BİSMİllahir-rəhmanir-rəHİM


PEYĞƏMBƏR (S)-IN ƏNSAR QRUPUNA XƏBƏRDARLIĞI



Yüklə 2,71 Mb.
səhifə26/66
tarix21.04.2017
ölçüsü2,71 Mb.
#15068
1   ...   22   23   24   25   26   27   28   29   ...   66

PEYĞƏMBƏR (S)-IN ƏNSAR QRUPUNA XƏBƏRDARLIĞI


Qeyd edilənlərdən əlavə, Peyğəmbər (s)-in ənsar qrupunun gələcəyi ilə bağlı buyruğu və uzaqgörənliyi onların mühacirdən qorxmalarının ən mühüm amillərindən sayılır. Lakin o həzrətin buyruğunda məqsəd bu deyildi ki, onlar Səqifədə məclis təşkil etsinlər. Peyğəmbər (s)-in onlar barəsindəki buyruğu belədir:

“Tezliklə məndən sonra kənara qoyulacaqsınız və başqaları sizdən irəli keçəcəklər (sizi müharibə qənimətləri, hökumət və vəzifədən məhrum edəcəklər). (Bu zaman) qiyamət günü “Kövsər” hovuzunun kənarında mənə qovuşana qədər səbirli olun!5 Başqaları irəliləyəcək, ənsar isə tənəzzül edəcək, hətta duz kimi yeyiləcəklər. Hər kəs onların işlərini öhdəsinə götürsə, yaxşılarını qəbul etsin, pislərini isə bağışlasın!”6



BIRINCI HÖKMDARIN HAKIMIYYƏTININ TƏSBIT EDILMƏSI


Həqiqətdə camaatın “Səqifə”də məclis təşkil olunduğu ilk günlərdəki sükutu ilə sonrakı zamanlar arasında fərq azdır. Ilk günlərdə deyilən amillərdən əlavə, camaatı qorxu və vəhşətə salan amili unutmaq olmaz. Peyğəmbər (s) öz həyatında bə`zilərinin hörmətsizlik və nalayiq rəftarlarının qarşısını ala bilmədiyi vaxtdan qılınc ilə o həzrətin ölümünün inkar edildiyi, sonra isə Bəni-Əsləm tayfasının hücumu nəticəsində xəlifə ilə bey`ətin qəti olduğu vaxta qədər camaat qorxu və qılınc kölgəsindən başqa bir şey görmədilər. Hökumət müxalifləri açıq-aşkar məhkum, dövrün ən şərəfli şəxsinin məqam və mənziləti təhqir edilirdi. Bu zaman adi camaatdan hər kim canını azacıq belə istəsəydi, ən ağıllı iş sakit qalmaq idi.

Qabaqda qeyd edilənlərə əsasən, Peyğəmbər (s)-dən sonra baş verən hadisələr əksərən tarix kitablarında təhrif edilib dəyişdirilmiş, ya da bə`zi mətləblər qələmə alınmamış və məzhəbi əqidələr, baxışlar və siyasi hakimiyyət tarixçiləri hadisələri yanlış yazmağa vadar etmişdir. Onlar o dövrün ümumi düşüncələrini təhlil edərək yazırlar: “Xalqın əməl və rəftarı göstərir ki, Əli ibn Əbi Talib (ə) ümumxalq kütləsinin düşüncəsində möhkəm yer tutmadığından başqalarına məhəbbət bəsləyərək onları Əliyə üstünlük vermişlər.”

Bütün tarixi təhlillərdən əlavə, bu nəzərin rəddi ilə ələqadər bir nöqtəni qeyd etməklə kifayətlənirik ki, birinci xəlifə ilə müxaliflər arasındakı müharibədə Əli ibn Əbi Talib (ə)-ın razılığı cəlb olunmadığı vaxta qədər heç kim hökuməti himayə edərək müxaliflərlə döyüşə başlamadı.1 Bilazəri yazır: “Camaat dəstə-dəstə müxalif qüvvələrlə mübarizə etmək üçün yola düşdüyü vaxtda Əli (çarəsizlikdən) Əbu Bəkrlə bey`ət etdi.”2

Elə ilk günlərdə hökumətlə üz-üzə duran Malik ibn Nüveyrə kimi şəxslər qətlə yetirildi və Fücaə kimilər Mədinə məscidində diri-diri yandırıldı. Bu hadisə o qədər rüsvayçı və dəhşətli idi ki, hətta Əbu Bəkr ömrünün son anlarında belə deyirdi: “Kaş, Fücaəni yandırmayaydım!”3 “Bədr” müharibəsinin unudulmaz qəhrəmanı Hübbab ibn Münzəri öldürüb, cəsədini gizlincə dəfn etdilər.4

Bütün bu hadisələr birinci xəlifənin hakimiyyətə gəldiyi ilk günlərdə baş vermişdir. Sonrakı vaxtlarda isə bir neçə amil hökumətlə müxalifəti daha da şiddətləndirdi ki, bə`ziləri bundan siyasi-hərbi, bə`ziləri də əqidəvi-mədəni, yaxud sosioloji bəhrələr apardı.

ƏQIDƏVI-MƏDƏNI AMILLƏR


a) Risalət xanədanının səbri və sükutu: Zaman ötüb-keçdikcə ümumcamaata, şiələrə və azadlıqsevərlərə aydın oldu ki, Əli ibn Əbi Talib (ə) inqilab etmək istəmir və Peyğəmbər (s)-in göstərişi ilə səbir etməyə üstünlük verir. Digər tərəfdən, qəbilə başçıları isə təhdid olunur və ya dünya malı ilə ələ alınırlar. Bunlar hökumətin əsasını daha da möhkəmləndirir, hakim dairənin və rəislərin istədikləri kimi rəftar etmələrinə icazə verir, müxalifəti çətinləşdirirdi.

b) Saxta hədislər düzəltmək: Peyğəmbəri-Əkrəm (s)-in kəlamları müəyyən qədər gələcək həqiqətləri aydınlaşdırsa da, hakim dairənin siyasəti bir sıra saxta hədislər qondarmaqla camaatı özlərinə yaxınlaşdırdı. Hal-hazırda əhli-sünnənin müxtəlif hədis kitablarında Peyğəmbər (s)-dən nəql olunana yüzlərlə rəvayətdə camaata tövsiyə edilir ki, həmişə hakimlərə zülmkar olsalar da belə, tabe olsunlar.

Ərəfcədən nəql olunan məşhur bir hədisdə Peyğəmbər (s)-in belə buyurduğu göstərilir: “Tezliklə mənim vəfatımdan sonra bir sıra hadisələr... baş verəcək ki, onda hər kəs cəmiyyətin və müsəlman ümmətinin istəyini bir-birləri ilə müvafiq və bir olduqları halda ixtilaf və təfriqəyə çəkəcək. Hər kim olursa olsun, onu qılıncla vurun (öldürün).”1

Bu rəvayət ona bənzər rəvayətlə birgə başa salmaq istəyir ki, müsəlmanlar hətta batil yolda belə, vəhdət və birlik təşkil etdikləri halda, bir nəfər onları doğru yola yönəltməyə çalışsa, ona tabe olmayın, əksinə onu öldürün.

v) İqtisadi mövqeyi qoruyub-saxlamaq: Hakim dairəyə təhdid, yaxud dünya malı ilə aldanıb tabe olan səhabələr adətən, keçmişdə Ərəbistan yarımadasının uzun illər bir qurtum saf su içmək və bir qarın dolusu yemək arzunusunu çəkən bədəvi (çöl) ərəbləri idi. Onlar ikinci xəlifənin hökmü ilə ətraf nahiyələrin məhsuldar toraqları, bağları, abad şəhərlərinin hakimi, gözəl qadın və kənizlərinin sahibi olurdular.2 Amma əgər Əli ibn Əbi Talibi (ə) himayə etsəydilər, bu iş mümkün olmayacaqdı. Məhz bu əsas üzrə hər vaxt bir kəs imam Əlini (ə) himayə etmək məqsədilə hökumətlə ciddi müxalifətə qalxırdısa, həm deyilən imkanlardan məhrum olunur, həm də adı beytül-mal alanlar səhifəsindən silinir və maaşı kəsilirdi. Yavaş-yavaş camaat başa düşürdü ki, risalət xanədanını himayə edərək xəlifə ilə müxalifətə qalxmaq nəinki heç bir nəticə vermir, üstəlik onların adi yaşayışı da dağılır. Belə isə ən yaxşı iş sükut və səbir etmək, hətta hökumətlə birgə olmaqdır.

Cövhəri yazır: “Əbu Bəkr hökumətini möhkəmləşdirdikcə, ənsar və mühacir qadınlarına pul verirdi. Bəni-Ədiyy ibn Nəccar tayfasından bir qadının payını Zeyd ibn Sabitə verdi ki, ona çatdırsın. Zeyd onun payını verdikdə, qadın “Bu nədir?” – deyə soruşduqda, Zeyd dedi: “Xəlifənin qadınlar arasında böldüyü paydır.” Qadın dedi: “Dinimi rüşvətlə əlimdən almaq istəyirsiniz?!” Allaha and olsun! Ondan bir şey qəbul etməyəcəyəm.” Bununla da xəlifənin göndərdiyi payı geri qaytardı.3



q) Xəlifənin həyat tərzi: Peyğəmbəri-Əkrəm (s)-lə bir vaxtda yaşayan camaat həm özlərinin, həm də rəhbərinin sadə yaşayışına adət etdiklərindən, bu xisləti hakimiyyət və rəhbərliyin ən mühüm me`yarı kimi bilirdilər. Tərki-dünyalıq, zahidlik və qənaətə üstünlük verib, yemək-içmək və geyiminə e`tina etməyən kəs rəhbərliyin digər şərtlərinə malik olmasaydı belə, hökumət və rəhbərliyə layiq görülürdü. Əli ibn Əbi Talib (ə) bu xislətin ən yüksək dərəcəsinə malik olsa da, öncə qeyd edilən amillərə görə, ümumxalq razılığını qazana bilmədi, başqaları isə onun az bir hissəsinə malik olduğu halda, hökuməti ələ keçirtdilər.

Ilk iki xəlifə (Əbu Bəkr və Ömər) camaatın istədiyi həmin xislətlərə malik idilər. Əhli-sünnə tədqiqatçılarından biri bu məsələ ilə bağlı yazır:

“Dünya onlara (Əbu Bəkr və Ömərə) üz gətirdikdə, mal-dövləti camaat arasında böldülər, özləri isə ondan bir şey götürmədilər. Bu isə camaatın qəlbini onlara sarı yönəldib, bədgümanlarını xoşbinliyə çevirdi. Burada onlara qarşı şəkk-şübhədə olanlar öz-özünə dedilər: “Əgər onlar nəfsani istəkləri uğrunda çalışırdılarsa, Peyğəmbər (s)-in göstərişlərinə əks çıxmaz və hökumətə çatan kimi özləri üçün mal-dövlət, sərvət yığmaqla məşğul olardılar. Necə ola bilər ki, onlar həm Peyğəmbər (s)-in göstərişini, həm də dünya ləzzətini tərk etsinlər?”

Bu iş səbəb oldu ki, kimsə onların işlərinə şəkk-şübhə etməsin. Əksər adamlar onların hökumətini qanuni, düzgün hesab etdi, əməl və rəftarlarını təsdiqlədi. Burada xalq mühüm bir məsələni, yə`ni hökmranlıq ləzzətini unutmuşdular və bundan qafil idilər ki, böyük məqsəd və himmətə çatmaq istəyən yemək, içmək, sərvət və cinsi ləzzətlərdən keçirlər.

Camaatın ilk iki xəlifəni sevməsinin, bunun müqabilində isə üçüncü xəlifəyə qarşı çıxıb onu öldürməsinin səbəbi bu idi ki, Osman onların əksinə olaraq dünya və mal-dövlət düşkünü idi, özü, əhli-əyalı və qohum-əqrəbasını camaatdan üstün tuturdu. Əgər o da əvvəlki xəlifələr kimi rəftar edib, əhli-əyalını mal-dövlət yığmaqdan çəkindirsəydi və onu camaata paylasaydı, hətta qibləni Kə`bədən Beytül-Müqəddəsə tərəf döndərsəydi belə, kimsə ona irad tutmayacaq, əgər gündəlik beş namazdan birini azaltsaydı, yenə kimsə ona e`tiraz etməyəcəkdi.1

Bundan əlavə, camaat elə bir rəhbər istəyirdi ki, qohum-əqrəbasını, yaxınlarını onlara hakim etməsin, onlara təzyiq göstərib zor tətbiq etməsin, din və dünya işlərinidə onlara tələbkar olmasın, yaxşı və rifah içərisində yaşamalarının qarşısını almasın.

Camaat Əlinin elm, təqva və fəzilətinin nə həddə olduğunu bilməsələr də, bunu yaxşı bilirdilər ki, o, ərəb və əcəm arasında heç bir fərq qoymur, kiçik bir günahdan keçmir, kimsənin təhdidindən qorxmur, ilahi məziyyət və me`yarlardan başqa bir şeyə diqqət yetirmir. Məhz bu səbəbdən də onun hakimiyyət və rəhbərliyini qəbul etmək camaata ağır gəlirdi. Necə ki, həyat yoldaşı Fatimeyi-Zəhra (ə.s) bu haqda buyurmuşdur: “Camaatın Əli ibn Əbi Talibin (ə) öz haqqından məhrum edib, xilafətdən kənarlaşdırmasının səbəbi Həzrətin haqq yolunda işləri şiddət və möhkəm tutmasından və Allah yolunda qılıncının qüdrətindən qorxmaları idi.”2

O vaxta qədər müsəlmanların elə də siyasi-ictimai təcrübəsi yox idi ki, rəhbərlərinin necə olduğunu – təcrübəsiz, təqvasız və dini əhkamları bilməyən bir rəhbərin dini və dindarları nə qədər əyri yola yönəldəcəyini, gələcək nəslin azğınlığını artıracağını və dinin yolunu əyriliyə sövq edəcəyini dərk etsinlər.




Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin