Cabbar Məmmədov Diplomatik psixologiya (Siyasi, ideoloji və psixoloji diversiya və anti-diversiyaların metodları)



Yüklə 3.67 Mb.
səhifə30/34
tarix28.11.2016
ölçüsü3.67 Mb.
1   ...   26   27   28   29   30   31   32   33   34

Nümunə üçün, məs., bugünkü Azərbaycanda Qərb musiqisinin yerli xalq mahnılarını və dünənəcən burada geniş yayılan hind, ərəb və fars musiqilərini tamamilə sıxışdırıb aradan çıxardığı məlumdur... Müharibə, yoxsulluq və milli depressiya səbəbindən ərsiz qalmış Azərbaycan qadınlarının vaqon-vaqon daşınıb Qərbə aparılması ilə nəticələnən «seksual inqilabın» faciələri göz önündədir (necə ki, tarixən də həmişə qalib qəbilə məğlub qəbilənin qız-gəlinini qənimət kimi yığıb aparıb – sadəcə olaraq, hazırda bunun sivil yolları tapılıb). Namus deyib buna mane olmaq istəyənlərinsə əl-qolu həmin Qərbin təzyiqi ilə qəbul etdirilmiş qanunlar tərəfindən qabaqcadan buxovlandırılır... Azərbaycan dilində danışanların artıq indidən öz vətənlərində iş tapmasının necə problem olduğu gizli deyil. Yaxın illərdəsə, özünü «sovremennı» kimi göstərmək istəyən gənclərin və bəzi «intellegentlərin» sayəsində ingilis dilinin Bakıda necə bir epidemiya kimi yayılacağını və Azərbaycan dilində danışmağın necə həqarətlə qarşılanacağını (bir sözlə, burada ingilis dili bumu başlayacağını) proqnozlaşdırmaq o qədər də çətin deyil... Qərb məhz bütün bunlara nail olmaq üçün qırx il ərzində «Soyuq Müharibə»yə milyardlarla dollar vəsait xərcləyirdi. Müharibəsə müharibədir – forma və metodları dəyişilib bugünkü gündə kifayət qədər «afiristləşsə» də, məzmun və məqsədi eynən min il əvvəlkidir – özgələrinin zəhmətlə topladığı azuqə ehtiyatını, sərvətlərini, məhsul (oxu: neft) verən torpaqlarını, qadınlarını əlindən almaq, daha çox qullar qazanmaq, dünyada yalnız öz «Mən»inin təntənəsinə nail olmaq...

Özü də burada söhbət, bir çox ümumbəşəri dəyərləri özündə ümumiləşdirən müasir Qərb mədəniyyətinin yaxşı-pisliyindən yox, onun digər millətlərin mentalitetinə öldürücü təsir göstərməsindən gedir. Yaxşı-pisliyə qaldıqda isə, bu mədəniyyətin özü də heç də təbliğ olunduğu qədər ideal deyil. Belə ki:

əvvəla – bu mədəniyyətin əsasında «istədiyini et və özünə zorakılıq etmə» kimi seçim və davranış azadlığını təsbit edən bir prinsip dayanır ki, əslində adi həyatda heç də həmişə «yaxşı» və «xeyirli» məfhumlarının lüğəvi mənası sinonim deyil. Məsələn, müqayisə üçün, narkotika da insana xoş gəlir. Lakin bununla belə onun nə qədər ziyanlı olduğu da məlumdur. Siqaretinsə xeyirliliyi səbəbindən deyil, cəmiyyətdə leqal və qeyri-leqal formada gedən təbliğatının sayəsində bu qədər geniş yayıldığı şübhəsizdir. əksinə, tibbi həblər orqanizm üçün faydalı olsalar da, bəzən dözülməz dərəcədə xoşagəlməz ola bilirlər;

İkincisi – auditoriyanın tələbatı xaotik olaraq deyil, kütləvi tirajla yayılan yaradıcılıq məhsullarının məzmun və bədii keyfiyyət dərəcəsi əsasında formalaşır. Bu isə öz növbəsində bu məhsulların yaranması və yayılması işini təşkil edə bilən (belə bir imkana, hüquqa malik olan, bu kanallar üzərində nəzarəti, monopoliyası olan) müəyyən sosial qrupların (diasporaların) maraqları ilə şərtlənir. Başqa sözlə, burada senzuranın əks forması olan stimul növü fəaliyyət göstərir. Belə ki, bu halda yalnız müəyyən maraqlara xidmət edən ədəbiyyat, incəsənət nümunələrinə dərhal geniş auditoriyaya yayılmaq imkanı («pravayder») verilir və yalnız bu janr, bu qayə hər vasitə ilə (siyasi, iqtisadi və s. formalarda) dəstəklənir. Digərləri isə – sponsor, auditoriya, reklam imkanı və s. axtarışı ilə baş-başa buraxılır. Kütlə isə yalnız səsi daha ucadan gələnləri eşidir və yalnız daha yüksək mövqedə dayananları görür, o cümlədən, daha geniş təbliğ olunan şəxsin və ya baxışın təsirinə tez düşür. Nəticədə isə daha yaxşı olan deyil, yalnız və yalnız, daha yüksək tribunaları, təbliğat kanallarını zəbt edə bilmiş sənət nümunələri zirvəyə qalxıb, şüurlara təsir göstərmək imkanı qazanır. Digərləri isə, nə qədər gözəl olsalar da, çoxsaylı baryerlər (o cümlədən, texniki baryerlər və dil baryerləri) səbəbindən, hansısa əyalət hüdudundan kənara çıxa bilmirlər. Daha sadə ifadə olunsa, burada özü deyil, müəllifi daha yaxşı rəqabət apara bilən mentalitetlər, mədəniyyətlər qalib gəlir;

Üçüncüsü – «Sosial tələb» deyilən anlayış cəmiyyətin bütün təbəqələrinin ümumi istəyi, marağı əsasında deyil, yalnız onun aktiv təbəqəsinin istəyi ilə formalaşır. Cəmiyyətin daha böyük əksəriyyətini təşkil edən passiv təbəqə isə sosial tələb fenomeninin formalaşmasında bilavasitə iştirak etmədiyindən, onun rəyi də sosial tələb dinamikasında əsaslı rol oynaya bilmir. Nəticədə isə, sosial sorğunun ənənəvi qüsurları ortaya çıxır: «Sorğuda iştirak edən respodentlərin 95%-nin rəyinə görə...». Hansı ki, sorğuda iştirak etməyən və ya rəyi soruşulmayanların neçə faizinin bu mövqedə olması burada qeyd olunmur;

Dördüncüsübu modelin sadalanan bu və digər bütün fəsadları ondan mənfəət götürən güclü qüvvələr tərəfindən «plüralizm» və «mədəniyyətlərin inteqrasiyası» kimi gəlişigözəl ifadələrlə pərdələndirilir. Yəni, ..+++ əslində isə burada mədəniyyətlərin heç bir inteqrasiyası prosesindən söhbət belə gedə bilməz və burada yalnız və yalnız, tarixən olduğu kimi, güclü tərəflərin mədəniyyət tipinin zəif tərəflərin mədəniyyətlərini sıxışdırıb aradan çıxarması prosesi gedir. Məsələ burasındadır ki, hər hansı bərabərhüquqlu inteqrasiyadan o halda söhbət gedə bilərdi, nə vaxt ki, hər iki tərəfin mənəvi dəyərlər sisteminin bir-birinin əhalisinə sirayət göstərə bilməsi üçün olan şərait bərabər olaydı. Texniki, iqtisadi və demoqrafik və s. qeyri-bərabərlik halında zəif tərəf, nəinki öz mədəniyyət tipini əks tərəfin əhalisi arasında yaymaq, heç onların diqqətinə çatdırmaq üçün belə elementar imkana malik deyil... Nümunə üçün, məsələn, bir ildə Azərbaycanın neçə bədii filmi, konsert proqramı ABŞ telekanalları ilə yayımlanır? Yəqin ki, ideal halda bir, və ya iki. əksini isə hesablamağa xüsusi statistika gərək deyil: Azərbaycan telekanallarında yayımlanan filmlərin təqribən 90%-nin Hollivud istehsalı olduğu faktdır. Bunun səbəbləri sırasında isə yuxarıda sadalanan faktorların hamısını (texniki, iqtisadi və demoqrafik və s.) kompleks halında qəbul etmək gərəkdir.

Beşincisiiqtisadiyyat timsalında, ifrat solçuluğun ziyanlılığını – SSRİ, ifrat liberalizmin ziyanlılığını isə – 30-cu illər Qərb iqtisadi böhranı təcrübəsi tarixən isbatladıqdan sonra, kombinəedilmiş modellərin (məs., Keyns modelinin) aktuallığı maksimal həddə çatdı. Bugünkü gündə dövlətlə iqtisadi fəaliyyət subyektlərinin bir-birinin fəaliyyətini qarşılıqlı məhdudlaşdırmasından ibarət olan bu modellərin üstünlüyü dünya praktikasında artıq qeyd-şərtsiz olaraq qəbul edilib. Mənfəət və ziyanının nisbətən mücərrəd xarakter kəsb etdiyi siyasət və mədəniyyət kimi sferalarda radikal ehkamçılıq və radikal plüralizm də bununla analoq deyilmi? Başqa sözlə, istinasız olaraq hər şeyi kommersiyalaşdıraraq, zay və ya yararsızlığı müəyyən etmək işində ən ali instansiya hüququnu yeganə olaraq bazara vermək həqiqətənmi obyektiv qərardır?

Və nəhayət, sonuncusu – müasir Qərb mədəniyyəti heç də bütün düşünən beyinlərin yekdilliklə qəbul etdiyi və birmənalı şəkildə təmtəraqla alqışladığı yeganə mədəni «formasiya» növü deyil. Hələ XIX əsrdən başlayaraq Qərbin özünün Şopenhauer, Niçşe, E.Qartman və b. bu kimi filosoflarının da bu mədəniyyətə qarşı radikal müxalifətçi olduqları tarixdən məlumdur12.

...Və s...

Yekunda bir şeyi qeyd edək ki, bizim fikrimizcə, kiçik xalqları deyilən mənada assimilyasiyadan – (a) müvafiq qanunvericilik aktlarının qəbulu; (b) güclü yad sivilizasiyanın təsirinin digər güclü bir yad sivilizasiyanın təsiri ilə balanslaşdırılması; (c) milli dillərdə kompüter tərcümə proqramlarının yaradılması və s. kimi hallar qismən sığortalaya bilər (bu sonuncusu, deyilən məziyyətindən əlavə, həm də həmin dövlətə hər il milyardlarla dollar əlavə valyuta və siyasi divident gətirə bilər – elm-mədəniyyət-incəsənət məhsullarının xaricə çıxış yolunu açması, dövlətin beynəlxalq arenadakı ideoloji fəaliyyətini çevikləşdirməsi və internasional əlaqəli vətəndaşlarının sayının artması hesabına);

V.5.2.2.f) Sadalananlardan savayı, sair hər növ vasitələrlə rəqib cəbhəsində monotonluğun rəngarəngliyə, onunsa uyuşmazlığa gətirilib çıxarılması, burada düşmən ruhlu atmosfer formalaşması, tərəflərin bir-birinin mövcudluğundan özünə (real və ya illüzion) təhlükə görməsi, bir-biri ilə birgəyaşayışdan diskomfort hiss etməsi, hər bir tərəfin öz problemlərinə görə qarşı tərəfi günahkar bilməsi, ittiham etməsi və s. üçün müvafiq tədbirlər görülür, məqsədyönlü iş aparılır. Qarşılıqlı ittihamların eskalasiyası isə əsəblərin tarımlanmasını (emosiyaların qızışmasını), o da öz növbəsində söz atışmasının canlı toqquşmaya keçməsini şərtləndirib, gec-tez açıq konfliktə gətirib çıxarasıdır. Liderin (iqtidarın) bu konfliktdə tərəfkeş (tərəflərdən birinə meylli), yoxsa arbitr mövqeyində çıxış etməsindən, yaxud mövqeyinin tərəflərə məhz bu cür yozulmasından asılı olaraq, bu münaqişə də, qiyam (üsyan) və ya daxili qarşıdurma şəklində cərəyan edəsidir.



Bütün hallarda tərəflərdən hansısa birinin üçüncü bir kənar qüvvənin təsirinə düşüb və ya onunla gizli separat danışıqlara gedib güc balansını sizin gözləmədiyiniz vaxtda və istiqamətə dəyişməsi ehtimalını da nəzərdən qaçırmamalı.

 


Təzyiq taktikaları ilə əlaqədar bir sıra nüanslar

əvvəla – təbliğat təsirin burada sadalanan bütün variantlarından istifadə etməklə aparılmalıdır, o cümlədən, lazımi fikirlər, ideyalar, rəylər və s. sizin mövqeyiniz kimi yox, hansısa neytral tərəflərin, yaxud onun özünün yaxınlarının, doğmalarının, çoxlu sayda adamın (öz liderlərinin və ya onun nəzərində avtoritet kimi görünə bilən digər hansısa şəxsin, mənbəyin və s.) mövqeyi kimi təqdim edilir. Yəni izlənilib həmin tərəflərin bu qəbildən olan tək-tək də olsa fikirləri axtarılıb-tapılıb seçilir, qabardılır, yaxud bu tipli fikirlər onların dilindən müxtəlif stimullarla (rüşvət, sifariş, aldatma, vadar etmə, təlqin və s. kimi vasitələrlə) qopardılır və yaxud da, yalandan quraşdırılıb, onların mövqeyi kimi yayılır. əks-tərəflər, əks-mövqelər, əks-fikirlərsə, deyildiyi kimi, bütün hallarda gizlədilir, yaxud xüsusi «yozmalarla» adiləşdirilir, dəyərsizləşdirilir ki, ümumi olaraq hər şey sizə lazım olan fonda təqdim edilir. Paralel olaraq, fikrin əsaslılıq dərəcəsini artırmaq üçün müxtəlif nümunələr, kriteriyalar axtarılıb tapılır, seçilib göstərilir, əleyhinə olan nümunələr, meyarlar hər vasitə ilə ört-basdır edilir (ətraflı bax: «Təbliğat» bölümünə [burada, səh. 52]).

İstənilən bir təsir növüsə heç vaxt izsiz itib getmir və hər bir stimul gec-tez mütləq hansısa reaksiya doğurur. Yer-yerdən və çeşid-çeşid insanın, mənbənin və b.-nın dilindən, adından yağış kimi yağdırılan və intensivliyi heç də azalmayan bu birtərəfli arqument yağışı isə istənilən halda obyektin (auditoriyanın, kütlənin, fərdin və b.) normal düşüncə və analiz qabiliyyətini blokirovka edib, onun gerçəkliyi normal, obyektiv, hərtərəfli görməsinə mane olacaq, imkan verməyəcək, oriyentasiyasını azdıracaq, seçim və qərarında illüziyaya uymasını, qeyri-şüuri olaraq beynində bu qəbildən olan müvafiq «ustanovka» və stereotiplərin formalaşmasını, düşüncəsinin bu vektor üzrə ətalətə köklənməsini və s. qaçılmaz edəcək – ələlxüsus da ki, düşüncəsi izolə və anti-təbliğat yolu ilə zidd informasiyaya qarşı yaxşı blokirovka edilib, oriyentasiyasında dominantlıq əldə oluna bilinibdisə. Fəqət, cəmiyyət daxilində insan – ideoloji manqurtdur (zombidir)!

Bu məqamda artıq onun dost-tanışının, qohumunun, sair tərəflərin ona verdiyi məsləhətlər də onun fikirlərinin istiqamətinə əhəmiyyətli təsir göstərə bilməyəcək. Çünki onların mövqeyini, əvvəla – siz bir başqa nəhəng qrupun, hansıların ki, tərkibinə eyni zamanda, onun yaxınları, öz cəbhəsinin nümayəndələri də daxildir – əks-mövqeyi ilə neytrallaşdırırsınız; ikincisi – onlar qısamüddətli və pərakəndə formada təsir göstərdiklərindən, onların təsiri də, sizin ardıcıl və kompleks vasitələrlə göstərdiyiniz təsirlə müqayisə oluna bilmir; Və nəhayət, üçüncüsü – onlar koordinasiya olunmayıb, asinxron səciyyə daşıdığından, yəni bir-birinə uyğun gəlməyib, hətta bəzən bir-birini təkzib etdiyindən, onların təsir enerjisi da akkumulyasiya oluna bilməyib, yalnız olsa-olsa, müəyyən tərəddüd çərçivəsində vurnuxmaq yaradır və bir-birini neytrallaşdırır. Hansı ki, sizin ardıcıl və əsaslı konsepsiya kimi müxtəlif adamların, o cümlədən, onun etimad elədiyi, mövqeyini əsaslı analiz etmədən qəbul etdiyi adamların dili ilə onun beyninə yeritdiyiniz variantsa, daha çox «müdafiəçisi» olan mövqe kimi, beynində bir-biri ilə rəqabət aparan digər xırda mövqeciklər arasında dominantlıq qazanasıdır.

Üstəlik də ki, bu variant həqiqətən, onun üçün xeyirli, mənfəətli ola bilər, lakin tərəfdaş yalnız bir başqa formalı qazanc götürməyi nəzərində tutduğundan, bu variant onun ağlına gəlməyə bilər. Burada sadəcə olaraq, qalib gəlmək üçün mümkün bütün variantları hesablaya bilmək zəruridir;

İkincisi – burada dəfələrlə deyildiyi kimi, təbliğat bütün hallarda differensial formada aparılmalıdır, yəni təbliğat prosesində sərf etməyən əks-cəhətlər, məs., rəqib cəbhəsindən olan müxtəlif tərəflər arasındakı ümumi, oxşar məqamlar, onları yaxınlaşdıra biləsi nüanslar ört-basdır edilir, gizlədilir, adiləşdirilir, dəyərsizləşdirilir, əhəmiyyətsiz bir şey kimi kənara qoyulur, nəzərdən qaçırılır və yaxud hər bir ayrı-ayrı tərəf üçün onun nəzərində eyni bir predmetin məhz konkret olaraq onların öz zövqü, baxışı, marağı və sosial heysiyyatı ilə uyğun və ya zidd məqamları axtarılıb-tapılıb (və ya quraşdırılıb) qabardılır (bax: «Təbliğat» bölümünə [burada, səh. 52]), əks-tərəfləri hər vəchlə gizlədilir.

Nümunə üçün, məs., Körfəz müharibəsi dövründə (1991 yanvar-fevral) SSRİ-nin ərəblər arasında siyasətini iflasa uğratmaq üçün ABŞ burada, SSRİ-nin ona İrak barədə əhəmiyyətli informasiyalar ötürməsi barədə informasiyalar yayır, əksinə, Qərbdə onun siyasətini iflasa uğratmaq üçün burada SSRİ-nin İraka gizlicə hərbi texnika, hərbi mütəxəssislər verməsi, digər formada külli hərbi yardım etməsi və s. barədə dezinformasiyalar yayırdı;



Üçüncüsü – təzyiq də differensial formada göstərilməlidir. Yəni məs., vəziyyətdən asılı olaraq bir sferada (məs., iqtisadi sferada) kurs dəyişdirilsə də digərlərində normal olaraq saxlanıla bilər; Yaxud, fərqli situasiya ilə əlaqədar sizin rəqibə qarşı fəaliyyətdə stavka qoyub, istinad etdiyiniz nöqtələr də fərqli ola bilər. Yəni bir məsələdə sizinlə həmfikir olanlar, digərində olmaya bilərlər və bu səbəbdən, münasibətlərin dinamikası da bu çalara həmahəng olmalıdır.

Məs., sülh vaxtı rəqib dövlətində sizin müttəfiqiniz olan hansısa bir müxalifət – müharibə vaxtı öz hökumətini, iqtidarını dəstəkləyə bilər. Bu zaman sizinçün rəqib cəbhəsi daxilindəki hansısa əsgər anaları cəmiyyətlərinin, dini təşkilatların, müxtəlif pasifistik qüvvələrin, sülhpərvər qrupların, hərəkatların və b. aktuallığı arta bilər, hansı ki, əvvəllər də, bunlar sizin üçün nəzərəçarpmaz idi. Məhz həmin səbəbdən, Qərb postsosialist məkanındakı münaqişələrə münasibətdə mərhələsindən, yəni tərəflərin xarici iqtisadi-siyasi kursunun və geosiyasi reytinqinin dinamikasından asılı olaraq, burada gah aktiv və gah da passiv müşahidəçi, yaxud leqal və ya qeyri-leqal iştirakçı mövqeyi seçib.



Dördüncüsü – «bir nəfər hamı üçün, hamı bir nəfər üçün!» prinsipini əsas tutaraq, burada sadalanan bütün sanksiyalar təkcə rəqibin özünə qarşı yox, həm də onun yaxınlarına, müttəfiqlərinə, müdafiəçilərinə, məddahlarına və b. qarşı tətbiq edilir ki, onların psixoloji təzyiqinə və ya müdafiəçilərinin onun arxasından qaçmasına, tərəfdarlarının sayının azalmasına və s. nail olunsun, həmçinin bir başqalarına da ibrət olsun. O cümlədən: onu, onun fəaliyyətini dəstəkləyən, tərifləyən hər kəsə hər növ ziyan yetirilir, təzyiq göstərilir, onlara «yaltaq», «simasız», «şəxsiyyətsiz» və s. kimi təhqiramiz yarlıqlar vurulur; Onun işləri, fəaliyyəti, əsərləri barədə yüksək fikir, müsbət rəy söyləyənlərin intellekt səviyyəsi şübhə altına alınır, belələri savadsızlıqda ittiham olunur və yeri gəldikcə də, müxtəlif söhbətlər əsnasında, belələrinin adı savadsızlıq, qanmazlıq, yaltaqlıq, simasızlıq və s. rəmzi, timsalı kimi həqarətlə hallandırılır; Real və ya potensial tərəfdarları, müdafiəçiləri imkan düşdükcə məhv edilir, iflasa uğratdırılır, zəiflədilir, şikəst edilir və s.

Rusiyanın keçmiş və yaxud potensial müttəfiqləri olan İrak və Yuqoslaviyanın başına bu gün gətirilənlər, həmin cəbhədən olan İran, Çin, Belorusiya, Ukrayna və b.-nın bugünkü gündə Qərb tərəfindən hər cür sıxma-boğmalara salınması, həmçinin adi həyatda liderlərin, rəhbərlərin «qara siyahısına» düşmüş şəxslərlə digərlərinin açıq münasibətdən ehtiyatlanmaları və b. məhz bu nüansla əlaqədardır;



Beşincisi – burada izah edilən fazalar cəmisi bir dəfə yox, zəruri nəticəni alana qədər dönə-dönə, təkrar-təkrar, yaxud bir-birinə paralel şəkildə həyata keçirilir, tətbiq edilir:

Hərbiyyədə «hərbi qüvvənin məhdud tətbiqi» adlanan fəndin mahiyyəti bu mexanizmə əsaslanır. Məs., 1989-cu ildə ABŞ bu prinsipdən istifadə edərək Panamada heç bir qurbansız və qırğınsız böyük uğur qazana bilmişdi. Belə ki, hərbi vertolyot və ağır artilleriyadan açılan hər qısamüddətli atəşlərdən sonra radio və səsgücləndiricilərlə panamalıların silahı yerə qoymaları və buraları tərk etməsi barədə ultimatum yayır və növbəti hücumun dəqiq vaxtını elan edirdi. əməliyyatın bir neçə dəfə təkrarından sonra artıq ABŞ qoşunlarının hücumu üçün «yol təmizlənmiş» və onlara müqavimət göstərən bir nəfər belə qalmamışdı(analoji fəndlə bağlı, bax, burada səh. 144).



AltıncısıDeyildiyi kimi, bütün təzyiqlərin hamısı rəqibin sizə zidd yoldakı hər anını dözülməz cəhənnəmə çevirmək məqsədindən irəli gəlirdi. Lakin psixoloji təsir, diversiya məsələlərində rəqibin hər hansısa bir hərbi, iqtisadi, siyasi və s. zəifliyi, uğursuzluğu faktı təkcə fəxr edib, öyünmək, ləzzət almaq və bundan sonra cüzi də olsa arxayınlaşıb, özünə bir qədər istirahət icazəsi vermək üçün əsas deyil. əksinə, bundan sonra həmin faktların hər birini psixoloji təsirin elementinə necə çevirib, bundan digər sferadakı müharibəninyəni psixoloji hücum müharibəsinin mərmiləri, raketləri, bombaları yerində necə istifadə etməyin variantlarını araşdırmaq, düşünüb tapmaq kimi nəhəng intellektual tapşırıq, məntiqi əziyyət gəlir. Yuxarıda izah edildiyi kimi, rəqibin hər bir uğursuzluğuna paralel olaraq, bu uğursuzluğun dərhal onun nəzərində qabarıqlaşması, onun öz problemlərini dərindən başa düşməsi, bütün bunların nəticəsi olaraq, bugününü diskomfort, sabahınısa pessimist kimi qavraması üçün mütəmadi olaraq onunla intensiv iş aparılır ki, təbii mövcud olan və ya sizin zəhmətinizin bəhrəsi olan həmin problemləri, bu işdə sizin əsas dəstavüzünüzdür (bax: «İnqilabları necə formalaşdırmalı, situasiyaları necə dəyişməli» bölümünə [burada, səh. 123]).

Yeddincisibelə deyilərsə qeyri-qanuni, qeyri-populyar sayılan, hansısa normalar tərəfindənsə qadağan edilmiş və ya ətrafdakıların heç də xoşuna gəlməyəcəyi bir sıra tədbirlər (məs., birbaşa güc tətbiqi) həmişə hansısa bəhanələrlə maskalandırıla bilər.

Nümunə üçün, məs., siyasi motivlərə görə təqibin, hətta beynəlxalq normalar tərəfindən də qadağan edilməsinə baxmayaraq, bu heç də bəzi demokratik imicli dövlətlərə mane olmur ki, öz xarici siyasi rəqiblərinə qarşı haqq-hesablarını hansısa terrorizmlə, diktatura ilə, insan haqlarının pozulması ilə və s. kimi hallarla mübarizə kimi qələmə verib bununla maskalasınlar, pərdələsinlər; daxildə siyasi motivlər əsasında kiminsə həbs və ya qətlini – müvafiq olaraq, kriminal zəmində baş verən hansısa cinayət və ya «bədbəxt hadisə» kimi təşkil etsinlər, bununla əlaqələndirsinlər – və bütün bunlarla da daim öz demokratik simalarını sığortalasınlar.



Yaxud məs., Körfəz müharibəsinin başlıca səbəbi: a) Artıq öz əvvəlki çəkisini itirmək üzrə olan SSRİ hələ ki özünü ayağa qaldırmamış onun keçmiş və potensial müttəfiqlərini bir-bir aradan götürmək; b) Yaxın Şərqdəki siyasi-hərbi balansı İzrailin (və deməli, dolayısı ilə ABŞ-ın) xeyrinə dəyişmək, o cümlədən, qismən fələstin məsələsində ərəblərin ötkəmini bundan belə əsaslı zəiflətmək; c) İrakla köhnədən qalan haqq-hesabı çürütmək – hansı ki, İranla müharibənin son ərəfələrində İrak müharibəni davam etdirmək adıyla ABŞ-dan külli miqdarda yeni partiya modern silah və valyuta aldıqdan sonra dərhal müharibəni dayandırmış və SSRİ-yə stavka edərək, ABŞ-dan aldıqlarını hər hansı formadasa geri qaytarmaqdan imtina etmişdi; d) Dünyanın əsas neft ehtiyatı mənbələrindən birinin (yəni Küveytin) ABŞ və onun müttəfiqlərinin nəzarətindən çıxaraq, SSRİ və onun müttəfiqlərinin (yəni konkret olaraq İrakın) nəzarətinə düşməsi ilə, dünya bazarlarında neftin qiymətinin bu birincilərin ziyanına və ikincilərin xeyrinə istiqamətində start götürməsi kimi perspektivi Qərb üçün dəhşətli görünən bir prosesin qarşısını almaq və s. olduğu halda, real təbliğatda bu insident aşağıdakı siyasi amillərlə maskalandırıldı: 1) Küveytin müstəqilliyini bərpa; 2) Səudiyyə ərəbistanı, Birləşmiş ərəb əmirlikləri, Qatar və Yəməni S.Hüseynin növbəti aqressiv planlarından mühafizə; 3) Fars körfəzində «dünya» (yəni əslində Qərb) gəmilərinin sərbəst hərəkətini təmin; 4) İrakın Kürd və Şiə azlıqlarının hüququnu müdafiə; 5) İrakda demokratik rejim qurmaq; və s.;

Səkkizincisi – kiminsə sizin maraqlarınıza zidd davranışı, addımı müqabilində onu dərhal sanksiyaya məruz qoyub, hücuma başlamaq, keçilən körpüləri partlatmaq dərəcəsində təhlükəlidir və hər ehtimala qarşı, hər şeyin müvafiq xəbərdarlıqla və ya xəbərdarlıq jestləri ilə başlanılması daha məqsədəuyğundur (o cümlədən, onunla münasibəti soyudub, konkret olaraq, onun düşməni ilə münasibəti isitmək istəməniz taktikası da eləcə). Rəqibə təzyiq məqsədilə, hər hansı sanksiyaya əl atıb, «arı pətəyinə çöp salmazdan», o cümlədən, onun rəqibləri ilə münasibət yaratmazdan əvvəl, rəqibinizin «cin atına mindiyi» məqamı da göz önünə gətirib, öz gücünüzü və ya rəqibin rəqibinin dar məqamda sizə yardımçı olacağının, arxa duracağının «təminatını» tərəziyə qoymaq da, heç də pis olmazdı. əks halda, rəqibin güzəştə getməsi, yumşalması əvəzində sizi onun adekvat cavab təzyiqləri gözləyə bilər ki, onda qəbriniz üstündə heç ağlayan da tapılmaz – necə ki, bunu nəzərdən qaçıran İrak, Yuqoslaviya və s. dövlətləri kimi;

Doqquzuncusu – bəzən ictimai nəzarət amili səbəbindən situasiyanın dalan vəziyyətinə gəlib çıxması mümkündür, yəni başqalarının şahidlik və ya hakimliyi (münsifliyi) tərəfdaşa provakasion təsir göstərib, onun hər hansı güzəşt addımını blokirovkalaya bilər. Bu zaman tərəfdaşa geri çəkildiyi hal üçün öz «simasını xilas edə bilməyə» şans verilməlidir. Bunun üçün tərəfdaşın güzəşt addımı başqalarının nəzərində elə yozulmalı və ya vəziyyət elə varianta gətirilib çıxarılmalıdır ki, tərəfdaş geri çəkilməkdən öz rifah və təhlükəsizliyinə, özünün nüfuzuna, perspektivinə və s. heç bir hədə görməsin, yeri düşdükdə başqalarının yanında ümumi hesabı öz xeyrinə və ya 1 : 1 kimi yoza bilsin.

Nümunə üçün, məs., bir dəfə qatarda iki qadın arasında hansısa təzə alınmış bir vaza üstündə başlanan və ətrafına çoxlu adam yığdığından çıxılmaz vəziyyətə gəlib çatan bir mübahisədə, bizim yaxınlaşıb şahidlik etməyimiz ki: «Biz indicə əlində belə bir vaza tutan bir oğlanın o biri vaqona keçdiyini gördük. Hətta, satdığını düşünüb qiymətini soruşmaq istədik. Bəlkə sizlərdən hansısa birinizinki imiş, oğurlayıb?» – bir anda vəziyyətin üstünə su səpdi və inadkarlıq edən qadınlardan birinə imkan verdi ki, güzəştə gedib yanıldığının mümkünlüyünü etiraf etsin (Baxmayaraq ki, biz heç bir vaza-filan görüb-eləməmişdik). Halbuki, əvvəlki halda güzəşt onunçün ömürlük oğru damğası və kəndində həmişəlik biabırçılıq demək idi və nahaq olduğu bayaqdan bəri göz önündə olsa da, bundan qurtulmaq üçün o, risk edib götürdüyü vazanın onun olduğunu axıra qədər iddia etməyə, hətta bunun üçün həmin anda ölüm-dirim vuruşuna çıxmağa hazır idi (fəqət, söhbət bu anda onun öz şərəfinin müdafiəsindən gedirdi);



Və nəhayət, onuncusu – burada sadalanan bütün bu metodlar güc tətbiqini heç də birdəfəlik aradan qaldırmır. Onlar, sadəcə olaraq, istənilən addıma daxildə, xaricdə və rəqibin öz cəbhəsində münbit şərait yaratmaq və ya bunu sonradan bəraətləndirməklə mövcud qüvvənin «Faydalı İş əmsalı»nı minlərlə dəfə artırmağa və ya ona minlərlə dəfə qənaət etməyə, bir sıra halda isə adi vaxtda güc tətbiqi hesabına başa gələsi bir sıra məsələləri bunların vasitəsilə ümumiyyətcə, güc tətbiq etmədən həll etməyə imkan verir.

Cənubi Livanda infrastrukturları blokirovka etmək, mülki əhali arasında qarışıqlıq salmaq, ümumiyyətcə, Livanda situasiyanı destabilizə etmək və son olaraq ölkə rəhbərini danışıqlara məcbur etmək üçün İzrail «Din vzeheşbon» (‘‘əvəzə əvəz’’) adlı psixoloji əməliyyat zamanı (1993 q.) sadə bir fənd işlətmişdi: vərəqələr, təşviqat bombaları, radiostansiyalar və s. vasitəsilə dalbadal bir-neçə həftə ərzində ərazinin filan tarixdə bombalanacağı məlumatını yayıb, mülki əhalinin təcili şəkildə buradan köçməsini xəbərdarlıq edir. Deyilən vaxt çatdıqda kiçicik bir aviasiya həmləsi həyata keçirir. Nəticədə, cəmisi 200 adam öldüyü halda 300 min əhali panika içərisində ölkənin daxili rayonlarına axışdı ki, bu da sürətlə ölkənin hər sahədəki infrastrukturlarını blokirovkalayaraq, son nəticədə deyilən nəticələri əldə etməyə imkan verdi (analoji fəndlə bağlı, bax, burada səh. 143);

İRAN-1978 HAKİMİYYəT DəYİŞİKLİYİ: SSRİ-nin, belə demək mümkündürsə, «qulağının dibində» bir nömrəli amerikanpərəst dövlət olan o vaxtkı İranın xarici iqtisadi-siyasi kursunu Amerika və digər Qərb dövlətlərinin əleyhinə döndərməyin yeganə üsulu burada hakimiyyət və ideologiya dəyişikliyi etmək idi ki, DTK (KQB) gecəli-gündüzlü işləyib, burada stavka qoyulması lazım olan bu qəbil işartıları axtarıb-tapdı və özünün nəhəng inqilab təcrübəsini DTK məharəti və çevikliyi ilə bura ixrac edə bildi; ÇİLİ-1932 Və 1970 HAKİMİYYəT DəYİŞİKLİYİ: Bu halda – SSRİ bu təcrübəsini Çiliyə ixrac etmişdi (NTV t/v 15.01.2001); ÇİLİ-1973, YUQOSLAVİYA-2000 HAKİMİYYəT DəYİŞİKLİKLəRİ: Bu variantlarda isə – ABŞ bu fəndlə iki anti-amerikan dövlətinin siyasi kursunu 180 özünə sarı döndərməyə müvəffəq olmuşdu; BÖYÜK OKTYABR SOSİALİST İNQİLABI: Lenin inqilabının o vaxtkı Rusiyanın ən qatı düşməni olan Almaniyadan güclü maliyyə dəstəyi alması barədə indi çox danışılır (Almaniya o vaxt Rusiyadakı istənilən qarışıqlıqda maraqlı idi). YUQOSLAVİYADA katolik-xorvatların, pravoslav-serblərin və müsəlman-serblərin 1992-ci ilin aprelindən 1995-ci ilin noyabrına qədər bir-biri ilə vuruşması, İRAKDA min ildir qardaş kimi yaşayan kürd və şiyə azlıqlarının birdən-birə Körfəz müharibəsi ərəfəsində oyanıb qan-qan iddiasına düşməsi, yenə də anti-amerikan cəbhəsinə aid olan ÇİNDə falonqoq hərəkatı nümayəndələrinin, tibetlilərin, uyğurların və b. kamikadzelikləri, faciələri, 95-ci ilə qədər iqtisadi cəhətdən dünyanın ən inkişaf etmiş dövlətləri sırasından olan İNDONEZİYADA bu gün baş verənlər, POSTSOSİALİST MəKANINDA bugünəcən ardı-arası kəsilmədən axan qanlar, o cümlədən, Qarabağ, Abxaziya, Çeçenistan və b. – fəqət, bütün bunların hamısı XX əsrdə dünyanın ayrı-ayrı bölgələrinə müvafiq məqsədlər üçün atılmış psixoloji bombaların bir qismi idi;

 

1   ...   26   27   28   29   30   31   32   33   34


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə