Botanika elminə giriş, elmin inkişaf tarixi, məqsəd və vəzifələri


Toxumalar haqqında müasir nəzəriyyələr və toxumaların təsnifatı



Yüklə 371 Kb.
səhifə4/19
tarix02.01.2022
ölçüsü371 Kb.
#44051
1   2   3   4   5   6   7   8   9   ...   19
BOTANİKA-1(Bitki anatomiyası) V.Novruzov

Toxumalar haqqında müasir nəzəriyyələr və toxumaların təsnifatı.

Müasir dövrdə yer kürəsinin müxtəlif guşələrində yayılmış çox müxtəlif quruluşlu bitkilər təkamül tarixinin məhsuludur. Tarix boyu təkamül prosesində bitki aləminin hər hansı bir nümayəndəsi yaşadığı mühitə uyğunlaşdıqca onda münasib quruluş əmələ gəlmişdir. Təkhüceyrəli orqanizmdə mühitlə münasibətdə yaşayış prosesini təchiz edən bütün fizioloji hadisələr həmin hüceyrə tərəfindən icra olunur. O hüceyrənin çoxalması da həmin hüceyrənin bölünməsi yolu ilə gedir. Təkamül prosesində də təkhüceyrəlilər birləşərək koloniya halında yaşayan növlərə başlanğıc vermişlər. Koloniya halında yaşayanlar isə çoxhüceyrəlilərə başlanğıc vermişdir. Çoxhüceyrəli birqat (hüceyrə qatı nəzərdə tutulur) orqanizmdə hüceyrələr təqribən bərabər surətdə yaşayış proseslərində iştirak edirlər: onlar fotosintezdə, yaxud xemosintezdə, ümumiyyətlə, mübadilə reaksiyalarının gedişində eyni rol oynayırlar. Ona görə onların quruluşları da bənzərdir. Bunlara bir çox sapşəkilli yosunlar və bir çox ibtidai göbələklər də misal ola bilər.

Çoxhüceyrəli, çoxqatlı bitki orqanizmlərində artıq hüceyrələrin xarici mühitə qarşı vəziyyətləri müxtəlif olur. Onlarda xarici tərəfdən yerləşən hüceyrə qatı xarici mühitdən qidanı qəbul edir və lüzumsuz maddələri ixrac edir. Halbuki daxildə yerləşən hüceyrələr mühitdən alınmış maddələrin mənimsənilməsi vəzifəsini daha əlverişli həyata keçirir. Beləliklə, çoxqatlı hüceyrəli orqanizmdə sadəcə vəzifə bölgüsü gedir və buna münasib hüceyrələr də quruluşlarına görə azacıq fərqlənərək iki qrupa bölünür.

Zaman keçdikcə sadə quruluşlu çoxhüceyrəli orqanizmlərdən, çoxhüceyrəli mürəkkəb quruluşlu bitki orqanizmləri törəyir. Bu orqanizmlərin mühitə münasibətləri də dəyişir və mürəkkəbləşir, orqanizmlərin xarici mühitə uyğunlaşma qabiliyyəti yüksəlir, bu isə ondan irəli gəlir ki, çoxhüceyrəli orqanizmin müxtəlif hissələri və hissəcikləri yaşayış prosesində müxtəlif vəzifə daşımağa başlayır. Nəticədə bitkinin nisbətən böyük hissələri daşıdıqları vəzifəyə uyğun quruluş qazanır. Bu yolla bitki aləminin ən ali quruluş daşıyan nümayəndəsi olan köklü, gövdəli və yarpaqlı bitkilər törəyir.

Bu mürəkkəb orqanizmlərdə vəzifə bölgüsü üç iri hissəyə, vegetativ orqanlara bölünməklə tamamlanır. Hər orqanda icra edilən ümumi vəzifə istiqamətində o orqanı təşkil edən hüceyrələr arasında da vəzifə müəyyənləşir. Bir qrup hüceyrə bir vəzifə, digər qrup hüceyrə isə başqa vəzifə daşımağa başlayır. Vəzifə və formaca hər bir orqanda hüceyrələr qruplaşır və toxumaları əmələ gətirir. Demək, uyğunlaşma prosesində orqanizmi təşkil edən hüceyrə qrupları müxtəlif fizioloji vəzifə daşıyaraq, həmin vəzifənin icrasına uyğun olan forma qəbul edir.

Qeyd edilən hər üç orqanda bir qrup hüceyrə örtük toxumalarına çevrilir. Belə ki, yarpağı, gövdəni və kökü örtən toxumalar həmin orqanların daşıdıqları vəzifə ilə əlaqədar olaraq fərqli quruluşa malikdir. Köklü-gövdəli bitkilərdə ilk dəfə borular əmələ gəlir. Bu borular mənimsənilməmiş qida maddələrini oprqanizmin hər yerinə yayır. Ona görə bu bitkilər borulu bitkilər də adlanır.

Deyilənlərdən aydın olur ki, bitki orqanizmlərinin quruluşu tarix boyu dəyişir. Onların quruluşu hər bir fərdin yaşadığı dövr müddətində belə dəyişir. Hər hansı bir dövrün yaranma tarixi onun filogenezi adlanır. Hər bir növün filogenezi o növün tarix boyu uğradığı bütün dəyişikliyin yekunudur. Hər növə aid olan fərdlərin də öz yaşayış tarixi vardır. Hər bir canlı fərdin törədiyi andan ölən dəqiqəsinə qədər keçirdiyi tarix onun ontogenezi adlanır. Birillik bitkilərdə ontogenez toxum cücərəndən bitki yenidən toxum verənə qədər davam edir.

Ağac bitkilərinin ontogenez dövrü toxum cücərəndən ağac quruyana qədər davam edir. Hər bir fərdin inkişaf və böyümə proseslərinin, başqa sözlə, ontogenezinin əsasını aid olduğu növün filogenezi, yəni tarix boyu qazandığı irsi xassələr təşkil edir. Odur ki, hər bir bitki öz ontogenez dövründə aid olduğu növün filogenezinin əsas dövrlərini təkrar etməklə yanaşı, onu əhatə edən konkret şəraitə uyğunlaşma istiqamətində dəyişir. Məsələn, ağac bitkilərində onların filogenetik xassələrinə əsasən köklərinin və gövdələrinin üzərini örtən dəricik ontogenez dövründə qanunauyğun şəkildə mantar örtüyü ilə əvəz edilir. İkiləpəli bitkilərinin köklərinin və gövdələrinin birinci quruluşu mütləq ikinci quruluşla əvəz olunur. Demək, hər bitki orqanizmində müşahidə edilən quruluş və bu quruluşun dəyişməsi həmin bitkinin filogenezindən və ontogenezindən asılıdır. Orqanizmdə müəyyən toxumaların qanunauyğun şəkildə əmələ gəlməsi filogenetik bir əlamətdir, bu toxumaların konkret dəyişikliyə uğramaları bitkinin ontogenezi ilə əlaqədardır, belə ki, yaşayış şəraitindən və daşıdıqları fizioloji vəzifədənasılı olaraq hər bir toxuma bu və ya digər istiqamətdə dəyişə bilər. Cücərmədə olan toxum böyüdükdə onun rüşeyim kökcüyündən əsl kök, rüşeyim tumurcuğundan isə əsil gövdə və yarpaqlar əmələ gəlir. Bu orqanlar böyüyüb inkişaf etdikcə mürəkkəb fizioloji vəzifə daşımağa başlayır. Hər orqanın daxilində yerləşən hüceyrələr arasında da vəzifə bölgüsü gedir və toxumalar əmələ gəlir. Beləliklə toxuma eyni mənşə, eyni fizioloji vəzifə daşıyan və həmin vəzifənin icrasına uyğun bir-birinə bənzər quruluşda olan hüceyrə qrupuna deyilir. Təkamül tarixində ən mürəkkəb quruluşlu və ixtisaslaşmış toxumalara çiçəkli bitkilərdə (örtülütoxumlularda) rast gəlirik. Onlarda örtücü, ötürücü, mexaniki, parenxim, ifrazat və törədici toxumalar əmələ gəlmişdir.

Adları çəkilən toxumaların müxtəlif örtülütoxumlu bitkilərdə müxtəlif tipləri vardır. Onların hamısını törədici toxuma əmələ gətirir, demək olar ki, bütün orqanizmi törədici toxuma təşkil edir. Buna görə də bitki orqanizmini təşkil edən bütün toxumalar iki qrupa, törədici və daimi toxumalara ayrılır. Yuxarıda adlarını çəkdiyimiz toxumalar daimi toxumaların növüdür.


Yüklə 371 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin