II FƏSİL. QAZIMANIN TEXNOLOJİ PROSESLƏRİNDƏ YARANAN TƏZAHÜRLƏR
2.1. Qazma zamanı baş verən təzahürlər haqqında ümumi məlumat
Quyu lüləsi vasitəsilə çox yüksək təzyiqli laylar qazılaraq açılmasından sonra bir sıra səbəblərdən lay məhsulları: neft, qaz, su və onların qarışıqları quyu lüləsinə daxil olur. Quyuda qazma məhluluna qarışan lay məhsulu məhlulun içərisi ilə yuxarıya doğru hərəkət etdikcə qazma məhlulunun sıxlığını azaldır. Laydan gələn və qazma məhluluna qarışaraq məhlulun sıxlığını azaldan məhsul qaz olduqda, qaz qabarcıqları quyu lüləsi ilə yuxarıya doğru hərəkət etdikcə həcmlərinin dəfələrlə genişləndirilməsinə görə məhlul-qaz qarışığının quyuda yaratdığı hidrostatik təzyiqin sürətlə azalması müşahidə edilir. Quyu-lay sistemində təzyiqlər bərabərsizliyinin baş verməsi əvvəla təzahürə, yəni qazma məhlulunun öz-özünə quyudan kənara axmasına, sonra açıq fontanın baş verməsilə nəticələnir. Baş vermiş fontanın intensivliyi lay təzyiqinin quyu daxilindəki hidrostatik təzyiqdən zaman keçdikcə artması və eyni zamanda laydan gələn məhsulun quyuya daxil olması həcminin artmasıyla artır.
İndiki dövrdə neft hasil edilməsi üçün qazılan quyuların dərinliyi artdığından təzyiqi yüksək olan neftli-qazlı laylar açılır. Qazma prosesində yüksək təzyiqli layların açılması zamanı fontanların baş verməsi qazıma qurğularını, hidrotexniki qurğuları sıradan çıxarır, insan ölümü ilə bərabər böyük miqdarda sərmayənin itirilməsinə səbəb olur.
Quyuların qazılması zamanı baş verən neft-qaz fontanlarının səbəbləri aşağıdakılarıdır:
-quyuda lay təzyiqinin hidrostatik təzyiqdən çox olması;
-qazma alətinin quyudan qaldırılması zamanı quyuda məhlulun səviyyəsinin aşağı düşəcəyi nəzərə alınmayaraq boruarxası fəzası boşaldılmış quyunun məhlul ilə doldurulmaması və ya quyuda məhlulun udulmasına görə quyunun lüləsində qazma məhlulunun səviyyəsinin aşağı düşməsi baş verdikdə;
-quyunun lüləsində tutulmuş qazıma kəmərini azad etmək məqsədilə maye hövzəsi yaratdıqda hövzə aparılan az sıxlıqlı mayenin quyunun boruarxası fəzasındakı məhlulu əvəz etdikdə;
-qazma zamanı məhlulu kimyəvi reagentlə işlədikdə quyudakı məhlulun sıxlığının azaldılması səbəbindən lay məhsulunun laydan quyuya daxil olması;
-qazma alətini quyudan böyük sürətlə qaldırarkən hidrodinamik təzyiqin artmasına görə quyuda hidrostatik təzyiqin qiymətinin azalaraq lay təzyiqindən az olması;
-qazma alətini quyudan qaldırarkən quyunun boruarxası fəzasında məhlulun səviyyəsinin azalmayaraq nov sistemi ilə hərəkətdə olması;
Quyuda neft-qaz fontanının baş verməsi böyük təhlükələr yaratdığı üçün təzahürün ilkin əlamətləri hər zaman nəzarət altında olmalıdır. Bu ilkin əlamətlər aşağıdakılardır:
-nasosların qəbul tutumlarında məhlulun həcminin artması;
-quyudan çıxan qazma məhlulunun sürətinin artması;
-quyudan qazma məhlulunun öz-özünə çıxaraq nov sistemi iIə hərəkət etməsi;
-qazma prosesinin mexaniki sürətinin artması;
- manifold xəttində işçi təzyiqin azalmasının müşahidə olunması;
Qazma prosesi aparılan zaman kəmərin fırladılmasına sərf edilən burucu momentin artması;
-məhlulun tərkibində qaz, neft və suyun olması.
Göstərilmiş əlamətlər baş verən zaman quyuda aparılan texnoloji proseslər dayandırılır və baş vermiş təzahürün qarşısının alınması üçün bir sıra tədbirləe görülür.
Dostları ilə paylaş: |