Cabbar Məmmədov Diplomatik psixologiya (Siyasi, ideoloji və psixoloji diversiya və anti-diversiyaların metodları)



Yüklə 3.67 Mb.
səhifə2/34
tarix28.11.2016
ölçüsü3.67 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   34

I фясил.
DAVRANIŞ Və DÜŞÜNCəLəRİN DETERMİNASİYA MEXANİZMİ BARəDə



Nəyə görə insanlar öz qarşılarına hansısa məqsədləri qoyub, onların realizəsi üçün canlarından belə keçirlər? İnsanı fəaliyyətə hansı spesifik motivlər təhrik edir? Nəhəng kütlələrin davranış və düşüncəsinin istiqamətini nələr müəyyənləşdirir? Ümumiyyətcə, bəşəriyyəti qurmağa, yaratmağa, öyrənməyə, kosmoslara ucalmağa və ya dağıtmağa, müharibələr etməyə, özgə torpaqlarına göz dikməyə nə vadar edir?

Bu kimi sualların cavabını bilmədən nəhəng kütlələrin və ayrıca fərdlərin davranış və düşüncəsini idarə etmək qeyri-mümkündür. Bəşəriyyət tarixində böyük rol oynamış dahi sərkərdələr bu sualların cavabını qismən bildiklərindən dünya taleyində əvəzolunmaz rol oynaya bilmişdilər. Lakin onlar buna özlərinin keşməkeşli həyat yollarında qazandıqları şəxsi təcrübələri əsasında nail olmuşdular. Bu isə hər adama nəsib olmur və üstəlik də ki, hər kəsin həyat yolu individualdır. Bəs, bu məşəqqətli yolları keçmədən buna necə nail olmalı?

Elm məhz bir-birindən zaman və məkanca əlçatmaz uzaqlıqlarda yerləşmiş min-min insanın təcrübəsini cəmləmək, ümumiləşdirərək insan beyninin qavraya biləcəyi bir formata salmaq, onlar əsasında gələcək üçün proqnozlar vermək və onlar vasitəsilə ətraf dünya və insanları idarə etməyin yollarını müəyyənləşdirmək məqsədilə yaranıb. Fərdi və sosial davranışların, düşüncələrin, meyl və əhvalların öyrənilməsi, modelləşdirilməsi, reqlamentləşdirilməsi, idarəçiliyi məsələsi, kütlələrin və ayrıca fərdlərin davranış və düşüncəsinin hərəkətverici qüvvəsinin mahiyyəti, tarixin gedişatına təsir göstərmiş böyük şəxsiyyətlərin fenomenal qabiliyyətinin sirri və b. bu baxımdan daim elmin diqqət mərkəzində olmuş predmetlərdəndir. Bu müddətdə isə elm insanların davranış və düşüncələrinin motivləri sırasından bir sıra faktorları müəyyən etməyə nail olub ki, bu da ayrı-ayrı fəlsəfi və psixoloji nəzəriyyələrin, cərəyanların yaranmasına gətirib çıxarıb. Bunların bir qismi aşağıdakılardır:


I.1.Motivlər barədə mövcud nəzəriyyələr

I.1.1.Psixoanaliz nəzəriyyəsi


Bu cərəyanın banisi Ziqmund Freydin və onun ardıcıllarının fəlsəfi baxışlarına görə bütün növ bəşəri fəaliyyətin əsasında Freydin Eros və Tanatus adlandırdığı iki əks başlanğıcın mübarizəsi və vəhdəti dayanır. Freydə görə bunlardan birincisi – həyat, ikincisi isə – ölüm instinktidir. Bu birinci kateqoriyaya o «öz mövcudluğunu qoruyub saxlamaq tələbatını» (yəni, adi fizioloji tələbatları) və «özünəbənzərləri yaratma tələbatını» (yəni, cinsi tələbatı), ikinciyə isə – aqressivlik, sadizm, mazoxizm, özünəqəsd və s. bu kimi tələbatları aid edir. Freydə görə kainat lap əvvəldən xaosa, dağılmağa meyllidir və yeganə olaraq həyat bu xaosun mütəşəkkilləşdiyi qısa zaman kəsiyidir. Lakin mütləq mənada yox. Belə ki, varlıqlar həyat boyunca da olumla ölüm arasında qalır, sabitliklə xaos arasında çarpışırlar. Sabitlik halına Freyd – orqanizmin sağlam, normal vəziyyətini, xaos halına isə – əsəbi, gərgin, qeyri-taraz vəziyyətini aid edir. Freydə görə bu sonuncu halın başlıca səbəbi – onun Eros adlandırdığı həmin o birinci instinktlərin normal ödənilə bilməməsidir. Bunların ödənməsinə mane olan başlıca baryerlər sırasında Freyd xüsusi olaraq praktik imkansızlığı və mənəvi imperativləri vurğulayır. Məsələnin mahiyyətini daha aydın çatdırmaq üçün o öz nəzəriyyəsini, ələlxüsus, şəhvani duyğuların ödənməsi timsalında izah edir.

Freydə görə instinktiv olaraq insanda mövcud olan cinsi tələbatlar, praktik imkansızlıq və ya mənəvi baryerlər («super-Eqo») səbəbindən ödənə bilmədikdə, itib getməyərək şüur sferasından («Eqo»-dan) təhtəlşüur sferasına («İd»-ə) sıxışdırılır və burada özünün realizə momentini gözləməyə başlayır. Bundan sonra təhtəlşüur onun ödənməsi yollarını düşünüb tapmaq üçün mütəmadi olaraq şüura «sifarişlər» göndərir. Onlara verilən hər bir rədd cavabınısa, qeyri-məntiqi prinsiplərlə işləyən təhtəlşüur müstəqil bir sindrom kimi qəbul edərək növbəti dəfə bunların hər biri ilə əlaqədar şüura ayrıca sifarişlər göndərir, onların cavabı ilə əlaqədar yenə də beləcə və s. Nəticədə, orqanizmin başlıca idarəedici orqanını olan şüur eyni bir problemin analizi ilə həndəsi silsilə üzrə artan həcmdə yükləndiyindən, getdikcə fəaliyyəti tromblanır, blokirovkalanır, öz normal iş funksiyasını itirir. Orqanizmin daxilində gedən bu gizli proseslərsə zahirdə müxtəlif nevroz simptomları və orqanizmin normal iş ahənginin pozulması şəklində təzahür edir. Konkret olaraq, məhz bu səbəbdən, Freyd nevrozun başlıca (daha doğrusu, yeganə) səbəbini cinsi tələbatların normal ödənməməsində görürdü ki, Freyd konsepsiyasının, ələlxüsus bu məqamı hələlik onun ən zəif hissəsi kimi qəbul edilir və, tarixən də, ən çox bu hissə tənqidə məruz qalıb. Belə ki, Freyd ümumiyyətcə, insanın psixi təkamülündə seksual sferanın (libido enerjisinin) rolunu lazım olandan qat-qat artıq dərəcədə mütləqləşdirir ki, bunun da belə olmadığı və psixi determinasiya prosesində cinsi fəaliyyətin (və onun problemlərinin) rolunun heç də digər faktorlardan çox olmadığı bugünkü psixologiya və psixiatriyada qeyd-şərtsiz olaraq isbat edilib (bax: məs., Error: Reference source not found səh. 29-30...).

Qayıdaq əsas məsələyə. Sadalanan fazadan sonrakı mərhələdə artıq, beyindəki kəmiyyət dəyişikliyi özünün keyfiyyət dəyişikliyi mərhələsinə qədəm qoyur. Belə ki, vəziyyətin təhlükəli həddə çatdığı mərhələdə avtomatik olaraq xilasedici blokiratorlar işə düşür və orqanizm öz-özünü məhv olmaq təhlükəsindən qorumaq, özünün başlıca idarəedici orqanı olan şüurun normal iş ahəngini bərpa etmək üçün ekstremal tədbirlərə əl atır. Freyd bu blokiratorlar yerində müxtəlif psixi müdafiə mexanizmlərini (inkar, rasionallaşdırma, proyeksiya, sublimasiya, və s.) göstərir. Onların fəaliyyəti nəticəsində individ, ya bu hissi ümumiyyətcə, süni şəkildə unudur və bəzən hətta orqanizmin cinsi funksiyası müvəqqəti dayanır (hansının ki, nəticəsində cinsi sferada psixi mənşəli müxtəlif pozğunluqlar yaranır). Ya da ödənməsi mümkün olmayan seksual arzular, istəklər, meyllər, həvəslər, ehtiraslar və s. ödənməsi mümkün olan bir başqa formaya transformasiya («sublimasiya») olunaraq həmin formatında realizə tapır. Freyd bu sonuncu variant yerində müxtəlif bədii yaradıcılığı, ixtiraçılığı, peşə fəaliyyətini və b. göstərir.

Bir sözlə, Freyd hər bir insan fəaliyyətinin motivi yerində tarazlığa meyl və daxili gərginliyi azaltmaq cəhdinin durduğunu (homeostaz prinsipi), hər bir fəaliyyətin bu və ya digər formada insanın ödənməmiş qalan müxtəlif instinktiv (irrasional) impulslarının, arzularının, hisslərinin simvolikləşmiş, modifikasiyaya uğramış forması olduğunu iddia edir.

Haşiyə kimi qeyd edək ki, bir psixoterapevt kimi, Freyd insan psixikasında mövcud olan travmaları, sindromları aşkar edib, onları neytrallaşdırmağın, müalicə etməyin də metodlarından geniş bəhs edir. Lakin bizim üçün, ələlxüsus bu yuxarıda izah etdiyimiz məqamlar xüsusi əhəmiyyət kəsb etdiyindən onların izahına əlavə vaxt ayırmırıq.

I.1.2.Analitik psixologiya


Analitik psixologiyanın banisi K.Q.Yunq Freydin libidonu psixi enerji kimi interpretasiya etməsinə, nevrozların seksual mənşəli olduğunu iddia etməsinə, psixikanı kompensasiya prinsipi ilə işləyən qapalı avtonom sistem kimi təqdim etməsinə və s. etiraz edərək, insan psixikasında fərdi qeyri-şüurilikdən savayı, həm də daha dərin bir qatın – kollektiv qeyri-şüurilik mövcud olduğunu iddia edir. Yunqa görə bu kollektiv qeyri-şüuriliyin məzmununu bilavasitə müşahidə obyekti olmayan, lakin ətraf aləmdəki proyeksiyaları vasitəsilə qavranıla bilən ümumbəşəri ilk obrazlar – arxetiplər təşkil edir, hansılar ki, özlərini daha çox müxtəlif mifologiyalarda, simvolikalarda və s. büruzə verir.

I.1.3.İndividual psixologiya


Adler və onun ardıcıllarının qənaətinə görə hər bir fəaliyyətin əsasında kamillik arzusu və buna mane olan «natamamlıq kompleksi» dayanır. Onların fikrincə hər bir kəsdə zəif də olsa bu arzu və kompleks mövcuddur. Və Adler hər bir kəsdə bunun meydana çıxması mexanizmini də izah edir: körpə ikən gücsüzlük səbəbindən dəfələrlə keçirdiyi köməksizlik hissləri, bir qədər sonra ailədə özündən böyük və (ya) özündən kiçik qardaş-bacısı ilə münasibətdə formalaşan qısqanclıq duyğusu, daha sonra kollektivdə, cəmiyyətdə hansısa acizliyinə görə rastlaşdığı uğursuzluqlar və s. Adler bu kompleksin özünü xüsusilə qabarıq büruzə verdiyi hallardan ayrıca bəhs edir. Onun versiyasına görə şikəst adamlarda bu kompleks özünü xüsusilə qabarıq büruzə verir: Korların digər hissiyyatlarının hiper-inkişaf etməsi buna nümunələrdəndir. Dahi şəxsiyyətlərin də bir çoxunun əlil olduğu tarixdən məlumdur (məs., Homer, L.Eyler – kor, Bethoven, Sialkovski və b. – kar olmuşlar və s.). Lakin o, bu versiyasının çərçivəsini bir təkcə fiziki əlilliklə məhdudlaşdırmır. Adlerə görə, məs., cırtdanboyluluq da natamamlıq kompleksinin qabarıq meydana çıxdığı ideal haldır. Versiyasını əsaslandırmaq üçün o, bir sıra məşhur sərkərdələrin, o cümlədən, Sezarın, İsgəndərin, Napoleonun, Hitlerin, Stalinin boyunun 165 sm.-dən çox olmamasını (Avropa üçün bu çox alçaq boy hesab edilir) nümunə gətirir.

Bir sözlə, Adlerə görə şəxsiyyətin bir sferasının deformasiyası digər sferasının fövqəlinkişafı ilə kompensasiya olunur, və ya istənilən bir sferadakı fövqəlqabiliyyət digər hər hansısa bir sferadakısa defektin kompensasiya formasıdır.

Adler özü əsasən fiziki qüsurlardan bəhs edirdi. Onun ardıcılları təkcə fiziki deyil, həm də psixi, sosial sferanın özünün bir sferasındakı qüsurun, digər bir başqa sferasında fövqəlinkişaf törədə bildiyini əsaslandıran faktlar toplamaqla Adlerin konsepsiyasını bir növ tamamladılar (məs., Lambrazo – Lanqe-Eyxbaum nəzəriyyəsi, Silvermen – Ayzenştadt nəzəriyyəsi və b.). Onlar əsasən diqqəti bu faktın üstünə yönəldirdilər ki, bu gün dahi kimi tanınan şəxslərin böyük əksəriyyəti:

1) Ya psixi cəhətdən xəstə olublar: məs., Petrarka, Molyer, Flober, Dostoevski, İsgəndər, Sezar, Napoleon – epilepsiyadan; Jorj Sand, Mikellancelo, Bayron, Höte – psixopatiyadan; Platon, Dekart, Paskal, Nyüton, Faradey, Kant, Emerson, Darvin, Niçşe, Spenser və b. – şizofreniyadan əziyyət çəkib və ya birbaşa olaraq bu məqsədli xüsusi xəstəxanalarda müalicə olunublar (bax: 59 səh. 606; 124 səh. 357; 143 səh. 172...);

2) Ya hələ çox erkən yaşlarından yetim qalıblar: məs., İ.Nyüton – hələ doğulmamışdan əvvəl, V.İ.Lenin – hələ körpə ikən, Q.Leybnis – 6, Humboldt – 9, N.Kopernik – 10, D.Mendeleyev – 14, Napoleon – 15, Bethoven – 16 yaşında atasını itirib və s. (ətraflı bax: 124 səh. 168-169);

3) Ya da onların həyatının ilk illəri və ya elə bütün ömürləri bu və ya digər formada çox ağır keçib (bax: burada, səh. 27).

Bir sözlə, Adler və onun ardıcıllarının qənaətinə görə, istənilən davranış – bu və ya digər formada insanların öz natamamlıqlarını tamamlamaq cəhdi və ya zəifliklərinə qalib gəlmək səyi ilə əlaqədardır.

I.1.4.Biheviorial-təlim cərəyanı


Bu cərəyanın yaradıcısı D.Uotson hələ 20-ci əsrin əvvəllərindən belə müddəa ilə çıxış etməyə başladı ki, psixologiya şüur fenomeni ilə deyil, davranışla məşğul olmalıdır. D.Uotsona, eləcə də, onun ardıcıllarına görə istənilən növ fəaliyyət xarici stimullara qarşı cavablar silsiləsindən savayı özgə bir şey deyil (reaktivizm prinsipi). Başqa sözlə, hər bir fəaliyyət, müstəsna olaraq ətraf dünyanın impulslarına qarşı orqanizmin verdiyi şərti və şərtsiz reflekslər kompleksidir. D.Uotson bunu, sonradan psixologiyada məşhurlaşmış aşağıdakı formulla ifadə etdi: SR, yəni ki, hər bir reaksiya mütləq hansısa stimuldan doğur. D.Uotsonun bu düsturu sonradan onun ardıcılları (ələlxüsus, E.Tolmen, E.Torndayk və b.Skinner) tərəfindən bir qədər təkmilləşdirilərək aşağıdakı varianta salındı: SVR. Bu aralıq mərhələ, burada kənar dəyişənlərin də rola malik olduğunu göstərirdi. Bu cərəyanın ən görkəmli nümayəndələrindən olan Skinner bu aralıq mərhələnin mahiyyətini tam açaraq göstərdi ki, istənilən davranışı formalaşdıran stimulların hamısı heç də bir-birinin eyni olmayıb, bir-birindən fərqlənirlər. Skinner iki növ stimul növünü göstərir: mövcud və gözlənilən (ümidedilən) stimullar. İnsan öz evində oturarkən evin soyuq olduğunu hiss etdikdə dərhal qalxıb sobanı yandırır. əksinə, isti olduğunu gördükdə sobanı söndürür, kondisioneri qoşur və s. Bu, ətraf dünyanın birbaşa təsirlərinə qarşı insanın verdiyi reaksiyalardır. Lakin heç də bütün stimullar həmişə bu cür aşkar görünməyə bilər və insan və ya bir başqa canlı, heç bir xarici stimul olmadan da müəyyən addımlar ata, reaksiyalar verə bilər. Məsələn, çox vaxt ola bilir ki, insan özü istəmədən də səhər tezdən güclə yuxudan qalxır, işə gedir və iş ürəyincə olmasa da belə, yenə də axşama qədər bu işlə məşğul olub, axşam geri qayıdır. Nə onu yuxudan durmağa məcbur edən olur, nə də işdə başının üstündə durub onu işlədən. Bununla belə, o bunları edir. Məsələ burasındadır ki, burada onu fəaliyyətə təhrik edən stimullar onun həmin bu davranışlarından əvvəl yox, sonra yerləşir və o da bunları görür, dərk edir. Belə ki, o yaxşı bilir ki, yuxudan çətinliklə də olsa durub işə getməsə və ya gedib iş görməsə nə itirər, gedib işlərini yerinə yetirməklə nə qazanar: bunları etmədikdə işdən qovula bilər, məvacibi kəsilər, o da öz növbəsində ona xeyli əlavə problemlər gətirər, etdikdə isə ailəsinin, özünün dolanışacağını təmin edər, bir sıra əlavə problemləri həll etmək üçün imkan qazanar. Skinner bu iki növ stimulun (yəni, reaksiyanı qabaqcadan, yoxsa sonradan formalaşdıran stimulların) törətdiyi davranışları da bir-birindən fərqləndirir və o, bu birincini respondent, ikincini isə operand davranış adlandırır. Adi həyatda insanın əli isti bir şeyə toxunarkən qışqırıb əlini çəkməsi, soyuq havada titrəməsi, acarkən yemək axtarması və s. – bu birinci, qarşısına hansısa məqsəd qoyub ona çatmaq üçün can atması, xeyirxah motivlərdən irəli gələrək kimdənsə hansısa bəd xəbəri gizlətməsi, övladlarını pis əməllərə görə cəzalandırması, siyasi mübarizələrə qoşulması və s. – bu ikinci növ davranışlara nümunələrdəndir. Yəni bu sonuncu hallarda insan, qabaqcadan işin nəticəsini göz önünə gətirib hansısa addımı atır və ya ondan çəkinir.

I.1.5.Humanist psixologiya


20-ci əsrin 60-cı illərində bir qrup amerikan psixoloqu, tanınmış amerikan psixoloqu Abraham Maslounun rəhbərliyi ilə, psixoanaliz və biheviorizmə alternativ olan həyataqabil bir nəzəriyyə yaratmağı qarşısına məqsəd qoydu. Müəyyən mənada ekzissensial fəlsəfəyə əsaslanan bu yeni cərəyan, adı çəkilən hər iki psixoloji cərəyandan fərqli olaraq, insanın taleyinin hansısa irrasional həvəslərdən və ya ətraf dünyanın dəyişkənliklərindən asılı olmayıb, tam şəkildə insanın öz ağlı və düşüncəsindən asılı olduğunu iddia edirdi. «Humanist psixologiya» adlandırılan bu yeni cərəyana görə, insanı fəaliyyətə, onun daxilində mövcud olan müxtəlif növlü tələbatlar vadar edir. Lakin insan bu tələbatları ödəmək yollarını seçməkdə azaddır. Başqa sözlə, insan «seçim azadlığı»na malikdir və məqsədin həyatakeçmə vasitələrini, mexanizmini seçmək məqamında o iradi bir məxluqa çevrilir, təbiətin diqtəsindən kənara çıxır. A.Maslou insanda adi bioloji tələbatlardan əlavə, həm də daha ali tələbatların olduğunu qeyd edir. Buraya inkişaf arzusu, yeni stimul axtarışları, özünürealizə tələbatları və s. kimi sırf insana məxsus olan tələbatlar aiddir (heterostaz prinsipi). Maslouya görə, insanı öz qabiliyyətini, potensialını nümayiş etdirməyə məhz bu sonuncular təhrik edir. İxtiyari bir fəaliyyət məhz bu tələbatdan meydana çıxır.

I.1.6.Evolyusionizm


Psixologiyada təkamül cərəyanı deyilən bir cərəyan da mövcuddur ki, o da psixologiyadakı bir sıra problemlərə ümumən biologiyanın təkamül prinsipi aspektindən cavab tapmağa cəhd edir. Bu cərəyan – təbii seçmə qanunlarına əsaslanıb, bütün insanların qohumluğunu əsas götürən və insan təbiətinin universallığını ön plana çəkən bir nəzəriyyədir. Bu cərəyan tərəfdarlarının baxışlarının əsasında Darvinin təkamül nəzəriyyəsi dayanır. Ta Darvin dövründən bəri əksər bioloqlar inanırlar ki, canlı orqanizmlər milyon illər ərzində sağ qalmaq və öz nəslini qoruyub saxlamaq uğrunda rəqabət aparıblar. Psixologiyada evolyusionistlər də bu versiyanı inkişaf etdirərək iddia edirlər ki, təbii seçmə, informasiyanın o cür qavrayışına və bu cür davranışa aparır, hansı ki, müəyyən şəraitdə bu və digər genlərin saxlanılması və yayılmasına xidmət edir (156 səh. 227). Başqa sözlə, təbiət o davranış mexanizmlərini dəstəkləyir, müdafiə edir, hansılar ki, ətraf mühitin münbit şəraitindən təkan alaraq meydana çıxmış konkret növün genlərinin qorunub saxlanılması və yayılmasına xidmət edir. Bu davranış tipinə meylli olmayan növlər öz genlərini bugünkü populyasiyaya qoruyub saxlamaq şansına malik olmayıblar (156 səh. 227). əksinə, yaşamaq şansını artıran genlər zaman keçdikcə daha çox nümayəndələrdə təhkim olunur (156 səh. 236). ətraf mühitin təsirləri təkamül prosesində formalaşmış davranış mexanizmləri ilə qarşılıqlı təsirdə eynilə fizikadakı sürtünmə qüvvəsi kimi fəaliyyət göstərir (156 səh. 227).

Təkamülçülər cinslər arasındakı fərqləri də reproduktiv strategiya baxımından izah edirlər: Onların fikrincə, təkamül, kişiləri qadında gənclik və sağlamlıq, və deməli, daha yaxşı reproduktiv potensial axtarmağa və ya qiymətləndirməyə meylləndirir. Qadınısa kişilərdə daha çox qida ələ gətirmək və mühafizəçilik, müdafiəçilik kimi xüsusiyyətlər axtarmağa proqramlaşdırır. Bu, qadınların nəyə görə yüksək sosial statusu olan kişiyə ərə getmək tendensiyasını izah edir (156 səh. 548-549). Yeri gəlmişkən, nəsilvermə simvolu olan qadın obrazının Yeni Eradan əvvəlki XV əsrə qədər qədim dünyanın hər yerində ibadət obyekti olması faktı da, qədim tarixdən məlumdur (t/vSpace», 15.11.01//17 : 50).

Onların fikrincə, kişilərin daha çox seksual təşəbbüskarlıq göstərməsinin başlıca səbəbi bundan ibarətdir ki, kişi orta hesabla öz ömrü boyu trillion spermatozoid istehsal edir ki, bu da bioloji baxımdan əks cinsin yumurta istehsalından qat-qat ucuz başa gəlir. Qadın bir dölü inkişaf etdirib, sonra da doğulmuş körpəni qidalandırınca, kişi bir çox qadınları mayalandıraraq öz genlərini yaya bilər. Buna görə də, qadın tərəf-müqabilini sağlamlıq və perspektivlik əlamətləri əsasında seçərək öz reproduktiv resurslarını çox ehtiyatla xərcləyir. Bu zaman kişi öz genlərini gələcək üçün qoruyub saxlamaq uğrunda digər kişilərlə rəqabət aparır. Beləliklə, təkamülçülərin fikrincə, erkək cins kəmiyyətə, dişi cins isə keyfiyyətə can atır. Təkamülçülər daha sonra ehtimal edirlər ki, fiziki cəhətdən dominant olan erkəklər dişi cinsi daha asan ələ gətirirlər və bu da öz növbəsində nəsildən nəslə keçdikcə kişi aqressivliyinin və dominantlığının artmasına gətirib çıxarıb.

Təkamül cərəyanı bütün bunlara əsasən proqnozlaşdırır ki, kişilər əbədi olaraq təminat və fiziki qorunmuş olduqlarını göstərməyə çalışası (hansı ki, qadınlar tərəfindən yüksək qiymətləndirilir), qadınlarsa öz növbəsində həmişə kişilərin yanında gənc və sağlam görünməyə cəhd edəsidirlər hansı əlamətlər ki, yaxşı nəsilvermə qabiliyyətinin əlamətləridir. (156 səh. 241).

Devid Bass və onun əlli əməkdaşlarının Zambiyadan Avstraliyaya qədər, 6 qitə və 5 adada, müxtəlif irqə, dinə siyasi sistemə, 37 mədəniyyət tipinə mənsub 10 000-dən yuxarı insan arasında apardıqları sorğu və araşdırmaların materialları əsasında aparılan tədqiqatın nəticələrinə görə:

Hər yerdə kişiləri yaxşı nəsilvermə xüsusiyyətləri, yəni gənc sima və fiqura kimi fiziki əlamətləri olan qadınlar cəlb edir. Qadınlarısa hər yerdə kişilərdə nəslin qorunmasını və normal inkişafını təmin edə biləcək xüsusiyyətlər, məs., var-dövlət, avtoritet və vicdan kimi cəhətlər cəlb edir.



Kişiləri məhz bədənin forması maraqlandırdığı səbəbindəndir ki, onlar dünya üzrə vizual parnoqrafiyanın başlıca istehlakçısı, yaxud alıcısıdırlar (Buss, 1994).

əks cinsdən olan tərəfdaşının (arvadının, sevgilisinin,..) bir başqası ilə cinsi yaxınlığına kişilər daha kəskin reaksiya verir, daha çox qısqanırlar, nəinki qadınlar. əksinə, qadınlar o məsələdə kəskin reaksiya verir, ciddi qısqanır, nə zaman ki, tərəfdaşı (əri, sevgilisi) olan kişi emosional cəhətdən bir başqasına bağlanır, hətta onunla cinsi yaxınlıqda olmasa da belə.



Təkamülçü-psixoloqlar bu məsələni belə izah edirlər ki, burada hər iki cinsin narahatlığı – kişinin öz atalığına əminlik məsələsi ilə, qadınınsa qarşı tərəfin qayğısına olan təbii tələbatı ilə əlaqədardır (Buss, 1994).

Bütün dünyada kişilər özlərindən yaşca kiçik olan qadınla evlənməyə meyllidirlər. Özü də, kişinin hansı yaşda olub-olmamasından asılı olmayaraq, həmişə və hər yerdə kişilər gənc qadınlara meyl göstərirlər. Başqa sözlə, yaşı daha çox olan kişilər özlərindən yaşca daha kiçik olan tərəfdar seçməyə meyllidirlər: Statistikaya görə, bütün dünyada 20 yaşlı kişi özündən bir neçə yaş, 60 yaşlı kişi isə orta hesabla 10-15 yaş kiçik olan qadınla evlənir (Kenrick & Keefe – 1992). Qadınlarsa istənilən yaşda özündən bir neçə yaş böyük olan kişi ilə evlənməyə üstünlük verirlər.



Təkamülçülər yenə də burada kişilərin təhtəlşüuri formada nəsilvermə qabiliyyətini qiymətləndirdiklərinə diqqəti cəlb edirlər (156 səh. 242).

Bütün dünyada kişilər özlərindən boyca kiçik qadınla ailə qururlar və ya əksinə, qadınlar boyca özlərindən kiçik olan kişiyə ərə getmirlər. Müxtəlif mədəniyyət və millətlərdən olan ailələrlə aparılan tədqiqat zamanı (eksperiment: Gillis & Avis 1980) yalnız 720 haldan birində bu normanın pozulduğu aşkarlanıb.



Adi psixoloqlar bunu kişinin qadın üzərində təhtəlşüuri hakimiyyət iddiası və qadının da buna olan analoji tələbatı ilə izah edirlər (156 səh. 263).

Təkamülçülər burada da, təbii seçmənin rolunun ön plana çəkirlər. Onların fikrincə istər qadın və ya istərsə də kişi boyca özünə bərabər tərəfdaş tapmağa meylli olsaydı, onda ifrat bəstəboy qadınlar və ifrat hündürboy kişilər həmişə subay qalardılar. Çünki kişilər, ümumiyyətcə, qadınlarla müqayisədə hündürboylu olurlar və orta statistik göstəricilərə görə boyu 180 sm.-dən hündür kişilərin sayı, eyni hündürlüklü qadınların sayından; boyu 150 sm.-dən kiçik olan qadınların sayısa bu ölçülü kişilərin sayından bir neçə on dəfə artıqdır (156 səh. 263).

Öz tərəfdaşına və övladlarına bağlı kişilərin öz nəslinin yaşayacağına və onların genini saxlayacağına ümid etməsinə əsası daha çoxdur. Məhz bu səbəbdən də, təkamül baxımından, istər qadın və istərsə də kişi, birləşərək öz övladları ilə birgə məşğul olmaqdan qazanırlar. Məhz bu hal, insanın və körpələrinə həddən artıq ciddi qayğı göstərən bir sıra digər canlıların, nəyə görə cüt şəkildə yaşamalarının və monoqamiya prinsipinə riayət etmələrinin səbəbini evolyusion baxımdan izah edir. Qadın və kişi arasında məhəbbət universaldır, çünki genetik baxımdan sərfəlidir: Sadiq kişilərin nəsli digər canlıların hücumuna qarşı daha dayanıqlıdır (156 səh. 244).

Təbii ki, bütün bu deyilənlər heç vaxt dərk edilmədən, təkamül prinsipinin qanunlarına uyğun olaraq, qeyri-şüuri şəkildə baş verir (156 səh. 240-241).

Bütün bunlarla belə, evolyusionizm cərəyanı ailə formalarının müxtəlifliyi fenomenini (məsələn, monoqamiya, tərəfdaşı mütəmadi dəyişmək, çoxarvadlılıq, çoxərlilik, qrup seksi və s. kimi halları) izah edə bilmir (156 səh. 247).

I.1.7.Sinergetika


Məlumdur ki, fizikanın termodinamika qanunları zamanla entropiya arasında funksional asılılıq işarəsi qoyaraq, fiziki sistemlərin istənilən təkamülünün son həddinin xaos olduğunu bəyan edir. Başqa sözlə, bu qanunlar istənilən növ enerjinin ən axırda istilik enerjisinə çevrildiyini, istilik enerjisininsə təbii halında özgə heç bir enerjiyə çevrilmədiyini iddia edir ki, bu enerjinin də molekullara Broun prinsipinin tələbləri üzrə xaotik trayektoriya verdiyi məlumdur. Buna əsasən, termodinamika interpretatorları fiziki dünyadakı enerji çevrilmələri zəncirində istiliyin ən axırıncı həlqə olduğunu və xaotikliyin də inkişafın ən son struktur forması olduğunu iddia edirlər. Hətta termodinamikanın meydana gəlməsindən sonra fizika və fəlsəfədə «istilik ölümü» adlanan bir termin də meydana çıxdı ki, bu da termodinamikanın prinsipləri üzrə bütün kainatın gec-tez xaotik molekullar selinə çevriləcəyi proqnozları ilə əlaqədar idi. «Enerjinin itməməsi» kimi fundamental fizika aksiomunun meydana gəlməsində «Termodinamika» qanunlarının əvəzolunmaz rolu olduğu fiziklərə yaxşı məlumdur.

Lakin iyirminci əsrin ortalarından başlayaraq bu prinsiplərin universallığı şübhə altına alınmağa başlandı. Bir sıra filosoflar iddia etməyə başladılar ki, bu qanunların işlək diapazonu yalnız qeyri-üzvi dünya çərçivəsilə məhdudlaşır və üzvi dünya bu prinsiplərdən istisna təşkil edirlər. Özü də təkcə istisna təşkil etməklə kifayətlənməyib, hətta onun əksinə, fəaliyyət göstərirlər. Belə ki, sinergetikanın prinsiplərinə görə – fiziki dünyada entropiyanın artımı, onun bioloji və sosial sistemlərdə azalması ilə kompensasiya olunur. Yəni, biosferada təkamül vektorunun oriyentasiyası biosistemlərin daha optimal təşkilinə doğru yönəlib. Başqa sözlə, istənilən bio və sosial sistem öz entropiyasının azalmasına doğru təkamül edir. Biosistem yalnız o fəaliyyətdən daxili rifah hissi keçirir, hansı ki, onun hüceyrələrinin daha mütəşəkkil forma almasına imkan verir, yardım edir. Sosial və bioloji sferada baş verən istənilən dəyişiklik entropiyanın azalması yolundakı sıçrayışlardan savayı özgə bir şey deyil (bax: burada ədəbiyyat siyahısına ~ 53, 63, 195, 209, 210, 222, 223, 226, 251 vд s...).

I.1.8.Felaket nezeriyyesi


Yüksək həyat tərzinin hələ insanların iddialarının qarşısını ala bilmədiyi və aşağı həyat səviyyəsi olan insanlara nəzərən yüksək həyat səviyyəsi olan insanların həyatdan razılığının artmadığı məlumdur. Yəni, həyat şəraitinin yaxşılaşdığı halda da frustrasiya güclənə bilər. Fəlakət nəzəriyyəsi tərəfdarlarının fikrinə görə bunun izahı ondan ibarətdir ki, reallıq, artan gözləmələrlə ayaqlaşmağa macal tapmayanda, nailiyyətlə gözləmələr arasında uçurum meydana çıxır. Bu uçuruma həmahəng olaraq da, frustrasiya güclənir. Məs., sürətlə inkişaf edən millət urbanizə olduqda, savadlılıq artdıqda, insanlar düşünməyə başlayırlar ki, həqiqi maddi rifah nədir. Lakin bərəkət birdən-birə əmələ gəlmir və imkanla arzuolunan arasında artan bu uçurum da insanlarda frustrasiyanı gücləndirir. İnqilab və digər bu tip sıçrayışlı sosial dəyişikliklərin səbəbi də məhz budur.

Fəlakət nəzəriyyəsi tərəfdarlarının fikrinə görə, əslində elə bütün növ inkişaflar, hətta təkamülün özü də, bu tip mini sıçrayışlar silsiləsindən savayı özgə bir şey deyil. (83 səh. 12-19). Məsələn, bir ərazidə bitkilərin həcmini artması o əraziyə bitki ilə qidalanan heyvanların axışıb gəlməsinə səbəb olur. Burada bu heyvanların kəmiyyəti qidalandıqları bitkilərin normal bərpa sürətini üstələyəndə qida ehtiyatı azalmağa başlayır. Bu isə öz növbəsində həmin heyvanların getdikcə yavaş-yavaş buradan uzaqlaşmasına gətirib çıxarır. Eyni zamanda, burada həmin bu heyvanların sayının çoxalması buraya ətlə qidalanan heyvanları cəlb edir. Onların sayının çoxalması isə müəyyən kollaps həddindən sonra otla qidalanan heyvanların sayının həndəsi silsilə üzrə azalmasına gətirib çıxarır. Bu isə getdikcə burada ətlə qidalanan heyvanların sayının azalmasına, bitki ehtiyatınınsa artmasına gətirib çıxarır. Bu tendensiya, bir müddət sonra bütün bu proseslərin spiralvari xətt üzrə yenidən təkrar olunmasına gətirib çıxarır.



1   2   3   4   5   6   7   8   9   ...   34


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə