Sosial siyasətin maliyyə təminatı funksiyası. Dövlət büdcəsi işçi qüvvəsinin təkrar istehsalının vacib elementidir. Ona görə ki, səhiyyə və təhsil sferasının inkişafı ondan xeyli dərəcədə asılıdır. Dövlət büdcəsi vəsaitinin yardımı ilə sosial siyasətin daha üstün istiqaməllərinin, o cümlədən əhalinin daha az müdafiə olunan təbəqəsinin-pensiyaçıların, əlillərin, tələbələrin, az təminatlı və çoxuşaqlı ailələrin müdafiəsi, habelə səhiyyə, təhsil və mədəniyyət sahələrinin maliyyələşdirilməsi həyata keçirilir.
Nəzarət funksiyası. Bu funksiya vasitəsilə vasitəsilə dövlət büdcəsinin pul vəsaitləri fondlarının formalaşması və onlardan düzgün istifadə olunması prosesinə nəzarət olunur. Həmçinin ölkənin ayrı-ayrı sahələrində müəyyən olunan çatışmazlıq hallarının nəzarət funksiyası vasitəsilə aradan qaldırılması üçün konkret tədbirlər həyata keçirilir. Büdcə vəsaitlərinin istifadəsinə nəzarət iki formada həyata keçirilir: parlament nəzarəti və inzibati nəzarət. Müvafiq orqanlar nəzarətin bu və ya digər formalarını həyata keçirirlər.
Büdcənin nəzarət funksiyası bölgü funksiyası ilə birgə fəaliyyət göstərir və büdcə vəsaitlərinin daxil olması və istifadəsinə dövlət nəzarətinin vacibliyini şərtləndirir. Hər hansı bölgü nəzarətsiz həyata keçirilmir, yəni pul vəsaiti hər hansı sahəyə yönəldikdən sonra öz təyinatı üzrə xərclənməsinə ciddi nəzarət edilir. Bütün bunlar ümumilikdə büdcə nəzarəti mexanizmini təşkil edir. Dövlət büdcə mexanizmi vasitəsilə özünün sosial-iqtisadi məsələlərini həll edir, maddi istehsal və qeyri-istehsal sahələrinin inkişafına nail olur. Büdcə quruluşu dövlət büdcəsinin təşkilini və ölkənin büdcə sistemini müəyyən edir, onun ayrı-ayrı həlqələrinin qarşılıqlı əlaqəsini, büdcələrin tərkibi və strukturunu, büdcə vəsaitlərinin formalaşması və istifadəsi üsullarını müəyyən edir.
Büdcə quruluşunun əsasları ölkənin dövlət quruluşunun forması ilə, onda fəaliyyətdə olan əsas qanunvericilik aktları ilə, büdcənin ictimai təkrar istehsalda və sosial proseslərdə rolu ilə müəyyən edilir. Beləliklə, büdcə sisteminin qurulması və ayrı-ayrı həlqələri arasındakı qarşılıqlı maliyyə münasibətlərinin təşkili büdcə quruluşu adlanır.
Büdcə quruluşunun tərkib hissəsini büdcə sistemi təşkil edir. Büdcə sistemi - dövlətin və inzibati ərazi qurumlarının büdcələrinin məcmusudur. Büdcə sistemi bu və ya digər dövlətin ərazisində olan bütün büdcələrin vahid sistemə gətirilməsidir. Bu halda büdcədənkənar dövlət fondları bu sistemə daxil olmur. Büdcə sistemi dövlətin quruluşu, iqtisadi sistemi və onun inzibati ərazi bölgüsünə əsaslanır.