Cabbar Məmmədov Diplomatik psixologiya (Siyasi, ideoloji və psixoloji diversiya və anti-diversiyaların metodları)



Yüklə 3,67 Mb.
səhifə8/34
tarix28.11.2016
ölçüsü3,67 Mb.
#314
1   ...   4   5   6   7   8   9   10   11   ...   34

III.2.Söhbət qaydaları


«Ey insan, danış səni görüm!»

Sokrat.

III.2.1.Riskli fikirləri necə ifadə etməli?


Yəqin, hər kəs çox sevdiyi bir adama öz məhəbbətini izhar etməyin, yəni cəmisi bir neçə sadə sözdən ibarət olan «Mən səni sevirəm» cümləsinin ifadəsinin, hətta ən qəliz riyazi formulun ifadəsindən də qat-qat ağır bir iş olduğunu bilir. Bəs, ayrı-ayrı fikirlərin ifadəsi arasındakı bu cür fərq haradandır?

Məsələnin mahiyyəti, elmdə «psixoloji baryer» adlandırılan faktorlar qrupunun təsiri ilə əlaqədardır. Belə ki, burada fərd yüzlərlə faktorları beynində götür-qoy edir ki, məs., fikrini hansı vaxtda və yerdə, necə, hansı formada ifadə etsin ki, tərəf-müqabilin ona reaksiyası gözlədiyi kimi olsun və ya heç olmazsa olan münasibətə xələl gətirməsin, özü barədə olan təsəvvürü dəyişməsin və s. Özü də burada əsas problem ondan ibarətdir ki, bu kimi məsələlərdə konkret resept və standart modellər mövcud deyil və buna görə də, eyni bir ifadə forması, tərzi, eyni bir fikir birinin xoşuna gəldiyi halda, digərini cin atına mindirə bilər. Yaxud eyni qayda ilə burada həmin fikrin kimin dilindən səslənməsi məsələsi də əvəzolunmaz rola malikdir. Belə ki, məs., hansısa eyni bir cümlənin qadın, yoxsa kişi dilindən səslənməsi eyni səciyyəli məsələ deyil və sosial normalar çoxdan hansı rəftar və davranış modelinin qadına, hansının kişiyə məxsus olması barədə qəti qərarlar verib.

Deyilənlərə nümunə olaraq, məs., zəif cinsin nümayəndəsi öz məhəbbətini izhar etmək istədikdə qabaqcadan 60-70% əmin ola bilər ki, onun bu cəsarəti – «Məlum məsələdir, ərə getmək vaxtı çatıb, ona görə də özünü sırımağa adam axtarır» kimi reaksiya ilə qarşılaşacaq. əksinə, kişilərin analoji addımına qarşı çox böyük əksər qadınların da öz növbəsində beynindən keçirdiyi ilk fikir bundan ibarət olur ki, kişilərə ancaq «bir şey» lazımdır və buna görə də, onların bu cür addımları, göz yaşları, and-amanları hamısı «bu» məqsədi əldə etmək üçün olan kişi fəndlərindən, maskalarından savayı özgə bir şey deyil (təəssüf ki, çox vaxt hər şey elə onların düşündüyü kimi də olur).

Kişilərə inamını hələ tam itirməmiş digər kateqoriya qadınlarsa, bu halda kişilərin səmimiyyətini ciddi qəbul etsələr də, hər halda, əmindirlər ki, özünə hörmət qoyan qadın kişi diqqətinə ilk cavab olaraq ağız büzüb üz çevirməlidir. Buna isə kişilərin münasibəti heç də birmənalı olmur: bir çox kişilər bunu öz etirafları kimi səmimi qəbul edib, hər şeyin birdəfəlik sona yetdiyini düşünür və daxilən yanıb qovrulsalar da, zahirdə bir də o mövzuya qayıtmamağa üstünlük verirlər. Digərləri isə öz eqoistik mənliklərini qabardaraq, belə güman edirlər ki, həmin rədd cavabından sonra özünə hörmət qoyan kişi, nəinki o qadının həndəvərinə dolaşmamalıdır, hətta özünü pərt vəziyyətdən xilas etmək üçün, yeri düşdükcə o qadına üstdən aşağı baxıb, bundan heç nə itirmədiklərini şəstlə nümayiş etdirməlidirlər.

Sevgi etiraflarına qarşı daha bir başqa reaksiyanı zəif psixi tipə malik, sentimental təbiətli, həssas qadınlar göstərirlər. Bu cür qadınlar kiməsə çox çətinliklə isinişib, çox çətinliklə də soyuduqlarından, onlar heç vaxt riskə getməyi xoşlamırlar və aldanıb psixi travma almaqdansa, həyatlarında heç nəyi dəyişməyib, lap əvvəldən necə varsa hər şeyin axıracan elə o cür də qalmasına çalışırlar. Bu səbəbdən də, onların dünyasına müdaxilə etmək olduqca çətin başa gəlir.

Adi bir həyati situasiyanın nə qədər rəngarəng variantları olduğu göz qabağındadır. «Psixi baryer» deyilən həmin tərəddüdlər də məhz bu cür riskli məqamların mövcudluğu halında meydana çıxır. Hansısa xahiş üçün rəisin qəbuluna girdikdə, yüksək tribunadan ilk dəfə çıxış etməli olduqda, qadına intim təklif vermək istədikdə və digər yerlərdə də, insan bu baryerlərlə qarşılaşır və məhz buna görə də, çoxları addım atmaqdan qorxaraq, neçə-neçə fürsəti əldən buraxırlar.

Məs., eynilə həmin bu səbəbdən, birisi əlində lazım olandan da artıq rüşvəti tuta-tuta vəzifəli bir adamın qəbuluna girməyə cəsarət etmir ki, işini düzəltdirsin və ya bir başqası isə əksinə, əlində böyük imkanı, vəzifəsi ola-ola deyə bilmir ki, bu qədər versəniz sizin filan işinizi düzəldərəm (deyilənlər, etika və qanun çərçivəsindən kənara çıxan hallar olsa da, burada bütün hallarda qəsdən məhz bu cür nümunələr seçilir, göstərilir ki, sadəlövh adamlar kimlərin təmtəraqlı sözlərinin arxasında hansı çirkin niyyətlərin gizləndiyini aşkar edə bilsinlər. Üstəlik də ki, bunların tətbiq yerləri tək bu çərçivə ilə məhdudlaşmır, sadəcə bunlar problemin əhatə dairəsinin genişliyini qabartmaq məqsədindən irəli gəlirdi).



Beləliklə, psixi baryerlər tərəfindən blokirovkalanmış situasiyalar barədə bu qədər. İndi isə bu düyünlərin açılışı barədə:

Normal halında istənilən ifadə stilinin əsasən iki forması (yəni ritorika terminləri ilə deyilsə, dispozisiya strategiyası) mövcuddur: induktiv və deduktiv. Bunlardan birincisində əsas fikir lap əvvəldən ifadə olunur, sonra isə müxtəlif arqumentlərlə bu fikir izah edilir, ona aydınlıq gətirilir. Bu zaman, adətən, keçid məqsədilə «yəni», «belə ki», «çünki», «məsələn» kimi ara sözlərindən istifadə olunur. İkinci variant fikir konstruksiyasında – əvvəlcə lazımi arqumentlər, baza fikirlər söylənilir. Yalnız bundan sonra onlar ümumiləşdirilərək, əsas fikir çıxarılır. Bu halda adətən, «beləliklə», «bir sözlə», «əlqərəz», «yekun olaraq», «deməli» və s. kimi ara sözlərindən istifadə edilir.

Adi həyatda və ədəbiyyatda fikir konstruksiyasının belə bəsit modelindən çox az halda istifadə olunur. Belə ki, onlardan adətən qarışıq formada, yəni kombinasiyalı variantda istifadə edilir.

Bunlar ifadənin forması ilə əlaqədar ümumi qanunauyğunluqlar idi. Psixoloji cəhətdən isə burada forma yox, məzmun əsas şərtdir, və bu aspektdən, ifadənin məzmunu üçün bu cür səlis reqlament tapmaq nisbətən qəliz məsələsidir. Belə ki, hər bir situasiya, məqsəd özünə uyğun stil, janr, taktika tələb edir. Konkret olaraq, riskli fikirləri ifadə etməklə əlaqədar bu cür variantlardan bir neçəsi aşağıdakılardır:

1) Risk ehtimalı böyük olan fikri lazımi adresata çatdırmağın ən effektiv və təhlükəsiz üsulu – bu məqsədlə vasitəçilərdən istifadə etməkdir. Bu vasitəçinin neytral tərəf, yaxud sizin və ya onun yaxın adamı olması məsələsi, burada əsasən rol oynamır. Təki iş bacaran vasitəçi olsun. Arada vasitəçinin olması isə hər iki tərəfin qorxusunu birə-min qat aradan qaldırır. Belə ki, hər iki tərəf yaxşı bilir ki, bədə-bəddə bütün günahı vasitəçinin boynuna atıb öz yaxasını qırağa çəkə biləsidir.

Nümunə üçün, məs., bəzi vəzifəli şəxslər rüşvət iyi hiss olunan problemlə bağlı onun yanına gəlmiş şəxsləri məxsusən «rüşvət məsələsinə baxan» filan müavinin və ya ümumiyyətcə, hər «işi» yaxşı bilən müəyyən şöbə müdirlərinin üstünə göndərirlər; Yaxud qəbula gələnlərsə rəislə danışmaqdan qorxduqda, hansısa müavin və ya şöbə müdirinin qəbuluna girib, ondan arada vasitəçilik etməyi, bu işi düzəltməyin şərtlərini «öyrənib» onlara deməyi xahiş edirlər. Həmin bu şöbə müdirləri, müavinlər və ya digər bu işlə məşğul olan şəxslərsə, bu adamın guya, dərdini «nəzərə alaraq», yaxud onunla calaq-calaq «tanış» çıxdıqları üçünmü və ya bir başqa hansısa bəhanə iləsə, «əziyyət» də olsa, rəisi «yola gətirmək» üçün çalışacaqlarını boyunlarına götürürlər; Yaxud bəzi idarə müdirləri idarələrindəki hansısa bir qadını və ya ümumiyyətcə, «yola gəlməsi» mümkün olan bir-neçə qadını ələ keçirmək üçün, burada xüsusi «aradüzəldən» qadın saxlayırlar ki, o da növbə ilə bir-bir bu qadınlarla dost olaraq, yavaş-yavaş saqqızlarını oğurlayır; Və ya gənclər hansısa qıza öz məhəbbətlərini bəyan etmək üçün qızın rəfiqələri ilə dostlaşıb və ya öz iş yoldaşı, qrup yoldaşı, tanışı, qohumu və s. olan bir qızın onunla dostluğuna nail olub, ona onların vasitəsilə təsir göstərir, fikirlərini çatdırırlar və s..;



2) Riskli fikri ifadə etməyin daha bir metodu – bu məqsədlə ikibaşlı cümlələrdən istifadə etməkdir. Həm «qışa» və həm də «yaza» yozula bilinəcək bu cür cümlələr sizə sərf etməyən reaksiyanı doğurduğu halda, tərəfdaşın mənanı düzgün başa düşmədiyini və sizin burada o biri mənanı nəzərdə tutduğunuzu deyib, vəziyyəti sığortalamaq mümkündür.

ədəbiyyatda işlənən «Ezop dili», alleqorik janr və b. bu varianta nümunələrdəndir. Məs., bu kateqoriyadan olan Azərbaycanın nüfuzlu ədibi B.Vahabzadənin «Gülüstan», «Latın dili», «Özümüzü kəsən qılınc» və s. əsərlərində – sətiraltı formada SSRİ-nin (əvvəlinci ikisində) və hazırkı Qərbin (sonuncuda) Azərbaycan mentalitetinə etdiyi ekspansiyaya qarşı etiraz məzmunu ifadə olunur.



3) Daha bir variant – bu fikri müxtəlif simvolik jestlərlə ifadə etməkdir. Bu halda hansısa mənfi reaksiyadansa ehtiyatlanaraq, dildə bir başqa fikir ifadə olunduğu halda jest, mimika, manera və s. vasitəsilə arzulanan məna ifadə olunur. Tərəfdaşın reaksiyasının arzuolunan olmadığı halda onun çox nahaq yerə sözü qoyub, davranışdan nəticə çıxardığını ona irad tutub, vəziyyəti sığortalamaq mümkündür;

Nümunə üçün, məs., Rusiyada hakimiyyət dəyişikliyi baş verdikdən və orada hakimiyyətə rasional düşüncəli qüvvələr hakimiyyətə gəldikdən az sonra Azərbaycan öz siyasətini yeni konyukturaya uyğunlaşdırmaq, eləcə də, Qərbə təzyiq və Rusiyaya mehriban qonşuluq jesti ifadə etmək üçün, dərhal özünün indiyə qədər ən qatı antirus mövqedə olmuş bir neçə nüfuzlu siyasətçisini (məs., Vəfa QuluzadəEldar Namazovu) və bir sıra Qərb modelli təhsil müəssisələrini qurban verdi.

Yaxud məs., hansısa beynəlxalq vasitəçilər qrupu Azərbaycana təzyiq jestini ifadə etmək üçün – Qarabağa Ermənistandan keçməklə gedir (halbuki, Qarabağ Azərbaycanın tərkib hissəsi olduğu üçün ora gedərkən Ermənistandan yox, Azərbaycandan icazə alınmalı idi), eyni halda ABŞ Qarabağ ermənilərinə ayrıca olaraq və ya Ermənistanla bir sırada yardım verir. Hansı ki, hər iki variant Qarabağın müstəqilliyinin və ya Ermənistan nəzdində muxtariyyatının tanınması mənasının dolayısı ifadəsidir. Hansı ki, məsələnin məntiq deyil, maraqlar bazasından doğan dilemma olduğunu, onların mövqeyinin siyasi konyunktura ilə həmahəng dəyişməsi də isbatlayır;

4) Özünün hansısa istəyini ifadə etmək üçün bu kimi məsələlərə mənfi münasibət bəsləmədiyini, ehtiyac olarsa, nə zamansa bu cür şansı əldən buraxdığına təəssüfləndiyini, sözarası çatdırmaq effektlidir. Qarşı tərəfin fikrindən sizə bu yönümlü təklif vermək, addım atmaq keçərsə, deyilən taktika onun qarşısındakı psixoloji baryeri aradan qaldırır.

Nümunə üçün, məs., bizim tanıdığımız övladı olmayan bir ailə, övladlığa uşaq götürmək işində qohumların onlara yardım etməsini təşkil etmək, belə məramı, istəyi olduğunu onlara çatdırmaq üçün belə bir diplomatik deyim tərzindən istifadə edirdilər: Çox yerdə vurğulayırdılar ki, filan qohumun abort elətdirdiyindən xəbər tutmadıqlarına görə təəssüf edirlər. Bilsəydilər razı olmazdılar və uşaq doğulunca, bütün xərci çəkib, sonra da onu övladlığa götürərdilər. Nəticədə, belə təklifin onları incitməyib, əksinə, sevindirəcəyindən xəbərdar olan qohumlardan biri onlara bu işdə yardım etdi.



5) Daha bir metod – hər hansı addım üçün qabaqcadan buna uyğun psixoloji atmosfera formalaşdırmaqdır. Konkret olaraq, fikir ifadəsi üçün, lazımi yol müxtəlif tramplinlərə bölünür və məqsədə mərhələ-mərhələ yaxınlaşılır (əlavə olaraq bax: «Təlqin: İnsanları ayıqkən necə hipnoz etməli» bəhsinin 8-ci hissəsinə: səh. 68):

Məs., hansısa qadınla arada intim atmosfera formalaşdırmağa cəhd edən kişilər bu məqsədlə ən əvvəl ümumi qadın psixologiyasını diskussiya obyektinə çevirib, sonra yavaş-yavaş söhbəti konkret olaraq tərəfdaş qadının özünün psixologiyasının (xarakterini, zövqünün, baxışlarının və s.) üzərinə gətirib çıxarırlar; Bundan sonra ümumi qadın fiziologiyası, onun müxtəlif qanunauyğunluqları söhbət hədəfi seçilib, yavaş-yavaş tərəf-müqabil qadının özünün bu elementlərinə (fiqurasına, bədən quruluşuna və s.) diqqət cəlb olunur; daha sonra müxtəlif qadın xəstəlikləri və onun özünün bu sferalardakı problemləri; bir qədər sonra, ayrı-ayrı intim elementlər və onun bunlara münasibəti və b. deyilən qayda ilə «aranı açmaq» manevrləri kimi istifadə olunur. Qızları rəqsə, plyaja dəvət etmək və b. da bu kateqoriya «aranı açmaq» fəndlərindəndir (əlaqədar mövzularla bağlı bax: burada, səh. 31, 34, 39-40, 63... Bir daha təkrar edirik ki, burada istənilən hadisənin, effektin mexanizminin açılmasından məqsəd, təkcə hücumçuları yox, həm də müdafiəçiləri silahlandırmaqdır və bu, bütün hallarda müdafiəni, müqaviməti, mübarizəni daha şüurlu təşkil etməyə, neqativ halların qarşısını, onun mexanizmindən baş çıxararaq almağa və s. imkan verir).


III.2.2.Tənqid (irad) qaydaları


1) Tərif fonunda deyilən tənqid az qıcıqlandırıcı təsir göstərir və effektlidir. Bunun üçün, tərəfdaşın qüsurlarını qabartmazdan əvvəl onun müsbət cəhətləri də sadalanır; Sizə vurduğu ziyanı müzakirəyə çıxarmazdan əvvəl, nə vaxtsa etdiyi hörmət, yaxşılıq, verdiyi xeyir və s. də etiraf olunur; İşinin zəif tərəfləri ilə birlikdə müsbət kimi yozula bilinəcək tərəfləri də qeyd edilir və s. Bu, tənqidə obyektivlik donu geydirir və məsələyə hərtərəfli nəzər saldığınız təəssüratı formalaşdırıb tərəfdaşın sizi birtərəfli münasibətdə, ədalətsizlikdə ittiham etməsinin qarşısını alır, müqavimət hissini zəiflədir;

2) Özünütənqid fonunda deyilən tənqid də analoji effektlidir. Bu halda etiraf olunur ki, düzdür siz özünüz də həmin məsələdə ideal deyilsiniz, sizin də bu sahədə qüsurlarınız olmamış deyil, lakin hər halda, bu qüsurlar, zəifliklər, çatışmamazlıqlar və s. onda da var. ələlxüsus rəqibin sizə irad tuta biləcəyi məsələləri tapıb ondan qabaq etiraf etmək, sadalamaq, tənqid qarşısında onu əli-qolu bağlı vəziyyətdə qoyur, əks-hücumunu qabaqcadan blokirovkalayır;

3) Öz mövqeyini birbaşa olaraq rəqibə əks qoymayıb, əksinə, əvvəlcə onunla razı olduğunuzu bildirib, onun haqlı olduğunu etiraf edir, yalnız bundan sonra «amma» deyərək, öz mövqeyinizi ifadə edirsiniz. Bu da, rəqibin əks-hücum hazırlığını zəiflədir, konfrontasiya əhval-ruhiyyəsini neytrallaşdırır;

4) Yuxarıdakı metodun digər variantı ondan ibarətdir ki, bu halda təkcə onunla razılaşdığınızı, onun haqlı olduğunu ifadə etməklə kifayətlənməyib, hətta onun mövqeyini daha da gücləndirən bəzi yeni faktlar, arqumentlər sadalayır, müəyyən mənada onu dəstəkləyir, fikrini daha da qüvvətləndirirsiniz. Yalnız bundan sonra «amma» deyərək, öz mövqeyinizi və ya, ümumiyyətcə, hazırkı məqamda əks-reaksiya doğura biləcək istənilən mövqeyi ifadə edirsiniz. Bu fənd, problemə tərəfdaşdan daha yaxşı bələd olmağınız və buna görə mövqeyinizin də, onunkundan daha obyektiv, əsaslı olması barədə təəssürat formalaşdırır.

Nümunə üçün, məs., SSRİ-nin dağılma mərhələsi ərəfəsində yerlərdə Leninin heykəllərinin sökülməsi məsələsinə qarşı qatı əleyh mövqe tutan bir müxbirin, Ağdaşın (bundan bir az əvvəl Mingəçevirin) o vaxtkı İcra Hakimiyyətinin başçısı Faiq Baxşəliyevə verdiyi «Siz bu heykəllərin sökülməsinə yol verməklə tarixi səhv etdiyinizi düşünmürsünüzmü?» sualına onun verdiyi aşağıdakı diplomatik cavab bu qəbildəndir:

Düzdür, Lenin böyük şəxsiyyətdir və mən şübhə etmirəm ki, onun tarixdə yeri, rolu məsələsi hələ on, bəlkə də yüz illərlə araşdırılacaq, öyrəniləcək. Amma, hazırkı dövrdə günün tələbinə, ona qarşı formalaşan kəskin mənfi psixoloji atmosferə və s. səbəblərə görə, indi bu heykəllərin bu yerlərdə saxlanılması da, məqsədəuyğun deyil;

5) Tənqidi öz mövqeyin kimi yox, üçüncü bir tərəfin və ya ümumiyyətcə, ətraf insanların mümkün mənfi reaksiyası kimi təqdim etmək konfrontasiya ruhunu zəiflədib, tərəfdaşı sizinlə razılaşmağa vadar edə bilir, məsələn:

Belə etsən, sonra deyə bilərlər ki...;

Mən bilən, filankəs bunu bilsə, fikirləşəcək ki, yəqin...;

Kənardan baxanlara bu belə görünə bilər ki...; və s.



6) Tənqid zamanı, eyni zamanda, tərəfdaşa geri çəkildiyi halda öz «simasını xilas» üçün şans verilməlidir, yəni məsələ elə qurulmalıdır ki, geri çəkildikdə o, özünü alçalmış hiss etməsin, pərt vəziyyətə düşməsin, gələcəkdə başqalarının tənə, məsxərə obyektinə çevriləcəyini düşünməsin. Tənqidinizlə onun alçalmasını istəyirsinizsə, bu başqa məsələ. Lakin sizə lazımdırsa ki, hansısa bir mübahisəni həll edəsiniz, kiməsə hansısa fikri qəbul etdirəsiniz, kimisə öz tərəfinizə və ya sizə lazım olan yola çəkəsiniz, bu zaman artıq onun geri çəkilməsinə paralel olaraq təzyiqi artırmaq yalnız ümumi işin ziyanınadır ki, xeyrinə deyil. Deyilən məsələ güclü psixoloji baryer effektinə malikdir və əksər insanları özlərinin gün kimi aydın görüb, bildikləri mövqeni qəbul etməkdən çəkindirən başlıca faktordur. Yəni insanlar başa düşdükdə ki, bu mövqeyi, bu fikri qəbul etmək, onun həqiqiliyini etiraf etmək onları başqalarının yanında alçaldacaq, onların mənliyinə xəsarət toxunduracaq, o zaman həqiqəti öz şəxsi maraqlarına qurban verərək, «öldü var, döndü yoxdur» yolunu seçib, belə deyilsə «son damla qanına qədər» vuruşmağı üstün bilirlər. Çünki müqayisə edib, geri çəkilməyin ziyanının, öz yerində qalarkən aldığı zərbələrdən daha böyük olduğunu öz-özü üçün müəyyən edir. əksinə, geri çəkildiyi halda onun təhlükəsizliyinə təminat verdikdə, bunu etibarlı şəkildə sığortaladıqda tərəfdaş geri çəkilməyi, güzəştə getməyi mümkün variantlardan biri kimi nəzərdən keçirə bilir və çox ehtimal da ki, qəbul edir.

Qadağalar:



a) Bütün hallarda şəxsiyyət və onun fəaliyyətini bir-birindən fərqləndirməli və tənqid edərkən heç vaxt şəxsiyyət sferasına toxunmamalı.

Yəni, məs., demək mümkündür ki, «Sənin sözündə (mövqeyində, qənaətində və s.) səhv var (və ya filan sözün səhvdir)». Bu, heç bir əks-reaksiya doğuran deyil və normal qarşılanasıdır. Lakin heç vədə «Sən yalan danışırsan» tipli deyim yolverilməzdir və burada tərəf-müqabil öz şərəf və ləyaqətinə zərbə gördüyündən, istər-istəməz əks-hücuma köklənəsidir. Eyni ilə «Sənin bu hərəkətin düzgün deyil», «Sənin filan hərəkətin xuliqanlıq kimi yozula bilər» və s. kimi deyimlərlə «Sən öz hərəkətini bilmirsən (və ya nə etdiyini bilmirsən)», «Sən xuliqansan» (və ya dələduzsan, avarasan...) və s. kimi deyimlər arasındakı fərq də bu qəbildəndir;

b) Tənqid konkret vaxtdakı konkret davranış və ya deyimlərlə əlaqədar olmalıdır, yəni konkret arqumentlərə əsaslanmalıdır, daha, ümumi və qeyri-müəyyən faktlara yox.

Məs., «Sən həmişə beləsən» ifadəsi ifrat əsəbilik doğura bildiyi halda, «Sən filan vaxt filan məsələ ilə bağlı da belə etmişdin» ifadəsi artıq tərəfdaşın dil-ağzını bağlayan bir formulədir. Fövqəlümumilik kvantorları («həmişə», «heç vaxt», «daim», «hər yerdə», «hər işdə», «ömrü boyu» və s.) ilə ifadə olunan bütün tənqidlər bu kateqoriyaya aiddir. əksinə, bütün hallarda «indi-burada» və ya «filan vaxt-filan yerdə (və yaxud konkret olaraq filan məsələ ilə bağlı)» prinsipinin qorunması məsələni 180 dəyişir;

c) Publika (kollektiv, qrup, kütlə və s.) qarşısında tənqid yolverilməzdir. Tərəfdaş təkbətəklikdə edilən hansısa tənqidi qəbul edə biləcəyi halda, bir başqalarının yanında deyilən həmin tənqidə istər-istəməz mənfi reaksiya verməyə məcburdur. Yəni şahidlər belə vaxtda güclü provakasion təsirə malikdirlər və onların yanında öz «simasını xilas etmək» üçün hər kəsin tənqidə dözümsüzlük nümayiş etdirməsi, hətta haqsız olduğunu başa düşsə də, mövqeyini axıra qədər müdafiə etməsi qaçılmazdır. Təkbətəklikdə isə güzəşt üçün də, kompromis üçün də, heç bir baryer yoxdur və bu halda faktlarla, obyektiv arqumentlərlə razılaşıb haqsız olduğunu boynuna almaq, geri çəkilmək, ona bayaqkı miqyasda itki bahasına başa gəlməyəcək.

Nümunə üçün, məs., rəislərin adətən tənqidə qarşı dözülməz olub, ələlxüsus iclas zamanı onların ünvanına səslənən tənqidlərlə, sözlərinin qarşısında söz deyilməsi kimi məsələlərlə barışa bilmədikləri məlumdursa da, əksinə, iclasdan sonra təkbətəklikdə onlara yaxınlaşıb və ya kabinetinə gəlib öz iradlarınızı bir-bir sadalamaq vəziyyətin tonunu dəyişir, bayaq yaranmış gərginliyi aradan götürür və hətta mümkündür ki, gələcək münasibətlərinizin ahənginə bəzi müsbət notlar əlavə edir. Hansı ki, bir qədər əvvəl, camaat yanındakı bu cür sərbəstliyiniz, başqalarına da ibrət olması üçün istər-istəməz, hətta can-cigəri olmuş olsanız da belə, onu sizə qarşı sərt davranmağa məcbur edəcəkdi.



Həmin səbəbdən, oğlana qızla gedərkən və ya kiməsə ailəsi, uşaqları yanında sataşmaq, təhqiramiz münasibət göstərmək, tənqid demək təhlükəli məsələdir. Çünki başqa vaxt onun buna reaksiya verməməsi mümkün idisə, indi qeyri-mümkündür və istər-istəməz indi o, qadının nəzərində özünü alçalmaqdan qorumaq, şərəfini xilas etmək üçün hər vasitədən istifadə etməyə, ölümə belə getməyə hazır olur.

Ümumiyyətcə, belə məqamlarda qadın kişi, kişisə qadın üçün ciddi provakasion faktordur. Belə ki, öz cinsi yanında deyilən tənqidlərə insanlar nisbətən yumşaq reaksiya göstərə bildikləri halda, əks cinsi yanında bu, qeyri-mümkün olur və hər şey patoloji vəziyyət alır;

d) Tənqid hansısa şübhələrə, subyektivliyə, əsaslanmamalıdır, yəni yenə də bayaqkı kimi, konkret olmalı, dəqiq fakt və arqumentlər üzərində durmalıdır. Məs., «Mən bilirəm ki, sən yenə onunla görüşürsən», «Mən bilirəm ki, sən onsuz da, ora gedirsən» və s. kimi ifadələr heç bir əsas üzərində dayanmayıb, havaya atılan boş güllələrdir və heç bir hədəfə dəyməyib, bir para əsəbləri qıcıqlandırası, bəzən, hətta əks effekt göstərəsi, yəni tərəfdaşı daha da intriqaya, acığa salıb, bu yola təhrik edəsidir. Hətta siz haqlı olmuş olsanız belə, əlinizdə konkret faktınız olmadığından, ittihamınız kəsərsiz və mənasız söz yığnağı xarakteri kəsb edəcək. əksinə, səbrini basıb, hücuma yalnız konkret fakt ələ keçirdikdən sonra başlamaq, vəziyyəti dəyişir və tərəfdaşın dil-ağzını bağlayır.

Nümunə üçün, məs., hansısa bir jurnalistin hansısa bir idarənin rəhbəri barədə yazdığı «O, rüşvətxordur, dövlət əmlakını çapıb-talayır» və s., yaxud hansısa bir siyasətçinin digəri barədə dediyi «Onun xarici banklarda milyardlarla dollar vəsaiti, Avropanın müxtəlif ölkələrində yüzlərlə möhtəşəm villaları var» və s. tipli ifadələrlə «O, filan vaxt filankəsdən filan məsələ ilə bağlı filan yerdə on min dollar rüşvət alıb» Və ya «Onun filan ölkənin filan bankındakı filan hesabda bu qədər vəsaiti və filan ölkənin filan ünvanlarında hansı dəyərdə tərpənməz əmlakı var» tipli ifadələr arasındakı təsir fərqi göz qabağındadır. Ümumiyyətcə, fakt istənilən formalı tənqidin başlıca silahıdır və bunu nəzərə alaraq, hətta müsahibələrinin birində Azərbaycanın tanınmış jurnalisti Mirşahin, faktı jurnalist sənətində özünün allahı adlandırmışdı.

e) Tənqid zamanı tərəfdaşı kiminləsə müqayisə etməkdən çəkinməli. «Filankəs səndən fərasətlidir», «Filankəs qədər də olmadın» və s. tipli deyimlər bu qəbildəndir. Bu, onun mənliyinə güclü zərbə olduğundan situasiyanı ifrat qəlizləşdirə bilər;



Və s.


III.2.3.Etiraz, imtina qaydaları


1) Etirazı qaçılmaz (ixtiyari yox, qaçılmaz!) səbəblə əlaqələndirmək, əks tərəfin israrını, təkidini neytrallaşdıra bilir. Məs., içki təklifinə qarşı elə-belə etiraz etdikdə, təkid daha da güclənə və ya içənlərin həqarətamiz replikaları ilə cavablana bildiyi halda, bunu mədə xəstəliyi ilə, həkimin göstərişi ilə, rul arxasında olacağınızla və s. əlaqələndirmək, əks tərəfi vəziyyətlə barışmağa vadar edir. Hətta alkaşların da dinə böyük hörmət bəsləməsi, bəzi ‘‘mədəni’’ adamlarınsa dinə hörmətsizliyin ətrafdakılardan kiməsə xoş gəlməyə biləcəyini dərk etməsi səbəbindən, belə məqamlarda dinə istinad etmək yəni «seyid nəslindən olduğunu», «tövbəli olduğunu» və s. bildirmək də, təkidi avtomatik blokirovkalayıb, israrı divarla qarşılaşdıran düymələrdəndir.

Təklif olunan görüşdən imtina etmək, bəzən qarşı tərəfin xətrinə dəyib, münasibətə təsir edə bildiyi üçün gənclər (ələlxüsus qızlar) adətən «görüş» məsələlərində bəzən odla-su arasında qalırlar (ələlxüsus da ki, tərəfdaşın səmimiliyinə etibar edilmədiyi, lakin bunu qabartmağın da zəruri olmadığı məqamlarda). Belə halda onun dediyi vaxtda bir başqa vacib işiniz olduğunu və ya ümumiyyətcə, bu ay hansısa bir problemi həll etmək üçün mütləq evdə olmalı olduğunuzu və s. çatdırmaq xüsusi effektlidir (bir aydan sonra Allah kərimdir). Bunlar, deyilən fəndlə bağlı formulun ən ümumi ifadə variantlarına nümunələr idi. Formulun özüsə ondan ibarətdir ki:

ən əvvəltərəfdaşın rəy və hissinə hörmət nümayiş etdirməli, ikinci mərhələdəsizi imtinaya vadar edən sizdən asılı olmayan səbəbləri göstərməli, yaxud lazımi tənqidi ifadə etməli və nəhayət, sonuncu mərhələdəyenə də onun hiss və fikirlərinə öz hörmətini ifadə etməklə, söhbəti yekunlaşdırmalı.

Nəhayət, həmişə aktual olacaq sevgi etirafı məsələsi: Kiməsə öz ürəyini açıb, məhəbbətinizi izhar etmək nə dərəcədə çətindirsə, ona rədd cavabı vermək də, bir o qədər çətin məsələdir. Belə ki, o, sizi sevməklə sizin yanınızda heç bir günah işlətmir, sizə qarşı heç bir pislik etmir və burada hər şey onun özündən də asılı olmayaraq formalaşıb. Təsəvvüründə qurduğu xəyallara, sizə qarşı bəslədiyi ifrat böyük hörmətə rəğmən sizin ona aşkar rədd cavabınız, onun üçün psixoloji zərbə demək olar və qəlbinə bəlkə də, heç vaxt sağalmayacaq zərbələr vurardı ki, bu da layiq olmadığı halda sizin ona pislik etməyiniz deməkdir.

Bəziləri məsələnin məhz bu sonuncu sentimental tərəflərini düşünə-düşünə çıxılmaz vəziyyətdə qalır və sevmədiyi adama «yox» deməyə dili gəlmədiyindən, ailə qurub ömürlük özünü bədbəxt edir.

Yaxud bəzən bu sevgi təklifi qərəzli məqsəd güdə bilər və siz də aydın başa düşə bilərsiniz ki, bu, yalançı «Leyli-Məcnunluq»dur. Burada gizlin olaraq hansısa (adətən, seksual) təmənna güdülər və vaxtında münasibətin dərinləşməsinin qarşısını almasanız, aydın bilirsiniz ki, sonda tərəfdaşın hansısa məqsədinin alətinə (o cümlədən, seksual oyuncağına) çevrilə bilərsiniz. Lakin bu son məqsəd, hazırda səmimi duyğularla maskalandırıldığından, indi sizin ona hansısa iddia irəli sürməyə, faktik olaraq, ixtiyarınız çatmır və üstəlik də ki, hansısa səbəbdənsə (məs., nədəsə ondan asılı olduğunuz səbəbindən), siz münasibətlərin korlanmasında maraqlı deyilsiniz. Bütün bu kimi hallar üçün nə etməli?

Yenə də həmin «sizdən asılı olmayan səbəb» fəndi effektlidir: «Siz ona hörmət edirsiniz və bəlkə də bu söhbət bir neçə ay bundan əvvəl olmuş olsaydı, məsələ bir başqa cür olardı. Amma indi artıq gecdir, çünki valideynləriniz sizi, heç sizin razılığınız da olmadan, öz qohumunuzdan kiməsə nişanlamaq istəyirlər və artıq danışıq da olub».

Və ya elə-belə, sadəcə olaraq: «Bilirsən, sən yaxşısan, gözəlsən, mənim də sənə hörmətim həmişə böyük olub... (və s. və i.a.). Amma indi mən başqasına nişanlanmaq ərəfəsindəyəm» (təbii ki, hər iki halda söhbət nişanlanmazdan əvvəlki dövrlərdəki münasibətlərdən gedir. Nişanlı olmuş olsaydınız daha bu qədər bəhanəyə ehtiyac qalmazdı ki). Bir-iki aydan sonra soruşulsa ki, «bəs nə oldu nişanın?», – yenə də bəhanə etmək olar ki, o biri tərəfdə (və ya elə sizdə) hüzr yeri düşüb, ona görə, ilin çıxmasına qədər bütün xeyir işlər təxirə salınır və s...;

2) Etiraz etməyin daha bir metodu – tərəfdaşın təklifi qarşısında bir başqa alternativ qoyub, onu qəbul etməkdir. Məs., içki təklifinə qarşı – «Yox, yaxşı olardı ki, mən limonad içim, susamışam (ürəyim limonad istəyir və s.)», çimərliyə getmək təklifi qarşısında – «Yox, yaxşı olar ki, kinoya gedək, ölürəm ərəb filmlərindən ötrü» və s. alternativi qoyula bilər.

Deyilənlərlə əlaqədar bir şeyi deyək ki, bəziləri bu məsələ bağlı onu düşünə bilər ki, onsuz da ailə quranların sayı azalıb. Neçəsi illərlə gözləyir ki, yoldan keçən istənilən birisi elçi gəlsin, təklif versin, ağına-bozuna baxmadan razılıq versin. Təki ailəsi olsun, ömrünü tənhalıqda keçirməsin. Bunların müqabilində, üstəlik də, «otval» metodları barədə yazıb, bayaqdan zorla da olsa düzələ bilən hansısa sevdanı pozmaq, kimlərinsə səmimi hisslərinin qarşısında, indi həmişəlik keçilməz sədlər çəkmək və s. nəyə gərək?

əvvəla, çıxılmazlıqdan qəbul edilən, zorla düzələn sevda ömürlük bədbəxtçilik kimi yaşanılmasa, özü gec-tez pozulasıdır ki, vaxtında qarşısını ala bilmək bundan sərfəlidir. İkincisi, bu fəndlər həm də, kimlərinsə hissləri ilə oynayıb, onlardan öz məqsədləri üçün istifadə edən, gündə bir budağa qonan, bir qəlbə mehman olan həmin Don Juanların (özü də, təkcə oğlan Don Juanların yox) və ya gənclərin dili ilə deyilsə, «vəfasızların» vida səhnəsinin ssenarilərindəndir ki, burada «nakam» rolunu oynamamaq, epizod səviyyəsinə enməmək və s. üçün fabulanın mümkün variantları, proseslərin mümkün cərəyan istiqamətləri ilə qabaqcadan tanış olmaq heç də pis olmamalıdır (hansılardan ki, biri də deyilən tragik variant idi ki, burada, məs., oğlan əldən-ayaqdan gedib hər vasitə ilə qıza sonsuz diqqət və sevgisini nümayiş etdirir, fikrinin ciddi olduğuna qəti əmin edir, qız hayil-mayil olub, dünyanı unudandan və özünü bütövlüklə oğlanın ixtiyarına verəndən sonra isə vaxt çatır, oğlan deyilən monoloqu söyləməyə başlayır: «Bəs, bağışla, valideynlərim məni güclə (Azərbaycanda!?, Güclə!?, Özü də – oğlanı!?!?!?) başqası ilə nişanlayırlar (adətən, qohumumuzla deyilir), mən nə qədər çalışıramsa mümkün olmur. Mən həmişə səni sevəcəyəm, xatırlayacağam və s. və i.a...»);

Nəhayət, qeyri-səmimi, məramı qabaqcadan bəlli olan və ya ümumiyyətcə, yaxın əlaqə qurulması məsləhət bilinməyən istənilən adamdan mədəni şəkildə, münasibətlərə xələl gətirmədən, heç kimin könlünü incitmədən uzaqlaşa bilmək üçün də, ehtiyatda bir neçə etiraz, imtina formulları saxlamaq heç də artıqlıq etməməlidir ki, onlardan bir neçəsi də bunlar idi.


III.2.4.Mövzudan məharətlə yayınmaq qaydaları


«Getdim ki, qalam!»

Sezar

Qanuni (korrekt) halda tezis yerində ikimənalı fikirlərdən istifadə edilməməlidir, yəni fikir ikimənalı olmamalıdır (olarsa, mənalarından biri əsas götürülür) və tezisdə axıra qədər heç bir əlavə-düzəliş olunmamalıdır. Qeyri-qanuni (qeyri-korrekt) halda isə, məhz bu iki kiçicik şərt pozulur və mübahisədə «tezisin dəyişdirilməsi» deyilən hal baş verir. Bu fənddən istifadənin bir neçə qaydası isə aşağıda verilir:

a) Mübahisə boyu öz subyektiv fikirlərinizi gah mütləq məlum həqiqət, gah da özünüzün subyektiv fikriniz kimi təqdim edin və diskussiya boyu mövqeyinizi lazım olduqda bu, lazım olmadıqda o biri istiqamətə dəyişməklə, yəni faktı lazım gəldikdə obyektiv mövqe, lazım gəldikdə isə subyektiv mülahizə kimi yozaraq tərəfdaşın fikri ilə manipulyasiya edin;



b) Omonim (ikibaşlı) anlayışlardan istifadə edin və lazımi halda bu, lazımi halda o biri mənanı əsas götürün. Nümunə üçün, məs., «Oxu adam ol atan kimi heyvan olma», «Onsuz öləcək», «Filankəs daha ağıllıdır», «Filankəs tarixin artıq bir səhifəsidir» və s. kimi deyimlər bu cür dəyişdirilə bilir;

c) Mübahisə zamanı sizin öz əvvəlki fikrinizdən sizə qarşı istifadə edərlərsə sərf etməyən əvvəlki fikrinizi inkar edin və belə bir fikir söylədiyinizi unutduğunuzu bəyan edin;

d) Fikrinizi tam, düzgün ifadə etmədiyinizi iddia edin və ‘‘dəqiqləşdirmək’’ məqsədi ilə əvvəlki fikrinizə bəzi yeni ştrixlər əlavə etmək adı ilə ona tamam yeni bir məna verin;

e) Tərəfdaşın sizin fikrinizi düzgün başa düşmədiyini iddia edin və eyni qayda ilə bəzi yeni ştrixlərlə onu ‘‘dəqiqləşdirməyə’’, ‘‘daha aydın ifadə etməyə’’ çalışın və yenə də eyni qayda ilə onu tanınmaz görkəmə, sizə lazım olan formaya salın;

f) Müddəanı «genişləndirmək» prinsipindən istifadə edin. Bu fənd zamanı əvvəlki mövzuya nəzərəçarpmadan digər bir mövzu da daxil edilir və diqqət yavaş-yavaş əsas mövzudan yayındırılıb, ikinci mövzuya cəlb edilir. Məs., aşağıdakı iki dialoqda olduğu kimi:

Bir siyasətçi ilə bir jurnalistin söhbətindən:

əgər siyasət bir şahmat oyununa bənzədilərsə, siz özünüzü burada hansı fiqura bənzədərdiniz?

Mən fiqur yox, oyunçuyam.

Yaxşı, bəs əgər siz oyunçusunuzsa, onda fiqurlarınız kimlərdir?

Kimlər yox, nələr. Adətən plastmasdan hazırlayırlar, bəzən taxtadan da olur. Ümumiyyətcə, mən oyun zamanı fiqurların nədən hazırlanmasına fikir vermirəm...

Bir filosofla iki qadının söhbətindən:

Siz bilən bu müharibə nə ilə qurtaracaq?

Yəqin ki, sülhlə qurtarar.

Aydındır, bəs onda qalib gələn hansı tərəf olacaq?

Yəqin ki, hansı tərəf daha güclüdürsə, o da qalib gələcək.

Bəs, siz özünüz hansı tərəfə üstünlük verirsiniz?

Mən ən çox şokoladlı torta üstünlük verirəm, ələlxüsus da, üstü qoz fındıq ləpəsi ilə bəzədilmişinə.

Yekunda qadınlar məmnun halda filosofa təşəkkür edib, gələn dəfə ona mütləq belə bir tort bişirib gətirməyə söz verərək ayrılırlar.


III.2.5.Cavabdan diplomatikcəsinə necə yayınmalı


Bütün bunlardan sonra, yekunda həm də cavabdan yayınmağın üsulları barədə. Belə ki, sizin özünüzə də sərfəsiz suallar verə bilərlər və deyəcəyiniz istənilən fikrin sizin əleyhinizə yozula bilinəcəyindən ehtiyat edib, cavab labirintində dolaşıb qala bilərsiniz. Bəs, onda nə etməli?

a) Mövzuya əlavə mövzu daxil edib (yəni «söz arasına söz qatıb»), diqqəti getdikcə onun üzərinə yönəldin. Məs., bu cür: «Yeri gəlmişkən qeyd edim ki, o vaxt filan hadisə mənə bundan daha çox təsir etmişdi», «Siz soruşduğunuzdan daha maraqlı olanı budur ki,..», «Hə, elə əsas olanı budur,...» və s. Yaxud, «Yaxşı yadıma saldınız» deyib, bayaqkı söhbətlərdən hansısa birinə qayıdın və ona bəzi əlavə-düzəliş etməklə, diqqəti bu istiqamətdə yönəltməyə çalışın;

b) «Bir qədər sonra bu məsələyə ətraflı şəkildə qayıdacağıq» – deyib, məsələni təxirə salın və sonra da, həmişəlik itirib-batırın;

c) Cavabı müxtəlif tabular, yasaqlarla əlaqələndirin. Məs., bu cür: «Bu, çox şəxsi məsələdir və mən bunun geniş müzakirəyə çıxmasını istəmirəm», və ya bu cür: «Bilirsiniz, belə şeylər barədə nəinki danışmaq, hətta düşünmək belə mənim təbiətimə ziddir», yaxud da zarafatla bu cür: «Bu, çox ‘‘məxfi’’ informasiyadır». Eyni qayda ilə, onu açıqlamağın hələ vaxtının çatmadığını, bunun zamana ehtiyacı olduğunu və s. bildirmək də, bu qəbildən olan cavablardandır;

d) Sualı ondan daha çətin olan digər bir sualla qarşılayın və hücumu onun öz üzərinə yönəldin. Məs., bu cür: «Bəs, siz bu sualı filan vaxtı niyə vermirdiniz?», «Bəs, siz özünüz bu barədə nə düşünürsünüz (fikirdəsiniz), «Siz nəyə görə bunu bilməyə belə can atırsınız?» və s;

e) Sualı səviyyəsiz hesab edib, belə cılız şeylərə vaxt itirməyi özünə yaraşdırmadığınızı bəyan edə bilərsiniz: «Sən yazığın ağlına bundan daha yaxşı sual gəlmir?» və ya «gələ bilməz!»;

f) Cavabdan birbaşa olaraq qaça və ya sual kiminsə bir başqasının üstünə yönəldə bilərsiniz. Məs., bu cür: «Bu, filankəsin sahəsinə aid məsələdir və elə onun özündən də soruşun», və ya: «Mənim diskussiya (polemika, bazar...) açmağa vaxtım yoxdur», yaxud: «Xahiş edirəm mövzuya (söhbətə) birbaşa aidiyyatı olmayan suallar verməyəsiz» və yaxud: «Bu cür suallara bir başqa vaxtda təklikdə cavab verərəm» və s..;

g) Sualı təkrar soruşub, bu müddətdə onu başdan etməyin yollarını götür-qoy etmək üçün vaxt qazanın;

h) Nəhayət, istənilən sualdan yayınmağın daha bir və ən kəsə metodu – «yadımdan çıxıb» deməkdir. Bu, məhz elə bir cavabdır ki, hətta cinayət məcəllələrində də, ona qarşı heç bir maddə nəzərdə tutulmur, hansı ki, cavabdan yayınmağın digər üsullarına, eləcə də, yalan ifadəyə görə, qanunla cinayət məsuliyyəti nəzərdə tutulur.


III.2.6.Mövcud münasibəti qoruyub saxlamağa və daha da inkişaf etdirməyə imkan verən qaydalar


Qadınlar üçün: kişilərlə (əriniz, sevgiliniz, dostunuz, tanışınız, iş yoldaşınız və b. ilə) mövcud münasibəti qoruyub saxlamağın, və daha da inkişaf etdirməyin universal formulu bundan ibarətdir:

Heç vədə, heç bir sahədə kişinin sizdən və ya kimdənsə aşağı olduğunu, və ya özünüzün, yaxud kiminsə ondan üstün olduğunu, və ya ümumiyyətcə, onun nədəsə qüsuru olduğunu ona göstərməyə, sübut etməyə və ya belə düşündüyünüzü ona bildirməyə çalışmayın.

İnsan psixologiyasının belə bir maraqlı xüsusiyyəti mövcuddur: İnsanlar onlara yaradılan imicə uyğun olmağa çalışırlar. əgər siz kimdəsə daim qara tərəfləri görüb, vaxtaşırı onun mənfi xüsusiyyətlərinə diqqəti cəlb etsəniz, tənqid etsəniz, həmin şəxs də, vecsizləşəcək və elə həmişə sizin yanınızda belə cəhətlərini göstərəcək. Çünki onun fikrincə siz, onsuz da, yaxşını görməyi bacarmırsınız. əksinə, ondakı yüzlərlə mənfilikləri bir kənara qoyub, 5-3 müsbəti görüb, bunu qiymətləndirsəniz, o daim özündə yeni-yeni müsbət xüsusiyyətlər tərbiyə edib, sizə nümayiş etdirməyə çalışacaq. Kişilərlə münasibətdə də bunu nəzərə alın. ++

Heç vaxt kişinin sizin yanınızda alçalmasına imkan verməməli, alçalsa da dərhal bəraətləndirməli, onu haqlı bildiyinizi ona çatdırmalı və özünüz tərəfinizdən də elə hərəkət etməyin ki, kişini belə bir vəziyyətə salsın. Bir sözlə, heç vaxt onun sizin nəzərinizdə alçaldığını ona hiss etdirməməli və onun özünün də sizin yanınızda özünü bu vəziyyətdə hiss etməsinə ona əsas verməməli. Məsələn, küçədə sizin yanınızda bir-neçə nəfər onu döyürlərsə bunda onun özünün günahkar olduğunu, ona görə sizin də az qala problemə düşəcəyinizi bəyan etmək, onu məzəmmət etmək, ittiham etmək birdəfəlik onun sizdən soyuyub uzaqlaşmasına gətirib çıxaracaq. əksinə, bunun əvəzində, onun üst-başını təmizləyə-təmizləyə, yaylıqla üz-gözünün qanını silə-silə o əclafların təkbətəkliyə cəsarətləri çatmayıb nakişi kimi üçünün bir nəfər üstünə düşdüyünü, birinci yumruğu qəfildən vurduqlarından, hələ yaxşıdır onun özünü o qədər də çox itirmədiyini bildirmək, hətta əgər əl-qolunu tərpədəndə kiminsə üzünə, gözünə toxunubdusa belə məqamları yada salıb dərhal bu cür qabartmaq ki, «Afərin, ləzzət elədi mənə sən o uzundrazın sifətinə yumruq ilişdirəndə» və ya «Bilirsən, o əlində təsbeh oynadanın gözünün altına vurduğun yumruq nə əla tutdu?. Ondan sonra bir saat əli gözündə qaldı», yaxud «O sarıpişiyəoxşayan oğlanın köynəyinin cırılması mənə ləzzət etdi. Yaman pis gündə qoydun onu. İndi evinə nə üzlə gedəcək?» və s. və i.a. vəziyyəti əməlli-başlı düzəldəsidir. Kişilər yalnız o qadının həyatında qəhrəman kimi yaşamağa meyl edirlər, hansıların ki özləri onları məhz qəhrəman kimi qəbul edir. Qoy o bilsin ki, siz onu heç də qorxaq kimi təsəvvür etmirsiniz və belə qəbul edirsiniz ki, normal kişi kimi o bu vəziyyət üçün mümkün olan hər şeyi edib. Sadəcə, vəziyyət onun xeyrinə deyildi. Və ən nəhayətdə də, bu söhbəti birdəfəlik burada bağlayıb, bir də o hadisəni yada salmamalı və başqa heç yerdə də bu məsələ barədə heç nə danışmamalı. İstənilən qadının, ələlxüsus sevimli qadının yanında bu vəziyyətə düşmək istənilən kişi üçün ölümdən də betər olduğu halda, bu vəziyyətdə sizin taktlılığınız, əksinə, sizi daha da yaxınlaşdırıb doğmalaşdırar, münasibətlərinizi platonik bir səviyyəyə qaldıra bilər.

Kişi çox səviyyəsiz ola bilər, hamı tərəfindən araya qoyula bilər. Lakin bu hələ o demək deyil ki, siz də ona məhz bu cür münasibət bəsləməlisiniz. əgər siz onu ələ gətirmək və ya əldə saxlamaq istəyirsinizsə, hamının görüb qabartdığı eyiblərini görməməzliyə vurmalısınız.

Bir sözlə, yadda bir şeyi saxlamalı ki, kişilər həmişə yalnız o qadının yanına qaçırlar, ona meyl edirlər, hansıların ki yanında özlərini əsl kişi kimi hiss edirlər və ya hansı qadınlar ki, onlara öz kişiliklərini hiss elətdirə bilir.

Həmçinin kişilərlə münasibətdə, ələlxüsus, pul məsələsində son dərəcə ehtiyatlı olmalı. Belə ki, məs., maddi vəziyyəti o qədər də yaxşı olmayan kişini, üstündə olan, imkanı çatandan artıq məbləğdə pul xərcləməyə vadar etdikdə, və ya təsadüfən onun sizin yanınızda cibiboş olmasının üzə çıxması, istənilən kişinin mənliyinə olduqca güclü zərbədir və bundan sonra o, sizinlə göz-gözə gələ bilmədiyindən, həmişəlik sizdən uzaq qaça bilər və sizə qarşı münasibətdə vecsizləşə bilər. Həmçinin, imkanı nisbətən yaxşı olan kişini lazım olandan bir qədər çox pul xərcləməyə vadar etdikdə, o gec-tez sizinlə münasibətə alver məsələsi kimi baxasıdır və sizin istənilən səmimiyyətinizə şübhə ilə yanaşıb, hər qayğınızın təmənnalı olduğunu qərarlaşdırası, hətta mümkündür ki, son nəticədə özünün istismar edildiyini düşünüb sizdən uzaqlaşasıdır. Bir sözlə, istənilən halda pul məsələsinin izləri münasibətlərə ciddi təsir göstərib, onu pak, platonik məcradan haradasa sırtıq bir müstəviyə keçirir.

Kişilərlə dilləşməyə, ondan çox şey bildiyinizi və ya onun qammaz olduğunu sübut etməyə ++++

sizdən onun üçün istifadə Amazonka olmamalı++

Hər məqamda onu başadüşən qadın olduğunuzu nümayiş etdirməli, problemlərinə həssaslıqla, canıyananlıqla yanaşmalı. Heç vaxt onunla ünsiyyətdən, onun hansısa məsələ barəsindəsə söhbətindən bezdiyinizi bəyan etməməli. əksinə, mənasız da olsa istənilən söhbətinə maraqla qulaq asmalı.

Hətta seksual məsələlər kimi sizin üçün əhəmiyyət kəsb edən bir məsələdə də, onun hansısa bacarıqsızlığını və ya qabiliyyətsizliyini sezə bilərsiniz. Bu məsələ sizin üçün son dərəcə ciddi əhəmiyyət kəsb edirsə də, siz sadəcə olaraq, bunu görməməzliyə vurmalısınız. Yalnız bu zaman o sizin heç kimə bənzəmədiyiniz, hamıdan fərqləndiyiniz qənaətinə gəlib, sizin simanızda öz arzularının qadınını, əsl onu başa düşən, onu qiymətləndirməyi bacaran sirdaşını, dostunu görməyə başlayacaq.

III.2.7.Mahir həmsöhbət ola bilmək qaydaları


«Hər kəs öz dilinin arxasında gizlənir!».

Hz.əli

Deyilənlərlə yanaşı, söhbət prosesi bir təkcə tənqid, imtina, mövzudan yayınma və s. kimi dolaşıq məqamlardan ibarət deyil. Burada heç bir düyünlü nüansları olmayan adi mükalimə, dərdləşmə, diskussiya, polemika məqamları da yetərincədir ki, bunlar da öz incəliklərinə malikdir. Həmçinin yuxarıda tanışlıq aktının birinci fazasına aid məsələlərdən danışılmışdı. Yaranmış kontaktı qoruyub-saxlamaq və əldə edilmiş nailiyyətləri daha da inkişaf etdirə bilmək məsələsi sonrakı mərhələni necə idarə edə bilməkdən bilavasitə asılıdır. Burada məhz buna aid bəzi instruksiya verilir:

Heç vaxt tərəfdaşı öz problemlərinizin müzakirəsi ilə, şikayət dolu giley-güzarla yormamalı və yaxud da ki, əksinə, – özünüzü tərifləməklə, dağ başına qaldırıb qoymaqla məşğul olmamalı, bir sözlə, ümumiyyətcə, özündən imkan daxilində az söhbət açmalı. əksinə, bütün diqqəti onun üzərinə yönəltməli, onun özünü tərifləməsinə və ya şikayətlərinə həvəslə qulaq asmalı; hər bir ifadə tərzi, jest, mimika, sual və s.-lə ona, onun həyatına maraq nümayiş etdirməli, tənqiddən qaçmalı, eyiblərini, qüsurlarını görməməzliyə vurmalı və ya məcburən görməli olsanız dərhal bəraətləndirməli, əksinə, ağlını, erudisiyasını, sair məziyyətlərini vaxtında sezib qiymətləndirməli, tərif deməkdə, hansısa müsbət xüsusiyyətini dərhal sezib qiymətləndirməkdə, qabartmaqda səxavətli olmalı, qabiliyyətləri haqqında yüksək fikir söyləməli, hər rəftarla ona əhəmiyyətlilik şüuru aşılamalı, ona etibar, etimad göstərməli, münasibətlərdə pərt olmasına imkan verməməli, nitqdə «sən» («siz») əvəzliyini daha çox işlətməli, ona qarşı həmişə mehriban, gülərüz, diqqətcil və qayğıkeş olmalı, onun hisslərinə, mənliyinə, rəyinə, irqi, irsi, dini, milli və s. heysiyyatına, adətlərinə və s. hörmət göstərməli, dərdinə şərik olmalı, problemlərində kömək göstərməli; onunla diskussiyalarda istinad kimi obyektiv kriteriyalara əsaslanmalı, nəticəni qarşılıqlı kompromis və ya şəxsi güzəşt yolu ilə həll etməyə cəhd göstərməli; Onunla öz aranızda olan ümumi cəhətləri tapıb, qabartmalı, ona hədiyyələr verməli, bayramlarını təbrik etməli, arzularını, istəklərini, ad gününü və s. yadda saxlamaqla5 sonradan onda xoş təəssürat oyatmağa çalışmalı, istədiyi adamla qovuşmasına, arzularının reallaşmasına və s. kömək göstərməli və s; Ünsiyyət – əksər insanlar üçün özünüifadənin bir vasitəsidir və qoy, tərəfdaş bu şansdan istifadə edib istədiyi qədər özünü reklam etdirsin, danışsın, ürəyini boşaltsın. Lakin sizin üçün ki bu belə deyil. Axı sizə ünsiyyət özünüifadə üçün yox, tərəfdaşı öz itaətinizə almaq üçün gərəkdir. Bunun üçünsə bir şeyi yadda saxlayın: bir-biri ilə vuruşan eyni gücə malik iki rəqib qoşundan ən axırda o qalib gəlir, hansı ki, həmişə öz yerini, planını, gücünü, hücum vaxtını, canlı qüvvə və texnikasının sayını, xarakterini və s. əks tərəfdən daha yaxşı gizlədə bilib. əksinə, o biri tərəfin nəyi varsa hər şeyi daim göz önündə olduğundan, ondan ehtiyatlanmağa da ehtiyac qalmır və hər bir addımının qarşısı vaxtında alına bilir (partizan müharibəsinin gücü də məhz bununla əlaqədardır). Eyni qayda ilə, söhbət edən iki şəxs arasında da üstünlük daim o tərəfə məxsus olur, hansı ki, özü barədə qarşı tərəfə daha az məlumat verir, öz koordinatlarını daha az dəqiqləşdirir. Söhbəti də, hələ hər şeyi tam danışıb qurtarmamış bitirir: fəqət, bağlı zərf hətta boş olduqda da maraq doğurur.


III.2.8.Mahir dinləyici ola bilmək qaydaları


Lakin bütün bunlarla yanaşı, ünsiyyət bir təkcə sizin monoloqunuzdan ibarət deyil. Yaxşı həmsöhbət ola bilmək üçün, ələlxüsus, insanların ürəyinə yol tapmaq üçün həm də mahir dinləyici ola bilmək vacibdir. Ancaq ki, bu dinləyicilik, göründüyü qədər də sadə şey deyil və bu ad altında burada, heç də gözünü döyə-döyə həmsöhbətin ağzına baxmaq mənası nəzərdə tutulmur. Mahir dinləyici ola bilmək, özü bir sənətdir və bunu bacaranlar, ağızlarını açıb bir kəlmə belə danışmadan, hamının diqqətini cəlb edir, mərkəzi fiqura çevrilirlər. Bu isə müəyyən fəndlər tələb edir. Deyilən variant, passiv yox, aktiv dinləyicilik stilidir. Bunun üçün söhbət boyu, mütəmadi olaraq, hərdən-birdən müəyyən formullar işlətmək zəruridir ki, onlar istər-istəməz tərəfdaşın diqqətini sizə bağlayır (əlavə olaraq bax: «Sərbəst assosiasiya metodu» bölməsinə [burada, səh. 30]). Bunların bir qismi aşağıdakılardır:

Emosiyalara tə’sir formulları:



Söhbətin əvvəl, orta və axırında işlədilən aşağıdakı müvafiq söz və ya söz birləşmələri tərəf-müqabilin emosiyalarının aktivliyinə stimullaşdırıcı təsir göstərir:

a) Söhbətin əvvəlində:

Sizi kimsə incidib? yaxud: kim incidib?

Siz nəyə görəsə kədərli görünürsünüz, nə olub? və s...;



Bu cür xüsusi diqqət, minnətdarlıq əlaməti olaraq və ya ünsiyyət tələbatının nəticəsi olaraq, tərəfdaşı açılışmağa vadar edəcək.

b) Söhbətin ortasında:

Bu ki sənin günahın deyil!

Afərin, bu, əsl özünü ələ ala bilməkdir!

Komediyasan, əla dedin!

Yaxşı başa düşmədim, necə oldu? və s.



Fikirlərinə bu cür diqqət nümayiş etdirmək, onları təsdiqləmək, dəstəkləmək, bəraətləndirmək tərəf-müqabilə ruhlandırıcı təsir göstərir;

c) Söhbətin sonunda:

Səninlə ünsiyyət maraqlıdır.

Adam hər dəfə səninlə söhbətdən sonra, sanki yüngülləşir.

Bu gün məni əməlli-başlı güldürdün...

Özünüifadə tələbatı məcbur edəcək ki, tərəf-müqabil bunlardan sonra özünü bir qədər də maraqlı etmək üçün daha da əldən-ayaqdan getsin və təbii ki, söhbətə daha çox aludə olsun... Və s...

İntellektə tə’sir formulları:



Bu formullardan istənilən biri söhbətin istənilən bir hissəsində işlədilir və tərəf-müqabilin intellektini passivləşdirmək, oyanmağa qoymamaq və s. məqsədi güdür:

a) Deduksiya metodu:



Tərəf-müqabilin fikirlərindən hərdən xüsusi nəticələr çıxarmaq, fikirlərinə qüvvət vermək və s. təfəkkürünün assosiativ qabiliyyətinə stimuledici təsir göstərir. «Həmçinin...», «Eləcə də,..», «Deməli,...», «O cümlədən,...» və s. kimi ara sözləri ilə başlayan cümlələr bu məqsədlidir;

b) Analogiya metodu:



Burada fikrin nisbətən aydınlığı, konkretliyi xatirinə, o, daha sərrast deyimlə (daha dolğun sinonimi ilə) əvəz edilir. «Yəni ki,...», «Daha doğrusu,...», «Başqa sözlə,...» və s. tipli ara sözləri ilə başlayan deyimlər bu məqsədlidir;

c) İnduksiya metodu:



Bu metod, tərəf-müqabilin fikirlərinin hərdən-birdən daha yığcam ifadələrlə ümumiləşdirilməsindən ibarətdir. «Bir sözlə...», «Ümumi olaraq...», «Beləliklə...» və s. tipli ara sözləri ilə başlayan müdaxilələriniz bu məqsədlidir.

Və s...

 
 



Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin