Botanika elminə giriş, elmin inkişaf tarixi, məqsəd və vəzifələri


Yarpağın morfoloji və anatomik quruluşu



Yüklə 371 Kb.
səhifə11/19
tarix02.01.2022
ölçüsü371 Kb.
#44051
1   ...   7   8   9   10   11   12   13   14   ...   19
BOTANİKA-1(Bitki anatomiyası) V.Novruzov

Yarpağın morfoloji və anatomik quruluşu.

Bitkinin ən mühüm orqanı yarpaqdır. Bu orqanda üç zəruri yaşayış prosesi – fotosintez, qaz mübadiləsi və transpirasiya prosesləri gedir. Bunlardan xüsusilə fotosintez prosesi diqqəti cəlb edir. Fotosintez prosesində yarpağın torpaqdan və havadan almış olduğu qeryi-üzvi maddələr günəş şüasından alınmış enerjinin köməyi ilə üzvi maddələrə çevrilir.

Yarpağın digər mühüm vəzifəsi qeyd edildiyi kimi, suyun buxarlanmasını, yəni transpirasiya hadisəsini və ümumiyyətlə, qaz mübadiləsini tənzim etməkdir. Yarpağın xarici və daxili quruluşu bu vəzifələrin icrasına tamamilə uyğundur.

Əsil yarpaq ilk dəfə quru bitkilərində - örtülütoxumlularda əmələ gəlmişdir. Qeyd etmək lazımdır ki, hazırda örtülütoxumlu bitkilərin geniş yayılması və hakim mövqe tutmasının əsas səbəblərindən biri, yarpağın çox plastik olması və xarici mühit şəraitinin təsirindən asanlıqla dəyişməsidir. Odur ki, müxtəlif bitkilərin kökləri və gövdələri bir-birinə oxşasa da, yarpaqları xeyli fərqlidir.

Müxtəlif bitkilərin yarpaqları quruluşca bir-birindən fərqlənsə də, onların ümumi olan hissələri də vardır. Əksər hallarda yarpağın üç hissəsi fərqlənir. Onlardan ən mühümü ayadır. Yarpağın ayası adətən, yastı, enli, tam və ya müxtəlif formalarda kəsilmiş olur. Aya zoğa saplaq vasitəsilə birləşir. Saplaq yarpağın ikinci hissəsidir. O, yarpaq ayasını günəş şüalarının ardınca hərəkət etdirir, saplaqsız yarpağa oturaq yarpaq deyilir.

Yarpağın üçüncü hissəsi yarpaqaltlığıdır. Yarpaqaltlığı bir cüt kiçik, nadir hallarda iri yarpaqcıqdan ibarət olur. Bitkilərin bir çoxunda, məsələn, fıstıqda, palıdda, şabalıdda və s. yarpaqaltlıqları, aya böyüməyə başlayan kimi dərhal tökülür. Bir çox bitkilərin yarpaqlarında yarpaqaltlığı olmur.

Yarpaqlar eyni bitki orqanizmində aşağı yarpaq, orta yarpaq və təpə

yarpaq olmaqla üç kateqoriyaya bölünür. Tumurcuqların üzlərini örtən yarpaqlar, pulcuqlar aşağı kateqoriyalı yarpaqlardır. Soğanağın və kökümsov gövdənin üzərindəki pulcuqlar da bu kateqoriyaya aiddir. Çox vaxt ləpələr də aşağı yarpaqlar kateqoriyasına aid edilir. Orta yarpaqlara bitkinin əsil yarpaqları, təpə yarpaqlarına isə çiçək örtükləri və çiçək ürupu örtükləri aiddir.

Yarpaqlar sadə və mürəkkəb olur. Sadə yarpaqlar üzərində bir saplaq üzərində bir aya, mürəkkəb yarpaqlarda isə iki və ya çoxlu aya olur. Sadə yarpaqlar bir-birindən ayanın ümumi formasına, kəsilmə dərəcəsinə, təpəsi və qaidə hissəsinin quruluşuna və damarlanma qaydalarına görə fərqlənir. Mürəkkəb yarpaqlar ayaların sayından başqa onların düzülüşünə görə də fərqlənir. Adətən, nmürəkkəb yarpaqlarda ayalar yarpaq saplağının oxu üzərində barmaqvari və ya lələkvari düzülür.

Yarpaqlar gövdəyə uzun saplaqla, qısa saplaqla və oturaq şəkildə birləşirlər. Qanqalda və bir çox başqa bitkilərdə oturaq yarpaqların qaidə hissəsi gövdəyə bitişik halda zoğun boyu üzrə xeyli aşağı enir. Belə yarpaqlar aşağı qaçan yarpaq adlanır. Quzukökəldəndə bitkinin gövdəsi yarpağı deşir. Ətirli doqquzdonun gövdəsi isə qarşı-qarşıya yerləşən və qaidə hissəsi ilə birləşmiş bir cüt yarpağı deşib keçir. Belə yarpağa deşilmiş yarpaq deyilir.

Saplaqların eninə kəsiyi əksər hallarda dairəvi olur. Bəzən, Kanada qovağında olduğu kimi, yarpaq saplağı hər iki tərəfdən basıq olur. Belə yarpaqlar daha yaxşı hərəkət edə bildiyindən bitkini küləyin təsirindən qoruyur, bəzi bitkilərin saplağı, yarpağın ayası istiqamətində yastılanıb qın adlanan saplağı əvəz edir və gövdəni qucaqlayan hissəyə çevrilir. Qınlı yarpaq geniş surətdə taxıllarda və çətirçiçəklilərdə yayılmışdır. Çinar yarpağının saplağının quruluşu daha maraqlıdır. Onun saplağının qaidə hissəsi tumurcuğun üzərinə qalpaq kimi möhkləm geydirilmişdir. Yarpaq tökülənə qədər tumurcuqların üzəri saplağın qaidə hissəsi ilə kip örtülür, bu da onları yayın istisindən və buxarlanmadan qoruyur. Beləliklə, çinar yarpaqlarını tökənə qədər onun tumurcuqları yarpaqların qoltuğunda görünmür və saplağın qaidə hissəsinin içərisində gizlənmiş olur.

Bitkilərdə yarpaq ayasının forması çox müxtəlifdir. Ayalar bir-birindən yalnız formalarına görə deyil, eləcə də kənarlarındakı kəsiklərin şəkli və kəsilmə dərəcəsi ilə də fərqlənir.

Yarpaqlar ümumi şəkillərinə görə dairəvi (nəstərəndə), oval (almada, armudda), yumurtavari (gicitkanda), tərsinə yumurtavarı (feyxoada), neştərşəkilli (iydədə, söyüddə), xətvarı (taxıllarda), qılıncşəkilli (süsəndə), iynəşəkilli (iynəyarpaqlılarda) və i.a. olur.

Yarpaq ayalarının ümumi şəkli onların təpələri və qaidə hissələrinin xüsusi quruluşuna görə də dəyişir. Yarpaqların qaidə hissələri dairəvi, pazşəkilli, ürəkvarı, mızraqvarı və i.a. olur. Təpələri küt, sivri, sivriləşmiş, oyuqvarı, bizvarı və i.a. ola bilər.

Sadə yarpaqlar xüsusən ayanın kəsilmə dərəcəsinə görə fərqlənir. Onlar bütöv və kəsik ayalı olmaqla iki yerə bölünür. Bütöv ayalı yarpaqların da kənarları bir qədər kəsilmiş ola bilər. Ayanın kənarları ¼ hissəsindən az kəsilmiş yarpaqlara bütövayalı yarpaq deyilir. Bütövayalı yarpaqlar, ayanın kənarlarının kəsilmə şəklindən asılı olaraq, tamkənarlı, dişli, dairəvi kütdişli, mişarvarı, oyuqlu, gəmirilmiş, dalğavarı və s. qruplara ayrılır. Bəzi bitkilərin yarpaqlarının kənarı ikiqat mişarvarı, ikiqat dişli, üçqat mişarvarı və i.a. ola bilər.

İstər dilimli, istər yarılmış, istərsə də bölümlü yarpaqlar barmaqvarı və lələkvarı ola bilər. Belə hallarda yarpaq, barmaqvarı dilimli (tənəkdə), lələkvarı dilimli (palıdda) və i.a. adlandırılır.

Yarpağın xarici quruluşu onun vəzifələrinə uyğun olduğu kimi, onun daxili quruluşu da həmin vəzifələrin icrasına tamamilə uyğundur. Yarpağın daxili quruluşu daha dəyişkəndir. Ona mühit amilləri daha kəskin bir surətdə təsir edir, belə ki, müxtəlif toxumaların yerləşmə qaydaları, onların bir-birlərinə münasibətləri, histoloji elementlərin xarakter quruluşu belə dəyişir.

Yarpaq öz başlanğıcını zoğdan götürür. Yarpağın özünün xüsusi meristemi yoxdur. Gövdənin təpə meristemi gövdəyə başlanğıc verdiyi kimi, yarpaqları da əmələ gətirir. Adətən gövdənin böyümə konusunda iki növ şişciklər əmələ gəlir. İlkin əmələ gələn şişciklər böyümə konusunun birinci şişcikləri adlanır və onlardan yarpaqlar əmələ gəlir. Şişcikdən başlanğıc götürmüş yarpaq azacıq böyüdükdən sonra onun qoltuğunda ikinci şişciklər əmələ gəlir ki, onlar da yan zoğları törədir. İlk başlanğıcda yarpaq təpəsi ilə, sonra isə qaidə hissəsi ilə böyüyür. Ümumiyyətlə, yarpağın böyüməsində interkolyar meristem daha böyük fəaliyyət göstərir. Xüsusən yarpağın saplağı, qın hissəsi və çox hallarda qaidə hissəsi interkolyar meristemdən əmələ gəlir.

Yarpağın əsas kütləsini parenxim toxuma təşkil edir. yarpaq üst və alt tərəfdən örtücü toxuma –epidermis ilə örtülmüşdür. Onun daxilində parenxim hüceyrələrdən ibarət ətli hissə yerləşir. Yarpağın ətli hissəsi mezofil adlanır. Mezofilin içərisində isə ötürücü topalar və mexaniki toxuma yerləşir.

Yarpağın işığa qarşı tutduğu mövqeyə görə mezofilin quruluşu dəyişə bilər. Adətən, zoğun üzərində üfüqi vəziyyətdə yerləşərək ventral tərəfi işığa yönəlmiş yarpaqlar dorzoventral quruluşda olur. Yarpaq zoğun üzərində şaquli vəziyyətdə olduqda, zanbaqlardan bir çoxunda, taxıllarda, kətanda və s. olduğu kimi, mezofil nisbətən eyni quruluşlu hüceyrələrdən ibarət olur. Belə hallarda yarpağı təşkil edən hüceyrələr sütunvarı və səngərvarı hüceyrələrə bölünür. Bu cür yarpaqlara izolateral yarpaqlar deyilir.

Ümumiyyətlə yarpaq ilkin quruluşludur. Yarpaqda aktiv meristem olmur. Nadir hallarda mərkəz damar topasında floem və ksilem arasında nazik kambi qatı müşahidə edilir, ancaq bu halda kambi yeni element əmələ gətirmir. Bəzi bitkilərin yarpaqlarında parenxim hüceyrələr zəruriyyət qarşısında aktivləşərək meristematik toxumaya çevrilir və belə hallarda həmin hüceyrələrdən tumurcuqlar əmələ gəlir. Həmin tumurcuqlar hətta yeni bitkiyə başlanğıc verə bilir.


Yüklə 371 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin