IV.2.3.2.2.Siyasi-inzibati diversiya
Rəqibə səlahiyyətlər çərçivəsində, o cümlədən, inzibati kanallarla təzyiq göstərilir:
İdarə səviyyəsində: Müxtəlif bəhanələri əldə əsas tutaraq rəisin (direktorun, müdirin və b.) hansısa işçiyə mütəmadi töhmət verməsi, aylıq və ya illik mükafatdan məhrum etməsi, vacib məqamlarında ona işdən icazə verməməsi, əlavə gəlir götürmək imkanı olduqda, onu bundan məhrum etməsi, öz xətti ilə də belə bir imkanı olarsa, nəzarət edib, buna imkan verməməsi;
Ali inzibati orqanların kiməsə təzyiqi variantlarında – onun lisenziyadan, rütbədən, güzəştdən, imtiyazdan və s. məhrum etdirilməsi, müxtəlif bəhanələrlə (və ya bəhanəsiz, filansız – gizlin olaraq) işığının, qazınını, suyunun, kanalizasiyasının və s. bağlatdırılması, kəsdirilməsi, işdən çıxartdırılması, onunla işbirliyi yapanların cəzalandırılması yolu ilə boykot edilməsi, əleyhinə sair kompaniyalar aparılması;
Nazirlik səviyyəsində – xoşa gəlməyən hansısa idarə, birlik və s. rəhbərliyinin mütəmadi yoxlamalarla bezdirilməsi, ona qurğu qurub cinayət kimi təsnif edilə biləcək addımlara təhrik edilməsi, öz işçilərini onun əleyhinə qaldıracaq tədbirlər həyata keçirilməsi (məs., bankdan işçiləri üçün məvacib ayrılmasını ləngidən fəaliyyət aparmaq yolu ilə), işçilərinin ondan olan cüzi belə şikayətinin daha yuxarı səviyyələrə gedib çıxmasının təşkil edilməsi, rəqabət apardığı firmanın, şirkətin və s. ondan irəli çıxmasına kömək göstərilməsi, müxtəlif müqavilə şərtlərini cüzi də olsa pozması hallarına görə ona güzəştə getməmək, məsələsinin ali dairələrdə müzakirə olunduğu halda bitərəf və ya əleyh mövqe tutmaq və s.;
Dövlətlərarası səviyyədə – rəqib dövlətə öz müttəfiqləriniz və ya sizin monopoliyanızda, nəzarətinizdə olan beynəlxalq və transmilli siyasi, hüquqi, iqtisadi, ictimai, humanitar, kriminal və s. qurumlar, korporasiyalar, partiyalar, seqmentlər (yəni etnik, dini, əxlaqi və s. azlıqlar), diasporalar, hərəkatlar, şəxslər, konsepsiyalar, əhval-ruhiyyələr və s. vasitəsilə təsir göstərmək, özünün səs hüququndan istifadə edərək, rəqib dövlətin maraqları əleyhinə olan qərarlara səs vermək (o cümlədən, öz müttəfiqlərini də buna qoşmaq yolu ilə), daim xeyrinə olmayan layihələri, ideyaları, platformaları, standartları, konsepsiyaları, fəaliyyət növlərini və s. axtarıb tapıb dəstəkləmək, hər addımda ona əks olan mövqe tutmaq və b. bu kateqoriya təzyiqlərə nümunələrdəndir.
Dostları ilə paylaş: |