Kök və kök sistemləri.
Kökün əsasiki vəzifəsi var: bitkinin yaşadığı yerə (torpağa) möhkəm bərkitmək və torpaqdan suyu və mineral qidanı (mineral duzların məhlulunu) sormaq. Çox hallarda kök ehtiyat qida maddəsi toplanan orqana da çevrilir. Bu halda o şişkinləşir, enliləşir və kök meyvəsi adlanan orqana çevrilir. Çuğundur, turp, yerkökü kimi kök meyvəsi olan bitkilər meyvə köklülər adlanır. Kökün quruluşu, bütün bu vəzifələrin yerinə yetirilməsinə tamamilə uyğundur. O, torpağın dərinliyinə doğru uzanır, yan tərəfə şaxələnib, qollar ayırır və torpağın müəyyən qatını top kimi əhatə edir. Beləliklə o, torpağın müxtəlif qatlarından qida almaqla bərabər, bitkini də bitdiyi yerə möhkəm bərkidir.
Kök torpaqda böyüdüyündən ona torpağın xüsusi quruluşunun, o cümlədən sturukturunun, turşluğunun və mikroflorasının, habelə bir sıra başqa amillərinin birgə böyük təsiri vardır. Məsələn, eyni bitki növü gilli və qumlu torpaqlarda becərildikdə bu bitkilərin kök sistemləri tamamilə fərqli olur. Bitkinin kökü də torpağa böyük təsir göstərib onun bütün xüsusiyyətlərini dəyişdirir. Beləliklə, qarşılıqlı təsir nəticəsində torpaq kökü, kök də torpağı dəyişdirir.
Bitkinin əsas kökü rüşeym kökündən əmələ gəlir. Bitki böyüdükcə onun əsas kökü üzərində yan köklər inkişaf edir və köklər şaxələnir. Bilavasitə əsas kökdən ayrılan yan köklər birinci qrup yan köklər, birinci qrup yan köklərdən ayrılanlar – ikinci qrup yan köklər, onlardan başlanğıc götürənlər isə üçüncü qrup yan köklər və i.a. adlanır.
Bitkilərin bir çoxunda əsas və yan köklərdən başqa əlavə köklər də əmələ gəlir. Əlavə köklər əsas və yan köklərdən fərqli olaraq, öz başlanğıcını kök hissələrindən deyil, gövdədən və yarpaqlardan götürür. Adətən, əlavə köklər gövdənin qaidə hissəsinin nəm torpaqla örtülmüş yerlərindən əmələ gəlir. İstər yan, istərsə də əlavə köklər daxili toxumalardan törəyir. Buna görə də onlar
endogen törəməli köklərdir (endogen – daxildən törəmə deməkdir).
Bəzi bitkilərdə əlavə köklər şəklini dəyişmiş yeraltı gövdədə, məsələn kökümsov gövdə və soğanaqda külli miqdarda əmələ gəlir. Əlavə köklər çox olduqda bitkinin əsas kökü onlara qarışaraq nəzərə çarpmır, bəzən də əlavə köklərin sürətlə böyüməsi nəticəsində yaxşı inkişaf etmir.
Bitkinin müxtəlif kökləri (əsas, yan və əlavə köklər) birləşərək kök sistemini təşkil edir. Müxtəlif bitkilərdə iki müxtəlif kök sisteminə rast gəlinir: 1) əsas kök sistemi, burada əsas kök həmişə yaxşı inkişaf etmiş olur və ondan çoxlu yan kök ayrılır. Ağac və kol bitkiləri, ikiləpəlilərdən bir çoxu əsas kök sisteminə malik olur; 2) saçaqlı kök sistemi, burada əsas kökü seçmək olduqca çətindir. O, ya olduqca zəif inkişaf edir, ya da heç inkişaf etmir. Belə kökdə kök sisteminin əsas kütləsini əlavə köklər təşkil edir. Saçaqlı kök sistemi birləpəli bitkilərdə daha çox yayılmışdır. Tipik saçaqlı kökü qarğıdalıda, soğanda, buğdada və digər taxıl bitkilərində görmək olar.
Kökün böyümə xüsusiyyəti və torpaq müxtəlifliyindən asılı olaraq tipləri. Kök həmişə ucu ilə böyüyür. Müxtəlif kök sistemlərinin və kökün dəyişmiş formalarının bütün uc hissələrində böyümə nöqtəsi vardır. Kök böyüdükcə torpağı deşib irəliləyir. Bu prosesdə kökün böyümə nöqtəsinin zəif meristem hüceyrələrini üskük adlanan toxuma, torpağın qaba hissələri ilə sürtünməkdən qoruyur. Üskük kökün ucuna xaricdən geydirilmiş şəkildə nəzərə çarpır. Kök böyüdükcə üsküyü təşkil edən hüceyrələr arasıkəsilmədən təzələnir və sürtünmə nəticəsində xarici qat hüceyrələr ovxalanıb tökülür, daxildən isə yeniləri əmələ gəlir.
Yuxarıda qeyd olunduğu kimi, torpaq müxtəlif amillərin kompleksi şəklində kökün quruluşuna təsir edir. Müxtəlif su rejimli, müxtəlif reaksiyalı (turşuluqlu), sturukturu və s. xassəli torpaqlarda köklər müxtəlif dərinliyə qədər uzanır və müxtəlif dərəcədə yan istiqamətdə böyüyür. Müxtəlif bitkilərdə köklərin dərinə və yana doğru böyümə sürətindən və xarakterindən asılı olaraq üç müxtəlif kök tipi fərqləndirilir: 1) dərinə gedən köklər (istər yan, istərsə də əsas); 2) üfiqi böyüyən köklər (bu halda torpağın bərkliyi nəticəsində əsas kök tələf olur, yan köklər və əlavə köklər üfiqi istiqamətdə uzanırlar) və 3) hər iki istiqamətdə boy atan köklər. Ağaclardan, Azərbaycanın düzənlik ərazilərində saqqız ağacının, palıdın və onlarla yanaşı bitən bir çox ağacların kökü çox dərinə gedir.
Çinar ağacının kökü hər iki istiqamətdə böyüyür, şaxələnir və əsas köklər nəm torpaq axtarışında xeyli uzaqlaşır, məsələn, yaşıllıq məqsədilə bir küçədə salınmış çinar ağaclarının kökləri qonşu küçəyə qədər boy ata bilir.
Ümumiyyətlə müxtəlif şamların kökləri yerin çox dərinliklərinə doğru böyüyür. Adi şamın kökü adi şəraitdə ancaq dərinə getdiyi halda həmin şamın bataqlıqda bitən formasının kökü ancaq üfiqi istiqamətdə böyüyür. Tayqada yanaşı bitən şama və küknara külək və meşə yanğınları müxtəlif təsir göstərir. Küknarın kökü üfüqi istiqamətdə torpağın üst səthinə yaxın yerləşdiyindən onun kökü yanmır və bir sıra hallarda yanğından sonra bərpa olunur. Eləcə də şiddətli küləklərin təsirindən birinci növbədə küknar dayaz və üfiqi kökləri ilə tez yanı üstə yıxılır.
Bir çox ağaclar, məsələn, ardıc, şam, əncir, dağdağan və bir çox başqaları çılpaq qayalar üzərində bitir, kökləri vasitəsilə müxtəlif üzvü turşular buraxır, qayaları əridir, çatladır və tədricən torpaqəmələgəlmə prosesini gücləndirir. Göy-göl meşəliyində bitən qarmaqlı dağ şamının ayrı-ayrı ağaclarının iri qaya parçalarını kökləri ilə qucaqlamasını görmək mümkündür.
Həmişə hərəkətdə olan qumluqlarda bitən bitkilərin kökü nəinki çox dərinə gedir, hətta torpaq altında mərtəbələr əmələ gətirir. Saksaul ağacında torpaq dərinliyində iki mərtəbədə kökün şaxələnməsini müşahidə etmək mümkündür; onun kökü torpağın üst səthindən altda və 6-7 m dərinliyində şaxələnib külli miqdarda yan köklər əmələ gətirir.
Qaraqum səhralarında bitən cuzğun əksinə, üfüqi istiqamətdə nəhəng
(20 m uzunluqda) yan köklər əmələ gətirir, onun əsas kökü isə ancaq 1,5-2,0 m dərinliyində böyüyür. Belə kök sistemi tədriclə hərəkətdə olan qumlarla sürünərək bitkinin hərəkət etməsinə xidmət edir.
Bir çox yabanı otlarda da, yaşadıqları torpaq şəraitinin təsiri nəticəsində, nəhəng kök sisteminin əmələ gəldiyini görürük.
Səhralarda yayılmış dəvətikanı bitkinin kökü 15-20 m-ə qədər dərinə gedir. Halbuki, onun yerüstü hissəsi ancaq 50-60 sm hündürlükdə olur. Səhra bitkilərinin kök sistemlərinin belə torpağa dərindən işləməsinin səbəbi – kökün nəmlik ardınca boy atmasıdır.
Bir çox ağaclarda, eləcə də otlarda, xüsusən quru torpaq şəraitində yayılmış bitkilərdə, kökün dərinləşməsi yeraltı suların dərinliyi ilə məhdudlaşır. Ağac bitkilərinin kökləri orta hesabla 10-15 m dərinliyə işləyə bilir.
Kök pöhrələri. Bir sıra ağac və ot bitkilərinin köklərindən bitkilər əmələ gəlir. Pöhrələr də yan köklər kimi, perisikldan başlanğıc götürür, yəni daxildən endogen qayda ilə inkişaf edir. Gavalı, qovaq, albalı, alça, moruq, itburnu, sarmaşıq, zəncirotu, tausaqqız və bir çox başqa bitkilərin köklərindən pöhrələr, yəni müstəqil gövdələr əmələ gəlir. Köklərindən pöhrə verən bitkiləri kök pöhrələri vasitəsilə də çoxaltmaq mümkündür, belə ki, hər bir pöhrəni ana bitkidən ayırıb başqa yerə köçürdükdə müstəqil bitkiyə çevrilir. Pöhrələr kökün əlavə tumurcuqlarının inkişafı nəticəsində əmələ gəlir. Becərilən mədəni bitkilərdən bir çoxunun kökdən pöhrəvermə xassəsi təsərrüfat üçün əlverişli olduğu halda, çoxillik alaq otlarının kökdən pöhrə verməsi təsərrüfata çox zərər verir. Belə alaq otları ilə xüsusi aqrotexniki tədbirlərlə mübarizə aparılır.
Dostları ilə paylaş: |