Beləliklə, davranış və düşüncələrin başlıca determinasiya mexanizmi barədə müasir elmin qənaəti barədə bu qədər. Bu variantlardan hər biri bugünəcən neçə-neçə sınaqdan keçib yaşamaq hüququ qazana bilibdisə, deməli, onlarda nə isə var. Üstəlik də ki, onların heç birində qeyri-məntiqi olan elə bir cəhət də yoxdur.
Özlüyündə bu versiyalardan hər biri digərlərinin inkarı üzərində qurulub, hər biri digər qalanlarına alternativ kimi qəbul edilirsə da, əslinə qalsa biz onlar arasında elə bir ziddiyyət də görmürük. Həqiqət haradasa bu sınanmış variantların məxrəcində və ya kombinasiyasındadır və onlar haradasa bir-birini tamamlayır. Burada biz də bunu məhz bu cür qəbul edirik
Biz, mexanisistlər, o cümlədən, bihevioristlər kimi qəbul edirik ki, psixologiya indeterminist bir elm deyil və insanın hər bir davranışı, düşüncəsi konkret faktorlar tərəfindən determinləşir və bu reduksiyada ətraf dünyanın təsirlərinin rolu heç də axırıncı deyil. ətraf dünyanın çoxsaylı kinestetik (daktil və ya adi Nyüton təsirləri), termik (Karno təsirləri), elektrostatik (Kulon təsirləri), astral (kosmik təsirlər), maqnetik, optik və optiko-kinetik, akustik, dequstral, aromatik və s. kimi – fiziki; verbal, mental, virtual, hüquqi-normativ və s. kimi – sosial təsirləri kontinuumunda hər bir canlının, o cümlədən, insanın, öz orbitindən kənara çıxa bilməyən və xüsusiyyətləri ətraf təsirlərlə şərtlənən səma cisimlərindən fərqi cüzidir. Bu təsirlər çox əksər hallarda sistemsiz, koordinasiyasız və məqsədsiz xarakter daşıyıb, heç də həmişə individin və ya bütövlükdə cəmiyyətin maraqları ilə üst-üstə düşməsə də, hər halda, bunlardan azad olmaq da, praktik olaraq mümkün deyil. Çünki hər bir fərd özünün bioloji və digər tələbatlarını ödəmək üçün təbiətlə, ona bu tələbatları daha rahat ödəmək, bioloji mövcudluğunu daha effektli sığortalamaq imkanı verən cəmiyyətlə, onun müvafiq infrastrukturları ilə münasibətə girməyə məcbur və ya məhkumdur. Başqa sözlə, təbiət və cəmiyyət kontinuumunun məxrəcində yerləşib, avtonom həyat sürmək qeyri-mümkündür. Bu aspektdən məsələyə, hətta mexanistlərdən də bir qədər radikal yanaşaraq, biz sadalanan həmin təsir formalarını (fiziki, hərbi, psixoloji, emosional, siyasi, iqtisadi, mənəvi və s.) adi informasiya növü kimi; Təbiət, cəmiyyət və insanı ayrı-ayrılıqda müxtəlif informativ sistemlər kimi; Təbiət, cəmiyyət və insanı, bir-biri ilə qarşılıqlı münasibətdə baxış bucağından asılı olaraq, biri digərinin arqument və funksiyası kimi; ətraf dünya (fiziki və sosial) və insanı birlikdə qapalı sistem kimi, ayrılıqda insan və ayrılıqda ətraf dünyanı isə bir-biri ilə korrelyativ rabitədə olan açıq sistem kimi; Fiziki, sosial və psixi passivliyi stasionar hal kimi; Bu sahələrdəki aktivliyi informativ disbalans və ya həyəcanlı informativ vəziyyət kimi; Tərəqqi və tənəzzülü entropiya dəyişikliyi kimi; Birtərəfli inkişaf və birtərəfli tormozlanmanı (məs., natamamlıq kompleksini) izoproses kimi; Proseslərdə eskalasiyanı zəncirvari reaksiya kimi; Sosial seqmentasiyanı vektor fərqi kimi; Sosial referentliyi valentlik və s. kimi qəbul edib, onlara aid problemlərə də həmin bu terminlərə aid qanunlar prizmasından baxırıq.
Lakin mexanistlərdən fərqli olaraq biz onu da qəbul edirik ki, həmin bu təsirlər insanı həyat yollarında fırtınaya düşmüş bir yelkən kimi sahildən-sahilə çırpmır. Cansız varlıqlardan fərqli olaraq insan, ətraf dünya ilə onun arasında amortizator və ya stabilizator funksiyası yerinə yetirən və adaptasiya prosesində dünya barədə olan informasiyaları birləşdirib, interpretasiya etdirməklə individin davranışını tənzimləyən psixikaya malikdir ki, insanın ətraf dünyanın istənilən stimuluna qarşı reaksiyası onun məhz bu meyarının prizmasından keçərək formalaşır.
Ümumi olaraq, bu modellərin ümumiləşdirilməsi ilə əlaqədar ətraflı qənaətlərimiz aşağıda veririk:
I.2.1.Genetik (irsi) amillər
İnsan şəxsiyyətinin formalaşmasında danılmaz rolu olan ən əsas faktorlardan biri irsi amillərdir. Bu amilin mahiyyəti bundan ibarətdir ki, doğulduğu gündən hər bir insana genlər vasitəsilə bütövlükdə bəşəriyyətin bioloji təkamülünün və həmin fərdin özünün yaxın əcdadlarının hamısının əlamətləri yığcam formada, kodlaşdırılmış şəkildə ötürülür. Başqa sözlə, «insan ontogenezində bəşəriyyətin filogenezinin (bioloji təkamülünün və tarixi mədəni mərhələlərinin) əsas əlamətləri yığcam formada təkrar olunur» («Biogenetik qanun» [F.Müller, E.Hekkel] və ya «Rekapitulyasiya prinsipi» [S.Holl]). Yəni fizioloji aspektdən hər bir individ özünün yaxın və uzaq əcdadları barədə demək olar ki, bütün informasiyaları kodlaşdırılmış formada öz genlərində daşıyır. Bu informasiyalarsa hər bir şəxsin fiziki və psixi parametrlərini onun hələ dünyaya gəlmədiyi dövrlərdən müəyyənləşdirir və anadangəlmə determinantlar qrupunu təşkil edir. XIX əsr üçün problematik olan bu məsələ artıq XXI əsrdə, özü də insan genomunun deşifrəsindən sonra indi artıq bir aksiom şəklində qəbul edilir və bu gün irsiyyətin insan həyatında hər hansı formadasa rolu olduğunu qəbul etməyən çox az adam tapılar. Bu baxımdan insanın istər fiziki, istər psixi və istərsə də sosial bir varlıq kimi formalaşmasında rolu olan cəmi irsi faktorları aşağıdakı formada qruplaşdırmaq mümkündür: İndividlə birbaşa kauzal rabitəli olan – a) bütün insanlara; b) bütün canlılara; c) bütün bitkilərə; və d) bütün varlıqlara xas olan ən ümumi cəhətlər. Başqa sözlə, insan ən ali varlıq kimi təkamül pilləsində özündən aşağıda duran və onunla irsi əlaqəli bütün əvvəlki varlıqların hamısının başlıca atributlarını genetik olaraq özündə daşıyır ki, bu da biologiya və tibbdə çoxdan məlum olan faktdır. Bu sırada biz yeganə olaraq bu kateqoriyadan ən əsas birini – individə onun ən yaxın əcdadlarından, o cümlədən, valideynlərindən hansısa əlamətlərin keçməsini aid etmədik. əslində, bu faktor genetik kodların ötürüldüyü ən əsas həlqədir. Biz, sadəcə olaraq, ona görə onu sadalanan ardıcıllıqdan bir qədər fərqləndiririk ki, bu faktor, onlar qədər universal deyil. Belə ki, yuxarıda sadalanan ardıcıllıqdakı hər bir qrupun bütün əlamətləri, hər bir insana mütləq keçdiyi halda, valideyn və yaxın əcdadların əlamətləri, əvvəla, bütün insanlara deyil, yalnız hər bir kəsin öz övladına, nəvəsinə keçir, ikincisi isə, əcdadın, o cümlədən, valideynin heç də bütün əlaməti öz övladlarına keçmir – yalnız bəzisi keçir.
Genetik olaraq insana öz valideynindən mütləq olaraq nə vaxt hansı əlamətin keçə biləcəyini dəqiqləşdirmək, hələlik müasir tibb və biologiyaya nəsib olmayıb. Daha doğrusu, sadəcə olaraq, problemin ifrat mürəkkəbliyi səbəbindən, bu məsələ bir qədər az maraq doğurur. Belə ki, bu problemi həll edib, konkret olaraq filan adamın uşağına onun atasından hansı, anasından hansı əlamətlərin keçəcəyini dəqiq təyin etmək üçün milyonlarla, bəlkə də milyardlarla incəlikləri hesablayıb, dəqiq nəzərə almaq gərəkdir, məsələn, valideynlərin hər birinin yaşı, aralarındakı yaş fərqi, bunun onların neçənci uşağı olacağı, uşağın mayalandığı gecə onların hər birinin ayrı-ayrılıqda hansı əhval-ruhiyyədə olması, nə ilə qidalanması və s., və i.a. kimi faktorları. Hətta genomun deşifrəsi də, bu problemi sadələşdirmədi, əksinə, məsələnin nə qədər mürəkkəb olduğunu açıb göstərməklə olan ümidləri də qırdı.
O ki qaldı, hər bir kəsə, irsiyyət zəncirinin sadalanan o biri həlqələrindən hansı atributların keçməsinə, bu bir qədər sadədir. Daha doğrusu, istənilən bir şey maksimum ümumiləşəndə sadələşir. İrsi ötürülən kodlar da, insana qədər hər cür variantlarda kombinasiya olunaraq ən universal bir formaya gəlib. İrsi olaraq ötürülən digər atributları, o cümlədən, genetik informasiyaları bir kənara qoyaraq, əsasən, ötürülən bir neçə psixoloji atributlardan bəhs edəcəyik:
Milliyyətindən asılı olmayaraq hər hansısa bir cərrah dünyanın istənilən bir ölkəsinin klinikasında işə düzəlib, istənilən millətdən olan xəstə üzərində arxayınlıqla cərrahiyyə əməliyyatı aparır və effektli nəticə əldə edə bilir. Çünki insanların hamısının anatomiyası standart olaraq eynidir və cərrahın institutda öyrəndikləri dövrədən bəri də insan anatomiyasında elə bir əlavə-düzəliş olunmayıb. Yalnız fərdi olaraq hər kəsdə ümumi normadan müəyyən yayınmalar ola bilər ki, o da müxtəlif ontogenez amillərin flektiv təsirinin nəticəsidir.
İnsanların psixologiyası da belədir. Onların hamısı standart olaraq eyni əsəb sisteminə, sinir morfologiyasına malikdir, bu sistem hamıda eyni prinsip üzrə işləyir və funksiyası da hamıda eynidir. Yalnız fərqli təbii və sosial mühit insanların bu ümumi psixi anatomiyasına bir-birindən fərqlənən müəyyən ştrixlər əlavə edir ki, bunun sayəsində də hər kəs təkrarsız, bənzərsiz bir dünyaya çevrilir.
I.2.1.1.Psixoloji universalilər: I.2.1.1.1.Fizioloji universalilər:
(ŞəXSİYYəTİN STATİK FİZİOLOJİ (SOMATİK) XARAKTERİSTİKASI): Fizioloji baxımdan təkcə insan yox, hətta digər əksər canlılar üçün də ümumi olan xüsusiyyət ondan ibarətdir ki, bu sferada hər bir reaksiya, genetik yaddaş və sinirlərə təsir edən konkret xarici stimullar tərəfindən generasiya etdirilir. Eləcə də, hər bir konkret stimul, şərtsiz reflekslər və ya instinktlər prinsipinə uyğun olaraq, konkret reaksiyalar doğurur;
I.2.1.1.2.Emosional universalilər:
(ŞəXSİYYəTİN STATİK EMOSİONAL (PSİXOMOTOR) XARAKTERİSTİKASI): (2.1) Emosiyalar, əsasən beyinin sağ yarımkürəsinin, bədənin sol əzalarının və beş əsas, iyirmiyə yaxın köməkçi hiss kanallarının fəaliyyəti ilə əlaqədardır; Forma və atributların, o cümlədən, melodiyaların, peyzajların, aromatların və s. qavrayış və təhlili ilə məşğul olur; Tam, xolistik, sintetik, eynizamanlı və kompleks kodlaşdırma prinsipi üzrə işləyir; Bədii, intuitiv, konkret, obrazlı təfəkkürün əsasında dayanır; İnformasiyaların əvvəl və sonuna xüsusi reaksiya verir və s.: (2.2) Fəaliyyəti ekssentrikdir, yəni beyinə gələn siqnallar arasında onun üçün dominant olanı yoxdur – hamısına reaksiya verir; Rəngarəng, dəyişkən, dinamik, yarımçıq siqnalların qavrayışı ilə əlaqədardır, əksinə, monotonluğa, statikliyə, dövriliyə, rasionallığa reaksiya vermir; Reaksiyası ani olur, yəni sürətcə intellekti üstələyir; Eydetik yaddaş və eydetik proseslərlə əlaqədardır; və s.
I.2.1.1.3.İntellektual universalilər:
(ŞəXSİYYəTİN STATİK İNTELLEKTUAL (KOQNİTİV) XARAKTERİSTİKASI): (3.1) İntellekt, əsasən beyinin sol yarımkürəsinin və orqanizmin sağ əzalarının fəaliyyəti ilə əlaqədardır; Məzmun, struktur və münasibətlərin qavrayış və təhlili ilə məşğul olur; Diskret, ardıcıl, differensial kodlaşdırma prinsipi üzrə, informasiyanı determinist-kateqorial münasibətlərə ayıraraq işləyir; Ümumiləşdirmə və rasionallaşdırmanın, başqa sözlə, mücərrəd təfəkkürün əsasında dayanır. Və s..; (3.2) Fəaliyyəti konsentrikdir, yəni diqqət mərkəzindən kənar (periferik) informasiyaları, bundan savayı, paralel siqnalları və dilemmanı, rəngarəngliyi, dinamikliyi, təkrarlanmayan hal və prosesləri, minimal ömrü 1/25 saniyədən az olan, kəmiyyəti ±7-dən artıq olan eynizamanlı siqnalları və s. qəbul və təhlil edə bilmir (bu zaman fəaliyyəti tam və ya qismən blokirovka olunur); Fasiləsiz iş rejimi maksimum 10 dəqiqədir; Fəaliyyəti ətalətlidir, yəni hər bir yeni stimula köklənmək üçün ona müəyyən vaxt limiti gərəkdir; Xarici fiziki təsirlərin anormal, emosiyaların ekstremum (maksimum gərgin və maksimum süst) həddində öz fəaliyyətini dayandırır; Təhtəlşüur yolunda «senzor» (süzgəc, klapan) funksiyası daşıyır; Assosiativ (mnemotexniki) yaddaş və proseslərlə əlaqədardır; Fəaliyyəti müxtəlif kimyəvi preparatlar (bax: 2-ci hissə, «Psixotrop preparatlar» bölümünə – burada, səh. 94) vasitəsilə aktivləşdirilib, passivləşdirilə bilir, və s. (əlavə olaraq bax: burada, səh. 65-66 və ondan sonraya)
I.2.1.1.4.İradi universalilər:
(ŞəXSİYYəTİN STATİK İRADİ (EVOKATİV) XARAKTERİSTİKASI): İradə – hər iki beyin yarımkürəsinin birgə fəaliyyətinin nəticəsi olub, funksiyası «ustanovka»lar, vərdişlər, transferlər, stereotiplər, psixi komplekslər, məqsəd qradiyentləri, sosial inqibisiya və fasilitasiyalar və s. tərəfindən tənzimlənir;
Və s1.
Bunlar hər bir insana genetik olaraq ötürülən əsas funksiyalardır. Özlüyündə bunlar baş beyin yarımkürələrinin funksional asimmetriyası ilə əlaqədar hallardır. Belə ki, bunlardan birincisi – qeyri-şüuri sfera ilə, ikincisi – sağ, üçüncüsü – sol beyin yarımkürəsinin funksiyası ilə, və nəhayət, dördüncüsü – hər iki beyin yarımkürəsinin funksiyasının kombinativ fəaliyyəti ilə əlaqədardır.
Lakin bu hələ hamısı deyil. Sadalananlar birlikdə insanın qabiliyyətlər sferasını təşkil edir. Hər bir funksiya enerji israfı hesabına başa gəldiyindən isə sadalanan qabiliyyətlərin mütəmadi olaraq enerji ilə təchiz edilməsi zərurəti ortaya çıxır. Bu funksiyanı isə insanın həmin qabiliyyətləri ilə korrelyativ rabitədə olan tələbatlar bloku yerinə yetirir.
Bu tələbatlarasa aiddir:
I.2.1.2.Psixoloji tələbatlar I.2.1.2.1.Fizioloji tələbatlar:
Bu kateqoriyaya aiddir: 1) Öz mövcudluğunu qoruyub saxlamaq (yəni insanın qidaya, havaya, suya, yuxuya və s. olan tələbatları. Hansıların ki, ödənilməməsi – individin bir bioloji varlıq kimi öz mövcudluğunu dayandırmasına – ölümünə səbəb olur); və özünəbənzərləri yaratmaq (yəni cinsi tələbat – hansıların ki ödənilməməsi növün bir populyasiya kimi məhvinə gətirib çıxarır) kimi Freydin həmin o eros tələbatları;
I.2.1.2.2.Emosional tələbatlar:
İnsanın nüfuza, hörmətə, ünsiyyətə, ümumən xoş təəssürat almağa olan tələbatları. Bunların ödənilməməsi – əsəbi pozğunluğa, zehni, iradi deqradasiyaya, insanın özünəinam, həyatauyğunlaşma və s. kimi qabiliyyətlərinin zəifləməsinə, itməsinə və s. gətirib çıxarır;
I.2.1.2.3.İntellektual tələbatlar:
Nəzəri tələbatlar olub, insanı öyrənməyə sövq edir. Bu, insana öz təhlükəsizliyi, əmin-amanlığı və s. üçün vacibdir. Təsadüf – mexanizmi bilinməyən qanunauyğunluqdur. Məlumatlı şəxslərin həyat labirintində azmaq, büdrəmək ehtimalı daha azdır, nəinki, məlumatsız şəxslərin;
I.2.1.2.4.İradi tələbatlar:
əməyə, idmana, yaradıcılığa, bütövlükdə fiziki və zehni aktivliyə aid olan praktik tələbatlardır. Birbaşa olaraq fərdin özünüifadə, özünürealizə, dolayısı ilə isə orqanizmdə gedən fiziki-kimyəvi proseslərin tempini stimullaşdırmaq funksiyası daşıyır.
Bunlar hər bir insana genetik olaraq ötürülən universal qabiliyyət və tələbatlar olub şəxsiyyətin psixoloji strukturunu təşkil edir. Lakin bu ötürülmə real yox, virtual və ya potensial formada baş verir. Belə ki, ontogenez (irsi, sosial, təbii-fiziki, situativ və s.) faktorların təsirindən asılı olaraq ayrı-ayrı insanlarda onların aktivlik dərəcəsi və hər birinin işlək diapazonu bir-birindən kəskin fərqli olmuş olur ki, bu da insanlar arasındakı mövcud olan temperament və xarakter fərqlərinin başlıca səbəbidir2 (bu fərqlərin səbəbi elmdə, adətən bir başqa faktorlarla əlaqələndirilir ki, biz bununla bağlı izah etdiyimiz mövqedə olduğumuzdan onları qəbul etmirik).
Dostları ilə paylaş: |