Strategiyanın yuxarıda sadalanmış dörd növünə uyğun olaraq, taktikanın da dörd növü mövcuddur: 1)Tanış olmaq və ya mövcud tanışlığı qorumaq məqsədinə xidmət edən taktika; 2)Emosional hərarət almaq, vermək məqsədinə xidmət edən taktika; 3)İnformasiya almaq, vermək məqsədinə xidmət edən taktika; 4)Kimisə nəyəsə təhrik, sövq etmək, onu öz tərəfinə çəkmək, fəaliyyətini stimullaşdırmaq və s. məqsədinə xidmət edən taktika. Özlüyündə, bu fəsildə izah edəcəyimiz variantlar müəyyən mənada Aristotel («Nəfs barədə») Teofrast («Xarakterlər») M.Monten J.Labrüyer J.Laroşfuko A.fon Kniqqe («Rəftar mədəniyyəti», 1788) Deyl Karneqi («Necə nüfuz qazanmalı»...)və b. xətti ilə gələn ünsiyyət psixologiyasının davamı kimi də qəbul oluna bilər. Lakin onlardan fərqli olaraq bizim üçün bu xətt məqsəd yox, ümumi işdə hansısa həlqədir və üstəlik də ki, burada onların heç biri təkrar olunmayıb, məsələyə tamam başqa aspektdən yanaşıldığını, mütəxəssislər aydın sezə bilər.
Beləliklə, bu qəbildən ilk olaraq tanışlıq metodları barədə:
Necə tanış olmalı?
Tənha olduğunu, əks cinslə ünsiyyətinsə problem olduğu kimi dəhşətli faktı dərk edə-edə xoşbəxt yaşamaq mümkündürmü? Tanışlıq zamanı özünəinamsızlıq sindromunu və mümkün rədd qorxusunu özündən necə uzaqlaşdırmalı? Və ümumiyyətcə, Sizə «yox» cavabı verilərkən nə etməli?
Aşağıda tanışlıq fenomeninin bəzi «texnologiyası» izah edilir, müvəfəqiyyətə təsir göstərən bir sıra faktorlar göstərilir, psixoloji baryeri dəf edərək tanış olmağa imkan verən bəzi fəndlər sadalanır.
Mövcud bütün tanışlıq növlərini mənşə baxımından, əsasən iki kateqoriyaya ayırmaq mümkündür: təbii (yəni qohum, qonşu, iş yoldaşı və b. arasında yaranan)və süni (yəni məqsədyönlü fəaliyyətin, cəhdin, səyin nəticəsində)formalaşan tanışlıqlar. Burada bu birincisi prinsipial əhəmiyyət kəsb etmədiyindən, söhbət ikincisi barədə olacaq. Əvvəlcə tanışlığa mane olan bəzi faktorlar barədə:
Deyilən mənada, tanışlıq xatirinə sinxronlaşdırılması zəruri olan birinci parametr – emosiyalardır. Yəni tanışlıq xatirinə ilk olaraq, tərəf-müqabilin emosional halını almalı, öz emosiyalarınızı onunla harmoniyaya, eyni bir ahəngə gətirməlisiniz. Məs., təsəvvür edin ki, avtobusda və ya digər bir yerdə sizinlə yanaşı oturan birisi kədər içərisində doluxsunub dayanıb və hətta ağlayır, sizsə gülə-gülə ona yaxınlaşıb soruşursunuz ki, nə olub? Tərəfdaşın belə məqamda sizin simanızda özünə düşmən görüb, nifrətlə göz çevirəcəyi şəksizdir. Yaxud hamının deyib-gülüb, şənləndiyi bir məclisi təsəvvür edin. Burada siz, daxili problemlərinizdənmi, kiminsə diqqətini öz kədərinə cəlb etmək istəyindənmi, utancaqlıqdanmı, belə şitliyi özünüzə yaraşdırmamaqdanmı, özünü ağır göstərmək məramındanmı və ya bir başqa hansısa səbəbdənsə, qapalı və kədərli görkəmlə büzüşüb sakitcə bir kənarda oturmusunuz. Belə vəziyyətdə, məclisdəkilərin sizə əsəbi münasibətini təsəvvürə gətirə bilirsinizmi? Baxmayaraq ki, siz onlara heç nə etmirsiniz və demək olar ki, heç bir ziyanlıq verməyib, heç bir işlərinə mane olmursunuz, yenə də onlar sizin burada mövcudluğunuzdan bir əsəbilik keçirir, danışdıqlarınıza gözçevirmə ilə reaksiya verir, sözünüzü kəsirlər və s. Çünki sizin monoton, qapalı vəziyyətiniz, istər-istəməz, ümumi ab-havaya sirayət edir və hazırkı məqamda şənliyin bitməsini və təcridçiliyi arzulamayan ətrafdakılar, bu zaman sizi bir növ «mənfi enerji» mənbəyi kimi qavrayırlar.
Hər iki halda sizin uğursuzluğunuzun səbəbi – öz emosiyalarınızı tərəf-müqabilin emosiyaları ilə sinxronlaşdırmamağınızdır. Burada empatiya deyilən mexanizm fəaliyyət göstərir. Yuxarıda qeyd olunmuşdu ki, insanlar yalnız aralarında daha çox ümumilik olan şəxsləri özünə doğma hesab edib, onları, sanki, özünün bir növ təkrarı kimi qavrayırlar və buna görə də, onları qeyri-şüuri olaraq özləri ilə identikləşdirib, onlardan özlərinə heç bir təhlükə görmürlər. Bu ümumilik tələbi, eyni zamanda, emosiyalara da xas olan bir məsələdir və bunlar arasındakı yaxın-uzaqlıq da, insanları, özlərinin də xəbəri olmadan, bir anda doğmalaşdırıb-yadlaşdıran əsas faktorlardandır. Tərəf-müqabilin hisslərini qanuni hesab edib, buna hörmət göstərmək, eyni məsələnin sizi də eyni formada sevindirib, eyni dərəcədə kədərləndirdiyini nümayiş etdirmək sizin daxili dünyanızın, fikirlərinizin, baxışlarınızın, meyarlarınızın da yaxın olmasına işarədir və digər sferalarda da, yaxınlaşmadan ortaya çıxa biləcək risk amilini aradan qaldırır;
b)Tanışlıq xatirinə sinxronlaşdırılması zəruri olan ikinci parametr – mövqelər, rəylər, fikirlər, baxışlardır. Bu məqsədlə, heç vədə onu tənqid etməməli, fikirlərinə etiraz bildirməməli, qüsurlarını qabartmamalı, əksinə, fikirlərini – hətta səhv olduğuna qəti əmin olmuş olsanız da belə, əlavə arqumentlərlə daha da təsdiqləməli, qüsurlarına diqqət cəlb olunubsa, onları bəraətləndirməli, üstünlüklərini, müsbət kimi yozula biləcək cəhətlərini yeri düşdükcə qeyd etməli, vurğulamalı, qabartmalı, bu kimi xüsusiyyətlərin sizin zövqünüz çərçivəsində olduğunu ötəri fikirlərlə çatdırmalı, hətta beləsini tapmaq çətindirsə, onun istənilən xüsusiyyət, davranış və deyimlərindən qurcalayıb nə isə tərifəlayiq bilinən məqamları aşkar etməli və vurğulamalı – ələlxüsus da ki, insanlar diqqət cəlb etmək istədikləri xüsusiyyətlərini özləri hansısa formadasa tez-tez qabardırlar. Onların özlərində yaxşı hesab etdikləri hansısa cəhət, sizin meyarlarınız baxımından pis hesab oluna bilər. Lakin bunlara etiraz etməklə siz nə qazanacaqsınız? Onu dəyişmək, düz hesab etdiyiniz yola çəkməkmi? Nəzərə alın ki, bu kitabın məqsədi məhz insanları dəyişmək, onların davranışını, düşüncəsini, xarakterini, baxışlarını və s. idarə edib, öz istədiyiniz formaya salmağın metodlarını öyrətməkdirsə də, lakin heç yerdə qeyd olunmur ki, bunu cəmisi bir neçə dəqiqəyə və bir neçə əl işarəsi ilə həyata keçirmək mümkündür. Bu, çoxpilləli və ardıcıl tədbirlər kompleksinin nəticəsi kimi meydana çıxa biləsi bir məsələdir və tanışlıq, bu aksiyada olsa-olsa həlqələrdən, fazalardan biridir. Ondan əsas məqsəd – gələcək təsirlər, manipulyasiyalar üçün zəmin funksiyası daşıyacaq kontakt yaratmaqdır. Burada siz hər şeyi, o cümlədən, həqiqəti, təkəbbürü də qurban verməlisiniz ki, tərəfdaş qorxmadan, sizdən özünə, öz gələcəyinə təhlükə hiss etmədən yavaş-yavaş öz daxili dünyasının qapılarını addım-addım sizin üzünüzə açsın. Tanışlıq fazasından əsas məqsəd budur. Bu mərhələ yalnız o zaman başa çatır ki, siz artıq tərəfdaşın daxili dünyasına daxil olmuş olursunuz – artıq aranızda nisbətən etibarlı rabitə yaranıb, tərəfdaş çox sərbəstliklə özünün bəzi sirlərini sizə açır, bir çox şəxsi problemlərini sizinlə müzakirə edir, sizə etibar edir və s. Yalnız bundan sonra siz ikinci mərhələni həyata keçirməyə başlayıb, yavaş-yavaş onun ürək dünyasının «yollarını», «qapılarını», «açarlarının yerini» və s. müəyyənləşdirir, imkan tapan kimi də bu açarları oğurlayaraq onların vasitəsilə tərəfdaşın ürək dünyasına basqın edirsiniz. Halbuki, səbrlə, addım-addım bütün bu xoşagəlməz, ürəküzən, darıxdırıcı söhbətə tab gətirə-gətirə, çox şeyə göz yuma-yuma irəliləməyi bacarmasaydınız, tərəfdaş nəinki sizi öz ürək dünyasına yaxın buraxmaz, əksinə, sizinlə münasibəti də çoxdan kəsərdi.
Bütün bunlardan sonra, deyilən həmin tanışlıq fəndləri, taktikaları barədə:
Tanış olmağın nisbətən genişyayılmış metodlarından biri – nə isə bir söz soruşmaqdır. Bu metod, hətta o qədər geniş yayılmışdır ki, XIX-cu əsrdə də gənclər bu məqsədlə onun növmüxtəlifliyi olan «saat soruşmaq» fəndindən aktiv istifadə edirdilər. Bugünkü gündə isə belə fəndlə tanış olmağa ümid etmək ancaq həqarətli gülüş doğura bilər.
Bugünkü günün gəncliyi və ümumiyyətcə, insanları, XIX əsrlə müqayisədə istər-istəməz daha ağıllı, daha təcrübəli, daha intellektualdır və onların bir-birinə qarşı tələbkarlığı da, artıq daha yüksəkdir. Digər tərəfdən, ilk təəssürat münasibətlərin sonrakı mərhələsinə də həmişə aktiv təsir göstərən və onu müəyyən çərçivəyə salan əhəmiyyətli faktordur. Bu səbəbdən, həmin bu tanışlıq məqsədinə xidmət edən ilk sual da, ya təsadüfi mövzuya aid olub, tərəf-müqabilin elə bir ciddi emosional reaksiyasını doğurmayan və onun yaddaşında əhəmiyyətli iz qoymayan forma və məzmunda olmalıdır, ya da onu heyrətləndirməli, maraqlandırmalı və ümumiyyətcə, onda müsbət emosional əhval-ruhiyyə doğurmalıdır.
Nümunə üçün, məs., küçədə ikən yol soruşmaq, nəqliyyatda ikən bu marşrutun filan yerdən keçib-keçmədiyini soruşmaq, kiməsə yalandan oxşadaraq onun filankəsin qohumu olub-olmadığını, filan vaxt filan məclisdə iştirak edib-etmədiyini, filan rayonlu, qəsəbəli olub-olmamasını və s. soruşmaq, iş yerində ikən – onların şöbəsindəki filankəsi, və ya həmin filankəsin başına gələn filan hadisədən sonrakı vəziyyətini, ümumiyyətcə, bütün idarəyə aid, işlə bağlı nəyisə soruşmaq, qonşudursa – hansısa xəstə qohumunun vəziyyətini soruşmaq və b. bu birinci varianta nümunələrdəndir. Məs., bu cür:
—Burahansı dayanacaqdır?
—Buavtobusunaxırıncı dayanacağı hansıdır?
Bu marşrut filan yerdən keçirmi?
Siz təsadüfən filan qəsəbədən deyilsiniz ki? Oxşatdım.
Siz təsadüfən filan vaxt filan məclisdə iştirak etməmisiniz ki?
Siz təsadüfən filankəsin qohumu deyilsiniz ki? Çox oxşarlığınız var.
Bağışlayın əlinizdəki qəzetə (kitaba) bir dəqiqəlik baxmaq olarmı?
O gün eşitdim ki, filankəs Sizin qohumunuzdur. Onun xəstəliyi nə yerdə qaldı?
Bilmirsiz, Sizin şöbədəki filankəs bu gün işə çıxıbmı?
Və s.
Bundan əlavə, sual onun hansısa bir davranışına, özünə, xüsusiyyətinə, geyiminə və s. maraq formasında da ola bilər. Məs., bu cür:
Bağışlayın, mən də neçə vaxtdır ki bu paltardan axtarıram, deyə bilməzsiniz haradan almısınız?;
Bağışlayın ki, istər-istəməz söhbətinizi eşidirəm, bayaq nə isə dünənki zəlzələ barəsində danışırdınız. Deyirsiniz ki, televiziyada onun barəsində nə dedilər?
Sirr deyilsə deyin, nəyə görə saatı sol yox, sağ qolunuza taxmısınız? (Bəzi adamlar, yolda nəyisə yadlarına salmaları üçün evdən çıxarkən saatı sağ qoluna bağlayır – necə ki, barmağa sap bağlamaq məsələsi kimi).Və s.
Sualınıza tərəf-müqabilin cavab manerası, kontaktın effektliyinin və münasibətin baş tutub-tutmayacağının barometridir. Belə ki, tərəf-müqabil sizə həvəslə cavab verir və hətta ürəklə sizə kömək etməyə çalışır, məsələyə dönə-dönə qayıdıb, onu detallarına qədər sizə izah etmək istəyirsə, deməli, artıq kontakt var və bir az da irəliyə getmək olar. Yox, cavab başdansovdu verilir və hətta gözçevirmə ilə qarşılanırsa, deməli, mədəni şəkildə sizə bildirilir ki, «açıl başımdan». Belə reaksiya söhbətiniz və ya suallarınızla tərəfdaşı yorduğunuz məqamda da ortaya çıxa bilər ki, mənası yenə də eynidir.
Hər halda, sual vasitəsilə tanış olmaq variantı cəhdi üçün bir neçə«təhlükəsizlik texnikası»:
Əvvəla – sual yalnız və yalnız konkret olaraq sizin özünüzə və ya hər ikinizə, o cümlədən, bütün idarəyə, ölkəyə, rayona və s. aid məsələ ilə əlaqədar ola bilər, məs., bu cür:
Bağışlayın, mən bugünkü iclasda iştirak etmədim. Bilmirsiniz, orada filan məsələ ilə bağlı bir söz demədilər ki?
Bağışlayın, bilmirsiniz bu avtobusun axırıncı dayanacağı hansıdır? Və s.
Birbaşa olaraq onun şəxsi həyatına və ya şəxsi işlərinə aid suallar burada yolverilməzdir – məs., onun adını, ailəli olub-olmamasını, buraya nə üçün gəldiyini, burada kimi gözlədiyini, hansı dayanacaqda düşəcəyini və s. dəqiqləşdirmək məqsədinə xidmət edən tipli suallar.
İkincisi isə – heç vədə tanışlıq məqsədini birbaşa nümayiş etdirməməli. Tanışlıq burada bütün hallarda hansısa məqsədin əldə edilməsi vasitəsi kimi çıxış etməlidir – məs., nəyisə öyrənmək, nədəsə kömək istəmək və s. variantları kimi;
Tanış olmağa imkan verən daha bir metod – ondan nədəsə kömək istəməkdir. Yuxarıdakı metodun nisbətən genişməzmunlu variantı olan bu halda – lazımi adamdan hansısa onun üçün cüzi xarakter daşıyan bir məsələdə kömək istənilir, bunun sizin üçün necə böyük əhəmiyyət kəsb etdiyi ona izah edilir. Başqaları üçün gərəkli olduğunu hiss etmək, bəzən insana hava, su kimi vacib olur və yerindən, vaxtından asılı olmayaraq, hər kəsin daxilində alicənablıq göstərmək, kiməsə əl tutmaq, himayədarlıq etmək, könül sevindirmək və s. arzusu az da olsa olur. Hətta, ən qəddar, qaniçən bəzi vəzifə sahiblərinin yanına da, onun üçün çox cüzi xarakter daşıyan, sizin üçünsə həyati əhəmiyyəti olan bir məsələ ilə bağlı getdikdə (hansında ki, o, ümumiyyətcə, heç nə, hətta bir qəpik pul belə itirməyəcəyinə əmin olduğu halda, sizə xeyir verməsi ilə öyünə, məmnunluq hissi keçirəsidir)özünüifadə tələbatının təzahürü kimi o, istər-istəməz, öz böyüklüyünü göstərmək duyğusu ilə bəzi adamlara sizin işinizlə bağlı nə isə göstəriş verir, qəzəblənir və s. İnsani keyfiyyətlərini hələ tam itirməmiş adamlarda isə bu hiss yetərincədir. Təkcə küçə ilə gedərkən kimdənsə yol soruşulması hadisəsini yada salmaq kifayətdir ki, bu halda hətta ətrafdakılar da yaxınlaşıb nədəsə sizə kömək etmək üçün əl-qolla yol göstərir, ünvan başa salırlar. Deyilən tanışlıq aktında isə bu məqsədlə, məs., lazımi adam xarici dil müəllimidirsə (müəlliməsidirsə)hansısa kiçicik bir mətnin mənasını aydınlaşdırması xahişi ilə, filan kitabın onda olub-olmamasını soruşmaq bəhanəsi ilə, qonşudursa duz, ütü istəmək bəhanəsi ilə və s. səbəblə əlaqələndirib yanına getmək olar.
Məsləhət istəmək, yuxarıdakı ilə bu variantın orta növmüxtəlifliyidir;
3) Tanış olmağın digər bir metodu – ona ehtiyac bildiyi nədəsə kömək göstərmək və ya təklif etməkdir. Məs., yolda gedərkən ağır sumkasına kömək etmək, mağazada mal seçərkən yaxşı mal seçmək üçün bəzi məsləhət vermək, qonşudursa, yol yoldaşıdırsa – peşənizə, qabiliyyətinizə uyğun məsələdə işi olarsa can-başla kömək etməyə hazır olduğunuzu bildirmək və s. kimi;
4) Tanışlığın daha bir metodu – onunla kiminsə arasında vasitəçilik etməkdir. Kiminsə hansısa bir sözünü ona çatdırmaq, hansısa işini düzəltməsi xahişi ilə yanına getmək, kimdənsə ona xəbər aparmaq və b. bu kateqoriyadandır;
5) Daha bir metod – hansısa ümumi tanışınız vasitəsilə olan tanışlıqdır. Bu halda sizi bir-birinizlə hansısa «təsadüfi» məclisdə, görüşdə, söhbətdə kimsə üçüncü bir adam tanış edir, sizin barənizdə ona yaxşı təqdimat verir;
7) Daha bir metod – onun yanında və ya başqalarının yanında onu intriqaya salacaq, onda nə isə sual doğura biləcək bir söhbət danışıb, hərəkət etmək, sonra isə reaksiya bildirməsinə macal vermədən çıxıb getməkdir. Məsələni aydınlaşdırmaq üçün o özü sizi axtarıb tapasıdır (yaxşı olar ki, koordinatlarınızı daha rahat əldə edə bilməsi üçün, qabaqcadan nə isə tədbir görəsiniz, məs., onun hansısa bir rəfiqəsinə, dostuna bir müddət əvvəl, hansısa bir işləsə əlaqədar öz telefon nömrənizi verəsiniz);
8) Tanışlığa imkan verən daha bir şərait – empatiya deyilən haldır. Başqa sözlə, öz yoldaşınız, tanışınızla söhbət etdiyiniz halda yaxınlıqda oturan, duran birisinin də sizə reaksiya verərək, sizinlə birgə (hətta zəif də olsa)gülüb, kədərlənməsi, heyrətlənməsi və s. yavaş-yavaş onu hansısa sualla, məsləhət istəyi ilə, mübahisənizdə hakimlik etməsi, haqlı-haqsızı müəyyənləşdirməsi xahişi ilə və s. yollarla söhbətə qatmağa əsas («hüquq»)verir;
9)Analoji metodun digər variantı – onun davranış və ya danışıqlarına sizin mimikalar səviyyəsində reaksiya verməklə araya körpü salmanızdır. Diqqət mərkəzində olmasını duymaqla daha da açılışıb, canlanması müəyyən mərhələlərdə sizin də hansısa replikalarla, düzəlişlərlə və s. yavaş-yavaş söhbətə müdaxilə etməyinizə əsas verir. Əksinə, deyilən metodla diqqətini cəlb etdikdən sonra, söhbətlərinə qulaq asmanızdan bir qeyri-məmnunluq ədası ifadə edib, onların mövzunu dəyişmələri, sizdən uzaqlaşmaları, minalı sahənin kənarına yetişmək deməkdir və dərhal yeni yol axtarmaq lazımdır.
Sadalanan bu son iki metodun xüsusi variantı ondan ibarətdir ki, siz yaxınlıqda baş verən hansısa bir ümumi hadisəyə (məs., kimlərinsə bir-biri ilə bərkdən mübahisə etmələrinə)öz-özünüzə danışmaqla reaksiya verirsiniz (məs., bu cür: «Elə bil ev-eşikləri yoxdur, davaları buraya qalıb»). Münasibət qurmağa meyl etdiyiniz şəxs də, sizinlə ünsiyyətə meyllidirsə, bu zaman o da, fikrinizi dəstəkləyən fikirlərlə jestinizə cavab verəcək. Bundan sonra əsas məsələ, çevik tərpənərək fürsəti əldən verməmək və yaranan kontaktı dərhal əlavə fikirlərlə gücləndirməkdir. Ləngimək, burada «daldan atılan daş» məsələsinə gətirib çıxara bilər. Eyni situasiyada onun (məs., yaxınlıqdakı istənilən adamın)bu cür öz-özünə danışmağı – onun ünsiyyət ehtiyacından və ya tanışlıq meylindən xəbər verir və bu sizə ünvanlanmış konkret jestdir (fəqət, normal halında öz-özünə ya dəlilər danışar, ya da personajın daxili aləmini başqa cür aça bilməyən mənasız Meksika seriallarının gic qəhrəmanları);
10)Daha bir metod – ona aid olan nəyəsə və ya kiməsə diqqət, hörmət, həvəs, maraq, nəvaziş, təbəssümlü münasibət və s. nümayiş etdirməkdir (əgər nəqliyyatda, parkda, məclisdə yaxın-yaxın oturmusunuzsa,) – məsələn, uşağına, əlində oxuduğu, tutduğu kitaba, qəzetə, hansısa bir ev heyvanına (özü ilə gəzdirdiyi itinə, əlində oynatdığı dovşanına və s.) və s. Bu kitabı haradan aldığını, bu kitabda filan məsələyə aid bir şey olub-olmadığını soruşmaq, bu kitaba, qəzetə bir dəqiqəlik baxmağa icazə verməsini rica etmək, uşağını oynatdıqdan sonra «Allah saxlasın, neçə yaşı var?» və ya «Adı nədir?» və s. kimi fəndlərlə yavaş-yavaş araya körpü salmaq mümkündür;
11) Daha bir metod – onu maraqlandıra, həvəsləndirə, təəccübləndirə biləsi nəsə bir şey ortaya qoymaqdır ki, o məcbur olub sizə müraciət etsin və ya müraciət etmək məramında olsa əlində bəhanəsi olsun. Məsələn, onun yanında onu maraqlandıra biləcək bir kitab oxumaq, mövzudan söhbət açmaq, addım atmaq və b. bu qəbildəndir.
Məhz buna görə, bəzi qızlar öz bacısının, qardaşının, qohumunun uşağı ilə tez-tez parka gəzməyə çıxırlar ki, bu uşaq hansısa ‘‘day-daylar’’la onların arasında körpü yarada bilsin. Adi vaxtda, qızın tanımadığı və ya ilk dəfə gördüyü oğlanla nəinki şirin-şirin, hətta elə-belə də olsa söhbət etməsi, nisbətən qeyri-etiklik kimi qəbul edilib, onu ucuzlaşdıra, onun barədə ‘‘ayağısürüşkən’’ təsəvvürü yarada bildiyi halda, əksinə, belə vəziyyətdə qızın həmin bu ‘‘day-dayla’’ soyuq münasibəti qeyri-etiklik olardı. Uşağa göstərdiyi nəvazişin müqabilində ‘‘təşəkkür əlaməti’’ olaraq indi o, istər-istəməz həmin bu ‘‘day-day’’ının ‘‘uşaqla bağlı suallarına’’ həvəslə cavab verməlidir. Başqa sözlə, heç bir tərəf bu halda birbaşa olaraq bir-birinə maraq, bir-biri ilə münasibət məqsədi nümayiş etdirmədiyindən (bu halda məqsəd uşaqdır), artıq psixoloji baryerə də yer qalmır.
12)Psixoloji baryeri dəf etməyə imkan verən daha bir tanışlıq növü – mətbuat və ya internet elanı, yaxud yazışması vasitəsilə olan tanışlıqdır. Zahirən o qədər də, xoş görünməsə də, hər halda, bu yolla ən utancaq adamlar belə, hətta seksual tərəfdaş tapmaqda da çətinlik çəkmirlər. Nisbətən təcrübəli şəxslərsə burada da sırtıqlığı sığortalaya bilən çoxsaylı fəndlərdən istifadə edirlər, məs., «Erotik mövzuda əsər yazan yazıçı əsərində istifadə etmək üçün xahiş edir ki, bu sahədə müəyyən təcrübəsi olan şəxslər öz təcrübələrini bizimlə bölüşmək istəsələr bu telefona zəng vursunlar», yaxud «Həyatından əziz bildiyi Sevinc (və ya hansısa oğlan adı)adlı sevgilisini itirmiş oğlan (və ya qız)xahiş edir ki, adı Sevinc olan istənilən bir qız [təbii ki, zəng edən heç də bir nəfər olmayacaq]bu nömrəyə zəng vursun» və s. və i.a. kimi elanlarla. Lakin hər ehtimala qarşı, özünüz tərəfinizdən bu cür ‘‘virtual məhəbbətə’’ o qədər də aludə olmamalı. Belə ki, burada aldanmaq şansı da yetərincədir;
Və s...
Yekunda, birinci tanışlıq, ilk görüş zamanı söhbət aparmağa yardımçı olan bir neçə populyar sual:
Televiziyada, əsasən hansı verilişlərə (hansı seriala) baxırsan?
Hansı müğənniləri xoşlayırsan?
Hansı musiqiləri bəyənirsən?
Hansı bürcdənsən?
Boş vaxtlarında nə edirsən?
Ən sadə sual: «Özünü necə hiss edirsən?»
Hansı yazıçıların əsərlərini bəyənirsən? (tək-tük kitab həvəskarları üçün);
—İdmanla məşğul olursanmı?
—Qızlarda (oğlanlarda)daha çox nəyi bəyənirsən?
—Qızlar (oğlanlar)öz aralarında nədən söhbət edirlər?
—Ev heyvanlarını xoşlayırsanmı?
—İlin hansı fəsli daha çox xoşuna gəlir (və nəyə görə)?
—Rəqs etməyi xoşlayırsanmı? və ya bacarırsanmı? Və s...
Son olaraq bu mövzu ilə əlaqədar olan daha bir məsələ barədə, yəni məhəbbətin psixologiyası barədə bəzi qeydlər:
MƏHƏBBƏTİN PSİXOLOGİYASI
«Qoy məni bir möhr təki qəlbinə sənin,
İncə bir üzük təki cisminə sənin,
Çünki məhəbbət – bir cəhənnəm kimi əzablı,
bir ölüm qədər qəddardır.
Oxları onun – odlu oxlardır!"
Süleyman peyğəmbərin
«Nəğmələr nəğməsi» əsərindən, 8.6-cı nəğmə
Məhəbbət – emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsidir. Məhəbbət – müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxıb, mexanizmi – əsasən beyinin assosiativ funksiyasına əsaslanır. Belə ki, burada davamlı emosional kontaktın (transferin) meydana gəlməsi üçün emosiyanı qıcıqlandıran müxtəlif xarici təsirlərin mövcudluğu zəruri şərtdir, məsələn, təbiət mənzərələrinin birgə seyri, birgə musiqi dinlənilməsi, müxtəlif həyəcanlı, sevincli situasiyaların, rəngarəng epizodların, lirik anların birgə yaşanması və s. kimi. Alınan təəssüratın qüvvəsi gələcəkdə yaranacaq emosional kontaktın (transferin) qüvvəsini xarakterizə edir ki, sonradan bu kontaktın qırılması müxtəlif psixi travmalara gətirib çıxarır.
Ümumi halda, insanlar arasında davamlı emosional kontaktın («cazibənin») meydana çıxması üçün onların bioloji (bədən quruluşu, boy, səs amplitudası, köklük, dərinin, saçın, gözün və s. rəngi...) və emosional (temperament) xüsusiyyətlərinin kontrastlılığı (biri-birini tamamlaması); intellektual (dünyagörüş, etik və estetik normalar sistemi, həyata baxış, bilik əmsalı...) və iradi (stereotiplər sistemi ilə əlaqədar) xüsusiyyətlərinin uyğunluğu zəruri şərtlərdəndir. Həmçinin, tərəflərin biri-birinə (birtərəfli məhəbbətdə biri digərinə) isinişə bilməsi, vərdiş edə bilməsi üçün onların vaxtaşırı görüşməsi, biri-birlərini müxtəlif epizodlarda seyr edə bilməsi, tərəflərin bir-birinin (birtərəfli məhəbbətdə biri digərinin) rifah və təhlükəsizliyinin qarantı olması və s. kimi faktorlar xüsusi əhəmiyyətlidir.
Burada, həmçinin ilkin təəssüratda formalaşan gələcək rəftar modeli də, münasibətin sonrakı inkişafına aktiv təsir göstərən amillərdəndir.
Ümumi halda, təbabətdə məhəbbət – xüsusi psixi sindrom növü kimi qəbul edilməsə də onun yaranması və inkişafı istənilən digər psixi sindromdan heç nə ilə fərqlənmir və beyində olduğu müddətdə subyektin davranış və düşüncəsinə, ətraf aləmə münasibətinə və s. aktiv təsir göstərir (bir sıra hallarda bunları məhdudlaşdırmaqla).
Beyində olan «məhəbbət sindromunu», yəni, fərdin «sevib-sevmədiyini» aşağıdakı zahiri əlamətlər vasitəsilə müəyyənləşdirmək mümkündür:
— Fərd məhəbbət (simpatiya) bəslədiyi şəxslə daha tez-tez görüşməyə can atır;
— Onunla görüş zamanı (və ya onunla bağlı söhbətlərdə) emosional aktivləşir, göz bəbəkləri böyüyür, parlaqlaşır (qanda adrenalinin miqdarının artması səbəbindən); nəbzi, göz qırpması, tənəffüsü sürətlənir (qanda cinsi hormonlar olan testosteronun miqdarının artması səbəbindən); danışığında (eləcə də, davranışında) məntiqi forma və məzmun azalır, buna müvafiq olaraq nitqi və davranışı oynaq, obrazlı və rabitəsiz forma alır (qanda həzz hormonu olan endorfinin miqdarının artımı səbəbindən); görüş zamanı Ona daha yaxın məsafədə durmağa can atır (dərinin elektrik müqavimətinin artdığı səbəbindən); görüşə can atır və görüşün daha uzunmüddətli olmasına çalışır (məs., onu evinə ötürərkən daha uzaq yolu seçir, tələsmir);
— Onun emosional halı ona daha tez sirayət edir (məs., Onun şən halında sevinir, kədərlənəndə qəmlənir);
— Onun yanında özünün yalnız yaxşı (Onun zövqünə uyğun) cəhətlərini büruzə verməyə cəhd edir (o cümlədən, səs tonu, davranışı, ətraf aləmə münasibəti və s. dəyişir); eləcə də, Onda yalnız yaxşı cəhətləri görür, mənfiləri sezmir
, sezsə də dərhal rasionallaşdırır;
— Onun yanında «açıq tipli» jestlərdən daha çox istifadə edir (məs., söhbət əsnasında hərdən qeyri-şüuri olaraq başmaqlarını çıxarıb ayağının ucunda oynatması kimi);
— Fikirlərinin çox hissəsini O məşğul edir, o cümlədən, Onunla bağlı mövzular (taleyi, bioqrafiyası, həyat yolu və s.) onu daha çox maraqlandırır, bu barədə daha çox sual verir (istər Onun özünə və istərsə də ətrafdakılara);
— Görüş zamanı diqqəti başqalarına nisbətən ən çox Onun danışdıqları və ya mimikaları üzərində cəmlənir;
— Onun fikirlərinə avtoritet kimi inanır və Ona etimad göstərir, Onun hər hansı adi cəhətində də bir qeyri-adilik, təkrarsızlıq görür, valeh olur;
— Uzun müddət xəyalında canlandırdığından, Onu özünün lap uşaqlıqdan tanıdığı bir dostu kimi qəbul edir;
— Onunla öz arasında günü-gündən daha çox ümumiliklər axtarıb tapır, məs., zövqləri, baxışları, dünyagörüşləri, həyat yolları və s. arasında; münasibətlərin korlanmaması xatirinə mübahisədə güzəştə gedir, Ona qarşı olan kompaniyalarda, xarakterindən asılı olaraq, ya Onun müdafiəçisi kimi çıxış edir ya da kompaniyadan təcrid olur;
— Ona qarşı onda himayəçilik hissi yaranır, eləcə də, Onun yanında özünü daha qorxusuz, inamlı və arxayın hesab edir;
— Müəyyən səbəbdən hissini ətrafdakılardan gizlətmək məcburiyyətində qaldıqda zahirən dalğın, emosional süst, yuxu və iştah rejimi pozulmuş, qeyri-aktiv, sosial izolyasiyalı, diqqətsiz və s. olur.
Təcrübəli şəxslər bu əlamətləri özlərində süni yolla yaradaraq, qarşı tərəfə öz «hörmətini», «məhəbbətini» təlqin edir, bu cür süni «məhəbbət jestləri» ilə onun etimadını, dostluğunu, məhəbbətini və s. qazanırlar ki, sonradan da bundan sui-istifadə edərək öz «məqsədlərini» həyata keçirirlər(Butiplimövzularlabağlı əlavə olaraqbax: burada, səh. 80, 84, 100-104, 113, 137...).