Cabbar Məmmədov Diplomatik psixologiya (Siyasi, ideoloji və psixoloji diversiya və anti-diversiyaların metodları)



Yüklə 3,53 Mb.
səhifə6/33
tarix18.03.2017
ölçüsü3,53 Mb.
#11826
1   2   3   4   5   6   7   8   9   ...   33

Şəxsiyyətin tədqiq üsulları


  • Beləliklə, individlərin psixi vəziyyətinin dinamikasını şərtləndirən cəmi psixi komponentlər barədə bu qədər. İnsanın istənilən fəaliyyəti məhz bu faktorların birgə təsiri altında, onların kombinasiyasında meydana çıxır və istər ayrıca fərdlərin, istərsə də nəhəng kütlələrin psixoloji idarəçiliyi də, sadalanan həmin bu faktorlara müxtəlif metodlarla müdaxilə hesabına mümkün olur. Bu baxımdan, davranış və düşüncələrin idarəçiliyinə aid hər hansı bir konsepsiyada motivlər yerində yeganə olaraq Freydin dediyi həmin irrasional həvəslər ansamblını, yaxud Adlerin dediyi həmin defekti əvəzləmək məramını və ya Olportun dediyi individual xüsusiyyətləri və s. ayrı-ayrılıqda əsas götürmək, təbii olaraq birtərəfliliyə və məhdudluğa gətirib çıxarardı, bu konsepsiyanın universallığına və işləkliyinə ciddi əngəl törədərdi. Həqiqət, deyildiyi kimi, bunların məxrəcində və ya kombinasiyasındadır ki, yuxarıda biz bu məxrəclərdən birini tapmağa cəhd etdik. Və öz konsepsiyamızı da həmin bu inteqral baza üzərində quracağıq.

  • Kiməsə təsir halında düzgün taktika seçə bilməyin ən zəruri şərtlərindən biri – onun həmin ontogenez və filogenezini, başqa sözlə, kimliyini, onun psixikasının ümumi xüsusiyyətlərini, verilmiş andakı dəyişikliklərini, xasiyyətini, ümumi tələbatlarını, maraqlarını, ehtiyaclarını, təmənnalarını və s., kütlənin idarəçiliyi halı üçünsə – kütlə içərisində hansı hisslərin, məramların üstünlük təşkil etdiyini dəqiq bilməkdir. Bunlarsız qarmaqarışıq münasibətlər labirintində düzgün oriyentasiya əldə etmək, kütlənin və ya ayrıca fərdin rəy və baxışlarını lazımi istiqamətə yönəltmək üçün səmərəli iş apara bilmək qeyri-mümkündür. Bu səbəbdən, ilk olaraq tərəf-müqabilin deyilən baxımdan olan parametrlərini təyin etmək qaydaları barədə:

  • Ünsiyyət zamanı düzgün taktika seçə bilmək işinin tərkib hissəsi olan bu məsələni müxtəlif konkretlik səviyyəsində, əsasən üç yolla həll etmək mümkündür:

        1. Cəmi insanlara xas olan ümumi psixi əlamətləri tərəf-müqabilə də aid etməklə – ümumi formada;

        2. Mənsub olduğu irqə, irsə, cinsə, sinfə, dinə, millətə və s. xas olan ümumi cəhətləri ona da aid etməklə – xüsusi formada;

        3. Konkret olaraq onun öz psixi konturlarını müəyyən etməklə – fərdi formada.

  • Aşağıda bunların hər biri barədə nisbətən ətraflı məlumat verilir.



        1. Diaxronik tədqiq üsulu





    1. Ümumi sinif əsasından ayrıca fərd barədə nəticə çıxarmaq ümumi oriyentasiya üçün, təqribi proqnoz baxımından əhəmiyyət kəsb etsə də, hər halda, dəqiq proqnoz üçün mütləq fərdin özünün individual cəhətləri, spesifik xüsusiyyətləri və s. aşkar edilib nəzərə alınmalıdır. Burada artıq nə psixoloji alqoritm olan stereotiplər, nə irqi, irsi, cinsi, dini, milli və s. şablonlar, nə transferlər kara gəlmir. Burada oxşarlıqlar, ümumiliklər deyil, fərqlər və unikallıqlar prinsipial mahiyyət kəsb edir. İndividi kütlədən, ümumidən ayıran, seçən bu xüsusiyyətləri (appersepsiyaları) tapıb üzə çıxarmadan, istənilən eniş-yoxuşda ünsiyyəti normal yola verə bilmək və tərəfdaşın individual dünyasının astanasından o yana keçmək qeyri-mümkündür.

    2. İnsanın məqsədyönlü psixi vəziyyətinin formalaşmasının birinci şərti – onun uzunmüddətli yaddaşında bu şəraitə uyğun vəziyyətin enqramının mövcudluğudur. İkinci şərt – onun özünün individual psixi parametrləri və bu parametrlərin öz aralarında qarşılıqlı rabitəsidir. Psixikanın əsas komponentləri bu məqamda afferent sintez prosesini şərtləndirən sistemyaradıcı faktor funksiyasında çıxış edir. İstənilən biosistem ətraf dünyaya uyğunlaşmaq fəaliyyətində özünün daxili proseslərini analiz edib, bunlara uyğun olaraq hansı qərar qəbul etmək lazım olduğunu öz-özü üçün müəyyən edir. Məhz buna görə də, qarşı tərəfin reaksiyalarını proqnozlaşdıra bilmək üçün onun daxili aləmini öyrənmək zəruri şərtdir.

    3. Prinsip baxımından, dünyada mövcud olan cəmi tədqiqat üsullarını iki kateqoriyaya ayırmaq mümkündür: diaxroniksinxronik metodlar. Bunlardan birincisi – keçmişə, ikincisi isə – bugünə aid faktları öyrənməklə aparılan araşdırma üsuludur. İstənilən individi öyrənməyin metodları da bu təsnifata tabedir. Kimisə onun şəxsi işinə, anket və kartoteka göstəricilərinə, xatirə dəftərinə, köhnə məktublarına, yazışmalarına və s. əsasən öyrənmək məhz diaxronik tədqiqata nümunələrdəndir. Sinxronik tədqiqata isə biz bugünlə əlaqədar faktların öyrənilməsi prosedurasını aid edirik ki, bunu da müşahidə və eksperiment olmaqla iki qrupa ayırırıq (diaxroniya və sinxroniya terminlərini linqvistikadan əxz etmişik). İndividlərin bu ikinci metodla tədqiqi psixologiyanın əsas problemlərindən olduğuna görə, burada ona xüsusi yer ayırırıq.



        1. Sinxronik tədqiq üsulu

          1. Müşahidə


    1. Yuxarıda diaxronik tədqiqatın bir neçə növü sadalandı: şəxsi işlərə, kartoteka göstəricilərinə, xatirə dəftərinə, köhnə məktublara, yazışmalara və s. əsasən aparılan araşdırma. Sinxronik tədqiqatınsa, əsasən iki növü mövcuddur: Müşahidə və eksperiment. Bunlardan birincisi – bilavasitə, ikincisi isə, dolayısı tədqiqat üsuludur. Gündəlik ünsiyyətdə insanların bir-birinin daxili dünyasına nüfuz etmək üçün istifadə etdikləri çoxsaylı fəndlər də məhz izah edilən bu iki variantın ayrı-ayrı növmüxtəlifliyindən ibarətdir.

    2. Müşahidə dedikdə göz önünə ilk növbədə görmə vasitəsilə aparılan tədqiqat gəlir. Lakin nəzərə alınsa ki, insanın ətraf aləmdən informasiya alması onun beş əsas və iyirmiyə yaxın köməkçi hiss kanalları vasitəsi ilə baş verir, o zaman görmənin insan həyatında rolunun yüz faizli xarakter daşımadığını dərk etmək mümkündür və burada digər hissiyyatların da rolu dərhal nəzərə çarpasıdır.

    3. Ümumi halda, ətraf dünyada baş verən hər bir dəyişiklik dildir, hər bir titrəyiş öz mənasına malikdir. Sadəcə olaraq, onların şifrəsini aça bilmək vacibdir. Nəyin nəyə görə baş verdiyini bildikdən sonra isə ətraf dünyanı bir kitab kimi oxumaq, təbiətə «sən» deyə müraciət etmək mümkündür. Qocalar quş və heyvanların, cücü və otların davranışından havanın necə olacağı barədə nəticə çıxarır, həkimlər simptomlara əsasən xəstəliyin gedişini proqnozlaşdırırlar. Çünki onlar təbiətin jest dilini adi insanların danışıq dilindəki formaya tərcümə etməyi öyrəniblər. Adi insan da təbiətin bir parçasıdır və onun bütün əlamətlərini özündə gəzdirib, hər an daxilindəki bütün dəyişikliklər barədə ətrafa sonsuz sayda informasiyalar göndərir. Ətraf insanlarsa bunlardan yalnız çox cüzi birini – danışıq dili ilə dediklərini qavrayıb, dərk edirlər. Özü də, hətta bu dillə ifadə olunan mənalardan da hamısını yox. Belə ki, nitqin forma və məzmunundakı emosional çalarlar, demək olar ki, əksər adamlar tərəfindən qavranılmamış qalır və dillə deyilənlərin doğru, yoxsa yalan, səmimi, yoxsa qeyri-səmimi və s. olduğunu ayırd etməyə onların konkret heç bir vasitəsi olmur. Jest, mimika, poza və s.-in mənasını «oxumaq» barəsində isə heç danışmağa dəyməz. İnsanların daxili aləminə sinxronik tədqiqat vasitəsilə müdaxilə məhz bu alternativ dillərlə işləmək məsələlərini əhatə edir.

    4. Aşağıda bu yolla insanların daxilində gedən bir sıra psixi prosesləri aşkar etməyin nümunələri sadalanır:

    5. Bunlar insanın psixi sferasında cərəyan edən proseslərin müəyyən qismini izləməyə imkan verən başlıca zahiri əlamətlər (‘‘indikatorlar’’) idi. Bunlardan əlavə, müxtəlif assosiativ reaksiyalar, ehtiyatsız deyimlər (çaşmalar), sayıqlamalar, məntiqsizliklər, ayrı-ayrı intonasiya və rəftar mimikaları, beyin biocərəyanlarında, dərinin elektrik müqavimətində, orqanizmin damar reaksiyalarında, əzələlərin titrəyişində və b.-da baş verən dəyişikliklər də, insanın fikir apparatına müdaxilə etməyə imkan verən vasitələrdəndir.

    6. Göstərilən əlamətlər tərəf-müqabilin fikirlərinin məcrasını müəyyənləşdirmək üçün bir indikatordur ki, onların vasitəsilə onu lazımi diapazona kökləmək və ondan kənara çıxmağa qoymamaq mümkündür: tərəf-müqabil sizə maraqla, yoxsa «xala xətrin qalmasın» qulaq asır, onu hansı mövzu maraqlandırır, nəyə meyl edir, dedikləri səmimidirmi və s.? Əgər maraqsız qulaq asırsa, deməli, nəsə yerində deyil və mövzunu tez-tez dəyişməklə «indikatorların» qırmızı işığının «yandığı» məqamı axtarıb tapmaq olar və bununla da, daim onun ürəyinin «sarı simindən» vurmağı öyrənəcəksiniz. Bu, eynilə təzə tanış olanların bir-birində özlərinə qarşı maraq oyada bilməsi üçün, eynilə yol-yoldaşlarının həmsöhbəti bezdirməməsi üçün, eynilə məclisdə məclisin ruhunu tuta bilmək üçün, eynilə müəllimin tələbə və şagirdlərin ürəyinə yola tapa bilməsi üçün, eynilə, müsahiblərin bir-birinin səmimi, yoxsa qeyri-səmimi olduğunu müəyyən edə bilmələri üçün, kimisə ram edərkən ona üsyan, qiyam, inciklik şansı verməmək üçün və eynilə də, köhnə tanışların bir-birinin ürəyini «oxuya» bilmələri, dərdlərinə şərik ola bilmələri, başa düşən dost olduqlarını nümayiş etdirə bilmələri və s. üçün əhəmiyyətlidir.



          1. Eksperiment





    1. İnsanın daxili aləmini müxtəlif situasiya və münasibətlər üzə çıxarır. Məhz, bu halında insanın psixi tarazlıq halı pozulur və o, debilliyin, infantilliyin, dəliliyin hüdudlarında ləngərləməyə başlayır. Lakin bəs, əgər insan xoşa-xoşluqla, təbii surətdə belə hala düşmürsə, onda nə etməli? Gözləməlimi ki, «nə zaman yaz gələr, onda da yonca bitər?».

    2. İnsanın eksperiment vasitəsilə tədqiqi, məhz belə məqamlarda situasiyanı süni surətdə yaratmaq («modelləşdirib»), tərəfdaşı bərkə-boşa, çək-çevirə salmaqla onun barədə hansısa nəticə çıxarmaq məsələsini əhatə edir. Eksperiment zamanı eksperimentin nəticəsinə təsir göstərə biləcək bütün digər dəyişənlər və şərtlər aradan qaldırılmalı və ya elə edilməlidir ki, onlar axıra qədər sabit səviyyədə qalsın.

    3. İnsanı nisbətən yaxından tanımaq üçün on illərlə vaxt lazımdır. Yalnız bu müddətdə müxtəlif situasiya və münasibətlər onun daxili aləmini açmağa və xasiyyətinin incəliklərini üzə çıxarmağa imkan verər. Bundan sonra isə. istənilən halda proqnozlaşdırmaq mümkün olur ki, kimdən nəyi gözləmək olar və kimə hansı rəftar xoş gedib-getmir. Bu qədər müddətsə, göründüyü kimi, olduqca böyük limitdir və yaxşı olardı ki, hər şey cəmisi bir neçə gündə, hətta bir neçə saatda həll olunaydı. Ələlxüsus da ki, on illərlə tanıdığın bir adamla əlaqədar belə, hələ hər şey tam aydınlaşmır və onun sizdən gizlətdiyi nə qədər sirləri, zəiflikləri, istəkləri ola bilir. Bütün bunları üzə çıxarmaq, özü də çox tez müddətdə üzə çıxarmaq üçünsə həqiqi «qəlb mühəndisi» olmaq lazımdır. Bu hissədə söhbət, məhz bu məqsədə xidmət edən bəzi fəndlərdən gedəcək.

    4. Aşağıda bu kateqoriyadan olan yeddi vasitə sadalanır, hansı ki, onların bir çoxu psixoanalitika üçün də yeni olduğundan, eyni zamanda, təbabətdə də maraqlı ola bilər:
            • Sərbəst assosiasiya metodu

    5. Psixoanalitikanın başlıca alətlərindən olan bu fənd, adi ünsiyyət zamanı da, tərəf-müqabilin daxili dünyasına nüfuz edə bilmək üçün əla vasitədir. Burada, cəhd edilir ki, tərəf-müqabil öz danışdıqlarına maksimum aludə olsun və bununla da, hissləri, fikirləri üzərində nəzarəti əldən buraxsın, özünü unutsun, ehtiyatı yaddan çıxarsın. Bu zaman, «sərbəst assosiasiya» deyilən prinsipə uyğun olaraq, beyində ətalətə oxşar bir hal yaranır, fikirlərin axını «zəncirvari reaksiya» və ya «domino effekti» deyilən akt tərəfindən stimullaşdırılır, «söz-sözü çəkər» prinsipinə uyğun olaraq hər yeni fikir yaddaşdan özünə uyğun digər fikirləri qurcalayıb üzə çıxarır – beləcə, fikirlərin eskalasiyası fasiləsiz olaraq tənzimlənir.

    6. Mexanizm baxımından bu metod autohipnoz halının bir variasiyasıdır. Burada diqqətin tutulub saxlanılması üçün, hipnozdakı kimi, hansısa bir parlaq kürəcikdən və ya düyməcikdən deyil, tərəf-müqabilin öz söhbətlərindən istifadə olunur. Fənd və vasitələr baxımındansa, bu hal hipnozla qismən kəsişir. Belə ki, burada da əsas məqsəd, tərəf-müqabilin psixikasını relaksasiya halına gətirməkdir. Lakin məzmun deyil, forma baxımından burada ciddi fərqlər mövcuddur, çünki hipnozun öz, sərbəst assosiasiya halınınsa öz vasitələri var. İnsanı belə hala gətirməyin bəzi primitiv üsulları hələ öz dövründə freydizm və sonradan onun bazasında yaranan «psixodinamik psixoterapiya» tərəfindən müəyyənləşdirilsə də, bu gün onları daha da dolğunlaşdırıb ümumiləşdirmək mümkündür, o cümlədən:

                    1. İnsanı belə hala gətirməyin BİRİNCİ ŞƏRTİ – heç vədə onun fikirlərini kəsməməkdir. Danışdığı mövzu sizin üçün maraqsız, mənasız, azinandırıcı, cəfəng, darıxdırıcı, səviyyəsiz, təhqiramiz və s. görünə bilər. Burada siz öz əleyhinizə fikirlər eşidə bilərsiniz. Bütün bunların heç biri hələ sizə onun sözünü kəsmək ixtiyarı vermir. Nəzərə alın ki, o, hipnoz vəziyyətindədir və indi danışdıqları onun ürəyinin, beyninin dərinliklərində indiyə qədər gizlətdikləridir və sizin də məqsədiniz məhz onları üzə çıxarmaqdır, daha onunla haqq-hesab çəkmək və ya onunla ünsiyyətdən zövq almaq yox. Bunlar tamam başqa vaxt və söhbətin vəzifəsidir. İndi vacib olanı onun zəifliklərini, ürəyində gizlətdiyi sirlərini, münasibətlərini, təmənnalarını və s. üzə çıxarmaq, yaxud onun vasitəsilə özgələrinin sirlərini öyrənməkdir. Bunlardan ona və ya bir başqalarına qarşı necə istifadə etmək məsələsi sonranın işidir. İndi isə onun fikirlərinin cəmisi bir dəfə kəsilməsi kifayətdir ki, o, ayılsın, vəziyyətə sağlam düşüncə ilə baxsın, özünü ələ alsın və s. Əksinə, «xoda» düşüb danışdığı anlarda fikri bütün dünyadan təcrid olub, diqqəti yalnız danışdıqlarının üstündə cəmlənir ki, hipnozçuların bildiyi kimi, bu da hipnoza aparan sadə yoldur. Sözü kəsildikdə isə «fəth olunmuş» diqqət azad olur və bundan sonra nəyəsə nail olmaq üçün hər şey yenidən başlanmalıdır. Bir sözlə ki, təki danışsın, ağzına nə gəldi, fikrindən nə keçdi, qoy danışsın. Sizin üçün maraqlı olanı onun danışdıqları yox, danışıqarası dilindən qaçırdıqlarıdır. Yerdə qalanı isə yalnız bunu açmaq üçün olan vasitələr, buna gətirən yollardır;

                    2. İKİNCİ ŞƏRT – onun təhlükəsizliyinə təminatın olması məsələsidir. Əgər nə vaxtsa onun sirlərini açıb yaymısınızsa, öyrəndiyiniz sirrinə görə onu tənə atəşinə tutmusunuzsa və ya elə indi açdığı hansısa bir sirrinə görəsə dərhal qışqırmısınızsa ki, «aha, axır ki, sən öz iç üzünü açdın» və yaxud «yaxşı ki, mən səni başına buraxdım, belə-belə şeyləri açıb danışdın, yoxsa mən də sənin bu cür işlərindən (əclaflıqlarından, sifətlərindən və s.) xəbərsiz qalardım» və s., onda çox çətin ki, indi lazımi effekti əldə edə biləsiniz. Etimad burada hər şeyi həll edir. Buna görə də, burada, birinci növbədə, etimad körpüsü yarada bilmək vacibdir.

    7. Bu məqamda etimad qazanmağın bir şərti, yuxarıda deyildiyi kimi, onda sirlərinin gizli qalacağına ümid yarada bilməkdir;

    8. İkinci məsələ – kömək edəcəyinizə gümanının olmasıdır. Özü də söhbət təkcə maddi köməkdən yox, eyni zamanda, mənəvi köməkdən də gedə bilər. Bir sözlə, bu məqamda kömək edəcəyinizə ümid yarada bilmək sizin əsas vəzifələrinizdən biridir;

    9. Bu məqamda etimad qazanıb, tərəf-müqabilin təhlükəsizliyinə təminat verə bilməyin daha bir formulu – etiraflar mübadiləsidir. Silahını tullayaraq qarşınıza köməksiz vəziyyətdə çıxan tərəf-müqabil, sizə etimad nümayiş etdirir və sizdən də analoji addım gözləyir. Bu məqamda sizin də, öz ‘‘mən’’inizin bəzi neqativ tərəflərini aşkarlamanız, o qədər də «aydan arı, sudan duru» olmadığınızı nəzər-diqqətə çatdırmanız, vəziyyəti zahirən sığortalayar, ünsiyyətin bərabər əsaslarla inkişafına və tərəf-müqabilinin hürkmədən sizə doğru daha da yaxınlaşmasına səbəb ola bilərdi. Əks halda, tərəf-müqabil özünü aldadılmış vəziyyətdə hiss edib geri çəkiləsidir;

    10. Ancaq bu sonuncu məqamla bağlı iki təhlükəli nüansı nəzərdən qaçırmamalı. Əvvəla, sizin özünüz barədə hər şeyi birnəfəsə açıb tökməniz effektsiz və azinandırıcıdır – hər şey addım-addım və sözgəlişi olmalıdır. İkinci məsələ isə, özgələri barədə olan söhbətlərlə bağlıdır: Tərəf-müqabil kiminsə sirrini açdıqca, qarşılıq xatirinə, sizin də həmin adamın bəzi sirlərini açmanız, haqqınızda «ağzıboş» adam təsəvvürü yarada bilər və gələcəkdə tərəf-müqabil də öz sirlərini sizə açmaqda ehtiyatlanar. Hər halda, hər şeyi vəziyyət və tərəf-müqabilin xarakteri ilə ölçüb-biçməli;

    11. c) Tərəf-müqabili sərbəst assosiasiya halına kökləməyin ÜÇÜNCÜ ŞƏRTİ – passiv yox, aktiv dinləyici olmaq, başqa sözlə, onu öz dinləyicilik məharətinizlə stimullaşdırmaqdır. Yuxarıda heç vədə tərəf-müqabilin sözünü kəsməmək tövsiyyə olunmuşdu. Lakin bu, diqqətyayındırıcı, mövzunu dəyişdirən müdaxilələrə aid idi və mövzuya dəstək, emosiyalara təkan məqsədi güdən müdaxilələr bura aid deyil. Məsələ burasındadır ki, bir sıra elə verbal formullar mövcuddur ki, onlar bu halda mane olmayıb, əksinə, tərəf-müqabilin həmin bu, «ayıqkən hipnoz» vəziyyətini daha da dərinləşdirir, ona bir növ təkanlar verir və onu həqiqətən də, getdikcə qeyri-şüuri bir vəziyyətə gətirir. Bu cür formulların bəzilərisə aşağıdakılardır

    12. Ümumi olaraq, tərəf-müqabilin sərbəst assosiasiya, eyforiya halının səviyyəsini yuxarıda sadalanan indikatorlar vasitəsilə müəyyən etmək mümkündür.

              • EKSPRESSİV İNDİKATORLAR: Tərəf-müqabilin poza və səsi təbii görkəm alır, onlarda gərginlik və həyəcan hiss edilmir. O, gözlərini gizlətmir, göz-gözə gəlməkdən qaçmır, əksinə, sizə daha tez-tez baxır, lakin gözlərini sizə zilləyib də durmur. Özünü sərbəst hiss edir və sizə daha yaxın durmağa çalışır, yaxud pozası sizə tərəf azacıq əyilmiş olur və s.;

              • PSİXOMOTOR İNDİKATORLAR: Bütün növ reaksiyaları, hərəkəti, nitqi çevikləşir, mimika və jestləri canlanır, suallarınıza cavabı, hər hansı qeydinizə reaksiyası pauzasız, çevik olur, düşünmədən danışır və s.;

              • KOQNİTİV İNDİKATORLAR: Nitqində hazırcavablıq, lakoniklik artır, yaddaşı güclənir, əksinə, diqqəti zəifləyir və s.;

              • EVOKATİV İNDİKATORLAR: Ünsiyyətə, ünsiyyətdə təşəbbüsü ələ almağa, özünüifadəyə, özünüböyütməyə və s. meylli olur.

    13. Tərəf-müqabilin nitq və davranışında göstərilən əlamətlərin müşahidə olunması onun tamamilə «ayıqkən hipnoz» vəziyyətində olduğuna işarədir;
            • Mübahisə metodu

    14. Tərəf-müqabilin daxili dünyasına müdaxilə etməyin, fikirlərini aşkarlamağın daha bir metodu onun münaqişəyə, mübahisəyə cəlb olunmasıdır. Fəslin əvvəlində intellektə verilən xarakteristikada qeyd edilmişdi ki, o, emosiyaların maksimum gərgin və süst hallarında öz funksiyasını dayandırır. İnsanın nəyisə gizlətməsinin, sirr saxlamasının, daxili aləmini ört-basdır etməsinin və s. əsas səbəbkarı da, məhz onun intellektidir. Belə ki, bu orqan özünün tənqidi-senzor funksiyası ilə zərərli olan, mənafeyə zidd olan heç nəyi orqanizmin yaxınlığına buraxmır, təhtəlşüura «senzuradan» keçməyən hər hansı kənar müdaxilələri qətiyyətlə dayandırır və s. – təbii ki, əgər «duysa».

    15. Bu baxımdan, yuxarıdakı metoddan əsas məqsəd, emosiyaların həmin maksimum aşağı həddini, yəni relaksasiya, süst halını əldə etmək idi. Deyildiyi kimi, diapazonun yuxarı həddi, yəni emosiyaların maksimum gərginliyi də, intellektual fəaliyyəti tormozlamaq baxımından analoji effektlidir. Bu cəhətdən, mübahisə – əsəbləri tarımlamaq, emosiyaları gərginləşdirmək üçün ən sadə və əlverişli üsuldur.

    16. «Əsəbi başda ağıl olmaz» – deyirlər. Mübahisəyə cəlb olunmuş adam öz üzərində, danışıqları, hərəkətləri üzərində nəzarətini itirir, iradə hesabına maskaladığı xüsusiyyətlərini büruzə verir, hər növ sünilikləri təbiiliklə əvəzlənir, indiyə qədər ürəyində saxladığı tənələrini, iradlarını, münasibətlərini açıqlayır, həqiqi fikirlərini aşkarlayır.

    17. Bu hal, ekstremal situasiya kimi, eyni zamanda, onun xarakterinin bir sıra qaranlıq tərəfini də üzə çıxarır. Belə ki, məhz bu anda müəyyən etmək mümkündür ki, tərəfdaş nə dərəcədə inadkar və ya güzəştəgedən, təmkinli və ya tez özündənçıxan, kobud və ya taktikdir.

    18. Ancaq ki, bu ziddiyyət axtarışını o qədər də dərinləşdirmək lazım deyil: Tərəf-müqabili inandırmağa çalışın ki, mübahisə, bəzi momentləri aydınlaşdırmaq istəyindən doğub. Sizin özünüz məcburən mübahisəyə cəlb olunmusunuzsa, çalışın o qədər də aludə olmayasınız və heç vədə üzərinizdə nəzarəti yaddan çıxarmayasınız;
            • Sınaq-səhv metodu

    19. Tərəf-müqabilin həqiqi fikirlərini üzə çıxarmağın, rəyini «zandaj» etməyin daha bir üsulu bu metoddur. Burada müxtəlif kəşfiyyat hərəkətləri və sözləri vasitəsilə ona «hücum» edilir, bunlara verdiyi cavab reaksiyaları əsasında, nəyi davam etdirib-etdirməmək barədə nəticə çıxarılır. Bu metodun özü də iki variasiyadan ibarətdir.

              • Birinci halda müxtəlif zarafat, lətifə, eyham, replika, atmaca, ikibaşlı suallar, hərəkətlər və s. vasitəsilə birbaşa hücum edilir, lazımi sərhədd keçilir. O cümlədən, söhbət əsnasında gənc oğlanların ‘‘təsadüfən’’ yeni tanış olduqları qızların qoluna, saçına, belinə əl toxundurmaları, lətifələrlə tədricən «lazımi» mövzuya gəlib çıxmaları, müsahiblərin müxtəlif fel formaları ilə bir-birinə eyham vurmaları, sataşmaları (məs., bu formullarla: «Heyf, fürsəti əldən buraxmısan, gərək belə edəydin», «Mən olsaydım belə edərdim» və ya «Filankəs olsaydı belə edərdi», «Nəyə görə çəkindin, orda nə var idi ki?», «Yoxsa qorxdun ki, filan cür olardı?», «Bəlkə belə edəydi, bəs onda?», «Kaş elə olaydı», «Eybi yoxdur, indi qorxmursan qorxma, fürsət düşəndə qorxudaram», «Nədir, məgər sənə nə isə təklif verirəm ki?», «Yox, qorxuram söz-zad düzəldərsən» və s.) və b. həmin bu «kəşfiyyata» nümunələrdəndir (Bu tipli mövzularla bağlı əlavə olaraq bax: burada, səh. 84, 100-104, 113, 137...). Yuxarıda təsvir edilən indikatorların göstəriciləri, yəni tərəf-müqabilin müxtəlif formalı mənfi-müsbət reaksiyaları əməliyyatı davam etdirib-etdirməmək, eləcə də, hansı müstəvidə davam etdirmək barədə lazımi siqnal verir. Reaksiyalarına əsasən tərəf-müqabilin incidiyi hiss olunursa, hər şeyin zarafat olduğunu bildirməklə, eyni zamanda, onun mövqeyini, baxışını dəstəkləyən bir neçə əlavə fikir söyləməklə, mövzudan məharətlə yayınmaq və ziddiyyətə şans verməmək mümkündür (Müəyyən variant halında burada lazımi fikir müxtəlif şayiələr və ya ikinci, üçüncü adamlar vasitəsilə ona çatdırılır və bundan sonra reaksiyası, münasibəti izlənilir. Reaksiyası ilə tərəf-müqabil işarə vurasıdır ki, fikrin hansı formuləsi onu qane edərdi. Lakin bu halda bir şeyi nəzərdən qaçırmamalı ki, bəzən məsələyə başqalarının (o cümlədən, ictimai rəyin) qarışdırılması əks-effekt göstərərək, tərəfdaşı əvvəl razı olduğu məsələdən artıq çəkinməyə məcbur edə bilir);

              • İkinci halda isə addıma mane olan, ehtiyat tələb edən baryer açılıb göstərilir, müzakirəyə çıxarılır və onun da bunu ciddi baryer sayıb-saymaması izlənilir. Fikir, əsasən bu formullarla düzəldilir: «Heyf ki,... yoxsa..», «Özüm istəmirəm, yoxsa..», «Hələ vaxtı deyil, yoxsa...» və s.. Problem, baryer, mane olan amil yerində istənilən bir bəhanəni əsas qəbul etmək mümkündür. Cavabında tərəf-müqabil bildirə bilər ki, «bunun məsələyə nə dəxli?» və ya «Fikrən qəbul edək ki, heç o problem yoxdur», yaxud əlavə olaraq misal də çəkə bilər ki, «Filankəsdə də, o problem var, ancaq heç əhəmiyyət vermirlər» və yaxud da ki, sükutla sizin dediyinizə razılıq bildirə bilər və ya «çox nahaq belə fikirləşdiyinizi və heç bir şərt çərçivəsində bu sövdanızın baş tuta bilən iş olmadığını» elan edər;
            • Statistik intensivlik metodu

    20. Xoşu gələn bir oyuncaq və ya iştahı keçən təam yanında balaca uşağın özünü necə apardığı məlumdur: uşağın gözü onun yanında qalır, anasının əlindən ona doğru daha çox dartınır və s. Böyük adamlarla bağlı da hər şey beləcədir. Yaşından asılı olmayaraq istənilən adam beynini məşğul edən problemə fikrən dönə-dönə qayıdır, o məsələ onun diqqətini daha tez-tez məşğul edir. Məhz bu kiçicik «əlyeri» də, onun fikirlərini «oxumaq» məsələsində daha bir oriyentasiya verir.

              • Söhbət əsnasında tərəf-müqabilin hansı mövzuya doğru daha tez-tez «dartındığını», dönə-dönə qayıtdığını, müraciət etdiyini, hansı adı tez-tez hallandırdığını, misal göstərdiyini, ehtiyac olmadan vurğuladığını və s. izləməklə, onun beynini daha çox məşğul edən problem barədə ümumi təsəvvür əldə etmək mümkündür. Həmin mövzunun ümumi söhbətlərindəki həcmi, statistik çəkisi, intensivliyi və s. onun düşüncələrinin məhz bu orbit üzrə fırlandığına işarədir.

    21. Qeyd olunmalıdır ki, tərəf-müqabil sizi üzə salmaq, sizdən nəsə qoparmaq xatirinə nəyisə özü qəsdən tez-tez vurğulaya bilər ki, sizin diqqətinizi ona cəlb etsin. Hər halda, bu da yenə onun maraqları kaleydoskopuna aid məsələdir və təmənnalarını açmağa imkan verir;

    22. İnsanın fikirlərini üzə çıxarmağın bir fəndi də budur. Burada müxtəlif ‘‘təsadüfi’’ eyhamlarla işarə edilir ki, guya, onun hansısa bir sirri barədəsə hər şeyi bilirsiniz. Sadəcə olaraq, onu namünasib vəziyyətə salmamaq və ya söhbət o yerə gətirib çıxarmadığı üçün heç nəyi açmırsınız. Artıq burada sizin üçün də gizli heç nə qalmadığına əmin olduğu üçün tərəf-müqabil yeri gəldikcə, söhbət o mövzulara gətirib çıxardıqca, özü onun bəzi tərəflərini, fərqinə varmadan dilindən qaçırasıdır. Yaxud münasibətin forması ona sirr gizlətmək səlahiyyəti vermirsə, o özü tez bəhanə tapıb məsələnin yerdə qalan hissəsini də açıqlamağa (‘‘cəzasını yüngülləşdirmək üçün’’ ‘‘xoşa-xoşluqla boynuna almağa’’) çalışasıdır.

              • Burada da, bəzi nüanslar var ki, effektli nəticə almaq üçün onların nəzərə alınması vacibdir. Əvvəla, eyhamlar düz hədəfə dəyməlidir, yəni bu sirrin heç olmazsa bir elementini tam dəqiq bilməlisiniz, O cümlədən, özünüz çıxardığınız məntiqi nəticələrdən eyham kimi istifadə etsəniz, heç olmazsa şübhələrinizin uyarlılıq dərəcəsi kifayət qədər olmalıdır. İkincisi isə, tərəf-müqabilin hər hansı ötəri açıqlamaları barədə qətiyyən sual vermək olmaz, O, hər hansısa bir məsələ barədəsə fərqinə varmadan hər şeyi danışdıqda, ona stavka edir ki, siz onsuz da bunu bilirsiniz. Sizin suallarınızsa, xəbərsizliyinizi üzə çıxarar və onun məsuliyyət barədə hər şeyi yenidən götür-qoy etməsinə gətirib-çıxara bilər;
            • Həqiqəti təhrif metodu:

    23. İnsanın həqiqi fikrinin, xarakterinin, emosiyalarının və s. üzə çıxarılmasının daha bir üsulu – onun halının, mövqeyinin, əqidəsinin, fikrinin, xasiyyətinin və s. səhv yozulmasıdır.

    24. Bu metodun özü də iki variasiyadan ibarətdir:

              • Birinci halda məsələnin pis tərəfi əsas götürülür, müsahibin hansısa bir fikrindən, danışığından, davranışından, niyyətindən, durumundan və s. onun ziyanına, əleyhinə olan nəticə çıxarılır. Bu cür təhrifin, şantajın, insinuasiyanın ona imici, qazancı, asayişi, hörməti, xoşbəxtliyi və s. bahasına başa gələcəyini dərk etdiyi üçün tərəf-müqabil dərhal hər şeyi incəliklərinə qədər açıb danışmağa başlayacaq ki, təki haqqında ədalətsiz qərar çıxarılmasın. Onun mövqeyinin, halının, fikirlərinin və s. şübhə altına alınması bu metodun digər variantıdır ki, yenə də tərəfdaş sizi şübhədən qurtarmaq üçün çapalayasıdır.

              • İkinci halda əksinə, hər şey mübaliğə etdirilir, ideallaşdırılır. Gələcəkdə həqiqətin üzə çıxması ilə özünün namünasib vəziyyətə düşəcəyini dərk edən tərəfdaş özü dərhal rəyinizə korrektə verməyə başlayacaq:

    25. Nə danışırsınız, mən o qədər də ideal deyiləm.

        1. Yox, bilirsiniz, elədir ey, amma...;
            • Sorğu metodu

    26. Tərəf-müqabilin fikirlərini ayırd etməyin, demək olar ki, klassik metodudur. İnsanlıq, yəqin ki, bir-biri ilə ünsiyyət saxlamağı öyrəndiyi gündən bu metoddan istifadə edir. Ünsiyyətdə dominantlıq dərəcəsinə görə məntiq elmi tərəfindən, bəzən deskriptiv və normativ hökmlərlə eynihüquqlu qəbul edilir və xüsusi olaraq, interroqativ (və ya erotetik) məntiq məhz onu öyrənmək üçün yaradılıb. Elmi idrakda rolu əvəzedilməzdir. Ritorika və poetika ondan xüsusi təsir aləti kimi istifadə edir.

    27. Lakin çox-çox əfsuslar olsun ki, sualın həmin bu ritorik, poetik, məntiqi və s. formaları psixologiya üçün yaramır, psixologiya özü isə, daha çox əfsus ki, bu məsələyə heç bir əhəmiyyət verməyib (şablon sualları əhatə edən məhkəmə və tibb psixologiyaları da daxil olmaqla), hansı ki, psixoloji sual kriminalistika, jurnalistika, diplomatiya, diaqnostika və b. üçün də böyük dəyər kəsb edir və onun bitkin təliminin qurulması, sisteminin tapılması psixologiyanın onlarla tədqiqat üsullarını (anket, müsahibə və s.) ümumiləşdirərək dolğunlaşdırar, inkişafına xeyli kömək edərdi.

    28. Gələcəkdə «psixoloji sualın» psixologiyanın xüsusi tədqiqat obyektinə çevriləcəyinə və onun dəqiq mexanizminin, sisteminin tapılacağına böyük ümid bəsləyərək, burada hələlik, bizim fərqləndirə bildiyimiz bəzi psixoloji sual növləri sadalanır:
              • Faktın müəyyənləşdirilməsi məqsədinə xidmət edən suallar:

    29. 7.1.a) Dəqiqləşdirici suallar: Yeganə olaraq «Hə»-«Yox», «Var»-«Yoxdur» («olub»-«olmayıb», «olacaq»-«olmayacaq») kimi bəsit cavablar tələb edən bu sual növlərində yalnız hansısa ehtimalın təsdiq və ya inkarı nəzərdə tutulur. Gündəlik ünsiyyətdə insanların biri-birinə verdiyi «Səndə filan şey varmı?», «Bu filan şeydirmi?», «Gələcəksənmi?», «Yaxşısanmı?» və s. kimi suallar bu növdəndir.

    30. Psixoloji baxımdan, bu tipli suallar da, birbaşa formasında yararlı deyil. Belə ki, sizə heç bir aidiyyatı olmayan bir məsələ barədə sual verdikdə sizə elə bir cür də cavab verə bilərlər: «Bunun sənə nə dəxli?». Odur ki, bu tipli məqamlarda sualı məntiqi deyil, psixoloji formada qoymaq yeganə effektli yoldur.

    31. Deyilən variant, sualın elə bir formasıdır ki, burada birbaşa olaraq həmin məsələ barədə yox, ondan törəyə biləcək nəticə haqqında sual verilir. Və təbii ki, nəticənin olub-olmamasından, səbəbin də mövcudluğu barədə nəticə çıxarmaq o qədər də, problem törətməyəcək.

              • Məsələn, tutaq ki, sizə tərəf-müqabilin ailəli, yoxsa subay olduğunu müəyyənləşdirmək lazımdır. Sualın birbaşa variantda qoyuluşu qeyri-etik və təhlükəli olardı. Lakin ailəli olub-olmadığını müəyyən etmədən sualı birbaşa onun həyat yoldaşı barədə verdikdə, cavab hər şeyi həll edir – «Həyat yoldaşınız qohumunuzdurmu (yerlilərinizdəndirmi, işləyirmi, musiqiçi deyil ki, və s.) və i.a. formasında;

    32. 7.1.b) Tamamlayıcı suallar: Heç nəyin iqrar-inkarını tələb etmədən, hər şeyi sıfırdan başlayaraq öyrənmək məqsədi güdən suallardır. Adi vaxtda insanların bir-birinə verdiyi «Adın nədir?», «Necəsən?», «Haralısan?», «Hara gedirsən?», «Hardan gəlirsən?», «Bu nədir?», «Harda?», «Nə vaxt?», «Necə?», «Nə üçün?», «Kim?», «Nə?» və s. tipli suallar bu kateqoriyadandır.

    33. Yuxarıdakı qrup suallarda olduğu kimi, burada da birbaşa suallar hər yerdə eyni effekti vermir və bu səbəbdən, müəyyən psixoloji anlarda bu qrup sualların da psixoloji variantı düzgün cavab almağın yeganə metodudur. Bunun üçün sual, həmin məsələ ilə assosiativ rabitədə olan və sizə də məlum olan nə isə üçüncü bir şey barədə verilir, onun əsasında isə sizə lazım olan məsələ barədə nəticə çıxarılır. Bütün hallarda burada vacib olanı – müvafiq əlaqələndirici konstantı axtarıb tapmaqdır:

              • Məsələn, əks cinsin nümayəndəsindən onun yaşını soruşmağın qeyri-etik sayıldığı məlumdur. Lakin yaş əvəzinə nə zaman məktəbi, institutu bitirdiyini, instituta məktəbdən dərhalmı sonra daxil olduğunu və ya söhbət oğlandan gedirsə, əsgərlikdə hansı illərdə olduğunu və s. soruşmaqla bilavasitə yaş barədə nəticə çıxarmaq mümkündür. Eyni qayda ilə, bürcünə əsasən yaşını, doğulduğu ayı tapmaq, ünvanına əsasən telefon nömrəsini, yaxud telefon nömrəsinə əsasən ünvanını müəyyənləşdirmək (məlumat bürosu vasitəsilə), valideynləri ilə öz arasında olan familiya, ünvan fərqinə əsasən ailə vəziyyətini konkretləşdirmək (söhbət, əgər qadından gedirsə) və b. da bu qəbildən olan məsələlərdəndir.
              • Əlamət və münasibətin müəyyənləşdirilməsi məqsədinə xidmət edən suallar:

    34. Deyildiyi kimi, sual vasitəsilə ayırd edilməsinə cəhd edilən daha bir problem, tərəf-müqabilin öz əlamət-münasibətləri, başqa sözlə, onun xasiyyəti, zəiflikləri, meylləri, təmənnaları, ehtiyacları və s.-dir. Taksonomik və meronomik təsnifat apararaq tərəf-müqabilin dəyərlər və münasibətlər şkalasındakı yerini müəyyənləşdirməyə xidmət edən, bu məsələdə də, buradakı bütün digər kəşfiyyat növlərində olduğu kimi, əlamətin münasibət, yoxsa münasibətin əlamət törətməsi kimi məşhur fəlsəfi mübahisə heç bir əhəmiyyət kəsb etmir və vacib olanı, bunların bir-biri ilə vəhdətidir. Üstəlik də ki, hansısa xasiyyət təkcə sosial faktorların deyil, həm də irsi faktorların təsiriylə formalaşır, hansısa münasibətə isə insan, təkcə xasiyyəti deyil, verilmiş andakı vəziyyəti, o cümlədən, ümumiyyətcə, vəziyyət prizmasından baxır. Bir sözlə, müstəqil əlamət və müstəqil münasibətlər barədə olan psixoloji sual növləri haqqında:

    35. 7.2.a) Əlaməti müəyyənləşdirmək məqsədinə xidmət edən suallar: Bu qrup sualların tipik nümunəsi aşağıdakılardır: «Sən qısqanc deyilsən ki?», «Sən ağıllısan, ya axmaq?», «Sən qorxaqsan, ya cəsur?», «Sən əclafsan, ya mərd?» və s. Təbii ki, bu suallarda olan heç bir pis əlaməti heç vaxt heç kim özünə götürməz və yaxud eyni bir adam vəziyyətdən asılı olaraq gah bu, gah da digər yaxşı əlaməti özünə aid edə bilər, hansı ki, əslində onda onların heç biri olmaz. Digər tərəfdən baxdıqda isə, onları qınamaq da düzgün deyil, çünki heç kəs mütləq, monoton deyil və ayrı-ayrı etalonlarla ölçüldükdə hər kəsdə həm yaxşı, həm də pis cəhət aşkar etmək mümkündür. Hər kəsin həm qorxduğu, həm də arxayın olduğu məqamlar var və hər kəsin vaxtından asılı olaraq, həm nəciblik və həm də əclaflıq etdiyi anlar olub, ələlxüsus da, eyni bir hərəkəti fərqli formalarda yozmaq mümkündürsə. İnsanlar da özlərini, yalnız verilmiş anda özünə sərf edən meyarlarla görür və başqalarının da onu məhz bu bucaqdan görməsinə çalışırlar. Həqiqətdə isə heç kəs göründüyündən ibarət olmur. Bəs, onların görünməyən tərəflərini necə aşkar etməli?

    36. Diqqət mərkəzində olmaq nə isə ürəkbulandırıcı bir işdir. Yuxarıdakı sualların başlıca qüsuru bu idi ki, onların hamısında sual obyekti tərəf-müqabilin özüdür və üzərinə videokamera tuşlanmış adamlar kimi, bu vaxt o da, dərhal ya gizlənməyə, ya da üst-başını düzəldərək gülümsəməyə – Bir sözlə, «rola girməyə» çalışacaq. Əksinə, kamera başqa hədəfə tuşlanıb, tərəf-müqabil onun periferiyasından izlənsəydi, onda başqa məsələ. Bu formada qurulmuş «psixoloji sual»ların mexanizmi məhz bu deyilən effektə əsaslanır:

              • Bu qrup sual növlərindən biri – hansısa əlamət, xasiyyət barədə tərəf-müqabilin münasibətini soruşmaqdır. Məs., bu cür: «Sən bilən hiyləgərlik necə xüsusiyyətdir?», «Sənin inadkar adamlardan xoşun gəlirmi?» və s. Simpatiya və antipatiyası onda bu xüsusiyyətin və ya ona zəminin olub-olmamasını aşkarlayasıdır;

              • Digər halda sual üçüncü bir adamla bağlı verilir. Belə ki, məs., ümumi tanışınızın, hansısa bir film, əsər qəhrəmanının və ya ümumiyyətcə, kiminsə (hətta bu «kimsə» sizin uydurmanız da ola bilər) hansısa bir cəhəti müzakirəyə çıxarılır və bu barədə onun da münasibəti izlənilir. Nəticə, eynilə yuxarıdakı kimidir;

              • Üçüncü halda sual hansısa bir əlamət barədə deyil, əlamətin əlaməti barədə verilir və dolayısı ilə həmin əlamətin də, onda olub-olmaması nəticəsi çıxarılır. Məs., birinin varlı olmasının əlaməti, son dəbli mebeli, elektron avadanlığı, paltarı, çoxotaqlı evi, dəbdəbəli həyat tərzi və s. olmasıdır. Necə ki, maddi vəziyyəti barədə sual vermədən, həmin bu məziyyətlər əsasında onun gəlirini təqribi aydınlaşdırmaq mümkündür, eyni qayda ilə də, gecə telefon zənglərinə münasibəti, belə zəngləri tez-tezmi olur və ya olmasını istərdimi və s. kimi suallara verdiyi cavaba əsasən tərəf-müqabilin, birbaşa olaraq, «nə yuvanın quşu» olduğunu, dolayısı ilə isə sirr saxlaya bilib-bilməməsini müəyyən etmək mümkündür və s.;

    37. 7.2.b) Münasibəti müəyyənləşdirmək məqsədinə xidmət edən suallar: Buraya hansısa meylin üzə çıxarılması məqsədinə xidmət edən suallar aiddir. Rədd cavabı alaraq pərt vəziyyətinə düşməmək üçün sevgililər qarşı tərəfin rəyinə tam arxayın olmayınca bir-birinə ürəyini açmır, dövlətlər qeyri-rəsmi bəyanatlar çərçivəsindən o qədər də, uzağa getmirlər. Bu səbəbdən, hansısa təklif verməzdən əvvəl, tərəf-müqabilin «ağzını aramaq» pərt vəziyyətini, «bumeranq effekti»ni sığortalamağın yeganə yoludur;

          1. Bu məqsədə xidmət edən suallardan bir qrupu – şəraiti fikrən dəyişməkdir. İstənilən insan bir situasiyada razı olmadığı nəyəsə, digər situasiyada razı ola bilər və burada hər şeyi kənar faktorların təsiri həll edir. Bu səbəbdən, vəziyyətə yeni şərtlər əlavə edib, yaxud mövcud şərtlərdən bir neçəsini çıxarıb, ya da olanını yeniləri ilə əvəzləmək yolu ilə axır ki, tərəf-müqabil üçün «psixoloji komfort» diapazon müəyyənləşdirmək mümkündür. Adətən, vəziyyəti ideal formasına doğru dəyişmək, yəni «psixoloji baryerlərin» təsirini minimuma endirmək daha effektlidir. Gənclərin əks cins nümayəndələrinə tez-tez verdiyi aşağıdakı sual növləri buna nümunə ola bilər: «Mənim öz xasiyyətimdən xoşum gəlmir. Sən necə, mənim xasiyyətli bir həyat yoldaşın (nişanlın, qohumun və s.) olsaydı nə edərdin?», «Mənimlə, etibar edib kimsəsiz səhralıqda tək yol gedərdinmi?», «Çox pulu olan bir nəfər sənə ikinci ailəsi olmaq təklifi versəydi razılaşardınmı?» Və s...

    38. Hansısa tərəddüd – meylin mövcudluğuna işarədir, «heç vədə» cavabı isə hələ heç nəyə işarə deyil – yalnız bu söz dərhal onun dilindən çıxdıqda, məzmununu hərfi mənada yozmaq olar, fikirləşib dedikdə, yox;

    39. 2) Tərəfdaşın meylini üzə çıxarmağın digər üsulu – meylin deyil, meylə zəminin olub-olmamasını araşdırmaqdır. Əgər yuxarıdakı halda hansısa psixoloji baryerlərə əsasən meyli müəyyənləşdirmək əsas idisə, burada meylə əsasən baryerləri müəyyənləşdirmək məsələsi önəmlidir.

    40. Məs., qadınların nigahdankənar münasibətlərə daxil olmalarının başlıca səbəbləri, əsasən aşağıdakılardır:

    41. Ailədə emosional və ya bir başqa tələbatlarının qədərincə ödənilməməsi; yaxud ailəsi ilə müqayisədə onları daha yaxşı ödəyən birisi ilə rastlaşması və ələlxüsus da, istər-istəməz onunla uzun müddət ünsiyyətdə olmaq (və təbii ki, isinişmək) məcburiyyətində və ya şəraitində qalması (məhz buna görə bir çox kişilər ailələrinin işləməsinə razı olmur);

    42. Düşdüyü kollektivdə və ya rəfiqələri arasında bu cür həyat tərzinin norma, dəb kimi qəbul edilməsi; yaxud uşaqkən valideynləri tərəfindən həmin həyat tərzinin ona bu cür yozulması;

    43. Nə vaxtsa keçirdiyi psixi sarsıntıların təhtəlşüuruna verdiyi əzablar və onları vaxtaşırı keyitmək, uyuşdurmaq cəhdi;

    44. Elə indi keçirdiyi depressiya halından qurtulmaq üçün müxtəlif kompensasiya vasitələri axtarması;

    45. Özünəqəsd yolu ilə kimdənsə qisas almaq istəməsi;

    46. Ehtiyac və ya nəyisə xilas, nəyisə ört-basdır cəhdindən doğan özünüqurban məcburiyyəti, yaxud hər hansı məqsədi realizə etmək üçün bu yolu ən əlverişli vasitə kimi görməsi;

    47. Mənəvi tənhalıq qorxusu;




    1. Və s. və i.a.

    2. Təcrübəli kişilər qadınlara hansısa təklifi verməzdən əvvəl, ilk öncə onlarda bu cür meylin, yaxud meylə zəminin olub-olmamasını araşdırırlar ki, bunun üçün də müxtəlif formalarla məhz sadalanan həmin bu səbəblər barədə sual verib, yalnız bunun əsasında hücum üçün yolun olub-olmaması barədə nəticə çıxarırlar (Məs., ərindən [arvadından] narazılıq faktlarını araşdırıb, sonra «heç bu cür ailədən gecələr də bir kişi [qadın] kimi zövq almaq olmaz» deyərək, «əsas» mövzuya doğru manevr edirlər (Bu tipli mövzularla bağlı əlavə olaraq bax: burada, səh. 80, 100-104, 113, 137...). Bir daha təkrar edirik ki, burada istənilən hadisənin, effektin mexanizminin açılmasından məqsəd, təkcə hücumçuları yox, həm də müdafiəçiləri silahlandırmaqdır və bu, bütün hallarda müqaviməti, mübarizəni daha şüurlu təşkil etməyə, neqativ halların qarşısını onun mexanizmindən baş çıxararaq almağa və s. imkan verir).

    3. Yekunda bir şeyi qeyd edək ki, hansısa meylin yoxluğu, hələ hər şeyin bitməsi demək deyil və onu indi-indi də başlayıb formalaşdırmaq olar. Lakin bu, artıq taktika mərhələsinin vəzifəsidir və əlavə zəhmətlər tələb edir. Yaxşı olardı ki, hər şey sizə qədər hazır olmuş olaydı və siz, yalnız «psixoloji baryerləri» dəf etməklə məşğul olaydınız. Ancaq ki, axı siz nəyə görə bir tək kimdənsə istifadə etmək barədə fikirləşəsiniz? Bu vasitələrlə siz kiminsə beynində mövcud olub, ona əziyyət verən hansısa «sıxışdırılmış arzuları» üzə çıxarıb neytrallaşdırmaq, kimisə kiminləsə qovuşdurmaq və s. üçün də istifadə edə bilərsiniz.

    4. Ümumilikdə, sual-cavab bəndi ilə əlaqədar məqbul və qeyri-məqbul olan iki fərqli nüans barədə:

              • Məqbul olanlar:

    5. Əvvəla – tərəfdaş hər dəfə özünü açdıqca, onun bu addımı alqışlanmalıdır ki, daha da «dərinə» getməyə ruhlansın, məsələn, «Halaldı sənin cəsarətinə», «Afərin, mən səni elə bu cür də tanıyırdım» və s. kimi cümlələrlə. İkinci isə – tərəfdaş, bəzən özünü açmaqda, nəyisə deməkdə tərəddüd edə bilər. Bu zaman onu tələsdirmək, nəyəsə məcbur etmək lazım deyil və bu, əksinə, onun daha da qapanmasına səbəb olar. Yaxşı olardı ki, diqqət yayındırılsın, ona istirahət verilsin. Və bir qədər ordan-burdan söhbət edəndən sonra yenidən o mövzuya qayıdılsın. «Rezonans effekti» axır ki, tərəf-müqabilinizə təkan verəsidir (qeyd olunmalıdır ki, müsahibin fikirlərinin qəfildən tormozlanıb, tərəddüdlü formaya keçməsi, onun ağrılı mövzuya, yaxud sirlərinə gəlib yetişməsinin əlamətidir və psixoanalitikada bu məqam, pasientin düşüncələrinə nüfuz etmək üçün mühüm vasitə kimi tanınır. Lakin adi ünsiyyətdə bu hala interpretasiya vermək bir qədər qəlizdir, çünki bunun səbəbi çox şey ola bilər).

              • Qeyri-məqbul olanlar (imperativlər):

    6. Əvvəla, sual gözlənilmədən, hazırda gedən söhbətlə əlaqələndirilmədən verilməlidir. Yəni əvvəlcədən hər hansı rəy formalaşmasına imkan yaradılmamalıdır. Məs., inadkarlığın – tərslik, dikbaşlıq, mənəm-mənəmlik, saymazlıq kimi yozulduğu söhbətdə, tərəf-müqabilə sual verilsə ki, «bəs sən inadkarlığı necə qiymətləndirirsən?», təbii ki, çox böyük əksər adamlar («özgələrinin rəyindən asılı adamlar») buna mənfi cavab verəcək. Əksinə, onun prinsipiallıq, qətiyyətlilik kimi yozulduğu məqamlarda isə – müsbət cavab, hansı ki, bunun heç biri onun həqiqi mövqeyi deyil; İkincisi – sual depersonifikasiya etdirilməlidir, yəni tərəf-müqabillə birbaşa əlaqələndirilməməlidir. Məs., «Siz təsadüfən qısqanc deyilsiniz ki?» sualının məqsədi aydın görünmədiyindən, o, tərəfdaşın hürkməsinə, cavabını məsuliyyətlə ölçüb-biçməsinə və quraşdırmasına səbəb olacaq («görəsən, o, bu xasiyyəti mənə nəyə görə sırayır?»); Üçüncü şərt – onun bəyəndiyi xüsusiyyətin ikili səciyyə daşıdığını nəzərə almaqdır. Belə ki, insan təkcə özündə olan yox, həm də olmayıb, olmasını arzuladığı cəhətlərə də, müsbət münasibət bəsləyə bilər. Sıxışdırılmış «Freyd arzuları» olan bu spesifik çalarlar onun kompleks və meyllərini üzə çıxarmaq baxımından əhəmiyyətlidir. Əgər nəzərə alınsa ki, həqiqi dərin dostluq və məhəbbət – xaraktercə əks, zidd, bir-birini tamamlayan adamlar arasında meydana çıxır, o zaman, onun ehtiyac duyduğu cəhətlərin hansı olduğunu müəyyən etməkdə bu nüansın mövqeyi olduqca böyükdür.



    7. Mövqelər arxasında maraqlar, səxavətlər arxasında təmənnalar gizlənir. Təzahürlər yalnız sadəlövhlərin fantaziyalarında öz mahiyyətləri ilə mütabiq olur. İnsanın da həqiqi siması onun həvəslərində, instinktlərində, emosiyalarında, yuxularında, fantaziyalarında, meyllərində, arzularında, heyrətlərində, qorxularında, jest və pozalarında, maneralarında, danışıq və ya hərəkətləri zamanı buraxdığı səhvlərində, təbəssümünün formasında, gözlərinin ifadəsində, tənəffüsünün tezliyində, baxışlarında, sosial vəziyyətində, mimikasında, peşə mənsubiyyətində, bioqrafiyasında, həyat və peşə təcrübəsində, cinsi, etnik, dini, sinfi və i.a. mənsubiyyətində və s. gizlənir. Bunları mənalandıra bilmədən – insanlar üzərində hakimiyyət qazana bilmək qeyri-mümkündür.

    8. Sadalanan bütün bu metodlar insanı tədqiq etməyin, öyrənməyin, tanımağın, onun daxili dünyasına nüfuz etməyin və s. başlıca vasitələri idi. Bunlardan savayı, kiminsə danışıqlarındakı məntiqi uyğunsuzluq, oxuduğu kitab, qəzet, izlədiyi televiziya verilişi, xoşladığı təam, nümayiş etdirdiyi rəftar modeli, saxladığı yadigar, yuxusunun interpretasiyası və s. əsasında onun barədə nəticə çıxarmaq da bu qəbildən olan vasitələrdəndir.

    9. Beləliklə, tərəf-müqabilin kimliyi məlumdur. Onun zəif-güclü cəhətləri, istəkləri, tələbatları, ehtiyacları, arzu və maraqları, xüsusiyyətləri və s. barədə ümumi təsəvvür var. Eyni zamanda, strategiyanız da məlumdur. Qalır, bir təkcə həmin məqsədi həyata keçirmək üçün, tərəf-müqabilin aşkar etdiyiniz bu parametrlərinə uyğun gələn taktikanı seçmək. Bu isə növbəti fəslin mövzusudur.









    1. Yüklə 3,53 Mb.

      Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   33




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin