Cabbar Məmmədov Diplomatik psixologiya (Siyasi, ideoloji və psixoloji diversiya və anti-diversiyaların metodları)



Yüklə 3.67 Mb.
səhifə28/34
tarix28.11.2016
ölçüsü3.67 Mb.
1   ...   24   25   26   27   28   29   30   31   ...   34

V.4.Qüvvələr (şəxsiyyətlər, dövlətlər...) əleyhinə fəaliyyətlər


«Qaliblər mühakimə olunmurlar»

Makiavelli.

Bir sözlə, ayrı-ayrı qüvvələrin, liderlərin, şəxsiyyətlərin «dəyərlər şkalası»ndakı yeri ilə manipulyasiya metodları barədə:

V.4.1) Rəqibin əleyhinə olan hər bir element axtarılıb tapılır dəstəklənir (bax: «Müsbət sanksiyalar» bölümünə [burada, səh. 80]).



Bu tipli elementlər kateqoriyasına qismən aid ola bilər:

Rəqibin əleyhinə olan qruplar, şəxslər, qüvvələr, partiyalar, qurumlar, fraksiyalar...;

Onun özünü, şəxsiyyətini, qabiliyyətini, imkanlarını, işlərini, əsərlərini, fəaliyyətini, planını, baxışlarını, unikal cəhətlərini, perspektivini və s. tənə, təhqir, gülüş, rişxənd, məsxərə obyektinə çevirən lətifələr, karikaturalar, parodiyalar, felyetonlar, jarjlar, həqarətamiz epitetlər, yarlıqlar, əhvalatlar, həqarətli münasibətlər...;

Onun özünün, şəxsiyyətinin, qabiliyyətinin, imkanlarının, işlərinin, əsərlərinin, fəaliyyətinin, planının, baxışlarının, unikal cəhətlərinin, perspektivinin və s. əleyhinə olan mənfi rəylər, aşağı fikirlər (ələlxüsus avtoritetli şəxslərin, təbliğat hədəfi olan tərəflərin özlərinin cəbhəsindən olan ayrı-ayrı şəxslərin, eləcə də, müxtəlif neytral tərəflərin, məs., müxtəlif qəzetlərin, agentliklərin, sadə adamların, keçmiş yoldaşlarının və b.), bunları tənqid edən nəzəriyyələr, nəzəri, analitik yazılar, provakasion məzmunlu materiallar, əleyhinə olan layihələr, ideyalar, konsepsiyalar, platformalar, proqramlar, standartlar, yad ideologiyalar, planlar, nəzəriyyələr, prinsiplər...;

əleyhinə olan fəaliyyətlər, hərəkatlar, sosial yoluxucu xarakterli tədbirlər (məs., mitinq, kompaniya, etiraz aksiyası, təxribat, kütləvi tədbirlər və s.), aksiyalar, hər bir qığılcım, hər bir cücərti, kiçicik belə narazılıq, etiraz...;

Bu kateqoriyadan olan hər bir qüvvə axtarılıb tapılır dəstəklənir, müdafiə edilir, güclənməsinə çalışılır (bax: «Müsbət sanksiyalar» bölümünə [burada, səh. 80]), bu qəbildən olan şəxslərə öz mövqelərini geniş ifadə edə bilmələri, və ya bu istiqamətdə fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılır, bu kateqoriyadan olan hər bir aksiyanın yaranması, yaradılması, yayılması, güclənməsi, intişar tapması hər vasitə ilə stimullaşdırılır, təşkil edilir. Yaxud heç olmazsa, olanların olduğu səviyyədə imkan qədər daha uzun müddət qalmasına hər vasitə ilə yardım göstərilir ki, psixi eskalasiya, sirayət, «domino effekti» və yaxud «zəncir reaksiyası» törədə bilən mənfi sosial enerji, psixi epidemiya mənbəyi kimi daha çox fəaliyyət göstərib, daha çox adamı yoluxdura bilsin, daha çox adamın davranış və düşüncəsinə, «ustanovka»larına, stereotiplərinə, dünyagörüşlərinə, inamlarına, baxışlarına və s. transformativ təsir göstərsin, cəmiyyətdə müvafiq sindrom halını ala bilsin.

Siyasətdə dost yoxdur. Siyasətdə mənafe, və bir də mənafe uğrunda olan qruplaşmalar mövcuddur. Siyasətə əqidə birliyi kimi baxanlar fanatlardırlar... Baxmayaraq ki, rəqibinizin həmin rəqibləri sizin özünüzə də, düşmən ola bilər, onlarla sair məsələlərlə bağlı aranızda fikir və ya maraq ayrılığı, fərqi, ziddiyyətləri ola bilər, bununla belə, bu məqamda olan ümumi məqsəd sizi haradasa ortaq məxrəcə gətirib müəyyən çərçivədə müttəfiqə çevirir. Bu baxımdan, istənilən halda rəqibinizə qarşı onun hər bir addımı sizin maraqlarınız çərçivəsindədir və buna görə də, onun bu istiqamətdəki hər bir fəaliyyətinə dəstəyiniz məqsəd uğrunda mübarizənizin tərkib elementidir.

Adi məişət səviyyəsində – birisinə acıq vermək üçün onun rəqiblərinə nümayişkaranə şəkildə hörmətcil münasibət göstərilməsi, gənclərin öz sevgililərini əldən çıxmaq anında qısqandırıb geri qaytarmaq üçün dərhal onun rəfiqəsi (dostu) ilə yalançı məhəbbət məcarası qurması; Partiyalar səviyyəsində – rəqib partiyası daxilindəki hansısa qruplaşmalar, liderlik iddiasında olan şəxslər, liderlə arasında hansısa narazılıq olanlar, ümumi siyasətlə, ümumi məqsədin, kursun həyata keçirilməsi vasitəsilə, hansısa konkret situasiyadakı qərarla, addımla və s. razılaşmayanların tapılıb dəstəklənməsi, hər vasitə ilə onların partiya daxilindəki populyarlığının artmasına və bununla da bir tərəfdən partiyadaxili problemin böyüməsinə, digər tərəfdən, həmin qütblərin liderlə qarşı-qarşıya dura biləcək dərəcədə güclənməsinə, sosial baza yığmasına çalışılması; rəqib partiyanın rəqibi olan partiyalarla, şəxslərlə, rəsmi və ya qeyri-rəsmi şəkildə ittifaqa girilməsi, ümumi rəqibə qarşı olan fəaliyyətlərinin koordinasiya etmələri və öz aralarında bir-birinə qarşı olan fəaliyyətlərinin müvəqqəti və ya daimi olaraq tam və ya qismən dondurulması ilə bağlı müəyyən razılığa gəlinməsi və b. bu sıradan birinciyə aid olan fəndlərdəndir;



Konkret olaraq hansısa dövlətə bu tipli təzyiq variantlarında:

SÜLH VAXTI:

Daxildərəqib dövlətin əleyhdarı olan dövlətlər, əleyhinə olan şəxslər, qüvvələr, qurumlar, siyasi mühacirlər, dissidentlər və b. bu kateqoriyadandır:

Xaricdəqib bhəsi daxilin nihilist, pasifist, rəqib dövlətinin hakimiyyətinə müxalif və ya sizə simpatiyalı, yaxud sizinlə hər hansı formadasa ilişgili olan siyasi, hüquqi, iqtisadi, ictimai, ideoloji, humanitar, kriminal və s. qurumlar, korporasiyalar, partiyalar, seqmentlər (yəni etnik, dini, əxlaqi və s. azlıqlar), diasporalar, hərəkatlar, şəxslər, konsepsiyalar, əhval-ruhiyyələr; sair hər növ əleyhdarı, o cümlədən, konkret situasiya ilə bağlı onunla yolu haçalanmış, fikri üst-üstə düşməyən və s. hər bir əleyhdarı axtarılıb tapılır, dəstəklənir; kriminal dünyası ilə əlaqə qurulur, bunlar hər vasitə ilə dəstəklənir, müdafiə edilir (bax: «Müsbət sanksiyalar» bölümünə [burada, səh. 80]), kriminogen durumu hər vasitə ilə gərginləşdirilir (heç olmazsa, əhalisi arasında odlu silahın sayının artmasını təşkil etmək yolu ilə);

MÜHARİBə ZAMANI :

Orduda – yeni formalaşmış və ya ehtiyatda olan hissələrin hərbi xidmətçiləri; mühasirəyə düşmüş hərbi xidmətçilər; hərbi əməliyyatlar zamanı böyük itki vermiş hissələrin şəxsi heyəti; hökumətin siyasi kursundan və ölkəni müharibəyə gətirib çıxarmasından narazı olan hərbi xidmətçilər; başqaları ilə müqayisədə nisbətən pis maddi-məişət təchizatı olan hissələrin hərbi xidmətçiləri; aralarında sosial, milli, dini və s. konfliktlərin qeydə alındığı bölmələr; rəqibin milli azlıqdan olan əsgər və zabitləri (Müharibədə psixoloji metodların konkret tətbiqi ilə əlaqədar əlavə olaraq bax: burada, səhifə 53, 53, 53, 53, 53, 53-53, 53, 53 və s.-ə);

Mülki vətəndaşlar arasında – özünün hüquqi, iqtisadi, sosial vəziyyətindən narazı olan qruplar, klanlar, təbəqələr, o cümlədən, vəzifəsindən getdiyinə görə incik qalanlar; əsgər anaları cəmiyyətləri, pasifistlər, nihilistlər, bir sıra dini qruplar və b. rəqibin normal müharibə apara bilmək işinə daim mane ola bilən potensial qüvvələrdir və aşkarlanıb dəstəklənməlidir. əksinə, sizin öz cəbhənizdə həmin kateqoriyadan olan qüvvələr, sizə əleyhdar olan istənilən dövlət, istər rəqib cəbhəsində və istərsə də xaricdə yüksək rütbəli hərbi personlar, silah istehsalı və satışı ilə məşğul olan tərəflər və b. sizin qələbənizə mane ola biləsi potensial tərəflərdir ki, bütün hallarda onların bu müharibə ilə əlaqələrini nəzarətdə saxlamağa çalışmalı.

Kitabın ümumi qayəsindən və Azərbaycanın düşdüyü hazırkı vəziyyətdən irəli gələrək rəqib dövlətə qarşı fəaliyyət barədə nisbətən ətraflı:

V.4.1.a) Rəqib dövlətin əleyhdarı olan dövlətlər axtarılıb tapılır, dəstəklənir, müdafiə edilir (bax: «Müsbət sanksiyalar» bölümünə [burada, səh. 80]).

1998-ci ildə Türkiyəyə qarşı onun üç əsas rəqibi olan Suriya, Ermənistan və Yunanıstan birləşib alyans yaratdıqdan sonra, Türkiyə onların hər üçünə rəqib olan bir dövlət tapıb, onlara qarşı onunla hərbi və digər sahələrdə ittifaq bağladı ki, bu da İzrail dövləti idi;

Baxmayaraq ki, İkinci Dünya Müharibəsi dövründə ABŞ və SSRİ rəsmi müttəfiq idilər, bununla belə ABŞ-ın Yaponiya cəbhəsindəki qələbəsini çətinləşdirmək və itkilərini artırmaq məqsədilə, SSRİ mütəmadi olaraq ABŞ-ın planları barədə Yaponiyaya gizli informasiyalar ötürürmüş («LIDER» t/v. 13.10.2000).



ABŞ-ın İkinci Dünya Müharibəsinə qədər – Almaniyanı, müharibə ərəfəsində – onun düşməni olan SSRİ-ni, müharibədən sonra isə – SSRİ-nin rəqib və düşməni olan dövlətləri (məs., onunla türk xalqlarına görə ədavəti olan – Türkiyəni, Şimali Azərbaycana görə ədavəti olan – İranı, Şimali Koreyaya görə ədavəti olan – Cənubi Koreyanı, Şərqi Almaniyaya görə ədavəti olan – Qərbi Almaniyanı və b.) dəstəkləməsi bu qəbildəndir (hansında ki, bu birinci halda – o vaxtkı dünyanın ən aparıcı dövlətlərinin cəmləşdiyi Avropaya daxili iğtişaş salıb, ABŞ-ın əsas rəqiblərini (o cümlədən, SSRİ-ni) neytrallaşdırmaq, zəiflətmək, sıradan çıxarmaq; ikinci halda – burada o dövrün iki hegemon derjavasının (Almaniya və SSRİ-nin) bir-birini kifayət qədər gücdən salmasından sonra, pis və ən pis arasında seçim edib, perspektivdə daha təhlükəli ola biləcək Almaniyanı oyundan çıxarmaq (ələlxüsus da ki, bu müharibədə SSRİ-nin başlıca rəqibləri olan Almaniya, İtaliya və Yaponiya Latın Amerikasında ABŞ-ın geosiyasi zəmində rəqibləri idi); Və nəhayət, üçüncü halda – rinqdə ABŞ-la təkbətək qalmış və bu tutaşmadan sonra özünü çətinliklə ayaq üstə saxlayan digər derjavanı (SSRİ-ni) yer-yerdən kiçicik qəlpələrlə didib-parçalayaraq zəiflətmək, son olaraq çökdürmək strategiyası güdülürdü (yeri gəlmişkən, bir zamanlar Türkiyənin sıçrayışla irəliləyərək Avropa və NATO-nun ən qabaqcıl dövlətləri arasına çıxmasının, sürətlə çiçəklənməsinin, dəfələrlə Avropa Şurasına üzvlüyə dəvət edilməsinin, bugünkü gündə isə bu möcüzələrdən heç bir əsər-əlamət qalmayıb, hər vəchlə geriləməsinin və hamı tərəfindən unudulmasının, təklənməsinin başlıca səbəbi də budur. Belə ki, o zaman o, SSRİ ilə birbaşa sərhədi olan yeganə NATO dövləti idi və SSRİ ilə antoqonist münasibəti, bu imperiyada türk xalqlarının «əsarətinin» davam etdiyi müddətə qədər sığortalanmışdı. Bu isə, «ağırlıq mərkəzi» kimi ABŞ və Qərbi Avropadan hər il ona axan milyardlarla dollar «geosiyasi dividentlər» demək idi. SSRİ-nin dağılması ilə «bağda ərik və onunla birlikdə salam-əleyküm də başa çatdı» və Türkiyənin «dəyərlər şkalasındakı» ali yeri bölgədə SSRİ ilə birbaşa sərhədi olan bir başqa geosiyasi cəhətdən uğurlu dövlətə keçdi ki, bu da, Gürcüstan oldu. O səbəbə görə ki, Gürcüstan (1) kiçik olduğundan nisbətən daha az məsrəf («divident») tələb edir, (2) bölgədə ən hündür strateji mövqeyə malikdir, (3) azsaylı xalqdan (və deməli, azsaylı xarici diasporalardan) təşkil olunduğundan və zəif iqtisadiyyata malik olduğundan, Qərblə siyasi və iqtisadi inteqrasiyaya (və deməli, ondan birtərəfli asılılığa) daha çox meyllidir; (4) Stalin faktoru səbəbindən Gürcüstanla Rusiya arasında real və ya potensial ədavət yaşamaqdadır; (5) Xaçpərəstdir. ələlxüsus da ki, deyilən məsələlərdə Rusiya burada Qərblə rəqabətə girə biləsi iqtidarda deyil.

Deyilən metodla kiçik dövlətlərin böyük dövlətlərə təzyiq göstərdiyi hal üçün, bu məqsədlə öz xarici iqtisadi, siyasi, hərbi və s. kursunun ondan onun rəqibinə doğru dəyişdirilməsi hədəsi, jesti və ya addımından istifadə edilir.

Məsələn, Azərbaycanın Avropa Şurasına qəbul olunması faktının mexanizmi bu siyasətə nümunələrdəndir. Azərbaycanın indiyə qədər kimsəsiz bir vəziyyətdə olub, imdad diləyəcəyi bir kəsinin olmayacağını görən Qərb, indiyəcən onunla yalnız təzyiqlər dilində danışıb, gündə bir şeyi bəhanə edərək onu özündən uzaqlaşdırdığı, ona şərtlər diqtə etdiyi halda, Rusiyada hakimiyyət dəyişikliyi olması ilə burada vəziyyətin 180 dəyişdiyini və bundan dərhal sonra da, Azərbaycanın onunla öz münasibətlərini sürətlə isitməyə başladığını gördükdən sonra, həmin Qərb artıq Azərbaycan kimi geosiyasi və geo-iqtisadi əhəmiyyətli bir yağlı tikənin əldən çıxmaq və ya rəqib cəbhəsini genişləndirmək təhlükəsinin reallığını aydın hiss etməyə başladı. Nəticəsi isə hamıya yaxşı məlumdur: Dünənə qədər Qərbin gözündə barbar, qeyri-sivil, qeyri-demokratik bir əyalət kimi görünən Azərbaycan, birdən-birə onun nəzərlərində Türkiyə (hansını ki, həmin AŞ hələ bir neçə on il əvvəl öz standartlarına tam uyğun bilib özünə daxil etmək üçün hətta minnət edirdi) və digər bu kimi səksən, yüz illik demokratiya təcrübəsi olan sivil dövlətlərdən daha çox Avropa standartlarına cavab verəcək səviyyədə demokratik, sivil və s. bir dövlət kimi göründü və o, heç bir şərt qoyulmadan tələm-tələsik Avropa Şurasına tam hüquqlu üzv qəbul edildi (!!??).

V.4.1.b) Xaricdə əleyhinə olan hər bir şəxs, hər bir qüvvə, hər bir qurum, hər bir siyasi mühacir axtarılıb tapılır, dəstəklənir, müdafiə edilir (bax: «Müsbət sanksiyalar» bölümünə [burada, səh. 80]). Rəqib dövlətin əleyhdarı olan dövlətlər, əleyhinə olan şəxslər, qüvvələr, qurumlar, siyasi mühacirlər, dissidentlər və b. bu kateqoriyadandır:

Nümunə üçün, məs., Azərbaycana qarşı ABŞ-ın – R.Quliyevdən, Rusiyanın – A.Mütəllibovdan, İranın – M.Cavadovdan istifadə taktikası bu qəbildəndir. Digər bütün dövlətlərin də ehtiyatında bir başqalarına qarşı «dar gündə» istifadə edə bilmək üçün bu kateqoriyadan olan «kozır»lar yetərincədir. Məs., S.Rüşdi, bin-Laden və b. bu kateqoriyadan olan şəxslərin nisbətən məşhurlarındandır. İstifadə instruksiyası isə sadədir: lazımi məqamda həmin ölkədə həmin şəxsin populyarlığını artırmaq tədbirləri həyata keçirməklə, orada ona müəyyən sosial baza yaradılır və bununla da «ictimai rəy» balansında müəyyən yer və deməli, ölkənin ictimai-siyasi konyunkturasında müəyyən «səs» faizi ələ keçirilir;



V.4.1.c) Daxildə etnik, dini, sinfi, siyasi, ideoloji və s. müxalifəti axtarılıb tapılır, dəstəklənir, müdafiə edilir (bax: «Müsbət sanksiyalar» bölümünə [burada, səh. 80]). O cümlədən, rəqib cəbhəsi daxilində nihilist, pasifist, rəqib dövlətinin hakimiyyətinə müxalif və ya sizə simpatiyalı, yaxud sizinlə hər hansı formadasa ilişgili olan siyasi, hüquqi, iqtisadi, ictimai, ideoloji, humanitar, kriminal və s. qurumlar, korporasiyalar, partiyalar, seqmentlər (yəni etnik, dini, əxlaqi və s. azlıqlar), diasporalar, hərəkatlar, şəxslər, konsepsiyalar, əhval-ruhiyyələr; sair hər növ əleyhdarı, o cümlədən, konkret situasiya ilə bağlı onunla yolu haçalanmış, fikri üst-üstə düşməyən və s. hər bir əleyhdarı axtarılıb tapılır, dəstəklənir; kriminal dünyası ilə əlaqə qurulur, bunlar hər vasitə ilə dəstəklənir, müdafiə edilir (bax: «Müsbət sanksiyalar» bölümünə [burada, səh. 80]), kriminogen durumu hər vasitə ilə gərginləşdirilir (heç olmazsa, əhalisi arasında odlu silahın sayının artmasını təşkil etmək yolu ilə);

Məsələ ilə bağlı, 80-ci illərdə ABŞ MKİ-sində (ÜRU-da) yüksək vəzifədə çalışmış bir zabitin açıqlaması (B., «LIDER» t/v-nin 13.10.2000 tarixli verilişindən götürülüb. Açıqlama əfqanıstan münaqişəsi barədə olsa da, eyni mexanizmli olduğundan, analoji halların hamısı üçün qüvvədədir):

«– Biz əfqanıstana birbaşa hərbi kontingent göndərmədik. Bu, bizim açıq şəkildə SSRİ ilə konfrontasiyaya girməyimiz demək olardı. əvəzində isə, biz belə məqamda maksimum anonimliyi və effekti təmin edən digər üsuldan istifadə etdik. Biz müqavimət göstərən kiçik qruplara yüksək hərbi hazırlıq keçib onları maliyyə, ideologiya, texnika, silah-sursat, kəşfiyyat materialları və s.-lə təchiz etməklə, SSRİ-nin, faktik olaraq, 18 yaşlı təcrübəsiz gənclərindən ibarət məcburi ordu sistemini, yaxşı mükafatlandırılan, yaxşı hərbi təlim keçmiş və yaxşı silahlandırılan professional, çevik partizan dəstələri ilə üzbəüz qoyduq. Mücahidlər, Pakistan və hətta Avropanın bəzi NATO üzvü dövlətlərində bu məqsədlə xüsusi yaradılmış təlim bazalarına gətirilərək, burada onlara NATO-nun yüksək ixtisaslı mütəxəssisləri tərəfindən təlim keçirilir və dərhal da geriyə qaytarılırdılar. Senat bu müharibə ilə bağlı hərbiyyənin büdcəsini bir neçə dəfə müzakirə edərək artırmışdı. Texniki, ideoloji və s. yardımlardan əlavə edilən maddi yardımlar, müxtəlif islam ölkələrinin və ya qurumlarının xətti ilə həyata keçirilirdi ki, şübhə oyatmasın. Döyüşdə kifayət qədər xarici muzdlu zabit və əsgərlərdən də istifadə olunurdu ki, bunlar, əfqanlardan fərqlənməsin deyə, əsasən Yaxın Şərqdən seçilirdi və «İslamın müdafiəsinə qalxan müsəlman könüllüləri» kimi təqdim edilirdi. Bu dəstələrin istifadə etdikləri silahları elə Sovet qoşunlarının özündən ələ keçirdikləri görüntüsünü yaratmaq məqsədilə, Pakistan və bir sıra Avropa ölkələrində, tamamilə SSRİ silahlarının analoqunu buraxan silah zavodları quraşdırmışdıq. «Bi-Bi-Si» və «Azad əfqanıstan» radiostansiyaları əfqan mücahidlərinin və onların liderlərinin şöhrətini dünyaya yayaraq, bir tərəfdən – onları fasiləsiz qələbələrə ruhlandırır, digər tərəfdən – sovet qoşunlarında onlara qarşı daim bir xof formalaşdırır, üçüncü tərəfdən – dünya ictimaiyyətinin nəzərində Sovet Ordusunun qüdrətliliyi mifini dağıdıb, onların nəzərində onun cılızlaşmasını təmin edirdi. Senat bu müharibə üçün tələb olunan pula, faktik olaraq, məhdudiyyət qoymurdu.

Bu müharibə ilə bağlı hər hansı gizli informasiyaları, o cümlədən, buradakı ayrı-ayrı qoşun birləşmələrinin sayı, yeri, vəzifəsi, tərkibi, döyüş qabiliyyəti, hücumların vaxtı, istiqaməti, niyyəti, planı və s. barədəki kiçicik belə məlumatları ələ keçirib dərhal bizə çatdırmaq işi Kremldəki və ümumiyyətcə, hərb sferasının bütün eşelonlarındakı kəşfiyyatçılarımıza bir nömrəli vəzifə kimi tapşırmışdıq. Kosmosa burada yüksək səviyyədə kəşfiyyat apara bilməyə imkan verən xüsusi peyk qaldırmışdıq. Döyüşçüləri stimullaşdırmaq və əhalidə Sovet qoşunlarına qarşı bir nifrət, xof, düşmənçilik əhval-ruhiyyəsi formalaşdırmaq üçün müxtəlif əfqan xalqlarının dilində sutkada 300 saatdan çox xüsusi tərtib olunmuş radio verilişləri yayımlanırdı. Döyüş planları NATO-nun ən ali pillələrində xüsusi diqqətlə hazırlanırdı. Bütün bunların nəticəsi idi ki, birbaşa iştirak etmədiyimiz halda bu müharibənin SSRİ-yə tarixdə görünməmiş bir qiymətə – 70 milyard dollara başa gəlməsinə nail olduq. Ondan sonra SSRİ demək olar ki, bir də özünü ayağa qaldıra bilmədi və tezliklə süqut etdi».

Bütün bunların zəruri nəticəsi idi ki, dünənə qədər dünyanın ən geridə qalmış millətlərindən biri kimi tanınan əfqanlar bundan sonra dünyada ən mübariz döyüşçülər kimi tanındılar (Maraqlıdır, görəsən, Qarabağda erməni meyitləri arasında bizim dəfələrlə tapdığımız çoxsaylı zənci (və sair əcnəbi) «boevikləri»nin meyitləri oraya Bakı neftini və zəngin Azərbaycanın digər məziyyətlərini ələ keçirmək istəyən dövlətlərdən hansının xətti (gizli kanalı) ilə gəlib düşürmüş? – müəll.).

Həmin zabitin eyni verilişdə Macarıstan-1956 qiyamında ABŞ-ın iştirakı barəsindəki açıqlamaları:



«– Macarıstan məsələsi, ərazinin, əhalinin və silahların demək olar ki, tam şəkildə SSRİ-nin nəzarəti altında olması səbəbindən, əfqanıstan məsələsi ilə qətiyyən oxşar deyildi. Buna görə də, bizim buradakı fəaliyyətimiz yalnız onları ideoloji silahla mükəmməl silahlandırmaq çərçivəsi ilə məhdudlaşırdı. Bunun üçün biz ilkin olaraq həbsdən yayına bilmiş liderlərlə əlaqə yaradıb, onları müvafiq fəaliyyət proqramları, ayrı-ayrı qrupları isə çap maşınları ilə təchiz etməyi qarşımıza məqsəd qoyduq. Birinci məqsədi buraya ezam edilmiş xüsusi təyinatlı jurnalistlər, turistlər və iş adamları vasitəsilə həyata keçirdik (hansı ki, özlüyündə bunlar həmin ixtisaslarından savayı, həm də NATO idarələrinin gizli ştat işçiləri idi). Çap maşınlarınısa onlara ABŞ həmkarlar ittifaqının «qardaş macarlara yardımı» kimi çatdırdıq. Bütün bunların nəticəsində, onlar bunun MKİ-nin (ÜRU-nun) planı və yardımı olmasını axıra qədər ağıllarına belə gətirmədilər».

Bizimkilərsə elə bilir ki, Çeçenlər orada öz hesablarına qan-qan edirdilər və onlarla müqayisədə azərbaycanlılar ortada qalmış bir millətdirlər. Hansı ki, Çeçenstanın heç bir iqtisadiyyatı olmaya-olmaya belə böyük vəsait tələb edən oyunu necə oynaması, döyüşü yaxşı ödənilən professional muzdlularla aparıb, heç vaxt silah və sursat baxımından çətinlik çəkməməsi, professional muzdlulara ətək-ətək valyutanı hansı hesabdan xərcləməsi, texnikanı, silahı, sursatı, ərzağı hansı pulla alması və b. heç kimi maraqlandırmır. Hansı ki, kəşfiyyatı – Rusiyaya əleyh olan dövlətlərin kosmosdakı neçə-neçə peykləri, Kremldəki bütün kəşfiyyatçı personları vasitəsilə aparılıb, planı Qərbin ən yüksək çinli generalları tərəfindən hazırlanan, realizəsi – həmin dövlətlərin özünün buraya çamadan-çamadan axan valyutası hesabına həyata keçirilən və beynəlxalq arenada onların nəhəng ideoloji maşını tərəfindən dəstəklənən, bəraətləndirilən bu müharibə ilə müqayisədə Azərbaycan bütün bunları öz hesabına həyata keçirirdi. Atasının baş daşını son səngər edib, və b. Azərbaycan oğullarının faciəsinə, qəhrəmanlıqlarına isə bu müharibənin birbaşa iştirakçısı kimi şəxsən biz şahidik.

V.4.1.d) Daxili kriminal dünyası ilə əlaqə qurulur, bunlar hər vasitə ilə dəstəklənir, müdafiə edilir (bax: «Müsbət sanksiyalar» bölümünə [burada, səh. 80]), kriminogen durumu hər vasitə ilə gərginləşdirilir (heç olmazsa, əhalisi arasında odlu silahın sayının artmasını təşkil etmək yolu ilə).

Nümunə üçün, məs., ekspertlərin qeyd etdiyinə görə ABŞ-da o zaman mövcud olmuş ən avtoritetli cinayətkar və ya terrorist qruplar bu və ya digər formada o zamankı SSRİ ilə əlaqədar imiş. DTK (KQB) müxtəlif kanallarla onları mütəmadi olaraq özünün əldə etdiyi kəşfiyyat materialları, biznes sirləri, texnika, plan və s.-lə təchiz edirmiş. Məs., ABŞ təhlükəsizlik orqanları əməliyyatlardan birində narkomafiyanın ağlasığmayan bir texnikasını ələ keçirməyə müvəffəq olmuşdu ki, bu da Rusiyada istehsal olunmuş həqiqi hərbi sualtı qayıq imiş. Narkomafiya onun vasitəsilə çox asanlıqla Kolumbiyadan ABŞ-a neçə müddətdir narkotika daşıyaraq amerikanlıları ağ ölümlə zəhərləyir və FTB-nin neçə-neçə əməliyyatlara əbəs valyuta israf etməsinə səbəb olurmuş.

Türkiyəyə son dövrlərə qədər sağalmaz yaralar vuran KFP-nın (PKK-nın) və Türkiyədə bu qəbildən olan digər terrorist qrupların Türkiyənin o vaxt ən qatı düşmənlərindən olan SSRİ tərəfindən yaradılması və dəstəklənməsi barədə isə son dövr mətbuatında çox yazılıb.

Bundan əlavə, ABŞ FTB-sinin (FBR-in) hansısa formada Rusiyadakı mafiyalarla gizli əlaqəsi barədə isə ələlxüsus Rusiya mətbuatında son vaxtlar bir sıra materiallar dərc olunub.



(Sabitliyinin taleyi tükdən asılı olan Ermənistanın kriminal dünyasını gücləndirən gizli aksiyaların həyata keçirilməsi, onun üçün heç də ucuz başa gəlməməlidir);

V.4.1.e) əleyhinə olan təbii, ekoloji faktorlar axtarılıb tapılır, dəstəklənir.

Körfəz müharibəsi dövründə bombardımanın nəticəsi kimi təqdim edərək, İrak Küveytin neft ehtiyatlarının bir qisminə od vurmaq, digər qismini isə körfəz sularına axıtmaqla bölgədə ciddi ekoloji böhran vəziyyəti formalaşdırdı; 2000-ci ildə isə dünya bazarlarında neftin qiymətinin kəskin bahalaşdığı ərəfədə, bu qiyməti stabilləşdirməklə bağlı Qərbin (ələlxüsus ABŞ-ın) hər bir tədbirinə qarşı İrak özünün neft ixracını dayandırmaqla reaksiya verirdi ki, bu da qiymətlərlə bağlı onların həyata keçirdiyi istənilən tədbiri dərhal neytrallaşdırırdı;

Suriyaya qarşı Türkiyənin Fərat çayından – hansının ki, suyu bu birinci üçün əsas həyat mənbəyidir – təzyiq aləti kimi neçə illərdir məharətlə istifadə etməsi faktı məlumdur;

V.4.1.f) Rəqibin sair hər növ əleyhdarı, o cümlədən, konkret situasiya ilə bağlı onunla yolu haçalanmış, fikri üst-üstə düşməyən və s. hər bir əleyhdarı axtarılıb tapılır, dəstəklənir.

V.4.1.j) əleyhinə olan layihələr, ideyalar, konsepsiyalar, platformalar, proqramlar, standartlar, yad ideologiyalar, planlar, nəzəriyyələr, prinsiplər və s. axtarılıb tapılır, dəstəklənilir.

Nümunə üçün, məs., Azərbaycana təzyiq göstərmək, yoxsa dəstək vermək variantlarından asılı olaraq, Qarabağ bir halda – müstəqil, digər halda – Azərbaycanın muxtar vilayəti, üçüncü halda – Ermənistanın muxtar vilayəti və nəhayət, dördüncü haldahər iki ölkənin şərikli ərazisi («kondominium» və ya «ümumi dövlət» prinsipi) formatında qəbul edilir (ki, bu da, yenə problemin hamısı deyil. Belə ki, Qarabağın Azərbaycana qaytarılacağı halda da, Şuşa və Laçın məsələsi, o da qaytarılsaermənilərin Qarabağda öz ordularını saxlayıb-saxlamaması məsələsi, o da həll olsaazərbaycanlı qaçqınların öz yurd-yuvasına qayıtması məsələsi, daha sonraQarabağ ermənilərinin Azərbaycan büdcəsinə aid olmayan müstəqil (və ya Ermənistan büdcəsində avtonom) büdcə və valyutasının olub-olmaması məsələsi və b. Azərbaycandan hansısa güzəşt, pay qoparmaq ümidində olanların və ya ona nədəsə təzyiq göstərmək istəyənlərin mərhələ-mərhələ ortaya atacaqları bu cür perspektiv spekulyasiya «kozır»larındandır. Özü də bu mövqe ifadələri, bir təkcə yazılı sənədlər (adət etdiyimiz «arayışlar») və ya şifahi bəyanatlar çərçivəsi ilə məhdudlaşmayıb, olduqca geniş forma rəngarəngliyini əhatə edir. Məs., hansısa beynəlxalq vasitəçilər qrupu Azərbaycana təzyiq jestini ifadə etmək üçün – Qarabağa Ermənistandan keçməklə gedir (hansı ki, Qarabağ Azərbaycanın tərkib hissəsi olduğu üçün ora gedərkən Ermənistandan yox, Azərbaycandan icazə alınmalı idi), eyni halda ABŞ Qarabağ ermənilərinə ayrıca olaraq və ya Ermənistanla bir sırada yardım verir və s. Hansı ki, hər iki variant Qarabağın müstəqilliyinin və ya onun Ermənistan nəzdində muxtariyyatının tanınması mənasının dolayısı ifadəsidir). Hansı ki, məsələnin məntiq deyil, maraqlar bazasından doğan dilemma olduğunu isə onların mövqeyinin siyasi konyunktura ilə həmahəng dəyişməsi də isbatlayır.

Yekunda deyilən bu «Rəqibin rəqibi ilə ittifaq» metodu barədə bədii ədəbiyyatdan bəzi nümunələr:

Azərbaycanın nüfuzlu ədibi B.Vahabzadənin «Özümüzü kəsən qılınc» əsərində bu yolla çinlilərin türklərin daxilinə nifaq salmasından bəhs edilir. Burada, taxt-taca görə aralarında intriqa olan qardaşlardan vərəsə bilinməyən böyüyü, Çin imperatorluğu tərəfindən gizlicə hər yolla dəstəklənib vərəsə bilinən kiçik qardaşa qarşı hazırlanır və vaxt çatanda, arxalarındakı böyük sosial bazaları ilə birlikdə bir-birinə qarşı qoyulurlar.

A.Dümanın də əsərlərindən birində buna oxşar epizod var: Burada birisi hücum edərək özünün ən qatı düşmənlərindən birini zindandan azad edir. Həmin şəxs bu təmənnasız yaxşılığın səbəbini ondan soruşduqda cavabında bildirir ki, səni məğlub edib, zindana salan şəxs mənim də düşmənlərimdəndir və indi onun səni məğlub edib zindana salmasından sonra isə sən tapdanmış şərəfini qaldırmaq üçün ölüncə ondan qisas almaq yanğısı ilə alışıb-yanmağa məhkumsan. Sənin artıq geriyə yolun yoxdur və mənə də sən məhz buna görə lazımsan...



Bura qədər deyilənlər rəqibə əleyhdarların mövcudluğu şəraitində əhəmiyyət kəsb edən məsələlər idi. əleyhdarları yoxdursa və ya olanların cəbhəsini genişləndirmək məqsədi ilə, həmçinin daha çox tərəfin onun əleyhinə köklənib, qalxıb ona təzyiq göstərməsi üçün və ya digər tərəflərdən də ona qarşı bir alət kimi istifadə edə bilmək üçün, deyilənlərə paralel olaraq, süni şəkildə ona əleyhdarların yetişdirilməsi istiqamətində iş aparılır, bunun üçün:

V.4.2) Rəqibə loyal münasibət bəsləyən, neytral və ya mötədil müttəfiq olan tərəflərin onun əleyhinə köklənməsinə, qalxmasına, müttəfiqləri ilə aralarının vurulmasına çalışılır. Bunun üçün:

V.4.2.1) əleyhinə ideoloji fəaliyyət aparılır. O cümlədən:

V.4.2.1.1) Onun əleyhinə olan faktlar axtarılıb tapılır, üzə çıxarılır, geniş reklam etdirilir, şöhrətlənməsi, yayılması üçün hər cür tədbirlər görülür.



əleyhtəbliğat üçün xammal rolu oynaya biləcək belə məqamlara qismən aid ola bilər:

Onunla təbliğat hədəfi olan tərəflər arasında olan hər növ ziddiyyətləri, o cümlədən, keçmişdə yollarının ayrılması və hətta toqquşması kimi – tarixi; hazırkı etnik, dini, sinfi, məhəlli, ideoloji, siyasi və s. kimi – sosial fərq və problemləri;

Onun cılız, yazıq, fağır, miskin, qorxaq, özünəinamsız və s. vəziyyətlərə düşdüyü, uduzduğu, məğlub olduğu, alçaldığı, tənə, təhqir, gülüş, rişxənd, məsxərə obyektinə çevrildiyi, pərt olduğu, yaxınlarına xəyanət etdiyi, riyakar dona girdiyi, şəxsi prinsiplərini mənəvi dəyərlərdən, şəxsi marağını ümumi maraqlardan üstün tutduğubir sözlə, onların zövqü baxımından eyibli, qeyri-etik, qeyri-məqbul, anormal, səviyyəsiz və s. hesab olunan və ya oluna biləcək bütün məqamları, xüsusiyyətləri, deyimləri;

Qabiliyyət və imkanlarındakı hər cür qüsurları, naqislikləri, o cümlədən, təhsilindəki, iş stilindəki, biliyindəki, təcrübəsindəki, elmi və digər növ fəaliyyətindəki, imkan arsenalındakı və s. məhdudiyyəti, köhnəliyi, bəsitliyi, monotonluğu, çatışmamazlıqları, naşılığı, paradoksallığı, durğunluğu; qocalıq və ya gəncliyinin, yaxud şikəstliyinin, xəstəliyinin, ifrat alçaqboy və ya hündürboyluluğunun, digər hər hansısa fiziki qüsurunun ona gətirdiyi diskomfortluğu, bundan irəli gələn uğursuzluqları və s.

Onların özünün və ya yaxınlarının həyatına, malına, mülkünə, rifahına, asayişinə, rahatlığına, əmin-amanlığına, mənliyinə, mənəviyyatına, şəxsiyyətinə, nüfuzuna, namusuna, vəzifəsinə, statusuna və s. hədə, təhlükə törədən və ya törədə biləcək (başqa sözlə, onların marağına toxunan), onları incidib, ağrıda biləsi hər cür xüsusiyyətlərini, əlamətləri, davranış və deyimləri, əlaqələri və s.

Onun həyat və fəaliyyətindən, xüsusiyyətlərindən, bioqrafiyasından təbliğat hədəfi olan tərəfin (milli və fərdi) zövq, baxış və maraqları (o cümlədən, idealı, ənənəsi, stereotipi, amalı, istəyi, ehtiyacı və s.), həmçinin sosial (irqi, irsi, dini, sinfi və s.) mənsubiyyəti ilə uzlaşmayan və hətta ziddiyyət təşkil edən bu və digər bu kimi hər bir (real və ya qurama) addım, deyim, plan, xüsusiyyət və ya əlaqələri axtarılıb tapılır, seçilib xüsusi koloritlə onların nəzərində qabardılır, geniş reklam etdirilir (bax: «Təbliğat» bölümünə [burada, səh. 52]), portretini bu cür ştrixlərdən tərtib edib, bütün bunların onun maskaaltı həqiqi siması kimi qavranılmasına cəhd olunur.

Deyilənlərə əks olan, yəni həmin tərəflərin nəzərində müsbət kimi xarakterizə oluna biləcək cəhətləri ört-basdır edilir, gizlədilir, yaxud aşkardırsa, adiləşdirilir, dəyərsizləşdirilir, artistlik məhsulu kimi, hamıya məxsus adi hal kimi interpretasiya edilərək ikinci-üçüncü dərəcəli bir məsələ səviyyəsinə endirilir və s. (bir daha qeyd edirik ki, burada bütün hallarda deyilənlər bir təkcə ayrıca fərdlərə, o cümlədən, kiminsə nüfuzunu öz cəbhəsində aşağı salmaq məsələsinə yox, eyni zamanda, beynəlxalq arenada hansısa dövlətin əleyhinə kompaniya aparmaq məsələsinə də aiddir).

Nümunə: Mətbu orqanları ABŞ hərbi qüvvələrinin qərargah rəisləri komitəsinin rəhbəri general C.Şalakaşvili barədə bəzi sənədlər dərc etdirdilər. Bu sənədlərə əsasən həmin bu C.Şalakaşvilinin atası Dmitri Şalakaşvili İkinci Dünya Müharibəsi dövründə alman ordusunda formalaşdırılmış xüsusi gürcü batalyonunun zabiti vəzifəsində xidmət edib. Özlüyündə bu fakt başa düşüləndir. Belə ki, o vaxt bəzi azsaylı xalqların nümayəndələri SSRİ-ni zəiflətmək və öz kiçik xalqlarının müstəqilliyinə nail olmaq məqsədilə, Almaniya tərəfindən anti-SSRİ aksiyalarında könüllü surətdə iştirak edirdilər. Məs., M.ə.Rəsulzadə və digər o vaxtkı mühacirlərin də İkinci Dünya Müharibəsi dövründə alman düşərgələrindəki azərbaycanlı əsirlərdən ibarət xüsusi legion təşkil edib, SSRİ əleyhinə fəaliyyət göstərdiyi məlumdur. Hansının ki, cavabını Stalin əvvəlcə bütün Azərbaycan millətini Sibirə sürgün etməklə vermək istəmiş, sonra M.C.Bağırovun aktiv müqaviməti nəticəsində, fikrini dəyişərək azərbaycanlılardan ibarət «Taqanroq-416» diviziyasını yaradıb, M.ə.Rəsulzadə və onun ətrafındakıların Azərbaycan qoşununun qarşısına bunu çıxarmaqla bir güllə ilə iki dovşan vurmuşdu. Şalakaşvili məsələsi ilə bağlı isə, baxmayaraq ki, ABŞ rəhbərliyi, o cümlədən, ABŞ-ın müdafiə naziri, dəfələrlə onun atasının eses keçmişinin onun özünə heç bir aidiyyatı olmaması barədə rəsmi bəyanatlar verdi, bununla belə, yaranan skandal C.Şalakaşvilinin istefası ilə başa çatdı.

V.4.2.1.2) Belə faktlar tapmaq çətindirsə və ya olanlara dəstək məqsədilə, bunlar süni yolla yaradılır. O cümlədən:

V.4.2.1.2.a) Lazımi faktlar onun müxtəlif davranış və deyimlərini, xüsusiyyətlərini, əlaqələrini və s. süni yozmaqla (hətta mistika, sueveriya ilə əlaqələndirməklə də olsa) onlardan nəticə kimi çıxarılır və ya lazımi faktlar, ümumiyyətcə, yalandan, heçdən quraşdırılıb yayılır:

ABŞ-ın Panamaya intervensiyası ərəfəsində (1989 dekabr1990 yanvar) Panama prezidenti general M.Noryeqanın öz ölkəsində və beynəlxalq arenada nüfuzuna zərbə vurmaq, imicini sarsıtmaq məqsədilə, Florida ştatının məhkəməsi tərəfindən ona qarşı 13 ittiham, o cümlədən, narkotika alveri və reketlə bağlı ittihamlar irəli sürülür. ABŞ informasiya kanallarında mütəmadi olaraq onun Panamadakı demokratik seçkilərin nəticələrini dəyişməsinə və dövlət çevrilişinə cəhd edən bir qrup Panama milli qvardiya zabitinə qarşı ən sərt cəza tədbiri görməsinə görə şəxsən məsuliyyət daşıması dönə-dönə vurğulandırılır. ələlxüsus özünü «əbədi prezident» elan etməsi, onun diktator kimi təsvirinə geniş əsas vermişdi. Bu fikri qüvvətləndirmək üçün müxtəlif dünya qəzetlərinə onun iş kabinetinin qurama fotoşəkli ötürülmüşdü, hansı ki, burada baş tərəfdən altından almanca «Vahid rəhbərvahid millət!» şüarı yazılmış Hitlerin portreti asılmışdı. Mətbuatda Noryeqanın parnoqrafik jurnal və videofilmlərlə maraqlanması, narkotika qəbul etməsi və s. barədə geniş materiallar dərc olunurdu. Adamların diqqəti onun kabinetindəki bir sıra mərasim predmetlərinə cəlb olunurdu ki, buradan da onun cadu və okkultizmə meylliliyi nəticəsi çıxarılırdı.

Bütün bunlarla Amerika əhalisinin və beynəlxalq ictimaiyyətin nəzərində Noryeqanın narkomafiya ilə əlaqəli, hakimiyyəti qanunsuz ələ keçirmiş, müxalifətə amansız divan tutan, amerikan xalqını Kolumbiya narkomafiyasının narkotikası ilə zəhərləyən, özü də psixi cəhətdən o qədər də normal olmayan bir diktator, vəhşi və s. obrazı yaradıldı ki, nəticədə Panama xalqını xilas və ümumiyyətcə, Amerika və digər ölkələri bu diktatorun növbəti ‘‘iddialarından’’, ‘‘ağılsızlıqlarından’’, ‘‘təhlükələrindən’’ və s. qorumaq məqsədilə, beynəlxalq rəy bu ölkəyə hərbi müdaxilənin lehinə kökləndirildi, proqramlaşdırıldı və ABŞ-ın bu ölkəyə dekabr 1989 – yanvar 1990 müdaxiləsini qabaqcadan bəraətləndirdi, sığortaladı.

Qorbaçovun SSRİ-nin baş katibi olduğu illərdə xarici radiostansiyalar sadə əhalinin dilindən tez-tez belə bir fikri səsləndirirdilər ki, «Qorbaçov «ayağıağır» rəhbərdir, çünki o gələndən Çernobıl qəzası baş verdi, haradasa bir gəmi partladı və s.». Hansı ki, məsələnin o tərəfi gizlədilirdi ki, həmin hadisələr həmişə baş verib. Sadəcə olaraq, əvvəllər aşkarlıq olmadığı üçün onlar açılıb-ağardılmayıb.

V.4.2.1.2) ələlxüsus, uğur və uğursuzluqları barədə təbliğat hədəfi olan tərəflərə təhrifedilmiş informasiyalar çatdırılır – uğurlarını kiçiltmək, uğursuzluqlarını şişirtmək formasında, təbii ki. Həmçinin, vəziyyətinin gərgin olması, tənəzzülə doğru getməsi, çox yaxın vaxtda işinin bitəcəyi və s. barədə mütəmadi şayiələr yayılır.

Heyvan və quşların liderlik uğrunda çarpışmasına diqqət yetirmisinizmi? ərazidə yeni peyda olmuş həmcins qeyd-şərtsiz olaraq liderin zərbəsini dadmalıdır. Bunu qəbul etməyənlər isə liderlə rinqə çıxmalı olur. Lakin dünənə qədər bu başçıdan ötrü özünü ölümə atan əshabı bu məqamda onu müdafiə etməyib sakitcə durub savaşın axırını gözləyir. Savaşın axırında kim məğlub olsa hamısı bir nəfər kimi onun üstünə düşüb parça-parça edir. Fəqət, təhtəlşüur səviyyəsində insan da vəhşi təbiətin bir parçasıdır (Həmçinin, bax: burada, səh. 58)

V.4.2.1.2.c) Onların müxtəlif problemləri analiz edilərək, yozularaq bunların günahı onun üstünə atılır, bunun səbəbkarının o olduğu onlara başa salınır, buna görə onu günahkar yerində bilmələrinə, günahlandırmalarına, öz perspektivləri üçün ondan təhlükə görmələrinə çalışılır:

Nümunə üçün, məs., «Azadlıq» radiosunun (hansı ki, birbaşa olaraq MKİ [ÜRU] ilə əlaqədardır və ABŞ xarici siyasətinin realizə vasitələrindəndir), demək olar ki, hər bir verilişində, dünyanın istənilən ölkəsindəki (o cümlədən, Azərbaycandakı) problemləri «analiz» edərək günahı bu və ya digər formada Rusiyanın üstünə gətirib çıxarmağa dair kifayət qədər nümunələr tapmaq mümkündür.



Sair hər növ vasitələrlə onun özünün, qabiliyyətinin, unikal cəhətlərinin, şəxsiyyətinin, işlərinin, perspektivinin və s. əleyhinə, bunları alçaldan, cılızlaşdıran, mənasızlaşdıran təbliğat və ya təşviqat fəaliyyəti aparılır, hər vasitə ilə nüfuzuna, statusuna, imicinə, reytinqinə, avtoritetinə, ‘‘kursuna’’ və s. zərbə vurulur, o, vətəninin, xalqının və ya təbliğat hansısa qrup, kollektiv üçün nəzərdə tutulubsa, bu qrupun, kollektivin düşməni kimi təqdim edilir, onların təsəvvüründə onun bu cür obrazının yaranmasına çalışılır. Bütün bunlarla da, şəxsiyyətinin mənfi imicə bürünməsinə, ona qarşı olan müsbət münasibət stereotipinin transformasiyaya uğramasına, qabiliyyətinə, bacarığına, intellektinə, imkanlarına və s. qarşı bir şübhəli, tərəddüdlü, inamsız münasibət formalaşmasına, sözünün kəsərsizləşməsinə, vəzifə üzrə statusuna və ya namizədlik rəqabətindəki uğuruna xətər toxunmasına, boykot olunmasına, kütlədən, qrupdan, cəmiyyətdən təcrid edilməsinə, əleyhinə kompaniya formalaşmasına, ətrafdakıların və ya bayaqdan neytral olan tərəflərin onun əleyhinə köklənməsinə, qalxmasına, ona qarşı konkret aksiyaların həyata keçirilməsinə və s. nail olunur.

V.4.2.2) Müxtəlif tərəfləri onun əleyhinə qaldırmaq üçün praktik fəaliyyət aparılır, başqa sözlə, təşviqat metodlarından (bax: «Təşviqat» bölümünə [burada, səh. 53]) gen-bolluqla istifadə edilir. O cümlədən:

V.4.2.2.a) Bu məqsədlə sifariş, muzd ödəmə, səlahiyyətlərdən istifadə və s. kimi metodlardan fəal istifadə edilir.

İran-İrak müharibəsi zamanı ABŞ bir tərəfdən İrakı stimullaşdıraraq onu İranla müharibəni davam etdirməyə təhrik edir, digər tərəfdən, gizli kanallarla İrana silah sataraq qazanc götürürmüş – hansının ki, aşkarlanması sonradan ABŞ-da məşhur «İrangeyt» adlı qalmaqalı törətdi;

Çili-1970 hakimiyyət çevrilişi ilə burada anti-Amerikan qüvvələrin (SSRİ-pərəst Salvador Alende hökumətinin) hakimiyyətə gəlməsi və ABŞ investorlarının buradakı bütün mülkiyyətinin müsadirə olunmasına cavabən, ABŞ ilk olaraq öz nəzarətində olan beynəlxalq maliyyə qurumlarının bu ölkəyə kredit ayırmasını dayandırıb, kapitalist ölkələrini bu ölkə ilə hər hansı iqtisadi münasibətdən çəkindirdi. Bundan sonra Çilinin iqtisadi strukturunu daxildən blokirovkalamaq məqsədilə burada Çili tarixində sürücülərin görünməmiş miqyasda ən iri tətilini təşkil etdi. Bunun üçün, sadəcə olaraq, işdən imtina edən sürücülərə aylıq məvaciblərindən artıq məbləğ vəd etdi və ödəməyə başladı. Bununla da ölkə iqtisadiyyatının qan damarı olan nəqliyyat strukturu blokirovkalanaraq zəncir reaksiyası üzrə bütün sahələri bir-birinin ardınca trombladı və bütün Çili iqtisadiyyatını sürətlə diz üstə çökdürdü. əməliyyatın nəticəsi olaraq isə bir ildən sonra burada məşhur Pinoçet çevrilişi baş verdi və Salvador Alende qiyamçıların əlinə düşməmək üçün özünü öldürdü (NTV t/v. 15.01.2001).

Müxtəlif dövlətlərdə hansısa dini-missioner təşkilatların, ictimai, siyasi qurumların və b. sonradan hansısa xarici dövlət tərəfindən təşkil olunduğu, maliyyələşdirildiyi faktının aşkarlanması kimi geniş yayılan hal da bu kateqoriyadandır;

V.4.2.2.b) əldə bayraq etmək üçün, yaxud da elə lazımi tərəfin özünün nəticə çıxara bilməsi üçün müxtəlif stimullarla (bax: «Təşviqat» bölümünə [burada, səh. 53]) o özü lazımi tərəflərin (o cümlədən, kollektivin, qrupun, çoxluğun, öz dövlətinin, xalqının, rəhbərinin, elektoratının, əsgəri heyətini, müttəfiqinin, neytral hansısa tərəfin, hansısa güclü tərəflərin və s.) zövq, baxış və maraqları (normaları, dəyərləri...) ilə uyğun gəlməyən və hətta ziddiyyət təşkil edən həmin cür addımlar atıb, sözlər danışmağa, əlaqələr qurmağa, situasiyalara düşməyə və s. təhrik edilir, sonra da bu müvafiq provakasion kommentariya ilə həmin tərəflərin nəzərində qabardılır:

əfqanıstan müharibəsi zamanı maksimum qüvvə sərfi hesabına mücahidlər ordusundan SSRİ-yə «qan udduran» səhra komandirlərindən biri olan Xoca Rüstəmin qoşunu SSRİ tərəfindən iki ya üç döyüşdə dalbadal məğlubiyyətə uğradıldı. Bundan sonra aktiv şəkildə şayiə buraxıldı ki, Xoca Rüstəm gizli kanallarla SSRİ-nin və ya onun əfqanıstanda yaratdığı hökumətin kəşfiyyat idarələri ilə separat əlaqələr saxlayır və onun qoşununun dalbadal məğlubiyyətə uğrayıb, özününsə hər dəfə sağ qalmasının başlıca səbəbi məhz budur. Bundan sonra heç kəs etibar edib Xoca Rüstəmlə döyüşə getməyə risk etmədi. Yaranmış vəziyyətdən çıxış yolu kimi mücahidlərin ali komandanlığı onun yerini bir başqa döyüş zonasına dəyişdi. Məhz bunu gözləyən Sovet xüsusi idarələri Xoca Rüstəmin növbəti yerində mücahidlərin öz adından aşağıdakı məzmunda vərəqələr səpdilər:



«Mücahid qardaşlar və din döyüşçüləri!

Bizim aramızda elələri var ki, onlar üzdə özlərini din uğrunda müqəddəs müharibə aparan qəhrəmanlar kimi göstərsələr də, əslində isə islama münasibətdə riyakar əməllərlə məşğul olurlar. Xoca Rüstəm bu cür adamlardandır. 7 il ərzində o, Nicrabda müsəlman qardaşları bir-birinin əleyhinə qoyaraq onların günahsız ölümünü təşkil etmişdi. Onun bütün bu riyakar məqsədlərindən xəbər tutan İslam partiyasının Ali idarəsi bu yaxınlarda Allahdan qorxmayan, xalqın adından çıxış edərək guya, müqəddəs müharibə aparan bu despotu rəhbərlikdən azad etmişdi. Amma bu qaniçən və lənətə gəlmiş intriqan öz çirkin əməllərini davam etdirmək, xalqları öldürərək, burada da ölüm toxumu səpmək və mücahid adını burada da ləkələmək üçün indi də Kuhistanda peyda olub...»

Vərəqələr konkret nəticə verdi. Xoca Rüstəmin bu yeni yerində qavrayış stereotipi, qabaqcadan əleyhinə kökləndirilmiş ictimai rəy prizmasından, heç də onun üçün uğurlu olmadı və o, elə ilk gündən burada aktiv qiyamlarla qarşılaşdı. Nəticədə, bir zaman SSRİ-yə ən çox qan uddurmuş komandirlərdən biri kimi tanınan Xoca Rüstəm rəhbərliyi təhvil verib, ordudan uzaqlaşmaq məcburiyyətində qaldı (Erməni liderlərindən Azərbaycana sərf etməyən hansılarınsa siyasi məhvini bu metodun variasiyalarından istifadə etməklə təşkil etmək çətinlik törətməməlidir).

V.4.2.2.c) Lazımi adamların, o cümlədən, təbliğat hədəfi olan tərəflərin əleyhinə onun adından, onun stili ilə və ondan gözlənilə bilən anonim aksiyalar həyata keçirilir və bunun günahı onun üstünə atılır, yaxud iş elə qurulur ki, onlar özləri qeyd-şərtsiz olaraq bunun günahını onda görsünlər, buna görə yalnız ondan şübhələnsinlər:

589-cu ildə İran şahı Hürmüzün sərkərdələrindən biri olan Bəhram Çubin hakim dairələrdə qarışıqlıq yaradaraq şahlığı ələ keçirmək məqsədilə, gizli yolla üzərində Hürmüzün oğlu Xosrov Pərvizin şəkli olan saxta pullar kəsdirib ölkənin hər yerində yaydırır. Qanuna görə pulun üzərində yalnız şahın şəkli olmalı olduğundan, məsələdən xəbər tutan Hürmüz, bunu oğlunun qiyam hazırlığı kimi qəbul edir və onun həbsi üçün fərman verir. Bəhram tərəfindən vaxtında edilən xəbərdarlıq sayəsində Xosrov ölkədən qaçmağa müvəffəq olur. Bundan sonra, Hürmüzdən az-çox incikliyi olan (və ya perspektivini sığortalamaq istəyən) hər kəs, o cümlədən, bir çox saray əyanları aşkar və ya gizli formada Xosrova öz dəstəyini ifadə etməyə başlayır. Məsələ saraydaxili aşkar cəbhələşmə səviyyəsinə gəlib çatanda, Bəhram Çubin qiyama qalxır və artıq tərəfdarlarının sayı kəskin azalmış Hürmüzü taxtdan salaraq hakimiyyəti ələ keçirir (və Hürmüzün gözlərinə mil çəkdirir).

1943-cü ildə məşhur Tehran konfransı zamanı Ruzvelt və Çörçill arasında yaranan kəskin mövqe fərqi və hətta yüngül konflikt Stalinə onlar arasında ciddi düşmənçilik münasibəti provakasiya etdirməyə imkan vermişdi. Belə ki, həmin konfliktin baş verdiyi gecə Stalin qəflətən, heç bir protokol qaydalarına riayət etmədən Ruzvelti təcili öz qərargahına qonaq dəvət edir. Almaniya ilə müharibədə taleyi ABŞ-dan asılı olan və buna görə də, ABŞ-a qarşı düşmən addımı atmağın Stalinin maraqları çərçivəsində olmadığına arxayın olan Ruzvelt, Stalinin dəvətini qəbul edir. Məqsədi açıqlamayan, darıxdırıcı, narahat və uzun çəkən bu qeyri-rəsmi görüş zamanı qəfil ABŞ nümayəndəliyinin iqamətgahının partladıldığı xəbəri alınır. Sən demə, günortakı konflikt İran kimi o vaxt qeyri-stabil olan bir ölkədə izin itəcəyinə arxayın olan Çörçili Ruzveltə qarşı belə kəskin addıma təhrik edibmiş və SSRİ kəşfiyyat idarələri ABŞ kəşfiyyatlarından daha çevik işləyərək planı baş tutmağa qoymadı. Nəticədə, Ruzvelt-Stalin münasibətinin bundan sonra kəskin istiləşməsi fonunda Ruzvelt-Çörçill münasibəti şəxsi sferada dəyərincə gərginləşdi. Həqiqətdə isə, sən demə, aksiya həmin bu effekti əldə etmək üçün Stalinin özü tərəfindən düşünülmüş süni qurma imiş.

V.4.2.2.d) Yerinə əvəz, funksiyasını icra edə bilən alternativ yetişdirilir, bununla da dəyəri və ona qoyulan stavkanın miqdarı qat-qat azaldılır;

Nümunə üçün, məs., söhbət hansısa liderə təzyiqdən gedirsə onun cəbhəsi daxilindən digər hansısa az-çox tanınan və ya canfəşanlıq edən birisi hər vasitə ilə dəstəklənib (bax: «Müsbət sanksiyalar» bölümünə [burada, səh. 80]), burada onun reytinqinin, kursunun yetərincə artmasına və müəyyən hissə tərəfindən lider kimi tanınmasına, qəbul edilməsinə nail olunur. Bununla da, rəqib liderin sosial bazası parçalandırılır; Yaxud məs., söhbət hansısa mütəxəssisə, məs., mühəndisə təzyiqdən gedirsə, eyni ixtisasdan olan daha keyfiyyətli bir başqa mühəndis tapmaqda rəhbərliyə yardım edilir; Yaxud söhbət hansısa rəqib şirkətə, kompaniyaya təzyiqdən gedirsə, eyni standartlı məhsulu istehsal etməkdə bir başqa şirkətə, kompaniyaya, dövlətə və s. yardım edilir, bununla da ixrac bazarları əlindən alınır, buralarda mövqeyi sıxışdırılır və s.



Bir sözlə: Sizə düşmən, rəqib, əleyhdar və s. olan kəsləri səliqə ilə nömrələyib, hər vasitədən istifadə etməklə onların simasında daha çox tərəfin və ya konkret olaraq lazım olan hansısa tərəfin özünə düşmən, rəqib, əleyhdar və s. görməsinə çalışmalı.

V.4.3) Deyilən tipli dolayısı fəaliyyətlərdən əlavə, həmçinin əleyhinə birbaşa fəaliyyət aparılır və ya bu tipli fəaliyyətlərdə birbaşa iştirak edilir, o cümlədən:


 
1   ...   24   25   26   27   28   29   30   31   ...   34


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə