5.Müstəqil təcrübələrin qoyuluşu və aparılması
Orta məktəb şagirdləri bitgi və heyvanlar üzərində müstəqil müşahidə apardıqları kimi, onların üzərində müstəqil təcrübələr qoymağı da bacarmalıdırlar. Şagirdlərin bitgi və heyvanlar üzərində müstəqil təcrübələr aparmağı onların təbiət, təbiət hadisələri haqqında təsəvvürlərini genişləndirməklə bərabər, bitgi və heyvanların həyatını öyrənməyə və bu sahədə əməli bacarıq, vərdişlər qazanmağa xeyli kömək edir.
Məhz buna görə də bütün botanika kursu bitgilərin həyat prosesini müxtəlif təcrübələr əsasında öyrənmək istiqamətində qurulmuşdur. Botanika dərsliyində (tapşırıq hissəsində) ayrı-ayrı mövzular üzrə müstəqil təcrübələrin aparılmasına aid tapşırıqlar verilmişdir. Mümkün qədər bu tapşırıqları dərsdən kənar vaxtda bütün sinif şagirdləri qoymalıdırlar. Müstəqil təcrübələrin qoyulması və aparılması, müstəqil müşahidələrə nisbətən bir qədər mürəkkəbdir. Çünki təcrübə zamanı şagirdlər ilk dəfə sadə tədqiqat məsələləri ilə məşğul olurlar. Ona görə də müstəqil təcrübələrə müəllim bilavasitə özü başçılıq etməli, şagirdlərə yaxından kömək göstərməlidir. Müstəqil müşahidələrdə olduğu kimi, müstəqil təcrübələrdə də şagirdlərin apardıqları təcrübələrə aid gündəlik dəftərləri olmalıdır. Müstəqil təcrübə işi aparan şagirdlər öz işi haqqında yazılı və şifahi hesabat verməlidir. Nəticələr isə müəllim tərəfindən qiymətləndirilməlidir.
Dostları ilə paylaş: |