2.5. Anomal yüksək lay təzyiqli laylardan quyularda baş verən təzahürlər
Qazma zamanı mürəkkəbləşməyə səbəb olan amillərdən biri də məhsuldar laylarda anomal yüksək təzyiqin mövcud olmasıdır. Yüksək anomal lay təzyiqi olan laylara adətən quyu kəsilişinin fərqli dərinliklərində rast gəlinir. Anomal yüksək lay təzyiqi, dərinliyin artması ilə lay təzyiqlərinin artması qanunauyunluqlarını pozaraq bir sıra səbəblərdən yaranır və hidrostatik təzyiqdən təxminən 1,3-2,3 dəfə artıq olan lay təzyiqləridir.
Yüksək anomal lay təzyiqi daxili elizion prosesinin baş verməsi nəticəsində ( gil laylarının qeyri-bərabər və ya gecikən möhkəmlənməsi) lay flüidinin dağ təzyiqinin təsiri altında sıxılaraq üstdəki laylara miqrasiya etmə prosesi, xarici təsirlər (geodinamiki təsirlə) və eyni zamanda laylarda gedən sementasiya prosesi nəticəsində:palçıq vulkanı, zəlzələ, laylarda kəsilib düşmə və bununla bərabər kəsilib qalxma baş verməsi nəticəsində yaranır.
Quyuların qazılması prosesində yüksək anomal təzyiqli (YAT) laylara rast gəldikdə və hazırlanmış layihədə bunun nəzərə alınmaması bir sıra mürəkkəbləşmələr ( neft-qaz-su təzahürlərinin baş verməsi, quyu divarının uçması, udulma zamanı qazıma məhlulunun səviyyəsinin enməsi) səbəbindən təzahürlərin baş verməsi ilə nəticələnir. Yataqda kəşfiyyat və ya ilk dayaq quyularının qazılması zamanı quyudan çıxarılan şlam (süxur nümunəsi) laboratoriya şəraitində təhlil edilərək kəsilişdəki layların təzyiqlərinin dəyişmə qanunauyğunluqlarının dəyişməsinin qrafiki qurulur. Məlumdur ki, yüksək anomal təzyiqli laylarda yüksək təzyiq “qartal” formasında diffuziya edərək özündən yuxarıdakı laya keçir. Quyuların qazılması zamanı yüksək anomal təzyiqli laya 80-100 m qalmış laboratoriya şəraitində aparılan təcrübə nəticəsində mürəkkəbləşmə baş vermə ehtimalının qarşısını almaq üçün əvvəlcədən erkən xəbərdarlıq verilir. Qazıma zamanı anomal yüksək təzyiqli laylara yaxınlaşdıqda bir sıra əlamətlər özünü biruzə verir: qazma prosesinin mexaniki sürətinin artması, alətin quyudan qaldırılması zamanı “porşen” effekti yaranması və qazılmış süxur hissəciklərinin məhlulla qarışaraq yer üzərinə çıxan zaman sıxlığının azalması ilə müəyyənləşdirilir. Baş verməsi ehtimalı olan təzahürün qarşısı əvvəlcədən görülən texnoloji-texniki tədbirlər nəticəsində alınır.
Dostları ilə paylaş: |