuzda.

Anam, atam kimi mehribanımdır.

Görmüşəm xoş qılıq, ülfət Tovuzda.

Bir yanı arandır, bir yanı yaylaq

Qucağı gülşəndir, qoynu-bağça-bağ,

Qapısını açan hər yad, hər qonaq.

Görər qayğı, hörmət, izzət Tovuzda.

Canımdan əzizdir hər qarış yeri,

Şəfa-şəfakardır ocağı, piri.

Aşığın, avazı, şairin şeiri

Alıbdır hüsnündən qüdrət Tovuzda.

Mən onu Mədinəm, Məkkəm bilirəm,

Ondan gen düşəndə qüssələnirəm.

Onunla sevinib, deyib - gülürəm,

Könlümə yol tapmaz möhnət Tovuzda.

Gözümdür, qəlbimdir mənim bu diyar,

Vuruldum hüsnünə, oldum bəxtiyar.

Harda Binnət varsa, orda Tovuz var,

Ruhum məskən salıb cənnət Tovuzda.



15.06.1965
Tovuzda
Gözümün nurudur, canımın ruhu

Könlüm ilhamını alıb Tovuzda.

Həsrətindən getmir gözümə yuxu.

Şirin röyalarım qalıb Tovuzda.

Düşüb elim-obam yadıma yenə,

Məftunam yurdumun gözəlliyinə.

Nənəm yun şalını bürüyüb mənə,

Anam mənə layla çalıb Tovuzda.

Sevirəm deməyib hər gül üzlüyə,

Hər süzgün baxışlı, xumar gözlüyə.

Bir şirin gülüşlü, şəkər sözlüyə

Binnət öz meylini salıb Tovuzda.



02.03.1968
Fikrim, Xəyalım
Fikrim ceyran gəzir Ceyran çölündə,

Xəyalım Kəlbəcər yaylağındadır.

Huşum huşa gedib Maral gölündə,

Xallı maralların oylağındadır.

Xəyal nə sədd bilir, nə sərhəd bilir,

Nə hüdud tanıyır, nə də hədd bilir,

Azaddır, nə kədər, nə də dərd bilir,

Daim öz kefində, damağındadır.

Xəyaldır həyata bizi bağlayan;

Arzulardır insanları saxlayan,

Məhəbbətlə sevib, coşub-çağlayan,

Sevən sevdiyinin sorağındadır.

Şair katibidir eşqin, həvəsin.

İlhamdan payı yox sevməyən kəsin.

Sehri, cazibəsi sevilən kəsin

Üzündə, gözündə, dodağındadır.

Binnətin qarışıb fikri, xəyalı,

Gülünc görünməsin xalqa bu halı.

Çoxdan ağarsa da saçı, saqqalı,

Hələ eşq oduna yanmağındadır.



21.07.2008
Üstə
Sənə bircə kəlmə acı söz desəm,

Gülüm, bir şillə vur ağzımın üstə.

Dilimdən dara çək xətrinə dəysəm,

Ya xətrinə dəyən sözümün üstə.

Sənin kimi dosta, yara, qonağa,

Sinəm payəndazdır, sərim sadağa.

Gəl duraq üz-üzə, qabaq-qabağa

Qoy o gül üzünü, üzümün üstə.

Dilimin əzbəri, a boyu bəstə,

Həsrətin Binnəti eləyər xəstə.

Mən səni saxlaram gözümün üstə,

Desən:-Başını qoy dizimin üstə.



18.04.1964

...Bir gözəllə
Könül açan bağ-bağçaya, çəmənə,

Gələndə də bir gözəllə gələsən.

Bəxtinə yar ola, gərdiş, zəmanə,

Güləndə də bir gözəllə güləsən.

Çəkməyəsən Vətən, yar həsrətini,

Çəkəsən dünyanın hər ləzzətini.

Eşqin, məhəbbətin səadətini

Böləndə də bir gözəllə böləsən.

Yayda köç edəsən sərin yaylağa-

Yaylaq səfasından ilham almağa.

Əl üşüdən, diş göynədən bulağa

Enəndə də bir gözəllə enəsən.

Üstünə yağmaya həsrətin qarı,

Bir an olmayasan elindən ayrı.

Könlündən kədəri, dərdi, qubarı

Siləndə də bir gözəllə siləsən.

Sevəsən gözəlin əlasını da,

Naz edib, canını almasını da.

Ay Binnət,həyatın mənasını da

Biləndə də bir gözələ biləsən.



01.02.2012
Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin