IV.2.3.2.6.Hərbi (fiziki) təzyiq
ən son halda əl atılan bu metodla rəqibə qarşı aşkar və ya gizli kanallarla (o cümlədən, özgəsinin əli ilə) sui-qəsd, diversiya-terror, fiziki güc tətbiqi, açıq müharibə və s. aksiyaları həyata keçirilir və başlıca olaraq, canlı qüvvə və texnikası, silah və sursat anbarları, enerji və kommunikasiya (tranzit, rabitə, təbliğat,...) sistemi, infrastrukturları, texnologiyası və s. dağıdılır, iflic edilir, blokirovkalanır, lazımi adamları (o cümlədən, əvəzolunmaz kadrları, o cümlədən, yeri gəldikdə özü) aradan götürülür və ya şikəst edilir, yer-yerdən bioloji təminatı (qidaya, suya, yuxuya və s. olan tələbatı), təchizat və rabitəsi tromblanır, blokirovkalanır və s.
Nümunə üçün, məs., adi həyatda baş verən müxtəlif davalar, kimlərinsə bir başqaları vasitəsilə kimisə döydürtməsi, evinə, avtomobilinə od vurdurtması, avtomobilinin benzin qabına benzinlə reaksiya nəticəsində müəyyən müddətdən sonra partlayan kimyəvi qarışıq atması, kiməsə qarşı ‘‘killer’’lər tutulması və b. bu varianta nümunələrdəndir.
Azərbaycanın bugünkü gündə müharibə vəziyyətində olmasını və bu səpkili informasiyaların çox məhdud çərçivədə yayıldığını nəzərə alaraq, alimlərin və adi həvəskarların bu səpkili tədqiqatlarına müəyyən oriyentasiya məqsədilə, bugünkü gündə ayrı-ayrı dövlətlərin hərbiyyəsinin əsasını təşkil edən müasir silah və sursat növlərinin bəzilərinin mexanizmi barədə bir qədər ətraflı informasiya veririk:
IV.2.3.2.6.1.Psixotron silahlar
«Psixotron silahlar» adı altında müasir elmdə psixikanı idarə etməyə imkan verən texniki qurğular nəzərdə tutulur. Müasir elmdə insanın düşüncə aparatının mexanizmini izah etməyə cəhd edən bir neçə nəzəriyyə mövcuddur ki, onlardan biofiziki, biokimyəvi və soliton nəzəriyyələri xüsusilə aktualdır. Bunlardan birincisində – insanın fikir əməliyyatları beyində baş verən müxtəlif elektrik, maqnit və ya elektromaqnit hadisələri ilə, ikincisində – kimyəvi proseslərlə əlaqələndirilir, sonuncu isə – bunun sinirlərdə yayılan xüsusi tənha dalğalar (solitonlar) vasitəsilə baş verən hal olduğunu izah etməyə cəhd göstərir. Deyilən məsələ ilə bağlı konkret nəticələrin əldə edilməsi, telepatiyanın mexanizmini açıqlayar, digər tərəflərdənsə, lazımi fikirləri insanların beyninə xüsusi dalğalar, sahələr, kimyəvi preparatlar vasitəsilə yeritməyə imkan verərdi. Hələliksə, qətiyyətlə demək mümkündür ki, bu sahədə heç bir əsaslı irəliləyiş mövcud deyil – əgər hipnoz mexanizmi ilə beyinə lazımi komandaları, ideyaları və s. yeritmək imkanı verən bir sıra texniki metodlar (məs., aşağıda [burada, səh. 68] izah ediləcək «25-ci kadr effekti» hadisəsidir ki, onun barədə burada «Hərbi (fiziki) təzyiq» bölümünün «Psixotron silahlar» hissəsində [bax: burada, səh. 68] ətraflı danışılacaq. Bu halda obyektin aktiv diqqəti söhbətlə yox, hansısa bir filmin süjeti ilə məşğul edilir və lazımi komanda bu filmin lentinin hər 25 kadrından birində yerləşdirilir. Nəticədə, filmin qayəsi, fabulası ilə aludə olan şüur, bu aniliyə köklənə bilməsə də, iyirmibeşdəbir saniyə müddətində görünüb yox olan bu kadrdan gələn siqnallar faktik olaraq göz analizatorlarına düşüb, onu ani də olsa qıcıqlandırdığından, yuxarıda deyilən mexanizm fəaliyyət göstərməyə başlayır.) nəzərə alınmazsa.
əvəzində isə, differensial formada emosiya və intellektin müxtəlif funksiyalarını aktivləşdirib-passivləşdirməyə imkan verən bir sıra nəticələr əldə edilib ki, bunların da əsasında müasir psixotron silahlar yaradılıb:
IV.2.3.2.6.1.1) Xüsusi tezlik generatorları: Müəyyən edilib ki, beyin bioritmlərinə (2-10 Hers) və ya geomaqnit döyüntülər diapazonuna (0,01-20 Hers) yaxın tezliklərdə olan elektrik və maqnit sahələri əlahiddə bioloji təsir effektlidir. Məs., 0, 5 V/t və 2-8 Hers tezlikli elektromaqnit sahəsi – ürək yığılmalarının tezliyini azaldır, qanın forma elementlərinin aktivliyini aşağı salır; 8 Hers tezlikli maqnit sahəsi – canlıların fermentlərinə passivləşdirici təsir göstərir; Maqnit vibrasiyalarının (döyüntülərinin) H1E diapazonu – neyroendokrin sistemini pozur, baş beyin yarımkürələrinin neyronlarının funksional vəziyyətini dəyişir və s.; 1000 nonotesl amplitudalı və 5 – 7 mm. uzunluqlu elektromaqnit dalğaları – insanda idarəolunmaz dərəcədə böyük vahimə, dəhşət, qorxu hissi törədir.
Bundan əlavə, akustik dalğaların da müxtəlif spektrləri analoji təsir effektlidir. Məs., 9 Hers tezlikli infrasəs də, indicə deyilən 5-7 mm. uzunluqlu elektromaqnit dalğaları kimi, insanda ifrat böyük dərəcədə idarəolunmaz vahimə, dəhşət, qorxu hissi törədir. Sınaq məqsədilə, ilk dəfə klubların birində «dəhşət» filminin qorxulu səhnələrinin effektini artırmaq üçün bu tezlikli akustik dalğalardan istifadə edilib ki, o da, bütün tamaşaçıların idarəolunmaz vahimə içərisində hardan gəldi özünü klubdan bayıra atması ilə nəticələnib.
«Xüsusi tezlik generatorları»nın əsasında da, məhz bu elementlər dayanır. əsasında bu tezlikləri induksiya etdirən xüsusi vibratorun və ya tranzistorların dayandığı qurğuları böyük bir ordunun üstünə məsafədən cəmisi bir neçə dəqiqəlik tuşlamaq, böyük bir qoşunu bu xarakterli dalğalarla cəmisi bir neçə dəqiqəlik şüalandırmaq kifayətdir ki, hamısı bir anda əllərində nə var tullayıb, vahimə içərisində hara gəldi qaçsın;
IV.2.3.2.6.1.2) Xüsusi sahə generatorları: İnsanı əhatə edən ətraf fiziki dünyanın təsirlərinin yalnız konkret diapazon hüdudu, yəni mövcudluğu müddətində adaptasiya olub, şərti mənada «normal» adlandırıla biləcək bugünkü mötədil həddi insan üçün zərərsiz və təhlükəsizdir. Bundan bütün kənaraçıxılma halları, patologiya kimi, hətta insanın ölümünə də gətirib çıxara bilir. Bu sahələrin ifrat dozaları bir tərəfdən, fiziki effekt törədir, o cümlədən, havanı ionlaşdıraraq atmosferin kimyəvi tərkibini dəyişir, digər tərəfdən, psixi effekt törədərək insanda müvəqqəti və ya əbədi sinir iflici yaradır. Hərbi məqsədlər üçün onların məhz bu spektrləri xüsusi maraq doğurur və müvafiq laboratoriyalarda araşdırılır.
Müəyyən edilib ki, xüsusi tuşlanmış ifrat güclü elektrik və maqnit sahələri, insanda yuxarıdakı hala bənzər ifrat güclü qorxu, vahimə, vəhşət hissi törədir. Yaxud müəyyən edilib ki, elektromaqnit və akustik sahələrin ifrat böyük gərginlikli həddi (ultraqısa dalğalar diapazonu), bioloji təsir effektlidir və canlıların uzun müddət bu təsirlərə məruz qalması, onların anomaliyalı ölümlərinə gətirib çıxara bilir. Nümunə üçün, məs., təqribən bu diapazona yaxın tezliklərdə işləyən mobil telefonların və radiotelefonların orqanizmə ziyanı barədə yəqin ki, hamı eşidib. Haşiyə kimi qeyd edək ki, ziyanlılığı barədə hamının yaxşı bildiyi rentgen şüaları və radioaktiv şüalar (radioaktivliyin daşıyıcılarından biri olan qamma-şüalar) məhz elektromaqnit dalğalarının ən son tezlik həddindən ibarət olan spektrlərindəndir. Həmçinin, akustik dalğaların (səsin) 6000 hers üçün 0,1Vt/m.-10Vt/m. diapazonundan kənar amplitudalarının ağrı və hətta iztirablı ölüm törətdiyi də məlumdur;
IV.2.3.2.6.1.3) Psixogen təsir generatorları: Yuxarıda insanın adaptasiya olduğu diapazon hüdudundan kənarda yerləşən təsir spektrlərinin insana ziyanları barədə danışıldı. İnsanın qəbul edə bildiyi diapazon çərçivəsindəki siqnalların müxtəlif çalarları isə fərqli psixi effektlər törədib, insanda ayrı-ayrı emosional hallar induksiya etdirmək qabiliyyətinə malikdir. Məs., isti rənglər (qırmızı, narıncı və sarı) – insana oyandırıcı təsir göstərib, onun tənəffüs və nəbzini tezləşdirir, dərinləşdirir, arterial təzyiqini yüksəldir, onda narahatçılıq və həyəcan hissləri doğurur. əksinə, soyuq rənglər (yaşıl, mavi, göy və bənövşəyi) – bunlara tam zidd nəticələr verib, sentimental və komfort əhval-ruhiyyə doğurur. Yaxud məs., limonun, lavandanın, çobanyastığının və səndəl ağacının ətri – beyinin aktivliyini istənilən depressantdan daha tez zəiflədir, əksinə, qızılgülün, jasminin, nanənin, mixəyin ətri – beyində boz maddənin (hansının ki, miqdarı ilə intellekt əmsalı birbaşa əlaqədardır) hüceyrələrinə kofedən daha güclü oyandırıcı təsir göstərir.
Eyni qayda ilə digər qalan bütün hiss kanalları vasitəsilə ətraf dünyadan aldığı siqnalların fərqli spektrləri də, insana fərqli psixi təsir göstərir (bax: həmçinin, burada, səh. 63). Bütün bunlarsa, aşağıdakı məsələlər üçün xüsusi əhəmiyyət kəsb edir: əvvəla – müvafiq emosional fon insana hər hansı bir qərarı qəbul etdirə bilmək üçün əlahiddə rol oynayır (məs., hamı yaxşı bilir ki, rəisin yanına onun əhval-ruhiyyəsinin xoş olduğu vaxtda girərkən, nəyəsə onun razılığın almaq ehtimalı daha böyük olur, nəinki pis olduğu vaxta); İkincisi – insanın ətraf aləmə və insanlara münasibəti onun daxili durumu ilə birbaşa əlaqədardır. Belə ki, şən vaxtında ünsiyyətə meyl edib, ətraf insanlarda yalnız yaxşı cəhətləri sezdiyi halda, kədərli vaxtında, ruh düşkünlüyü zamanı isə, əksinə, insan hamını və hər şeyi yalnız qara rəngə görür, o cümlədən, özünə və öz qüvvəsinə inamı azalır və perspektivi barədə bədbin fikirlərə düşür; Üçüncüsü – mənfi və müsbət əhval-ruhiyyə insanın zehni və praktik fəallıq dərəcəsi üçün əlahiddə idarəedici rola malikdir. Belə ki, şən halında insan enerji ilə alışıb yandığı halda, depressiya vəziyyətində maksimum passivləşir və cüzi belə fəaliyyətdən dərhal yorulur; Və nəhayət, sonuncusu – bu təsirlər lazımi şəxsə və ya kütləyə nəyisə təlqin edən zaman onları hipnozabənzər bir vəziyyətə gətirməkdə transgen vasitə kimi əhəmiyyət kəsb edir. Psixogen təsir generatorlarından məqsəd, məhz zəruri anda bu tipli atmosfer formalaşdırmaqdır;
IV.2.3.2.6.1.4) Holoqrafik illüziya generatorları: Holoqrafiyanın nailiyyətlərinə əsaslanan bu cihazlar optik maxinasiyalar vasitəsi ilə müxtəlif illüziyalar formalaşdırmaq məqsədinə xidmət edir.
Körfəz müharibəsində holoqrafiyanın imkanlarından geniş istifadə olunması barədə məlumat verilir. Belə ki, bir çox ərazilərdə qüvvələrin sayını süni şəkildə çox göstərmək məqsədilə, həqiqi qoşunların yaxınlığında (özü də nisbətən təhlükəli ərazilərdə) holoqrafiya vasitəsilə süni texnika, qoşun obrazı yaradılırmış ki, bu da hər şeyi müşahidə vasitəsi ilə izləyən iraqlılarda lazımi xof, psixoloji dezoriyentasiya yaratmaq işində əhəmiyyətli rol oynaya bilirmiş.
Nümunə üçün, məs., ekstern situasiyalardan birində, yəni müttəfiqlərin quru qoşunlarının ifrat zəif olduğu, əlavə qüvvə gətirilməsinə isə müəyyən vaxt tələb olunduğu mövqelərdən birində, NATO tərəfi məhz holoqrafik cihazlarla köməyə gələn böyük bir texnika, qoşun obrazı yaratmaqla, oraya qəfil hücuma keçmiş iraqlıların psixoloji durumunu zəiflətməyə və lazımi kömək çatdırılana qədər döyüşün intensivliyini tormozlamağa nail olması barədə informasiyalar verilir.
Yaxud bir başqa halda, aktiv döyüşlərdən birində, İrak mücahidlərinin müqavimətini qırmaq üçün Yer səthindən bir neçə km. yüksəklikdə onların başı üzərində lazer holoqrafları vasitəsilə Həzrət əlinin obrazı yaradılıbmış ki, fanatik və ifrat dindar ruhlu iraqlılar da bunu, Həzrət əlinin kafərlərlə mübarizədə onlara köməyə yetişməsi kimi qəbul edib, yerə qapanaraq duaya başlayırlar. Sonra bu «müqəddəs» müxtəlif jestlərlə müsəlmanlara öz dəstəyini ifadə edərək, onlara ardınca gəlməyi işarə edir. Nəticədə, demək olar ki, şüursuz vəziyyətdə (şok vəziyyətində) olan böyük bir qoşun, ruhlanaraq bir zombi kimi onun ardınca gedib, döyüşsüz-filansız müttəfiq qoşunlarının mühasirəsinə düşür.
Sülhməramlı məqsədlərlə də bu effektlərdən geniş istifadə olunur. Məs., Hollivud kinofilmlərindəki vizual effektlərin (məs., fantastik obrazların) bir çoxu kompüter üsulundan savayı, həm də holoqrafik üsullarla yaradılır. Yaxud, məsələn, Rusiyada 1991-ci ilin yazında və 1993-cü ilin payızında bundan seçkiqabağı kompaniyada reklam məqsədilə istifadə olunub. Və ya V.Vıqotskinin xatirə günündə Vahaq məzarıstanlığının üzərindəki buludlarda həmin üsulla – gitara obrazı, 1988-ci ildə müqəddəs üçlük (Troitsa, Üç Üqnum) günündə Moskvanın Krasnopresnensk parkının üzərində – Müqəddəs Məryəmin obrazı yaradılıb və s.
Bütün hallarda burada əsas alət lazer lifləridir ki, müvafiq obrazlar, məhz onların vasitəsi ilə atmosferin şüanı inikas etdirən üst qatında «toxunur», «cızılır», yaradılır;
IV.2.3.2.6.1.5) Texniki viruslar: Kompüter monitorları və ya adi televiziya ekranları vasitəsilə beyinə lazımi fikri (lozunqu, ideyanı, komandanı, baxışı, kodu və s.) yeritməyə imkan verən virus növləridir. Başlıca nümayəndələri aşağıdakılardır:
a) ‘‘25-ci kadr’’ virusu: Bugünkü gündə bu məqsədli cəmi vasitələr içərisində elmə məlum olan hələlik yeganə və ən güclü təsir üsuludur (hətta bir neçə min ildən bəri insanlığa məlum olan hipnoz da, effektliliyinə görə ondan geri qalır).
Təsirin mexanizmi insan beyninin unikal bir xüsusiyyəti ilə əlaqədardır. Belə ki, kinomotoqrafiyanın yarandığı ilk gündən insanın yalnız 25 kadr/san. sürəti ilə verilən kino lentlərini normal qavrayıb, digər sürətləri ekranda zolaqlar axını şəklində müşahidə etdiyi məlum olub (Bugünkü gündə bu sürətin fərqli canlılar üçün bir-birindən fərqləndiyi müəyyənləşdirilib, məs., arılar üçün bu sürət saniyədə 300, tarakanlar üçünsə – 12 kadra bərabərdir).
İyirminci əsrin ikinci yarısında psixoloqlar bu 25 kadr arasına, nə isə filmə heç bir aidiyyatı olmayan müstəqil bir kadr yerləşdirməyi qərara aldılar və nəticəsi heyrətamiz oldu: Filmə baxanlar bütün filmi yaddan çıxarsalar da, bu bir kadrı beyinlərindən heç cür silə bilmirlər, özü də, nəinki silə bilmirlər, hətta özlərindən asılı olmadan istər-istəməz onun məzmunundakı komandanı icra etmək üçün özlərini ölümə belə atırlar. Effektin mexanizmi barədə «Təlqin: İnsanları ayıqkən necə hipnoz etməli» bölümündə (burada, səh. 68) ətraflı şərh verildiyindən, burada, müxtəsər olaraq onu qeyd edək ki, iyirmibeşdəbir saniyə müddətində görünüb yox olan bu kadr, ifrat qısamüddətliliyi səbəbindən diqqəti cəlb edə bilməyib, filmin süjetinin təhlili ilə məşğul olan şüurun reaksiyasını doğura bilməsə də (çünki «diqqəti» filmin süjeti ilə məşğul olan şüurun bu aralıq informasiyanı dərk etmək üçün ona köklənməyə praktik olaraq macalı olmur), əslində ondan gələn siqnallar hiss reseptorlarına, göz analizatorlarına düşüb onları cüzi də olsa qıcıqlandırdığından, həmin bu mikroproseslər izsiz də itib getmir və periferik sinir impulsları şəklində şüur senzorunu dəf edərək birbaşa təhtəlşüur sferasına düşür (Özlüyündə bu impulslar ani şüur gərginliyinin nəticəsi olduğundan, nisbətən daha böyük amplitudaya malik olmuş olur və faktik olaraq, informasiya solitonu məzmunu kəsb edir). «25-ci kadr effekti» metodunda əsas informasiya arasına bu cür əlavə siqnallar dövri olaraq yerləşdirildiyindən, ümumilikdə bütün bunlar beyinə soliton rezonansları şəklində periferik informasiya axınını təmin etmiş olur. Məlum olduğu kimi isə təhtəlşüur ona daxil olan istənilən informasiyanı ağına-bozuna baxmadan icra etmək üçün müvafiq orqanlara göndərir, çünki beyinin mexanizmi elə qurulub ki, təhtəlşüura adi vaxta yalnız şüurun analiz edib, ‘‘müsbət rəy’’ verdiyi informasiyalar düşə bilir. Həmin bu «25-ci kadr» isə burada bir növ nəzərdə tutulmayan ‘‘dal qapı’’ və ya ‘‘əlyeri’’dir (Adətən izahsız olan bu effektin verilən izahı bizə məxsusdur).
Metod ilk dəfə ABŞ-da klublardan birində film nümayişi zamanı sınaqdan keçirilib. Burada filmin lentinə, deyildiyi qayda ilə «Koka-kola için!» əmri yerləşdirilir. Film qurtaranda isə aşkar olur ki, klubun həyətindəki köşklərdə bütün digər içkilər satılmamış qaldığı halda bir dənə də olsun koka-kola qalmayıb.
Bugünkü gündə metoddan müxtəlif videofilmlər, peyk translyasiyaları və s. xətti ilə insanların beyninə lazımi ideologiyaları, baxışları, stimulları, motivləri və s. yerləşdirmək üçün geniş istifadə edilir.
Hazırda metodun səs üçün də xüsusi modifikasiyası işlənib-hazırlanıb, yəni lazımi kodlar müvafiq auditoriyanın beyninə, onların özünün xəbəri olmadan, müxtəlif radiostansiyaları dinlədiyi məqamda da yeridilə bilir.
Sülhməramlı məqsədlər üçün bu metoddan hazırda sürətli xarici dil öyrənmə metodu kimi aktiv istifadə olunur. Qeyd edək ki, adi hipnozda olduğu kimi bu metodun da bədəl-hipnoz (posthipnoz) deyilən xüsusi mürəkkəb variantı mövcuddur ki, bu halda təlqin bir növ xüsusi kodlar vasitəsi ilə həyata keçirilir. Bunun üçün individ və ya kütləyə hər hansı bir fikir təlqin edildikdən sonra bu onun beynində xüsusi «parolla» blokirovkalandırılır. Belə ki, onun beyninə hər hansı daha bir işarə təlqin edilir ki, sonradan təlqin obyekti olan fərd və ya kütlə əsas təlqin materialını yalnız bu işarə – kodla rastlaşdıqdan sonra xatırlayır (bu material onun beynində ondan sonra aktivləşir) və özündən asılı olmayaraq icrasına başlayır. Bunun geniş yayılmış variantı vaxtdan parol vasitəsi kimi istifadə etməkdir. Belə ki, bu halda obyektə təlqin edilir ki, tapşırığı filan müddət sonra və ya ümumiyyətcə, filan vaxt icra et. Təlqin olunan vaxt çatdıqda assosiativ olaraq təlqin materialı aktivləşir. Bunun əvəzində hər hansı bir hadisədən, şəkildən, rəqəmdən və s.-dən istifadə taktikası da geniş yayılmış metodlardandır ki, bu zaman zəruri komanda bunlarla blokirovkalandırılır. Komanda yalnız obyektin həmin bu hadisə, şəkil, rəqəm və s.-lə rastlaşmasından və ya qəsdən rastlaşdırılmasından sonra aktivləşir (əlavə olaraq bax: burada, səh. 64–66);
b) ‘‘V-666’’ virusu: Beyinin fəaliyyətini kəskin keçidlərlə (sıçrayışlarla) passivləşdirib, aktivləşdirən, bununla da beyin damarlarında spazma yaradaraq ölüm törədən kompüter virusudur. Son 10 il ərzində Rusiyada minlərlə adamın bu virusdan öldüyü qeydə alınıb. Virusun, ələlxüsus rusdilli proqramlarda, özü də əsasən siyasət, hərb və iqtisadiyyatın idarəçiliyinin ali orqanlarında istifadə olunan proqramlarda aşkarlandığı qeyd edilir («666»-nın İblis rəqəmi olduğunu, yəqin, oxucu bilməmiş deyil);
c) ‘‘Pokemon’’ virusu: Qırmızı işığın saniyədə 10-3030 tezlikli titrəyişləri də beyin damarlarının spazmasını törədib, huşun itməsi və boğulma kimi nəticələrə gətirib çıxardığı müəyyənləşdirilib. əsasında bu prinsipin dayandığı bu virus da, yuxarıdakı hər iki virus kimi, istər kompüter və istərsə də adi televiziya ekranları vasitəsilə yayımlana bilir. Məs., 01.12.199 tarixdə qəfildən eyni gündə Yaponiyanın xəstəxanalarına epileptik tutmalarla 700-dən çox uşaq daxil oldu ki, sonradan bu uşaqların hamısının həmin gün televiziyada «Pokemon» (‘‘Cib ifriti’’) adlı cizgi filminə (multfilmə) baxdıqları müəyyənləşdirildi. Sən demə, multfilmin lentində məhz deyilən bu virus var imiş;
d) Bu qəbildən olan sair növ viruslar: Deyilənlər, ələlxüsus vizual kanallarla beyinə ötürülən texniki virus növləri idi. Bundan əlavə, insanın digər hissiyyat orqanları vasitəsilə, o cümlədən, eşitmə, iybilmə, dadbilmə, lamisə, eləcə də, istiliyi, elektrik və maqnit sahələrini, qravitasiyanı (təcili) və s. hiss edən kanallarla da, ətraf dünyadan aldığı siqnalların bu xarakterli kombinasiyasını tapmaq üzərində xüsusi tədqiqatlar gedir ki, onlar psixika üçün virus xarakteri kəsb edib, onu idarə etməyə və ya məhv etməyə imkan verməlidir. Daktil kanal (lamisə) üçün aqupunktura (iynəbatırma) və nöqtə masajının bu kateqoriyadan olan xüsusi variantları artıq tapılıb (yəni bu prinsiplə konkret meridianlar üzrə orqanizmin ayrı-ayrı nahiyələrindəki sinir ucluqlarına və ya belə deyilsə, aktiv zonalarına, müəyyən proqram ardıcıllığı ilə təsir göstərməklə ciddi psixi effektlər əldə etmək mümkün olur). «25-ci kadr effekti» metodu ilə beyinə ötürülən vizual virusun səs üçün xüsusi modifikasiyasının artıq yaradıldığı isə yuxarıda qeyd olunmuşdu. Hazırda hər iki variantın təkmilləşdirilməsi, eləcə də, digər hiss kanalları ilə qəbul edilən siqnalların bu cür virus səciyyə daşıyan növlərinin axtarışı istiqamətində aktiv iş gedir.
IV.2.3.2.6.2.Psixotrop preparatlar
Normal və ya anormal psixi fəaliyyətə münasibətdə seçici aktivlik göstərən kimyəvi və ya təbii maddələr qrupudur. Beyinin funksiyasına onun kimyəvi tərkibini dəyişmək yolu ilə təsir göstərir. Tipik nümunəsi adi zəhərlər və narkotik maddələrdir. Ümumi olaraq kimyəvi tərkibinə, farmakoloji dinamikasına, göstərdiyi effektə və s. əsasən psixotrop preparatların çoxsaylı təsnifat variantları mövcuddur ki, biz burada da, bütün bu kitab boyu əsas götürdüyümüz, həmin dördlü prinsipi əsas götürərək, psixotrop preparatları hissiyyata, emosiyaya, intellektə və iradəyə təsir edənlər olmaqla aşağıdakı variantda qruplaşdırırıq:
IV.2.3.2.6.2.1) Hissiyyatın requlyatoru olan psixotrop preparatlar:
Bu kateqoriyaya əsasən elmdə psixodizleptiklər, psixodeliklər, psixotomimetiklər və ya elə-belə, hallyusinogenlər adlandırılan neyromediatorlar aiddir. Xüsusi effektiv nümunələri aşağıdakılardır:
— Dietil-lizergin turşusu (yaxud, LSD-25. Preparat çovdar mahmızı [Claviceps purpyrea Tulas] bitkisindən alınır), meskalin (preparat peyotl [Echinocactuc williamsii] adlı kaktusdan alınır), psilosibin (preparat teonanakatl [Psilosibis] adlı göbələkdən alınır), psilasin, dimetiltriptamin (DRT), bufotenin, civə buxarı, benaktizin, delizid, həmçinin nisbətən azeffektli vasitələrdən – kannabinoidlər (məs., xaş-xaş), bəzi psixoaktiv və sintetik preparatlar (məs., sernil, ditron...), və indol ailəsindən olan digər preparatlar.
Bunlar elmdə başlıca hallyusinogen (qarabasmatörədən) maddələr kimi tanınır. Müasir tibbdə bu hal həmin maddələrin beyinin kimyəvi tərkibini dəyişməsi faktı ilə izah edilir. Göstərilən xüsusiyyətinə görə, həmin qəbildən olan preparatlar altıncı hissiyyatı oyadan, ilahi dünyaya yol açan, müqəddəs varlıqları görməyə imkan verən və s. vasitə kimi qədim cadu ayinlərində aktivliklə istifadə edilib (hətta sadalanan bu maddələrdən hazırlanmış boyalardan tatuirovka rəngi kimi istifadə olunmasının özü də, qanı kəskin yoluxduraraq ciddi psixi pozuntular, fəsadlar törədir, hallyusinasiyalar yaradır);
IV.2.3.2.6.2.2) Emosiyaların requlyatoru olan psixotrop preparatlar:
Müxtəlif emosiyaları induksiya etdirmək və ya neytrallaşdırmaq məqsədinə xidmət edən neyromediatorlar qrupudur. Psixikaya tam differensial formada təsir göstərir, yəni hər biri fərqli emosiyanı induksiya etdirmək və neytrallaşdırmaq funksiyası daşıyır. Başlıca nümayəndələri aşağıdakılardır:
— Sevinc hissini neytrallaşdıran, yaxud kədər hissi formalaşdıran psixotrop preparatlar (psixoleptiklər və ya neyroleptiklər): (1) Antipsixotik vasitələr – fenotiazinin, butirofenomun, tioksantinin, klozapinin, rauvolfin, difenilbutil-piperidinin və b. törəmələri; (2) Trankvilizatorlar (anksiolitik vasitələr) – benzodiazepinin, qlikolun, trimetoksibenzoy turşusunun, propandiol və difenilmetanın və b. törəmələri; (3) Normotimiklər – litium duzunun müxtəlif törəmələri və s;
— Kədər hissini neytrallaşdıran, yaxud sevinc hissi formalaşdıran psixotrop preparatlar (psixoanaleptiklər): (1) Antidepressantlar (timoleptiklər) – (a) trisiklik və tetrasiklik antidepressantlar (imipramin, amitriptilin və s.), (b) MAO (monoaminoksidaza) fermentinin inhibitorları;... (2) Psixostimulyatorlar – purinin, fenilalkilaminin, sidnonimin törəmələri;... (3) Və s.
— Qorxu hissi formalaşdıran psixotrop preparatlar: trimetin...
— Qorxu hissini neytrallaşdıran psixotrop preparatlar (timolitik vasitələr): trankvilizatorlar – sefedrin, trazodon, ftorasizin, trioksazin, mebikar, meprotan və s.;
— Aqressiya hissi formalaşdıran psixotrop preparatlar: Bi-zet preparatı;
— Aqressiya hissini neytrallaşdıran psixotrop preparatlar: Psixoleptik və antidepressant preparatların kombinasiyası;
IV.2.3.2.6.2.3) İntellektin requlyatoru olan psixotrop preparatlar:
İntellektual fəaliyyəti, yaddaşı, diqqəti və s. aktivləşdirib passivləşdirmək məqsədinə xidmət edən preparatlar qrupudur. Təqribi üzvləri aşağıdakılardır:
— İntellekti aktivləşdirəni psixotrop preparatlar: nootrop və qamgerkik maddələr;
— İntellekti passivləşdirən psixotrop preparatlar: benzodiazepinin, dibenzodiazepinin, fenotiazinin, tioksantenin və b. törəmələri (məs., eunoktin, fenazepam, propazin, aminazin, teralen, tizersin, sonapaks, xlorprotiksen, leponeks, atropin, skoqolamin və s.), həmçinin, bromkarbaminlər, barbituratlar və i.a.
Bundan əlavə, düşüncə prosesinin biokimyəvi mexanizm üzrə baş verməsi versiyasına əsaslanaraq, konkret fikirləri generasiya etdirib, söndürə bilən maddələrin axtarışı istiqamətində də aktiv iş gedir ki, hələlik bu sahədə əsaslı uğurdan danışmaq mümkün deyil;
IV.2.3.2.6.2.4) İradənin requlyatoru olan psixotrop preparatlar:
Vazomotor aktivliyi blokirovka edən və ya stimullaşdıran preparatlar qrupudur:
— İflicedici preparatlar: Tabun, zarin, zoman və V-qazlar;
— Qıcolma əleyhinə olan preparatlar: Karbamazepin, klonazepam, morquksimid, pufemid, suksilep və s8...
IV.2.3.2.6.3.Partlayıcı maddələr (eksplozivlər):
Bizə məlum olan ədəbiyyatlarda, adətən partlayış törədən maddələrin heç bir təsnifatı aparılmır və onlar hamısı birlikdə partlayış törədən maddələr sırasına aid edilir. Lakin biz daha aydın təsəvvür üçün partlayıcılıq xüsusiyyətinə malik olan maddələri aşağıdakı 4 kateqoriyaya ayırırıq:
Birinci kateqoriya partlayıcı maddələr: Partlayıcı civə, qurğuşun-azid, qurğuşun-trinitro-rezorsinat, tetrozen, pikrin turşusu (melinit), diazodinitrofenol (və ya onların qarışığı);
İkinci kateqoriya partlayıcı maddələr:
— Nitratlar: ammoniya nitratı – məs., azot turşusunun duzu; spirt nitratları – məs., nitro-gliserin, nitroqlükol, nitrosellüloza (tüstüsüz barıt) və s.;
— Nitrobirləşmələr: trotil, nitrometan, nitrobenzol və s. və polinitrobirləşmələr: trinitrotoluol, trinitrofenol və s.;
— Nitroaminlər: tetril, heksagen, oktagen, etilendinitroamin və s. və i.a.
Üçüncü kateqoriya partlayıcı maddələr: Transuran elementlər və ya aktinoidlər. Başqa sözlə, nüvə partlayıcıları. Partlayış nüvə parçalanması halında baş verir.
Dördüncü kateqoriya partlayıcı maddələr: Hidrogenin ağır izotopu olan – tritium (). Partlayış – nüvə sintezi halında baş verir.
Partlayıcı maddələrin bu təsnifatının müəllifliyi bizə məxsusdur. Təsnifat – maddələrin təsirəhəssaslığı və partlayış gücünə əsasən aparılıb. Belə ki, hər növbəti kateqoriya partlayıcılar özündən əvvəlkinə nisbətən bir neçə yüz, və hətta bir neçə min dəfə artıq partlayıcılıq gücünə malikdir, ancaq ki, onun hərəkətə gəlməsi, yəni partlaması üçün isə, özündən əvvəlki kateqoriyanın maddələrinə nisbətən qat-qat artıq impuls («detonasiya») lazımdır. Buna görə də, hər bir kateqoriyaya aid olan maddələr, öz vəzifəsindən əlavə, həm də öz kateqoriyasından sonrakı maddələrin detonatoru yerində istifadə olunur.
Məs., I kateqoriya partlayıcılar ifrat həssasdırlar – onlar adi zərbədən, sürtünmədən, qığılcımdan və s. partlayırlar, ancaq ki, çox kiçik gücə malikdirlər. Yəni onların partlayışı elə böyük dağıdıcılıq törətmir. Buna görə də, onlardan, əsasən uşaq oyuncaq-tüfənglərində, bayram pistonlarında, feyerverklərdə, pirotexniki effekt (tüstü, işıq, səs və s.) yaradan fişənglərdə və s., istifadə olunur. Həmçinin, bunlardan, yuxarıdakı təsnifatdakı II kateqoriyada duran partlayıcıları hərəkətə gətirmək, yəni partlatmaq üçün, onların detonatorları, kapsulları, pistonları və s. yerində istifadə olunur.
II kateqoriya partlayıcılar – müasir dünyada mövcud olan nüvə və termonüvə silahlarından savayı, digər bütün növ odlu silahların əsas özəyini təşkil edir. Aviasiya bombalarından tutmuş, alazanlara, stingerlərə, əl qumbaralarına, top və tank mərmilərinə və s.-ə qədər hamısı bu partlayıcılarla işləyir. Ancaq ki, onlar yuxarıdakı kimi adi zərbədən, sürtünmədən və s. hərəkətə gəlib partlamırlar. Xeyr. Onların partlaması üçün bir qədər artıq güc (detonasiya) lazımdır ki, bu məqsədlə də, onların detonatorları yerində, müxtəlif vasitələrdən, o cümlədən elektrik qığılcımından savayı, həm də bu birinci kateqoriya maddələrin partlamasından istifadə olunur.
III kateqoriya partlayıcılara, sadə dillə desək, adi nüvə bombaları, bir qədər elmi terminlərlə ifadə etsək isə – Mendeleyevin dövri sisteminin axırlarında yerləşən elementlər aiddir (bu cədvəlin axırlarına doğru getdikcə, elementlərin atomunun dayanıqlığı zəifləyir). Elmdə bunlara transuran maddələr, yəni həmin cədvəldə uran elementindən sonra yerləşən maddələr deyilir. Həmin maddələri adi vəziyyətdən çıxarıb, böhran vəziyyətinə, yəni partlayıcılıq həddinə gətirmək üçün çox-çox böyük detonasiya, yəni ilkin impuls zəruridir. Məhz həmin həddi əldə etmək üçün bu bombaların da içərisində, bizim yuxarıdakı təsnifatda II kateqoriyaya aid etdiyimiz maddələri, yəni adi bombaları partladırlar. Başqa sözlə, nüvə bombalarının detonatoru rolunda adi bombalar çıxış edir. Nüvə bombasının içərisində böyük gücə malik bu bombaların partlaması, sadə sxemlə ifadə etsək, həmin nüvə maddəsinin bir-neçə atomunu parçalayıb dağıdır, yəni bu atomların elektron, proton, neytron və s. mikrozərrəciklərini bir-birindən aralayır. Bunlarsa öz növbəsində kiçik qəlpələri xatırladıb, digər atomları bu cür partladıb-dağıdır, onların da hər biri – digərlərini, beləcə «zəncirvari reaksiya» deyilən akt baş verir9.
IV kateqoriya kimi təsnif etdiyimiz partlayıcılara, sadə dillə desək «hidrogen bombası», elmi dillə desək, nüvə silahından bir neçə yüz və hətta bir neçə min dəfə güclü olan termonüvə silahları aiddir. əgər nüvə bombalarının əsasında Mendeleyev cədvəlinin sonlarında yerləşən maddələr dururdusa, termonüvə bombalarının əsasında bu cədvəlin əvvəlində yerləşən maddələr (əsasən, hidrogen, daha doğrusu onun izotopları – deyterium, tritium, Li6) durur. Elə buradan da aydın görünür ki, bu 2 növ bombaların partlayışının fiziki sxemi tam şəkildə bir-birindən fərqlənməlidir və məhz ona görə də, biz onları fərqli kateqoriya partlayıcılar kimi təsnif edirik. Və həqiqətdə də, əgər əvvəlincilərdə partlayış atomların öz qəlpələrinə parçalanması formasında gedirdisə, burada əksinə, ayrı-ayrı hidrogen atomlarına fərqli qəlpələr kimi baxılır və bu qəlpələr birləşməyə vadar edilərək yeni maddə (əsasən, Mendeleyev cədvəlində hidrogendən sonra yerləşən heliumun müxtəlif izotopları) yaradılır. Kvant fizikası dili ilə ifadə olunsa, burada nüvə sintezi prosesi baş verir. Yaranmış yeni elementin nüvəsi, özünü dayanıqlı vəziyyətə gətirmək üçün atom daxilindəki nukleidlərin yeni balansını formalaşdırır ki, nəticədə atomdaxili energetik səviyyələr dəyişir və termonüvə partlayışı baş verir. Deyildiyi kimi, bütün bunlar üçün fərqli hidrogen atomunu bir atom şəklində sintez olunmağa vadar etmək gərəkdir. Bu isə adi məsələ deyil. Nüvə daxilindəki elektrostatik itələmə qüvvəsini dəf edib, 2 fərqli elementin protonunu nüvə cazibəsinin təsir göstərdiyi məsafəyə qədər bir-birinə yaxınlaşdırmaq üçün olduqca böyük təzyiq gərəkdir. Kvant fizikası bu problemi çox asan yolla həll edir: bunun üçün hidrogen bombasının içərisində kiçicik atom bombası partlatmaq gərəkdir. Atom bombası, bir tərəfdən olduqca böyük təzyiq, digər tərəfdən nüvə sintezinin baş verməsi üçün gərək olan milyard dərəcə istiliyi verir. Beləliklə, termonüvə bombaların detonatoru rolunda da, yuxarıdakı təsnifatda bizim ondan əvvəlki kateqoriyaya aid etdiyimiz nüvə bombaları çıxış edir.
IV.2.3.2.6.4.Kimyəvi silahlar
Müxtəlif toksin xarakterli maddələrdən və onların daşıyıcılarından ibarət vasitələr kompleksidir. Qaz və ya aerozol şəklində yayılaraq təkcə havanı deyil, eyni zamanda, qidanı, su mənbələrini zəhərləyir, həmçinin orqanizmin açıq qalan bütün səthləri vasitəsilə xəsarət toxundurur. Hədəfə müxtəlif raket, fuqas, mərmi, mina, qumbara, xüsusi səpmə qurğuları aviasiya və artilleriya döyüş sursatları və s. vasitəsilə və ya su mənbələrini, qida anbarlarını yoluxdurmaqla çatdırılır. Başlıca növləri aşağıdakılardır:
IV.2.3.2.6.4.1) Ümumi təsirli zəhərləyici maddələr: Bütün növ sintetik və təbii zəhərlər bu kateqoriyaya aid oluna bilər. Lakin hərbi sferada bunlardan yalnız xüsusi təsirli olan aşağıdakılar «kimyəvi silah» kimi tədqiq olunur və ayrı-ayrı mərhələlərdə tətbiq olunub: sianid turşusu, xlorsian, arsin, fosfin və s.
IV.2.3.2.6.4.2) Boğucu maddələr: Bu kateqoriyaya, ələlxüsus fosgen, difosgen və xlorpikrin aiddir. Bunlar havanı zəhərləyərək tənəffüs vasitəsilə orqanizmə keçir və məxsusi olaraq tənəffüs orqanlarını, o cümlədən, ağciyər toxumalarını zədələyir, dağıdır ki, bu da tezliklə boğulma törədib ölümlə nəticələnir. Təsir dərəcələri fərqlidir, o cümlədən, xlorpikrinin effekti minimumdur. Qeyd olunmalıdır ki, yuxarıda izah olunan «ümumi təsirli zəhərləyici maddələr» də, sair effektlərindən savayı, orqanizmə əsasən tənəffüs orqanları vasitəsilə daxil olub, analoji dağıntılar törədirlər;
IV.2.3.2.6.4.3) Siniriflicedici preparatlar: Tabun, zarin, zoman və V-qazlar;
IV.2.3.2.6.4.4) Dəri irinləşdirici zəhərlər: əsasən iprit, azotlu iprit, lüizit və b.-dan ibarət olan bu kateqoriyaya zəhərlər müəyyən ferment sistemlərini məhv edərək, hüceyrədaxili biokimyəvi maddələr mübadiləsini kəsir və hüceyrələrin ölməsinə gətirib çıxarır. Yuxarıdakı maddələrdən fərqli olaraq, gizli təsiretmə qabiliyyətinə malikdirlər. Belə ki, təsirin ilk əlamətləri özünü yalnız 2-12 saatdan sonra büruzə verir. Kumulyasiya təsiri və antidotları yoxdur. Döyüş şəraitində buxar-aerozol və damcı-maye şəklində tətbiq edilir. Zəhərləyici və digər fiziki-kimyəvi xüsusiyyətlərinə görə bütün növ döyüş sursatlarında aktivliklə istifadə oluna bilir. Yüksək dozası mərkəzi sinir sistemini məhv edərək ölüm törədir;
IV.2.3.2.6.4.5) Qıcıqlandırıcı-zəhərləyici maddələr: Müvəqqəti olaraq sıradan çıxaran zəhərləyici maddələrdir. Geniş dairədə bunlar əsasən gözyaşardıcı və burun udlağı qıcıqlandıran qazlar kimi tanınır. əslində isə, bunlar adamsit, xlorasatefenon və s. maddələridir.
Bunlar «Kimyəvi silah» kateqoriyasından olan ən əsas maddələrdir və döyüş zamanı müxtəlif şaşkalar, səpmə qurğuları, aviasiya və artilleriya döyüş sursatları və s. vasitəsilə tətbiq edilirlər. Böyük hava sahəsinə və əraziyə yayıla bilməsi, kimyəvi mühafizə qurğuları olmayan sığınacaq və tikililərə, tank və döyüş maşınlarına daxil ola bilməsinə, yalnız canlılara təsir göstərib maddi nemətləri məhv etməməsinə, eləcə də, «maya dəyərinin» ifrat aşağı olmasına görə bir sıra mütəxəssislər kimyəvi silahları nüvə silahından daha effektli silah növü kimi qəbul edirlər. Yeganə alternativi «bioloji silahdır».
IV.2.3.2.6.5.Bioloji (bakterioloji) silahlar
Bioloji silahlarda, əsasən taunun, vəbanın, Sibir yarasının, tulyaremiyanın, brüselyozun, melioidozanın sarı və başqa isitmə növlərinin, təbii çiçəyin, psitmakozanın (ornitlozanın), səpmə və qarın yatalağının, qripin, malyariyanın dizentiriyanın və b. törədiciləri olan müvafiq mikroorqanizmlərdən, viruslardan, bakteriyalardan, göbələklərdən və s. istifadə olunur. Bioloji silahlar da, eynilə kimyəvi silahlar kimi hədəfə müxtəlif raket, artilleriya, fuqas, mərmi, mina, qumbara, xüsusi səpmə qurğuları vasitəsilə və ya su mənbələrini, qida anbarlarını, rəqib milli valyutasını və s. yoluxdurmaqla, istehlak bazarına bu maddələrlə yoluxdurulmuş ərzaq ixrac etməklə, ayrı-ayrı təşkilatlarına bu maddələrlə yoluxdurulmuş məktub göndərməklə və s. yolları ilə çatdırılır ki, sonrakı mərhələdə artıq o, kimyəvi silahdan fərqli olaraq eskalasiya, zəncirvari reaksiya doğuraraq epidemiya şəklində yayılır.
IV.2.3.2.6.6.Tektonik silahlar
Konkret episentrlərdə seysmik aktivliyi süni induksiya etdirmək məqsədinə xidmət edən texniki vasitələr kompleksidir. Mexanizmi eyni bir hədəfə ayrı-ayrı ərazilərdən müəyyən bucaq altında sinxron amplitudalı avtoşoklar fokuslamaq prinsipinə əsaslanır. Onların kəsişmə nöqtələrində (yəni zəlzələ formalaşdırılması nəzərdə tutulan yerdə) interferensiya effektlərinin minimuma endirilməsi ilə əldə olunan maksimal rezonans – gec-tez bu nöqtədə hansısa formalı yer sürüşməsi, dağ və ya qar uçqunu, qaya sınamaları və s. törədib, təbii zəlzələnin yaratdığı faciələri yarada bilir. ələlxüsus, amortizasiya effektinin minimum olduğu daş-qaya süxurlu dağlıq ərazilərdə xüsusi effektlidir. Fokuslanan avtoşoklar (əslində, avterşoklar) isə konkret istiqamətə yer altı ilə göndərilən adi zərbə dalğaları ola bilər10.
_________________________________
Yeri gəlmişkən, Zəlzələ məsələsinin Azərbaycan üçün son günlər xüsusi aktuallıq kəsb edib, əbədi olaraq da aktual olaraq qalacağını nəzərə alıb, təbii zəlzələlər barədə də bir neçə söz: Bir tərəfdən Yerin Günəş, digər tərəfdənsə Yerin öz orbiti ətrafında qeyri-inersial hərəkətinin litosferaya (Yerin quru sahəsinə) göstərdiyi: (a) Mərkəzdənqaçma qüvvəsinin və (b) Korilies qüvvəsinin zəruri nəticəsi olan zəlzələlər, milyon illər ərzində Avrasiyanı Arktikadan, Cənubi Amerikanı Afrikadan, Şimali Amerikanı Avropadan, Avstraliyanı və Okeaniyanı isə Avrasiya və Afrikadan ayırdığı kimi, bugünkü gündə də bu proses səngiməyib və materiklərin sərhədlərində indi də davam etməkdədir. Azərbaycan bu dinamikada Avrasiyadan qopan növbəti nəhəng qəlpələrdən birinin sərhədinin tən ortasında yerləşir, hansının ki, trayektoriyası son bir ildə Türkiyədə, Gürcüstanda, Azərbaycanda və Türkmənistanda baş verən nəhəng zəlzələlərin episentrlərindən keçir (Zəlzələlərin səbəbi ilə bağlı bu versiya bizə məxsusdur. Müasir elmdə zəlzələlərin mənşəyi əsasən: (1) Ayın öz perigeyasında Yerə göstərdiyi təsiri ilə; (2) Yerin elektrik və maqnit sahələrinin qarşılıqlı təsiri ilə; (3) ərinmiş lavadan ibarət Yer nüvəsinin (mantiyanın) ellipsvari dövriyyəsi ilə; (4) Litosferanın əvvəldən bütöv olmayıb, astenosferada (mantiyanın üst səthində) 1-10 sm./il sürətlə «üzən» ayrı-ayrı plitələrdən (platformalardan), bloklardan ibarət olması ilə; (5) Qütblərin öz yerlərini dəyişməyə başlaması faktı ilə; (6) Qütblərdən ayrılıb ekvatora doğru yayılan və konkret en dairələrində, yəni bu gün seysmik cəhətdən aktiv hesab olunan ərazilərdə kəsişən (amplitudaları bu yerlərdə üst-üstə düşən) hipotetik dalğalarla və s. izah edilir).
Azərbaycanlılar üçün əhəmiyyət kəsb etdiyini nəzərə alaraq seysmik aktivliyin simptomlarından (yəni zəlzələdən bir müddət əvvəl xəbər tutmağa imkan verən əlamətlərdən) bəzilərini sadalayırıq:
Zəlzələdən bir neçə il əvvəl yeraltı (o cümlədən, quyu) sularının tərkibində təsirsiz qazların, ələlxüsus radonun miqdarı artmağa başlayır və zəlzələyə bir neçə ay qalmış konsentrasiya maksimum həddə çataraq, stabilləşir;
Zəlzələyə bir ay qalmış Yer altında uzununa seysmik dalğaların sürəti zəifləyir və onun eninə seysmik dalğalara nisbəti Vp/Vs < 1,7 həddində olur;
Bir neçə gün qalmış yeraltı quyu sularının səviyyəsi enir və zəlzələyə bir gün qalmış, dilatansiya effektinin nəticəsi olaraq, öz əvvəlki səviyyəsinə qayıdır;
Bir gün və ondan da az vaxt qalmış atmosferin elektrik və maqnit sahələrinin gərginlikləri anomal səviyyədə güclənir; dağ süxurlarının müqaviməti zəifləyir;
Heyvanlarda dəliliyə bənzər anormal psixi oyanmalar baş verir, heyvanlar hamısı öz yuvalarını tərk edib, bu yerlərdən uzaqlaşmağa can atırlar, yuvalarına girməkdən imtina edirlər, o cümlədən:
— Ev heyvanları dəli kimi ora-bura vurnuxur, səbəbsiz olaraq həyəcan səsini aləmə yayır, qəzəblərini bir-birinin üstünə töküb bir-biri ilə vuruşur, yuvasına girməkdən imtina edir, sanki, yaxınlıqda canavar varmış kimi, narahatlıq və həyəcan içərisində səhərə qədər yatmırlar;
— Ev quşları həyəcan və narahatlıq içərisində qışqırışır, öz hinlərinə qayıtmaqdan imtina edir, uçub həyətdə ən hündür nə varsa onun üstünə qonurlar (məs., hündür çəpərin, divarın, damın və b. üstünə qalxırlar).
— Yer altında yaşayan bütün heyvanlar, o cümlədən, ilanlar, qarışqalar, siçanlar, porsuqlar və b. hətta qışın şaxtalı vaxtı da olsa, yerin üstünə çıxır və ətraf insanla dolu olsa da, onlara fikir vermədən aralarından keçərək bu yerlərdən uzaqlaşırlar;
— Quşlar maksimum yüksəklikdən uçur və ya ümumiyyətcə, buraları tərk edirlər;
— Balıqlar başqa yerə miqrasiya edir, akvarium balıqları fasiləsiz, narahatlıqla akvariumun içində vurnuxur, az qala akvariumdan çıxmaq istəyir, dəniz və okeanların ən dərin qatlarında yaşayan balıqlar səthə çıxır, bəzən balıqlar oriyentasiyalarını itirərək, böyük dəstə ilə özlərini sahilə atıb ölürlər (Yəni dənizdə tora əcaib heyvan düşübsə, deməli, yaxın vaxtlarda buralarda zəlzələ gözlənilir);
— Heyvanlar aclıq «elan» edirlər (yəni hansısa gün tələyə nəsə bir heyvan və ya quş düşübsə, deməli, həmin gün zəlzələ ehtimalı yoxdur); və s11.
Deyilən bütün simptomlar bilavasitə zəlzələ episentrinin 10-50 km.-liyində müşahidə oluna bilən effektlərdir və məsafəyə proporsional olaraq bu «indikatorların» xəta faizi artır.
IV.2.3.2.6.7.Genetik silahlar
Genetikanın nailiyyətlərinin hərb sferasına tətbiqindən ibarət vasitələr toplumudur. Son dövrlərə qədər bu sahədə ən perspektivli xətt kimi genetik seleksiya prinsipi aktual idi. İnsanın genetik kodunun (genomun) deşifrəsi, insan embrionlarının klonlaşdırılmasının, canlıların transgen dublikatının yaradıla bilməsinin mümkünlüyü və s. kimi kəşflərlə bu sahədəki bütün digər axtarışlar da, arxa plana keçdi və dərhal da kəşfin hərb sferasında tətbiq yerləri araşdırılmağa başlandı. Ümumi olaraq, bu kəşfin hal-hazırda hərbi sahələrdə tətbiqinin, əsasən aşağıdakı istiqamətləri xüsusi diqqət mərkəzindədir:
1) Rəqib əhali və əsgərlərinin beyninə yad lozunqları, baxışları, ideologiyaları onların genetik kodunun transformasiyası vasitəsilə yeritmək;
2) Fiziki güc, dözümlülük, regenerasiya və çeviklik parametrlərinə görə adi insanı qat-qat üstələyən süni insanlar (biorobotlar, androidlər, kiberlər, transgen mutantlar və s.) və ya digər tip canlılar yaradıb orduları onlardan təşkil etmək, yaxud hansısa formadasa hərbi məqsədlər üçün onlardan istifadə etmək;
3) Təhlükəli profillər (məs., yanğınsöndürmə, minaaxtarma, kamikadzelik və s.) üzrə istifadə etmək üçün infantil (dərrakəsiz) mutantlar (zombilər, manqurtlar...) yetişdirmək;
4) Beyninin adi insanlar üçün passiv olan qatları oyandırılmış bu cür mutantlar yaratmaqla, bir sıra sub- və ekstra- sensor effektlər əldə etmək, o cümlədən: telepatiya, telekinez, teleportasiya və s. kimi qabiliyyətlər. Bunlardansa, müvafiq əməliyyatların (məs., kəşfiyyatın və ya təxribatın) effektini artırmaq məqsədilə istifadə etmək və analoji funksiyaya xidmət edən bir sıra bahalı cihazlara (məs., radarlara, gizli qulaqasma qurğularına...) və ya əməliyyatlara qənaət etmək;
5) Xüsusi profillər üzrə istifadə etmək üçün intellektlərinin fərqli sferası hiperinkişaf etdirilmiş mutantlar yetişdirmək;
6) 4 və 5-ci bəndlərdə izah edilən tipli hiperhissiyyatlı və (ya) hiperintellektli mutantları fərqli formada komplektləşdirərək, fərqli proqram rejimində düşünə bilən «biokompüterlər» şəbəkəsi yaratmaq ki, kompüterlərin belə həll edə bilmədiyi bir sıra problemləri onların qrup təfəkkürü vasitəsilə həll edə bilmək;
7) Liderləri təhlükəli məqamda onların dublikatları arasında it-bata salmaq;
8) Rəqib liderlərinin dublikatı vasitəsilə rəqib cəbhəsinə yalançı əmrlər, göstərişlər vermək;
9) Rəqib cəbhəsində onların liderinin və ya adi adamların dublikatlarını yaymaqla, onların hamısını çaş-baş salmağa, hamının bir-birindən şübhələnməsinə, son olaraq rəqib cəbhəsinin dezoriyentasiya olunaraq, iflic vəziyyətinə düşməsinə nail olmaq; və s.
IV.2.3.2.6.8.Zoo – silahlar
Bugünkü hərbiyyədə istifadə edilən qeyri-ənənəvi döyüş vasitələrindən daha bir qrupunu – təlim görmüş döyüş heyvanları təşkil edir. Bu kateqoriyadan itlərin fəaliyyəti nisbətən məşhurdur. Lakin bu, yalnız primitiv nümunədir. Belə ki, müasir hərbiyyədə heyvanlardan olduqca geniş spektrli funksiyalarda istifadə olunur, o cümlədən:
İtlərdən (Qarabağda istifadə oluna bilər):
— Minaları tapmaq və zərərsizləşdirmək üçün;
— Düşmən kəşfiyyatını tapmaq və zərərsizləşdirmək üçün;
— Sərhədi keçərək lazımi yerlərə mina, elektron müşahidə qurğusu, kəşfiyyat aləti, düşmənin diqqətini yayındıran müxtəlif predmetlər (məs., arxadan hücum təsəvvürü yaratmaq üçün atışma səsi yazılmış maqnitofon) və s. nəql etmək üçün;
... və s. funksiyalarında.
Delfinlərdən (Xəzər hövzəsində istifadə oluna bilər):
— Sualtı minaları tapmaq və zərərsizləşdirmək üçün;
— Sualtı qayıqları aşkar etmək və onlara maqnitli minalar yapışdırmaq üçün;
— Üzərinə bərkidilmiş xüsusi telequrğu vasitəsilə məsafədən sualtı məkana nəzarət etmək və ya sualtı kəşfiyyat aparmaq üçün;
... və s. funksiyalarında.
IV.2.3.2.6.9.«Humanist» adlandırılan müasir bəzi silah növləri
Müasir dövrdə ayrı-ayrı dövlətlərin hərbi arsenalı «humanist silahlar» adlandırılan vasitələrlə zənginləşmək üzrədir ki, bu kateqoriyadan olan kimyəvi vasitələrə qismən aiddir:
— Dəmir texnika və körpüləri əridən – fövqəlhəlledici turşular;
— Yollara səpilərək asfaltı və avtomobillərin şinlərini əridən – fövqələridici tozlar;
— Təyyarələrin uçuş zolağına səpilərək onu sıradan çıxaran – fövqəlyapışqan; dəmir yollarına səpilərək onu sıradan çıxaran – fövqəlsürüşkən polimerlər;
— Benzin çənlərinə səpilərək yanacağı jeleyə çevirən – fövqəlkatalizatorlar;
— İnsan və texnikanı yerində dondurub saxlamaq məqsədinə xidmət edən – tezdonan köpüklər... Və s...
Dostları ilə paylaş: |